Məhkəmə qərarları › İş №2-1(105)-492/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-492/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-492/2021 29.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Xaçmaz rayon İcra Hakimiyətinə və Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinə qarşı “xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan Xaçmaz şəhəri Qələbə küçəsində yerləşən 0,30 ha torpaq sahəsinin mişar daşı ilə hörülmüş hasarının və sahədə inşa edilmiş bir otağın özbaşına sökülməsi, sökülmüş avadanlıqlardan istifadə etməklə, habelə çoxillik şam ağaclarını qırmaqla inşaat işlərinin aparılmasından ibarət hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlər tərəfindən onun xüsusi mülkiyyət hüquqlarına müdaxilə edilməsinə son qoyulması və ona vurulmuş külli miqdarda zərərin nəticələrinin aradan qaldırmaq üçün cavabdehlərin üzərinə sökülmüş hasarın, bir otaqlı evin bərpa edilməsi və qanunsuz apardıqları tikinti-inşaat işlərinin nəticələrini aradan qaldıraraq sahənin əvvəlki vəziyyətə qaytarılması” öhdəliyinin qoyulmasına dair iş üzrə Açar sözlər: icraatın dayandırılmasının ləgv edilməsi Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu, Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, cavabdeh Xacmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1, 3-cü şəxs Xacmaz rayon Xacmaz Bələdiyyəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Xaçmaz rayon İcra Hakimiyətinə və Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinə qarşı “xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan Xaçmaz şəhəri Qələbə küçəsində yerləşən 0,30 ha torpaq sahəsinin mişar daşı ilə hörülmüş hasarının və sahədə inşa edilmiş bir otağın özbaşına sökülməsi, sökülmüş avadanlıqlardan istifadə etməklə, habelə çoxillik şam ağaclarını qırmaqla inşaat işlərinin aparılmasından ibarət hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlər tərəfindən onun xüsusi mülkiyyət hüquqlarına müdaxilə edilməsinə son qoyulması və ona vurulmuş külli miqdarda zərərin nəticələrinin aradan qaldırmaq üçün cavabdehlərin üzərinə sökülmüş hasarın, bir otaqlı evin bərpa edilməsi və qanunsuz apardıqları tikinti-inşaat işlərinin nəticələrini aradan qaldıraraq sahənin əvvəlki vəziyyətə qaytarılması” öhdəliyinin qoyulmasına dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2-1(118)-1186/2021 saylı qərardadından ərizəçinin nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apelyaiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdehlər Xaçmaz rayon İcra Hakimiyətinə və Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinə qarşı “xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan Xaçmaz şəhəri Qələbə küçəsində yerləşən 0,30 ha torpaq sahəsinin mişar daşı ilə hörülmüş hasarının və sahədə inşa edilmiş bir otağın özbaşına sökülməsi, sökülmüş avadanlıqlardan istifadə etməklə, habelə çoxillik şam ağaclarını qırmaqla inşaat işlərinin aparılmasından ibarət hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlər tərəfindən onun xüsusi mülkiyyət hüquqlarına müdaxilə edilməsinə son qoyulması və ona vurulmuş külli miqdarda zərərin nəticələrinin aradan qaldırmaq üçün cavabdehlərin üzərinə sökülmüş hasarın, bir otaqlı evin bərpa edilməsi və qanunsuz apardıqları tikinti-inşaat işlərinin nəticələrini aradan qaldıraraq sahənin əvvəlki vəziyyətə qaytarılması” öhdəliyinin qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsi, Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” və “Torpaq bazarı haqqında” Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı haqqında” Qaydalara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 saylı qərarına əsasən ona fərdi iaşə obyektlərinin tikintisi məqsədi ilə bələdiyyənin ehtiyat fondu torpaqlarından Xaçmaz şəhəri, Qələbə küçəsində 0,30 ha torpaq sahəsi satılmışdır. Müvafiq sənədləşmə aparıldıqdan sonra onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsində qeydiyyata alınaraq 2 iyun 2007-ci il tarixli Çıxarış verilmişdir. Torpaq sahəsi onun tərəfindən mişar daşı ilə hasara alınmış, orada bir otaqdan ibarət ev inşa edilmişdir. 2020-ci ilin oktyabr ayının əvvəllərində o, Cavabdeh1nə çağırılaraq rəhbərlik tərəfindən ondan mülkiyyətində olan torpaq sahəsindən əl çəkməsi, torpaq sahəsinin İcra Hakimiyyətinə verilməsi tələb edilmiş, o, həmin qanunsuz təklifi qəbul edə bilməyəcəyini dedikdə, ona xoşluqla olmasa, bu işin zorla həll olunacağı bildirilmişdir. O, belə bir qanunsuzluğun baş verə biləcəyinə inanmasa da, 10 oktyabr 2020-ci ildə günorta vaxtı öz torpaq sahəsinə gəldikdə 100 metrə yaxın hasarın, ərazidə inşa olunmuş otağın orada işləyən fəhlələr tərəfindən tam uçurulduğunu görmüşdür. X2 Xaçmaz Rayon Məhkəməsində ona qarşı mülkiyyətində olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin, Çıxarışın ləğv olunması barədə iddia qaldırdığını, bunun Cavabdeh1 tərəfindən təşkil edildiyini öyrənmişdir. Bundan sonra onun torpaq sahəsində olan 20-dən çox çoxillik şam ağacları qanunsuz kəsilmiş tikinti məqsədləri üçün torpaq qazıntı və digər inşaat işləri aparılmışdır. İlkin hesablamalara görə ona 20000 manatdan artıq ziyan vurulmuşdur. Həmin ziyan artmaqda davam edir. Cavabdeh1ndən vurduğu zərəri - mülkiyyətində olan torpaq sahəsinin uçurulmuş hasarını, inşa etdiyi bir otaqdan ibarət evi bərpa etməsinin rəsmi qaydada tələb olunmasına baxmayaraq, bundan imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2-1(118)-1186/2021 saylı qərardadı ilə hazırki iş üzrə icraat X3 (Cavadova) Rəna Telman qızına qarşı “bələdiyyənin 10.04.2003-cü il tarixli 05 saylı qərarının 3-cü bəndinin 2-ci abzasına əsasən Camalova (Cavadova) Rəna Telman qızına 0.30 ha torpaq sahəsinin satılması barədə alqı-satqı aktının və həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və torpaq sahəsinin boşaldılması” barədə tələbi üzrə yekun qərar qanuni qüvvəyə minənə qədər dayandırılması qərara alınmışdır.

4. Qeyd edilən qərardad onunla əsaslandırılmışdır ki, Xaçmaz Bələdiyyəsi tərəfindən bələdiyyənin 10.04.2003-cü il tarixli 05 saylı qərarının 3-cü bəndinin 2-ci abzasına əsasən Camalova (Cavadova) Rəna Telman qızına 0.30 ha torpaq sahəsinin satılması barədə alqı-satqı aktının və həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və torpaq sahəsinin boşaldılması barəsində Camalova (Cavadova) Rəna Telman qızına qarşı Xaçmaz Rayon Məhkəməsində iddia qaldırılmış və Xaçmaz Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli 2(067)-272/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilməklə X3 (Cavadova) Rəna Telman qızına 0,30 ha torpaq sahəsinin satılması barədə 15 iyul 2003-cü il tarixli alqı-satqı aktı və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli, **********26 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 02.06.2007-ci il qeydiyyat tarixli reyestr qeydinin ləğv edilməsi, həmin alqı-satqı aktına əsasən Camalova (Cavadova) Rəna Telman qızının istifadəsində olan 0,2454 ha torpaq sahəsinin boşaldılması qət edilmiş, lakin məhkəmə aktı qanuni qüvvəsini almamış, iddiaçı isə hazırkı tələbində sahənin əvvəlki vəziyyətə qaytarılmasının cavabdehə həvalə edilməsini istəyir. Xaçmaz Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi əvvəlki vəziyyətin bərpasını istisna edir. Qeyd edilən məhkəmə qətnaməsi qanuni qüvvəyə minəcəyi təqdirdə isə hazırkı mübahisənin həllini əhəmiyyətli dərəcədə müəyyən edəcəkdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

5. İddiaçının nümayəndəsi və vəkili X4 tərtib etdiyi apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı məxsus torpaq sahəsinin 150 metr uzunluğunda 3 metr hündürlüyündə olan hasarı Cavabdeh1 vəzifəli şəxsləri tərəfindən uçurulmuş, hasardan çıxarılmış mişar daşları orada inşa edilmiş «obyekt»in tikintisində istifadə olunmuş, İddiaçı külli miqdarda ziyan vurulmuş, ərazidə 20-dən artıq çoxillik şam ağacları qanunsuz olaraq kəsilmişdir. Cavabdeh1 tərəfindən törədilmiş bu əməllər qanunsuz hesab edilərək iddia ərizəsi təmin olunmalıdır. Cavabdeh1 vəzifəli şəxsləri heç bir əsas olmadan Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərini kobud surətdə pozaraq İddiaçı xüsusi mülkiyyətində olan 0,30 ha torpaq sahəsinin hasarını uçurmaqla həmin sahəni zəbt etmələrinin, ərazidə olan çoxillik şam ağaclarını kəsmələrinin qanunsuz hesab edilməsi və İddiaçı vurulmuş ziyanın aradan qaldırılmasının İddiaçı ilə Xaçmaz Bələdiyyəsi arasında gedən torpaq mübahisəsi ilə heç bir əlaqəsi və asılılığı olmasa da məhkəmə inzibati işin sözügedən mülki işdən asılı olması barədə səhv nəticəyə gəlmiş və Azərbaycan Respublikası İPM-nin 7.2-ci maddəsini əsassız olaraq tətbiq edərək icraatı dayandırmışdır. Məhkəmənin bu mövqeyi ilə razılaşmaq mümkün deyildir. Hesab olunsa ki, Xaçmaz Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış olsa da, həmin torpaq sahəsinin Cavabdeh1nə heç bir aidiyyəti olmayacaqdır. Bu məntiqlə məhkəmə Cavabdeh1 tərəfindən İddiaçı hüquqlarına qəsd edilməsini və ona ziyan vurulmasını haqlı saymış olur. Göstərilənlərə əsasən Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2-1(118)-1186/2021 saylı qərardadının ləğv olunmasını xahiş edir.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

6. apelyasiya şikayətinə qarşı tərəflər etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi N.M.Vəlibəyov izahatında apelyasiya şikayətini qəbul etməyərək, şiikayətin təmin edilməməsini və Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2-1(118)- 1186/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edərək izahatında onu da vurguladı ki, İddiaçı iddia etdiyi 0.30 ha torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.07.2002-ci il tarixli 106 nömrəli qərarı ilə Xaçmaz Bələdiyyəsinin mülkiyyətinə verilmiş parkın ərazisidir. Xaçmaz Bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli qərarı ilə həmin parkın ərazisindən 0.30 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə qanunsuz olaraq satılmışdır. İddiaçı parkın ərazisindən 0.30 ha torpaq sahəsinin satılması barədə bələdiyyənin 10.04.2003-cü il tarixli 05 saylı qərarı Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50-ci maddəsinin 2-ci bəndinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin tələblərinə zidd olduğu üçün Xaçmaz Bələdiyyəsinin 08.09.2020-ci il tarixli 10 nömrəli qərarı ilə ləğv olunmuşdur. Həmçinin qeyd olunan torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydiyyatın ləğv edilməsi barədə bələdiyyə tərəfindən məhkəmədə iddia qaldırılmış və Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir, həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermiş və işə bildiyi qədər apelyasiya məhkəməsində baxılmaqdadır. Hazırda parkda şəhər əhalisinin çoxsaylı müraciətləri əsasında genişmiqyaslı yenidənqurma və abadlaşdırma işləri aparılır. Hər hansı bir qanunsuz ağacların kəsilməsi və yaxud qanunsuz tikinti işlərinin aparılması halları mövcud deyil. Əksinə qeyd olunan park 3.0 hektara yaxın ərazini əhatə etməklə baxımsız və antisanitar vəziyyətdə olduğu üçün şəhər əhalisinin narazılıqlarına və iradlara səbəb olmuşdur. İddiaçı mülkiyyətində olan hər hansı bir tikili Rayon İcra Hakimiyyəti tərəfindən sökülməmiş və onun avadanlıqlarından istifadə olunmamış, həmçinin onun mülkiyyətində olmasını iddia edən torpaq sahəsində tərəflərindən ağaclar kəsilmir və tikililər inşa edilmir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Xaçmaz rayon Bələdiyyəsinin nümayəndəsi İ.İ.Yusifov izahatında apelyasiya şikayətini qəbul etməyərək, cavabdehin izahatında göstərilənləri təsdiq edərək şikayətin təmin edilməyərək Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2-1(118)-1186/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, sonuncunun nümayəndəsi və vəkili X4 isə hazırki instansiyaya orderi olmadığından iştirakı qəbul olunmamışdır.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə İddiaçı, sonuncunun nümayəndəsi və vəkili N.Ç.Ələsgərovun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədbiq edilən hüquq

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır.

12. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

13. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

14. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

16. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəfləri dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfin apelyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı qüvvəsində saxlanılmalıdır.

17. Belə ki, hazırki qərardadın 11-14-ci bəndlərində istinad edilən prosessual hüquq normalarının tələbləri baxımından inzibati mübahisə üzrə işə baxılması zamanı mübahisənin predmeti ilə əlaqədar mübahisənin həllinə təsir edə biləcəyi hallarda mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır.

18. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı inzibati işin həlli üzrə X3 (Cavadova) Rəna Telman qızına qarşı “bələdiyyənin 10.04.2003-cü il tarixli 05 saylı qərarının 3-cü bəndinin 2-ci abzasına əsasən Camalova (Cavadova) Rəna Telman qızına 0.30 ha torpaq sahəsinin satılması barədə alqı-satqı aktının və həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və torpaq sahəsinin boşaldılması” barəsində mülki işdən asılı olması barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır, ona görə də apelyasiya instansiyası məhkəməsinin icraatında olan mülki iş üzrə yekun qətnamə qanuni qüvvəyə minənə qədər iş üzrə icraat dayandırılmalıdır.

19. Başqa sözlə desək, məhkəmə işin dayandırılması barədə qərardad qəbul edərkən, iddiaçının iddia tələbinin ilkin uğurluluq ehtimalının qiymətləndirilməsi nəticəsində çıxarır. Bu zaman məhkəmə iddiaçının irəli sürdüyü maddi tələbinin uğurluluq ehtimalını yoxlayır və onda belə ehtimalın mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşandan sonra nəticəyə gəlir. Belə uğurluluq ehtimalının qiymətləndirilməsi bir qayda olaraq maddi hüquq normalarına istinadla həyata keçirildiyindən birinci instansiya məhkəməsi əsaslı olaraq bu nəticəyə gəlmişdir ki, iddia tələbi üzrə iddiaçının istinad etdiyi 0.30 hektar torpaq sahəsinə dair mülkiyyət sənədi Xaçmaz Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilməklə iddiaçının istifadəsində olan 0.2454 hektar torpaq sahəsindən çıxarılması qət edilmişdir.

20. Kollegiya qeyd edir ki, iddiaçı tərəfin hazırki qərardadın 5-ci bəndində əks edilən apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz ona görə ki, həmin dəlillərdə yalnız iddia tələbinin əsaslılığına istinad edilməklə cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsilə bağlı qanunsuz inşaat işlərinin aparılması vurğulanmaqla kifayətlənmiş, lakin iddia tələbinin uğurluluq ehtimalına dair yetərli sübutlar təqdim edilməmişdir.

21. Yuxarıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfin apelyasiya şikayəti təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7, 80, 81 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2-1(118)-1186/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar