Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-49/2022 27.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə açar sözlər: torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınması Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz şəhəri, Ləcət kəndində kənd təsərrüfatı məhsulları istehsal` etmək üçün icarəyə verilmiş 50 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 50 ha torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(118)-1047/2021 saylı qərarından cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı "xxxx" MMC cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Xaçmaz şəhəri, Ləcət kəndində kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəyə verilmiş 50 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 50 ha torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Ləcət bələdiyyəsi ilə "Nabran" Səhmdar Cəmiyyəti arasında 02.10.2000-ci ildə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən “Nabran” Səhmdar Cəmiyyətinə Ləcət bələdiyyəsinin mülkiyyətində olan ərazidən 50 ha torpaq sahəsi 50 il müddətinə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəyə verilmişdir. Sonradan “Nabran” Səhmdar cəmiyyəti yenidən təşkil olunaraq "xxxx" MMC-yə çevrilmişdir. Ləcət bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış 10.09.2004-cü il tarixli Torpaq icarə müqaviləsi ilə "xxxx" MMC-yə bələdiyyənin mülkiyyətində olan ərazidən 50 ha torpaq sahəsi 50 il müddətinə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəyə vermişdir. "xxxx" MMCnin mübahisə predmeti olan torpaq sahəsi üzərində icarə hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən qeydiyyata alınmaqla KOD 30215016 JN-5906 saylı X2 hüququna dair şəhadətnamə verilmişdir. Daha sonra "xxxx" MMC 31.10.2004-cü il tarixli torpaq sahəsinin subicarəyə verilməsi haqqında müqavilə ilə Ləcət bələdiyyəsindən icarəyə aldığı 50 ha təsərrüfat təyinatlı torpaq sahəsini "xxxx" MMC-yə icarəyə vermişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında 31.10.2004-cü il tarixdə 50 il müddətə torpaq icarə müqaviləsi bağlanmışdır. İddiaçı "xxxx" MMC tərəfindən cavabdehə müraciət edilərək subicarə müqaviləsi əsasında icarədə olan 50 ha torpaq sahəsinə dair "xxxx" MMC-nin adına çıxarış verilməsi tələb edilsə də, müraciətə cavab olaraq cavabdeh 01.04.2021-ci il tarixli, **********00 saylı məktubla "xxxx" MMC ilə "xxxx" MMC arasında 31.10.2004-cü il tarixli icarə müqaviləsinin notariat qaydasında təsdiq olunmaması əsası ilə müraciətin icrasından imtina etmişdir. Hesab edirlər ki, cavabdehin hərəkətləri əsassız və qanunsuzdur. Belə ki, Ləcət bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış 10.09.2004-cü il tarixli “İcarə müqaviləsinin” 2.2-ci bəndinə əsasən “İcarəçi” “İcarəyəverən”dən icarəyə aldığı həmin 50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini təyinatı üzrə istifadə edilməsindən ötrü bütünlüklə və ya onun hissəsini subicarəyə, yəni üçüncü şəxslərə (fiziki və ya hüquqi şəxslərə) icarəyə verə bilər. Göründüyü kimi "xxxx" MMC tərəfindən qanunvericiliyə uyğun qaydada İcarə müqaviləsinin 2.2-ci bəndinə əsasən həmin torpaq sahəsi, eyni müddət daxilində Planeta MMC-nin subicarəsinə verilmiş və bu barədə olan 31.10.2004-cü il tarixi, “Subicarə müqaviləsi” Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 27.04.2005-ci il tarixdə torpaq icarəsi müqavilələrinin Dövlət qeydiyyat kitabının 508-ci səhifəsində 01896 nömrə ilə Dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC Ləcət bələdiyyəsi ilə 10.09.2004-cü il tarixdə bağladığı Torpaq icarə müqaviləsindən irəli gələn icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmadan 31.10.2004-cü il tarixli icarə müqaviləsi ilə "xxxx" MMC-yə ötürdüyündən və torpaq sahəsi 16 ildən artıq müddətdir ki, "xxxx" MMC-nin istifadəsində olduğundan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində "xxxx" MMCnin adına qeydiyyata alınmalıdır. Bundan başqa qanunvericilikdə notarial qaydada təsdiqlənməsi məcburi olan müqavilələrin siyahısı qeyd edilmişdir. Qeyd edilən müqavilələr sırasında icarə müqaviləsinin notarial qaydada təsdilənməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi cavabdeh müqavilənin notarial qaydada təsdiqlənməməsinə istinad edərək müraciətdən imtina etsə də, həmin imtina "xxxx" MMCnin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün mötəbər qiymətləndirilməlidir. Bundan başqa Xaçmaz rayon Ləcət bələdiyyəsi "xxxx" MMC-nə, "xxxx" MMC-nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “10.09.2004-cü il tarixdə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə vaxtından əvvəl xitam verilməsi, 26.10.2004-cü il tarixi, Kod 30215016 JN- 5906 saylı X2 hüququna dair şəhadətnamənin ləğv olunması, "xxxx" MMC ilə “Planeta" MMC arasında bağlanmış torpaq sahəsinin subicarəyə verilməsi barədə 30.10.2004-cü il tarixli müqavilənin ləğv olunması” barədə iddia tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən çəkişmə prinsipinə riayət edilməklə iqtisad işi tam araşdırılmış və 18.08.2017-ci il tarixli qətnamə ilə iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Göründüyü kimi cavabdeh orqandan fərqli olaraq məhkəmə 18.08.2017-ci il tarixli qətnamədə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış torpaq sahəsinin subicarəyə verilməsi barədə 30.10.2004-cü il tarixli müqaviləyə münasibət bildirərkən, müqavilənin qanunun tələblərinə tam riayət edilməklə bağlandığını, müqavilənin notarial qaydada təsdiqlənməsi məcburiliyinin olması kimi mövqedən çıxış etməmişdir. Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətlərini yerinə yetirməmiş, qanunsuz və əsassız olaraq "xxxx" MMC-nə məxsus icarə hüquqlarının qeydiyyata alınmasını təmin etməmişdir.
Cavabdehin etirazları:
3. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 50.0 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 12.03.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və ərizəyə 01.04.2021-ci il tarixli **********00 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, ərizə ilə əlaqədar aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunan 50.0 ha torpaq sahəsinə "xxxx" MMC-nin adına Xaçmaz rayon Ləcət bələdiyyəsinin 10.09.2004-cü il tarixli 11 saylı qərarı və 50 il müddətinə bağlanmış icarə müqaviləsi əsasında ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən JN- 5906 kod 30215018 X2 Hüququna dair şəhadətnamə hazırlanmışdır. Bundan əlavə ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 31.10.2004-cü il tarixli icarə müqaviləsi notariat qaydada təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(118)-1047/2021 saylı qərarı (hakim L.E.Mirzəyeva) ilə iddia təmin edilərək Xaçmaz şəhəri, Ləcət kəndində kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəyə verilmiş 50 ha torpaq sahəsi üzərində "xxxx" MMC-nin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
5. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(118)-1047/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 50,0 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrinin 5 saylı Xaçmaz ərazi İdarəsinə daxil olmuş 12.03.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəyə 01.04.2021-ci il tarixli **********00 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, ərizədə qeyd olunan 50,0 ha torpaq sahəsinə "xxxx" MMC-nin adına Xaçmaz rayon Ləcət bələdiyyəsinin 10.09.2004-cü il tarixli 11 saylı qərarı və 50 il müddətinə bağlanmış icarə müqaviləsi əsasında ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən JN-5906 kod 30215018 X2 hüququna dair şəhadətnamə hazırlanmışdır. Bundan əlavə bildirilmişdir ki, ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 31.10.2004-cü il tarixli icarə müqaviləsi notariat qaydada təsdiq olunmamışdır. AR Mülki Məcəlləsininin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. “Daşınmaz Əmlakı Dövlət Reyestri haqqında” AR Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır.
b) apelyasiya şikayətinə qarşı etirazlar
8. apelyasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim etməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil apelyasiya şiikayətinin dəlillərinə etiraz edərək göstərmişdir ki, apelyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Apelyasiya şikayəti tamamilə formal mülahizələrdən ibarətdir. Hesab edir ki, 2004-cü ildən iddiaçının istifadəsində olan torpaq sahəsinə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən cavabdehin imtina etməsi tamamilə əsassızdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış subicarə müqaviləsinin qeydiyyata alınmasına dair sənədi əldə etmişik, həmin sənəddən də görünür ki, müqavilə 2005-ci ildə dövlət qeydiyyatına alınmış müqavilədir. Sadəcə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi onların icarə hüquqlarını qeydiyyata almaqdan imtina edir. Həmin sənəd notarial qaydada təsdiq edilmişdir. Qeydiyyat vərəqəsinin və Dövlət Reyestrindən çıxarışın təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmiş və həmin sənədlərin sübutlar siyahısına əlavə edilərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
17. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
18. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
19. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
20. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
21. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
22. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
23. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
24. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 25 Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
26. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
27. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
29. Həmin Məcəllənin 139-1-ci maddəsində nəzərdə tutulan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.
30. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 66. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin maddənin ikinci hissəsinə əsasən isə, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
31. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları müəyyən edilmiş və bunlardan: a) maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. b) maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir; c) maddə 6.8. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair torpaqayırma sənədlərinin hazırlanması torpaq almaq istəyən şəxsin vəsaiti hesabına həyata keçirilir; d) maddə 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır;
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hazırki qərarın 13-22-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq iddiaçı tərəfin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 01 aprel 2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 50 ha torpaq sahəsi üzərində "xxxx" MMC-nin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir(i.v. 5). - “X2 hüququna dair” JN-5906 saylı, KOD 30215018 saylı şəhadətnamədən görünür ki, "xxxx" MMC-nin mübahisə predmeti olan torpaq sahəsi üzərində müvəqqəti istifadə hüququ qeydiyyata alınmışdır(i.v. 6). - Ləcət bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış 10 sentyabr 2004-cü il tarixli Torpaq icarə müqaviləsindən görünür ki, Ləcət bələdiyyəsi 50 ha torpaq sahəsini 50 il müddətinə "xxxx" MMC-yə icarəyə vermişdir(i.v. 13). - Torpaq sahəsinin subicarəyə verilməsi haqqında 31 oktyabr 2004-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Xaçmaz rayonu Ləcət bələdiyyəsindən icarəyə aldığı 50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini "xxxx" MMC-yə icarəyə vermişdir(i.v. 17). - Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18.08.2017-ci il tarixli 2-2(85)-238/2017 saylı qətnaməsindən görünür ki, Xaçmaz rayonu Ləcət bələdiyyəsi cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iddia ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “iddiaçı ilə "xxxx" MMC arasında 10 sentyabr 2004-cü il tarixdə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə vaxtından əvvəl xitam verilməsi, 26 oktyabr 2004-cü il tarixli JN-5906, KOD 30215018 saylı X2 hüququna dair şəhadətnamənin ləğv olunması, "xxxx" MMC ilə "xxxx" MMC arasında göstərilən torpaq sahəsinin subicarəyə verilməsi barədə 30 oktyabr 2004-cü il tarixli icarə müqaviləsinin ləğv olunmasına dair iddia tələbinin rədd edilməsi qət edilmişdir(i.v.21-36). - Kommersiya qurumunun X1 görünür ki, "xxxx" MMC-i "xxxx" MMC-nin hüquqi varisidir və 18.05.2018-ci ildən qeydiyyata alınmışdır(i.v.80). - Notarial qaydada təsdiq olunmuş qeydiyyat vərəqəsindən görünür ki, "xxxx" MMC 31.10.2004-cü il tarixdə, 50 (əlli) il müddətə bağlanmış icarə müqaviləsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 27.04.2005-ci il tarixdə torpaq icarəsi müqavilələrinin Dövlət qeydiyyat kitabının 508-ci səhifəsində 01896 nömrə ilə Dövlət qeydiyyatına alınmışdır(i.v. 89). - Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış 14.12.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı Xaçmaz rayonu Ləcət bələdiyyəsinin cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddiası Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-238/2017 saylı 18 avqust 2017-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-10/2018 nömrəli 11 yanvar 2018-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayətindən imtinası qəbul edilərək apelyasiya icraatına xitam verilmişdir(i.v. 104). - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 23.12.2021-ci il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə ləğv edilmiş DTXKnin Xaçmaz rayon şöbəsi tərəfindən təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitabında və məlumat bazasında 50.0 ha torpaq sahəsinə dair "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 31.10.2004-cü il tarixli icarə müqaviləsi qeydə alınmamış və "xxxx" MMC-nin adına X2 Hüququna dair şəhadətnamə verilməmişdir.
36. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki qərarın 35-ci bəndində göstərilən sənədlər əsasında 50.0 ha torpaq torpaq sahəsinin iddiaçıya müvəqqəti istifadə üçün icarəyə verilməsi təsdiq edildiyindən cavabdehin həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına imtinası əsaslı olmamışdır.
37. Belə ki, hazırki qərarın 28-33-ci bəndlərində istinad edilən qanun normalarının tələblərinə görə iddiaçının əldə etdiyi icarə müqaviləsinə əsasən 50.0 ha torpaq sahəsinin icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin 50 ha torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün yetərlidir.
38. Hazırki qərarın 6-cı bəndində qeyd edilən cavabdehin apelyasiya şikayətinin dəlililə bağlı kollegiya qeyd edir ki, iddiaçının icarə hüquqlarının qeydiyyata alınmasını tələb etməsi hazırkı qərarın 30-cu bəndində istinad edilən normaların tələblərindən irəli gəlir, eyni zamanda o da nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirdiyi icarə müqaviləsi Azərbaycan respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 27.04.2005-ci il tarixdə Dövlət qeydiyyat kitabının 508-si səhifəsində 01896 nömrə ilə Dövlət qeydiyyatına da alınmışdır.
39. Beləliklə, kollegiyanın hüquqi mövqeyi ondan ibarətdir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərar əsaslı olmuş və iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgündür. Ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(118)-1047/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(118)-1047/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.