Məhkəmə qərarları › İş №2-1(105)-491/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-491/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-491/2022 23.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialına qarşı sağlamlıq imkanları məhdud uşağı səkkiz yaşınadək tərbiyə edib böyütdüyü üçün ona 55 yaşının tamam olduğu, yəni 01 oktyabr 2017-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(118)- 844/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlıq imkanları məhdud uşağı səkkiz yaşınadək tərbiyə edib böyütdüyü üçün ona 55 yaşının tamam olduğu, yəni 01 oktyabr 2017-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1962-ci ildə anadan olmuş, əmək fəaliyyətinə 02 iyul 1978-ci ildə Qusar rayonu, Vəliyev adına kolxozda başlamış, 01 dekabr 2009-cu ildə işdən azad edilmiş, ümumi iş stajı 26 ildən artıqdır. O, 4 uşaq anasıdır, uşaqlarından X1 1982-ci ildə anadan olmuşdur. İddiaçı anadangəlmə ruhi xəstədir, İİ qrup müddətsiz əlildir. Hal-hazırda onun 59 yaşı tamam olmuşdur. İddiaçı sağlamlıq imkanı məhdud uşağı 8 yaşınadək tərbiyə etdiyinə görə 55 yaşı tamam olan tarixdə güzəştli şərtlərlə pensiya hüququ əldə etmişdir. Bu məqsədlə o pensiya təyini üçün DSMF-nin 1 saylı regional ərazi filialına müraciət etmiş, cavabdeh 17 noyabr 2021-ci il tarixli məktubu ilə xahişini təmin etməmişdir. İmtinaya səbəb kimi məktubda sığorta stajının 20 il 2 ay 22 gün olduğu qeyd edilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iş materiallarından məlum olur ki, iddiaçının sağlamlıq imkanları məhdud olan uşağı İddiaçı 1982-ci il tarixdə anadan olmuşdur. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İşin faktiki hallarından müəyyən olunur ki, Xəyalə Qayıtmazovanın sağlamlıq imkanları məhdud uşaq olması ilə bağlı İddiaçı tərəfindən təqdim edilən sənədlərdən görünür ki, iddiaçının övladı Xəyalə Qayıtmazova ilkin müayinədən xx.xx.1995-ci il tarixdə keçmiş və həmin tarixdən ona ikinci qrup uşaqlıqdan əlillik təyin edilmişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Qanunun 3-cü maddəsində əmək pensiyası almaq hüququ olan şəxslərin kateqoriyasına İ qrup əlilə və ya 16 yaşına çatmamış əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edən şəxslər aid edilmişdir. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının övladı Xəyalə Qayıtmazovanın əlilliyi xx.xx.1995-cı il tarixdə, yəni 13 yaşında müəyyən olunmuşdur. Buna görə də iddiaçının sağlamlıq imkanları məhdud olan qızına qulluq etdiyi dövr 1995-1998-ci il aralığı (Xəyalə Qayıtmazovanın 13-16 yaş aralığı-keçmiş qanunvericiliyə əsasən yetkinlik yaşı 16 yaş hesab edilirdi) hesab edilir. İstinad olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanundan da göründüyü kimi, sığortaolunana əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən aşağıdakı 2 şərt ödənilməlidir: sığortaolunan bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmalı; sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Belə ki, İddiaçı hal-hazırda Qanunun 7-ci maddəsinə uyğun olaraq, yaş həddinə çatmamışdır. İddiaçı hal-hazırda Qanunun 8-ci maddəsinin şərtləri daxilində ona pensiya təyin edilməsini tələb edir. Qanunda isə birbaşa olaraq avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 7-ci maddəyə uyğun olaraq qanunla müəyyən olunmuş yaş həddinə çatmaq tələb olunur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(118)-844/2022 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia tələbi qismən təmin edilərək, İddiaçı 01 oktyabr 2017-ci tarixdən (20 oktyabr 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının ödənilməsi şərti ilə) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialının üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 149. Normativ hüquqi aktlar Vİ. mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər (...) 8.2. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (...) Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: (...) 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti (...) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Belə ki, hazırkı işdən görünür ki, iddiaçının sağlamlıq imkanları məhdud qızı Xəyalə Qayıtmazova 1982-ci ildə anadan olmuşdur. Müayinədən 22 aprel 1995-ci ildə keçmiş və həmin tarixdən ona ikinci qrup əlillik təyin edilmişdir. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 3-cü maddəsinə əsasən İ qrup əlilə və ya 16 yaşına çatmamış əlil uşağa qulluq etmiş şəxslərin əmək pensiyası almaq hüququ olmuşdur. Xəyalə Qayıtmazovaya əlillik 22 aprel 1995-ci ildə, yəni 13 yaşında təyin olunduğundan iddiaçının sağlamlıq imkanları məhdud olan uşağına qulluq etdiyi dövr həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən 1995-1998-ci illər olmuşdur. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Birinci instansiya məhkəməsi isə iş materiallarına əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş 16 oktyabr 2021-ci il tarixli müayinə aktından istinad edərək göstərmişdir ki, sağlamlıq imkanları məhdud olan 02 avqust 1982-ci il təvəllüdlü X1 anadan olduğu gündən 18 yaşı tamam olanadək anası İddiaçı himayəsində olmuşdur. İddiaçının sağlamlıq imkanları məhdud qızı X1 doğulduğu andan yetkinlik yaşına çatanadək qulluq etdiyinə görə, həmin qulluq illəri onun sosial sığorta stajına daxil edilməlidir. Halbuki, birinci instansiya məhkəməsi şəxsin tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılmasını, həmin rəyin uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəd olduğunu nəzərə almamışdır. Beləliklə, iddia ərizəsində göstərilən əsaslar üzrə iddiaçının pensiya almaq hüququ yaranmır. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sğorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var. Həmin maddəyə qeyddə isə göstərilmişdir ki, qadınların yaş həddi 2017-ci ilin 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 21.2.4-cü maddəsinə əssən isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. İddiaçı isə hal-hazırda Qanunun 7-ci maddəsinə uyğun olaraq, pensiya təyin edilməsi üçün müəyyən edilmiş yaş həddinə də çatmamışdır. Qanunda isə birbaşa olaraq avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 7-ci maddəyə uyğun olaraq qanunla müəyyən olunmuş yaş həddinə çatmaq tələb olunur. İddiaçı xx xxxxxxx 1962-ci il təvəllüdlü olmaqla hazırda 60 yaşındadır. 2021-ci ilin 01 iyul ayından 30 iyun 2022-ci ilədək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi isə 62 il 6 aydır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayıldığından, iddiaçının qızı 1982-ci il təvəllüdlü Xəyalə Qayıtmazovaya isə əlillik 22 aprel 1995-ci ildə, yəni 13 yaşında təyin olunduğundan, iddiaçının sağlamlıq imkanları məhdud uşağı səkkiz yaşınadək tərbiyə edib böyütdüyü üçün ona 55 yaşının tamam olduğu, yəni 01 oktyabr 2017-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi əsassız, cavabdehin imtinası isə əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(118)-844/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialına qarşı sağlamlıq imkanları məhdud uşağı səkkiz yaşınadək tərbiyə edib böyütdüyü üçün ona 55 yaşının tamam olduğu, yəni 01 oktyabr 2017-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar