Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-489/2025 26.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər: mülkiyyət hüququnun qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi, hüquqmüəyyənedici sənədin mötəbərliyi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahəsinin vahid daşınmaz əmlak kimi qeydə alınaraq adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-73/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Xızı rayon Baxışlı bələdiyyəsinin 23 dekabr 2005-ci il tarixli, 12 saylı protokolundan çıxarışdan görünür ki, Xızı rayon Baxışlı bələdiyyəsinin alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında iaşə xidməti üçün İddiaçı 0.10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Xızı rayon Baxışlı bələdiyyəsinin 23 dekabr 2005-ci il tarixli, 12 saylı qərarına əsasən Xızı rayon Baxışlı bələdiyyəsi İddiaçı 0.10 ha torpaq sahəsi satmışdır. Cavabdehin imtina bildirişindən görünür ki, ərizəyə qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsü sənədi əlavə olunmamışdır, həmçinin təqdim edilən 30 dekabr 2005-ci il tarixli, 525 nömrəli “Torpaqların alqı-satqısına dair” aktın idarənin arxiv saxlananda nüsxəsi aşkar ediməmişdir. Eyni zamanda, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını təyin etmək üçün əraziyə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların araşdırılması zamanı sözügedən torpaq sahəsinin faktiki yerləşdiyi ərazinin kadastr məlumat bazasında meşə fondu torpaqları kimi qeyd edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində sözügedən sənədlər aşkar edilməmişdir. Xızı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xızı rayonu Baxışlı bələdiyyəsinin Xızı rayon Dövlət Arxivinin komplektləşdirmə mənbəyi olan təşkilatlardan biri olmasına, həmçinin bələdiyyənin saxlanma müddəti bitmiş sənədlərinin rayon Dövlət Arxivinə təhvil verilməsi ilə bağlı yazılı və şifahi müraciətlərimizə baxmayaraq Baxışlı bələdiyyəsinin rəhbərliyi tərəfindən müvafiq sənədlər mühafizə olunması üçün aidiyyəti üzrə təhvil verilmədiyindən bələdiyyənin xx.xx.2005-ci il tarixli, 12 saylı qərarı və ona əlavə edilmiş sənədlər rayon Dövlət Arxivində mövcud deyil. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, idarənin istifadəsində olan DWG və DBF elektron baza məlumatlarında vətəndaş İddiaçı məxsus torpaq sahəsi haqqında heç bir məlumat aşkar olunmamışdır. Müayinə aktından görünür ki, texniki inventarlaşdırma aparıldı. Torpaq sahəsi hasarsızdır. Ümumi torpaq sahəsindən iaşə obyekti kimi istifadə olunur. Elektron kadastr məlumat bazasına əsasən torpaq sahəsi meşə torpaqlarına aiddir. Ümumi ərazidə tikintialtı sahələri cəmi 173.0 m2 olan restoran, manqalxana, kabinet və 6 ədəd talvar mövcuddur. Sənəd üzrə olan torpaq sahəsi daxilində bir ədəd, torpaq sahəsinin sərhəddindən kənarda 5 ədəd talvar mövcuddur. Sənəd üzrə olan torpaq sahəsinin sərhəddindən kənarda tikintialtı sahəsi 63.4 m2 olan manqalxana və kabinet mövcuddur. Həmin tikilinin bir hissəsi vaqondur, qalan hissəsi daşdan və taxtadan inşa olunub. Yerüstü kommunikasiya xətləri keçmir. Ərazidən kafe kimi istifadə olunur. Torpaq sahəsinin yerləşməsini göstərən sxem təqdim olunmamışdır. Altıağac Milli Parkının xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Xızı rayonu, Baxşılı bələdiyyəsinin 23 dekabr 2005-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin Altıağac Milli Parkının ərazisinə aid olmaması tərəfindən araşdırılmışdır. Təqdimi etdiyiniz İddiaçı məxsus torpaq sahəsinin koordinatları Altıağac Milli Parkının elektron xəritəsində yoxlanıldı və qeyd olunan 0.10 ha torpaq sahəsinin 179.10 m2 sahəsi Altıağac Milli Parkının ərazisinə aid olduğu müəyyən edildi. Daha dəqiq araşdırma aparmaq üçün əraziyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətindən müvafiq mütəxəssislərin əraziyə cəlb edilməsinə ehtiyac vardır. Xızı rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Baxışlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12 nömrəli iclas protokolu (qərarı) Xızı rayon Dövlət Arxivində aşkar edilməmışdir. Bununla yanaşı bələdiyyənin arxivdə mühafizə olunan 2005-ci il üzrə iclas prokotlarına baxılmış və xx.xx.2005-ci il tarixli 12 nömrəli iclas protokolu aşkar edilməmiş, lakin həmin protokolda İddiaçı torpaq sahəsi ayrılması ilə bağlı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Altıağac Milli Parkı X2 Xidmətinin xidməti ərazisidir. Müvafiq araşdırmanın aparılması və qeyd edilən sənədlərin təqdim edilməsi barədə müraciətiniz X2 Xidmətinə yönəldilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ümumi sahəsi 0.10ha olan torpaq sahəsinin 180m2 -lik hissəsi Altıağac Milli Parkın hüdudları daxilindədir. Sözügedən məsələ Meşələrin İnkişafı Xidməti ilə də müzakirə edilmiş və torpaq sahəsinin meşə fondu torpaqlarına düşmədiyi dəqiqləşmişdir. Altıağac Milli Parkının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Xızı rayonu Baxışlı bələdiyyəsinin 23 dekabr 2005 ci ii tarixli 12 saylı qərarı ilə İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin Sizin tərəfinizdən təqdim edilən aşağıdakı koordinatlar üzrə Altıağac Milli Parkının xx.xx.2016-cı ildə Nazirlər Kabinetinin 419 saylı qərarı ilə təsdiq edilmiş xəritəsində yoxlanılmış, İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin 179.10 m2 sahəsinin Altıağac Milli Parkının ərazisinə aid olduğu müəyyən edilmişdir. Həmin 179.10 m2 sahə aşağıdakı koordinatlar üzrə Milli Parkın ərazisinə aiddir. 1. X=329371,10 Y=4529178.20 2. X=329364.86 Y=4529201.00 3. X=329373.42 Y-4529183.77 4. X=329384.99 Y=4529189.10 5. X=329357.30 Y=4529195.58 Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin üzərinə Xızı rayonun, Baxışlı kəndinin ərazisində onun sahibliyində və istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Xızı rayon Baxışlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12 saylı qərarı ilə ona ayrılmış Xızı rayonu, Baxışlı kənd ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi qeydə alınaraq adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Xızı rayonu Baxışlı bələdiyyəsinin 03 dekabr 2005-ci il tarixli, 12 saylı Qərarı ilə işə xidməti məqsədilə Xızı rayonu Baxışlı bələdiyyə fondunun torpaq sahəsindən 0,10 hektar torpaq sahəsi ona satılmışdır. Bu barədə Xızı rayonu Baxışlı bələdiyyəsinin 12 saylı protokolundan Çıxarış ona təqdim edilmiş, cizgilər daxilində torpaq sahəsi ona görə ödənişləri etdikdən sonra təhvil-təslim edilmişdir. O zaman həmin torpaq sahəsinə görə Xızı rayonu Baxışlı bələdiyyəsinin hesabına ******* manat pul ödəmişdir. 2010-cu ildə bu ərazidə Xızı Rayon İcra Hakimiyyəti Memarlıq şöbəsinin razılığı və təsdiq etməsi ilə tərtib edilmiş inşaat pasportu əsasında plana uyğun bütün aidiyyatı dövlət orqanlarının razılığını almaqla 2 mərtəbəli kafe inşa etmişdir. Lakin uzun müddətdir ki, çoxsaylı müraciətlərinə rəğmən cavabdeh orqandan həmin əraziyə dair torpağa mülkiyyət hüququ verən çıxarışı ala bilmir. Cavabdeh hər dəfə müəyyən səbəbləri əsas gətirməklə faktiki ona torpağa mülkiyyət hüququna dair Çıxarış verməkdən imtina edir. Sonuncu dəfə müraciətinə cavabdeh 25 avqust 2022-ci il tarixli məktubula imtina etmişdir. Cavabdehin imtinası onun mülkiyyət hüququnu pozur. Artıq 17 ildir ki, onun faktiki sahibliyində və istifadəsində olan bu sahədə o abadlıq-quruculuq işləri həyata keçirmiş, tikintilər tikmiş, külli məbləğdə pul xərcləmişdir. Ona görə də məhkəmə təminatı hüququndan yararlanmaqda qərarlıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, Xızı rayonu, Baxışlı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə 29 sentyabr 2022-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti 2231 102560 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 bildirilmişdir ki, müraciətə qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsü sənədi əlavə olunmamışdır. Həmçinin təqdim edilən 30 dekabr 2005-ci il tarixli 525 nömrəli “Torpaqların alqı-satqısına dair" aktın idarənin arxiv saxlancında nüsxəsi aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü sənədi əlavə olunmalıdır. Eyni zamanda, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını təyin etmək üçün əraziyə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların araşdırılması zamanı sözügedən torpaq sahəsinin faktiki yerləşdiyi ərazinin kadastr məlumat bazasında meşə fondu torpaqları kimi qeyd edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 31-ci maddəsinin 5ci bəndinə əsasən, meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqısatqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-73/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, nzibati iş materialları ilə müəyyən edilir ki, iddiaçı Xızı rayonu, Baxışlı kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində tikilmiş iaşə obyekti üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının əsası kimi Xızı rayon Baxışlı bələdiyyəsinin 23 dekabr 2005-ci il tarixli, 12 saylı qərarının, alqı satqı müqaviləsinin, ödəniş qəbzinin əslini və 2010-cu il tarixli İnşaat Pasportunu göstərmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sorğuya cavab məktublarına əsasən yuxarıda qeyd edilən sənədlərin arxiv nüsxəsinin aşkar edilmədiyi məlum olmuşdur. Məhkəmə sorğusu əsasında cavabdeh orqan tərəfindən təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin həm hüquqmüəyyənedici sənəd üzrə, həm faktiki ölçüsü 1000.0 kv.metrdir; elektron kadastr məlumat bazasına əsasən torpaq sahəsi meşə torpaqlarına aiddir; mübahisə halı qeydə alınmamışdır. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş 11 mart 2024-cü il tarixli məktubunda mübahisə predmeti olan torpaq sahəsinin elektron kadastr məlumat bazasında meşə fondu torpaqlarına aid olduğu; torpaq sahəsinin ətrafında (dörd tərəfində) üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin aşkar edilmədiyi qeyd edilmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş torpaq sahəsinin ortofoto xəritəsindən çıxarışdan, mübahisəli ərazinin həqiqətən meşə ərazisində yerləşdiyi müşahidə edilir. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, müraciəti əsasında aidiyyəti orqan tərəfindən indi mübahisə predmeti olan həmin torpaq sahəsinin meşə fonduna aid olmaması barədə tərəfiindən məhkəməyə təqdim edilmiş məktubu birinci instansiya məhkəməsi nəzərə almamışdır. Həmçinin Xızı rayonu Baxışlı bəldiyyəsinin xx.xx.2005-ci il tarixli, 12 saylı qərarı, alqı-satqı müqaviləsini, o vaxt həmin bələdiyyənin hesabına ******* manat məbləğində pul ödəniş qəbini, 2010-cu ildə həmin sahədə heç bir irad göstərilmədən inşaat pasortu əsasında iaşə obyekti tikdiyini, uzun illər ərzində heç bir rəsmi iradsız və etirasız fəaliyyət göstərməyini birinci instanssiya məhkəməsi nəzərə almamışdır. Həmçinin məhkəmənin sorğularına arxivdə sənədlərin nüsxələrin tapılmaması sanki onun təqsiridir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 31.1. Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Maddə 31.3. Meşə fondu torpaqlarından meşə təsərrüfatını aparmaq üçün meşə təsərrüfatı orqanları, habelə öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər. Maddə 31.4. Meşə fondu torpaqlarından qanunvericiliklə müəyyən olunmuş qaydada, meşədə oduncaq və digər meşə materialları tədarük edən və ya başqa işlər görən (binalar və digər qurğuların tikilməsi, yolların salınması, elektrik xətlərin çəkilməsi və i.a.) müəssisələrin, idarələrin, təşkilatların istehsal və digər ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir. Maddə 31.5. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqısatqısına, girov qoyulmasına (ipotekasına) və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Maddə 31.6. Meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqısatqı obyekti ola bilməz. Azərbaycan Respublikasının Meşə Məcəlləsi: Maddə 8. Meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqıya, ipoteka qoymaya və digər əqdlərə yol verilmir. Maddə 14....“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4-cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (xx.xx.2007-ci il tarixə qədər olan redaksiya). Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; torpaqların monitorinqi-torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi mənasını ifadə edir. Maddə 3. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir. Maddə 12. Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından və müvafiq çıxarışın verilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin planı və ölçüsü sənədi əlavə olunmadığını, müvafiq alqı-satqı aktının arxiv nüsxəsinin aşkar edilmədiyini, faktiki kadastr məlumatında meşə fondu torpaqlar kimi qeyd olunduğunu əsas gətirərək, imtina etmişdir Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsinin iddiaçının adına ayrılmasına dair kadastr məlumatlarında hər hansı sənəd və ya məlumat aşkar edilməmişdir. İş materiallarında olan Xızı Rayon Dövlət Arxivi tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, Baxışlı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı iclas protokolunun aşkar edilmədiyi, Bələdiyyənin arxivə təhvil verilmiş 2005-ci il üzrə iclas protokollanıa baxılmış, xx.xx.2005-ci il tarixli 12 saylı iclas protokolunun aşkar edildiyi, lakin həmin protokolda iddiaçının adına torpaq sahəsi ayrılması ilə bağlı məlumat qeyd edilməmişdir. Həmçinin, iş materiallarından görünür ki, müvafiq bələdiyyəyə ünvanlanmış sorğuya dair cavab məktubunda məhz həmin arxiv məlumatına istina edilərək, həmin hallar bələdiyyə özü tərəfindən də müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı arxiv məlumatında əks olunmuş Bələdiyyənin xx.xx.2005-ci il tarixli 12 saylı protokolunun tam mətni tələb edilərək, tədqiq edilmişdir. Həmin protokolun məzmunundan görünür ki, müraciət etmiş vətəndaşlara torpaq sahəsinin ayrılması məsələsi müzakirə edilərək, təsdiq edilsə də, həmin vətəndaşlarının adlarının siyahısında iddiaçının adı olmamışdır. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki,yuxarıda istinad edilən qanunvericilik normasında daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsasları və mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar dəqiq və imperativ norma kimi müəyyən edilmişdir. Başqa sözlə desək, cavabdeh inzibati orqan məhz qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını həyata keçirmək öhdəliyi daşıyır. Belə olan halda, kollegiya hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsaslarının mövcud olub-olmaması müəyyən edilməlidir. İndiki halda iddiaçı Bələdiyyənin 23 dekabr 2005-ci il tarixli 12 saylı Qərarı ilə ona sözügedən torpaq sahəsinin ayrılması, onun dəyərinin onun tərəfindən ödənilməsi, təhvil-təslim aktı əsasında ona təhvil verilməsi, orada iki mərtəbəli qeyri-yaşayış obyekti (kafe) inşa edərək, hazıradək istifadə etməsi kimi hallara istinad edərək, hazırki iddia tələbini irəli sürmüşdür. Kollegiya qeyd edir ki, iddiaçının adına sözügedən torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı ümumiyyətlə mvcud olmamış, həmin tarixdə bələdiyyə tərəfindən iclas keçirilməsi, hər hansı qərar qəbul edilməsi halı müəyyən edilməmişdir. Əksinə həmin ayda iddiaçının istinad etdiyi qərarın nömrəsi ilə eyni olan 12 nömrəsli iclas 23 dekabr 2005-ci il tarixdə deyil, 10 dekabr 2005-ci il tarixdə keçirilmiş, adıçəkilən qərarda isə iddiaçının adına torpaq sahəsi ayrılması, ümumiyyətlə iddiaçı haqqında heç bir məlumat əks olunmamışdır. Başqa sözlə desək, iddiaçının adına torpaq sahəsinin ayrılmasına dair Xızı rayonu Baxışlı Bələdiyyəsi tərəfindən 23 dekabr 2005-ci il tarixli 12 saylı qərar qəbul edilməmiş, iddiaçının adına torpaq sahəsinin ayrılmasına dair mötəbər hüquqmüəyyənedici sənədin mövcudluğu öz təsdiqini tapmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçının adına sözügedən torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarının mötəbərliyi müəyyən edilmədiyindən (işin müəyyən edilmiş həmin halları əsasında sözügedən bələdiyyə qərarının mötəbərliyi öz təsdiqini tapmadığından), iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması əsası müəyyən edilmədiyindən (hansı ki yalnız bu hüququn yaranması, mövcudluğu və yaranmış hüququn qeydiyyata alınması əsasları qanunla müəyyən edilmiş qaydada öz təsdiqini tapdığı halda iddianının əsaslılığını müəyyən etmək mümkün ola bilərdi), iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Başqa sözlə desək, sözügedən torpaq sahəsinin iddiaçının adına ayrılmasına dair hüquqmüəyyənedici sənədin mötəbərliyi təsdiq edilmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, iddianının əsaslılığı öz təsdiqini tapmamışdır. Bu baxımından kollegiya hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Kollegiya onu qeyd etməyi zəruri hesab edir ki,, iddiaçının adına torpaq sahəsinin ayrılmasına dair mötəbər hüquqmüəyyənedici sənədin mövcudluğu müəyyən edilmədiyindən,nəticə etibarilə ilkin dəyərləndirmə mərhələsində iddianın əsaslılığını müəyyən edilməsi mümkün olmadığından, bu hal özlüyündə iddianın rədd olunması üçün əsas hesab olunduğundan, iddiaçının şikayətinin digər dəlilləri üzrə əlavə qiymətləndirmə aparılması zərurəti mövcud olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə qanuni olmuş, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, kollegiya iddiaçının diqqətinə onu çatdırır ki, müvafiq qurumun hərəkətləri nəticəsində ona maddi ziyan vurulması (torpaq sahəsinə görə pul vəsaitinin ödənilməsi) ilə əlaqədar hüquqlarının pozulduğunu ehtimal etdiyi halda, qanunla müəyyən edilmiş qaydada və şərtlərdə mümkün hüquqi müdafiə vasitəsindən istifadə etmək imkanına malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-73/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-489/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-489/2025
26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver