Məhkəmə qərarları › İş №2-1(105)-49/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-49/2021

23.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-49/2021 23.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Rzayev Məhəmmədəli Əsəd oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 2-1(85)-449/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 2018-ci il 28 avqust tarixdə ərizə ilə cavabdehə müraciət edərək Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisində yerləşən 0,02 ha fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 19 sentyabr tarixli məktubla iddiaçının ərizəsinin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, Quba rayonu, Mirzəməmmədkənd Bələdiyyəsinin 2006-cı il 26 aprel tarixli 08 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.02 ha torpaq sahəsi Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid deyildir. Torpaq sahəsinin ayrılması ilə bağlı DTXK-nin Quba rayon şöbəsinin rəyində qeydiyyat tarixini və nömrəsini əks etdirən ştamp yoxdur. Bundan əlavə, Bələdiyyə tərəfindən təsdiq edilmiş yerquruluşu xəritəsindən və baş planından çıxarışlarda DTXK-nin Quba rayon şöbəsinin və RİH memarlıq və tikinti şöbəsinin möhürü yoxdur. İddiaçı 2018-ci il 21 dekabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisində yerləşən 0,02 ha fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iddiaçıya Quba rayonu, Mirzəməmmədkənd Bələdiyyəsinin 2006-cı il 26 aprel tarixli 08 saylı qərarı ilə 0,02 ha fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin satılması qərara alınmış, 2006-cı il 6 iyun tarixdə iddiaçı ilə Mirzəməmmədkənd Bələdiyyəsi arasında bağlanmış Torpağın alğı-satqısına dair aktla həmin torpaq sahəsi ona satılmış, torpağın dəyərini 2006-cı il 28 aprel tarixdə bələdiyyənin hesabına ödəmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 2-1(85)- 449/2019 saylı qərarı ilə iddia təmin edilmişdir (hakim Z.Pirverdiyev). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Hüquqların dövlət qeydiyyatından imtina»nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamış, imtina edilməsi əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.” Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 noyabr 2019cu il tarixli, 2-1(105)-308/2019 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. (hakim Z.Məmmədov) Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2-1(102)-890/2020 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 25 noyabr 2019-cu il tarixli, 2-1(105)-308/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. (hakim İ.Hüseynov) Apellyasiya şikayətinin dəlilləri Daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, Quba rayonu, Mirzəməmmədkənd bələdiyyəsinin 26.04.2006-cı il tarixli 08 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,02 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid deyildir. Torpaq sahəsinin ayrılması ilə bağlı DTXK-nin Quba rayon şöbəsinin rəyində qeydiyyat tarixini və nömrəsini əks etdirən ştamp yoxdur. Bundan əlavə, bələdiyyə tərəfindən təsdiq edilmiş yerquruluşu xəritəsindən və baş planından çıxarışlarda DTXK-nin Quba rayon şöbəsinin və RİH memarlıq və tikinti şöbəsinin möhürü yoxdur. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini, birinci instansiyanın qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, Quba rayonu Mirzəməmmədkənd Bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli 08 saylı qərarı ilə bələdiyyə ehtiyat fondundan alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən İddiaçı fərdi yaşayış evi tikmək məqsədilə 0,02 ha torpaq sahəsi satılmışdır. Bununla bağlı tərəflər arasında 06 iyun 2006cı il tarixdə “Torpaqların alqı-satqısına dair akt” bağlanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 90 manat ödənilmiş, eləcə də alqı-satqı aktı keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində 06.06.2006-cı il tarixdə 936 sıra nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda iddiaçı cavabdehə müraciət edərək sözügedən sənədlərə əsasən 0.02 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki: 1) Quba rayonu, Mirzəməmmədkənd Bələdiyyəsinin 2006-cı il 26 aprel tarixli 08 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.02 ha torpaq sahəsi Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid deyildir. 2) Torpaq sahəsinin ayrılması ilə bağlı DTXK-nin Quba rayon şöbəsinin rəyində qeydiyyat tarixini və nömrəsini əks etdirən ştamp yoxdur. Bundan əlavə, Bələdiyyə tərəfindən təsdiq edilmiş yerquruluşu xəritəsindən və baş planından çıxarışlarda DTXK-nin Quba rayon şöbəsinin və RİH memarlıq və tikinti şöbəsinin möhürü yoxdur. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədilə satılmış 0.02 ha torpaq sahəsi bələdiyyənin qərarında kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu qeyd edilmişdir. Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən, bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0, 4.0.1-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyəti vardır. Göründüyü kimi, bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində, həm də qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verə bilər. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Eyni zamanda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun (zaman görə qüvvədə olan redaksiyada) 6.3-cü maddəsinə əsasən (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada), bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. Həmin qanunun 7.1.2-ci maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. İş materiallarından görünür ki, Bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin satılmasının mümkünlüyü barədə həmin dövrdə səlahiyyətli orqan olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş rəyə əsasən, iddiaçıya satılan torpaq sahəsinin alqı-satqı predmeti olduğu qeyd edilmiş, kəndin prespektiv inkişaf fonduna aid olmaqla həmin məqsəd üçün satılmasının qanunamüvafiq olduğu qeyd edilmişdir. Qeyd edilən məsələ ilə bağlı Ali Məhkəmənin qərarında göstərilir ki, yuxarıda istinad edilən normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Belə ki, keçmiş DTXK-nın Quba rayon şöbəsinin rəyində satılması nəzərdə tutulan torpaq sahəsinin kəndin perspektiv inkişaf fonduna aid olduğu qeyd edilsə də, Quba rayonu, Mirzəməmmədkənd Bələdiyyəsinin 2006-cı il 26 aprel tarixli 08 saylı qərarında iddiaçıya ayrılan torpaq sahəsinin kənd təsərrüfatına yararlı torpaq sahəsinə aid olduğu göstərilmişdir. Cavabdeh bu xüsusatı digər dəlillərlə birlikdə apellyasiya şikayətində də qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərini əsaslı hesab etməmiş, hazırkı işdə hüquqların dövlət qeydiyyatından imtina üçün qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı birinin mövcud olmadığına əsaslanmışdır. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə mütəxəssis rəyi alınması ilə bağlı sorğu göndərilmişdir və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Quba rayonu Mirzəməmmədkənd Bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli, 08 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,02 ha torpaq sahəsi məqsədli təyinatına görə hansı kateqoriya (yaşayış məntəqələrinin torpaqları, kənd təsərrüfatı təyinatlı torpaqlar və s.) torpaqlara aiddir?

2. Ayrılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğu təqdirdə həmin torpaq sahəsinin kənd təsərrüfatı ehtiyacları üçün yararlılığı hansı (yararlı, az yararlı, yararsız) səviyyədədir? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28 dekabr 2020-ci il tarixli, **********42 saylı mütəxəssis rəyində Quba rayon Mirzəməmmədkənd Bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli, 08 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,02 ha torpaq sahəsinin məqsədli təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu, eləcə də həmin torpaq sahəsinin kənd təsərrüfatına az yararlı torpaqlara aid olduğu qeyd edilmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçıya satılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olsa da, kənd təsərrüfatına az yararlı torpaq sahəsidir, qanunvericilikdə isə bu keyfiyyətdə olan torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü təsbit edilmişdir. Torpaq sahəsinin ayrılması ilə bağlı DTXK-nin Quba rayon şöbəsinin rəyində qeydiyyat tarixini və nömrəsini əks etdirən ştampın olmaması, bələdiyyə tərəfindən təsdiq edilmiş yerquruluşu xəritəsindən və baş planından çıxarışlarda DTXK-nin Quba rayon şöbəsinin və RİH memarlıq və tikinti şöbəsinin möhürünün olmaması ilə bağlı apelyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Hazırkı halda da, iddiaçı tərəfindən təqdim edilən sənədlərin həqiqətəuyğun olmadığı sübuta yetirilmədiyindən mötəbər sayılır və iddiaçıdan əlavə sənədlərin tələb edilməsi qanunla qadağandır. Odur ki, kollegiya hesab edir ki, sadalanan nöqsanlar iddiaçının təqsiri üzündən baş vermədiyindən onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0. və 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 15-ci maddəsində müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına alınmasından imtinası üçün müəyyən edilmiş əsaslar olmadan, iddiaçının daşınmaz əmlak üzərində hüquqlarını qeydə almaqdan imtina etmişdir. Yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, bu səbəbdən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 2-1(85)-449/2019 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmənin xidməti tapşırığına əsasən mütəxəssis rəyinin əldə edilməsi üçün mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair xərcin smetası 67.20 manat təşkil etmişdir. AR İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinin tələbinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia təmin olunduğu üçün mübahisəli torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə dair çəkilmiş xərclər cavabdehdən tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin hesabına köçürülməlidir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 2-1(85)- 449/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar çəkilmiş 67.20 manat xərc Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsindən tutularaq Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin hesabına (Kapital Bank ASC Xətai filialı, filialın kodu 200071, VÖEN: **********, SWİFT kod: АİİВАZ2Х, müxbir hesab: АZ37NABZ**********0000001944, benefisiarın adı: Kadastr və X5 Mar, benefisiarın hesabı: АZ23 АİİВЗ **********701778107, VÖEN: **********) köçürülsün. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar