Məhkəmə qərarları › İş №2-1(105)-492/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-492/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-492/2023 06.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: rayon icra hakimiyyəti başçısının sərəncamı əsasında torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, İcra Hakimiyyəti başçısının 584 saylı, xx.xx.1992-ci il tarixli sərəncamına əsasən Masazır kəndi ərazisində yerləşən iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarış, plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1620/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 23 avqust 2022-ci il tarixli daşınmaz əmlak üzətində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin məzmunundan görünür ki, aparılan araşdırma zamanı Abşeron rayon icra Hakimiyyəti Başçısının 13 noyabr 1992-ci il tarixli 584 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq olunmuş ayrıc aktının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin 35 kv.m. hissəsinin yüksək gərginlikli (6 kvt) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respbulikasının Milli Arxiv İdarəsi Abşeron rayonu Dövlət Arxivinin F.244 nömrəli, xx.xx.2018-ci il tarixli arxiv çıxarışından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 584 nömrəli, 13 noyabr 1992-ci il tarixli sərəncamı ilə İddiaçı Xırdalan-Masazır şosse yolunun cənubundan 0,10 hektar hesabı ilə fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmışdır (Abşeron rayon İH-nin xx.xx.1992-ci il tarixli sərəncamı iş materiallarına əlavə edilmişdir). Abşeron rayon İcra Hakimiyyətinin alqı-satqı yolu ilə ayrılmış torpaq sahəsinin mülkiyyətə verilməsinə dair rəyindən görünür ki, vizual baxış zamanı torpaq sahəsinin yaşayış məntəqəsi hüdudları daxilində yerləşdiyi və sahədə hər hansı mühəndis-kommunikasiya xəttinin olmadığı aşkar edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arayışında bildirilmişdir ki, Abşeron rayonu, Masazır kəndi, Xırdalan-Masazır şosse yolunun cənubunda yerləşən torpaq sahəsi 10 kv-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir və qeyd olunan torpaq sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmir. Abşeron rayonu, Masazır Bələdiyyəsinin hüdudları daxilində Masazır kənd ərazi vahidinin ərazisində yerləşən yaşayış məntəqlərinin torpaqlarından ayrılmış torpaq sahəsinin yerquruluşu planının notarial qaydada təsdiq olunmuş surəti əlavə edilmişdir. Azərbaycan Respbulikasının Milli Arxiv İdarəsi Abşeron rayonu Dövlət Arxivinin T/356 nömrəli, xx.xx.2023-cü il tarixli arxiv çıxarışından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 584 nömrəli, 13 noyabr 1992-ci il tarixli sərəncamı ilə İddiaçı Xırdalan-Masazır şosse yolunun cənubundan 0,10 hektar hesabı ilə fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 17 avqust 2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, trpaq sahəsininolduğu yer Abşeron rayonu, Masazır kəndi, təyinatı yaşayış məntəqəsi , faktiki istifadədə olduğu, hüquqmüəyyənedici sənəd Abşeron rayonu, İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 584 №li Sərəncamı, sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,10 ha, faktiki istifadə üzrə 0,4056 ha olduğu, torpaq sahəsi şərq tərəfdən Əliağa Vahid küçəsi üç tərəfdən qonşu torpaq sahəsi ilə sərhəddir, torpaq sahəsi üzərində 1 mərtəbəli fərdi yaşayış evi və həyət tikilisi vardır, torpaq sahəsinin şərq tərəfində 6 kv-luq Y.G.E xətti keçir, torpaq sahəsinin 35 kv.m hissəsi Y.G.E xəttinin mühafizə zolağında yerləşir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, İcra Hakimiyyəti başçısının 584 saylı, xx.xx.1992-ci il tarixli sərəncamına əsasən Masazır kəndi ərazisində yerləşən iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarış, plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 584 saylı, xx.xx.1992-cı il tarixli sərəncamı ilə Masazır kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin ona ayrılması qərara alınmışdır. 0.10 ha torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Hər il torpaq vergisini vaxtlı-vaxtında Masazır bələdiyyəsinə ödəmiş və bələdiyyəyə torpaq vergisinə görə heç bir borcu yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 584 saylı, xx.xx.1992-ci il tarixli sərəncamı ilə Masazır kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********51 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. İmtinada əsas kimi Torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilməməsi və Torpaq sahəsinin 35 kv.m hissəsinin 6 kvt elektrik xəttinin mühafizə zonasında yerləşməsi qeyd edilmişdir. İddiaçı qeyd edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilməməsi imtina üçün əsas deyil. Ərizəyə onun tərəfindən Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarış təqdim edilmişdir. Həmin çıxarış Masazır Bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş, üzərində döngə nöqtələrinin koordinatları qeyd edilmişdir. Torpaq sahəsi üzərində hüquqlar 2001-ci il yanvar ayının 1-nə qədər şəhər, rayon, qəsəbə, kənd müvafiq icra hakimiyyəti orqanlarının, 2001-ci il yanvarın 1-dən sonra isə yerli bələdiyyələrin müvafiq qərar və sərəncamlarına əsasən qeydiyyata alınıb. Torpaq sahəsi iddiaçıya Abşeron rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış, həmin orqan tərəfindən də yerquruluşu planından çıxarış təsdiq edilmişdir. Bundan başqa bələdiyyə tərəfindən həmin çıxarışın təsdiq edilməsi isə bu torpaq sahəsinin ona ayrılmasına etiraz etməməsi deməkdir. Əlavə olaraq ərizəyə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli rəyi əlavə edilmişdir. Torpaq sahəsinin bir hissəsinin 6kvt elektrik xəttinin mühafizə zonasında yerləşməsi isə onun günahı deyil. Bu torpaq sahəsi ona ayrılan zaman həmin ərazidə elektrik xətti mövcud olmayıb. Olmuş olsaydı belə bu torpaq sahəsi qanunamüvafiq qaydada ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrılmış və qanunamüvafiq qaydada həmin orqan tərəfindən torpaq sahəsinin plan və ölçü sənədi təsdiq edilmişdir. Əlavə olaraq müraciət ərizəsinə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01/02/12-13/A-531/7006 saylı arayış əlavə edilmişdir. Həmin arayışda onun adına ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasına etiraz edilməməsi bildirilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 13 noyabr 1992-ci il tarixli, 584 nömrəli sərəncamı ilə X3 ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi və sözügedən torpaq sahəsinin 35 kv.m hissəsinin yüksək gərginlikli (6 kvt) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin qanunun 8-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddələrinə əsasən, dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsəsrrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə müvafiq olaraq, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı, və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1620/2023 nömrəli qərarı ilə (hakim İmran Burcayev) iddia təmin edilmiş, Abşeron rayonu, İcra Hakimiyyəti başçısının 584 saylı, xx.xx.1992-ci il tarixli sərəncamına əsasən Masazır kəndi ərazisində yerləşən iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarış, plan və ölçü sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu və 3.0.31-ci bəndlərində vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Göründüyü kimi yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin qanunvericiliklərdən irəli gələn öhdəliyidir. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Ərazi İdarəsi həmin şübhəli halın aradan qaldırılması istiqamətində hər hansı bir tədbir görməmiş və dövlət qeydiyyatından keçirilməsi tələb edilən torpaq sahəsinə dair ilkin ayrıc aktının və ilkin baş planın olmamasına istinad etmişdir. Belə ki, icra hakimiyyəti tərəfindən iddiaçıya 0.10 ha torpaq sahəsi ayrılan zaman ilkin baş planın və ayrıc aktının təqdim edilməməsində iddiaçının təqsiri yoxdur. Baş plana gəldikdə isə iddiaçıya torpaq sahəsinin yerləşdiyi ərazinin yerquluşu planı təqdim edilmiş, lakin qeyd olunan sənəd cavabdeh təşkilatı qane etməmişdir. Bu isə bir daha olaraq cavabdeh təşkilatın imtinasının əsassız olmasına dəlalət edir. İnzibati orqan tərəfindən göstərilən ilkin imtinanın hər hansı bir hüquqi əsası yoxdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. Belə ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçünün verilməsi ilə bağlı iddiaçının nümayəndəsi X7 4 saylı Abşeron Ərazi İdarəsinə 09 avqust 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayon İcra Hakimiyyəti Başçısının 13 noyabr 1992-ci il tarixli, 584 nömrəli sərəncamı ilə X3 ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi; torpaq sahəsinin 35 kv.m hissəsinin yüksək gərginlikli (6 kvt) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. İddiaçının apellyasiya şikayətinə dair etirazının dəlilləri Apellyasiya şikayətinin təmin edilməməsi və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(118)-1620/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri tam olaraq əsassızdır və rəsmiyyət xətrinə verilmişdir. Apellyasiya şikayətinin dəlillərinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən qanunamüvafıq münasibət bildirilmiş, cavabdehin imtinası əsassız hesab edilmiş və iddia tələbin ədalətli olaraq təmin edilmişdir. Bundan başqa torpaq sahəsinə dair ilkin baş planın və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilməməsi torpaq sahəsinə dair ilkin baş planın və yaxud da təsdiq edilmiş ayrıc aktının olmaması onun nöqsanı deyildir. Torpaq sahəsi onun adına ayrılmış və istifadəsindədir. Torpaq sahəsinə dair Masazır bələdiyyəsi və İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş, üzərində dəqiq döngə nöqtələrinin koordinatları qeyd edilmiş Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarış tərəfindən cavabdehə təqdim edilmişdir. Torpaq sahəsinin bir hissəsinin 6 kvt elektrik xəttinin mühafizə zonasında yerləşməsi onun günahı deyil. Bu torpaq sahəsi ona ayrılan zaman həmin ərazidə elektrik xətti mövcud olmayıb. Bundan əlavə bu torpaq sahəsi qanunamüvafıq qaydada ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrılmış və qanunamüvafıq qaydada həmin orqan tərəfindən torpaq sahəsinin plan və ölçü sənədi təsdiq edilmişdir. Əlavə olaraq müraciət ərizəsinə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01/02/12-13/A-531/7006 saylı arayış əlavə edilmişdir. Həmin arayışda adıma ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasına etiraz edilməməsi bildirilmişdir. Ümumiyyətlə torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsinin həmin torpaq sahəsi üzərində hüquqların tanınması üçün maneə olması heç bir qanunvericilik aktı ilə müəyyən edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz edərək, yazılı etiraz ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instasniya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qeyd olunmalıdır ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən ona ayrılmış 0.10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən müvafiq torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina olunmuş və imtinanın əsası kimi torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilməməsi, torpaq sahəsinin 35 kv.metr hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşməsi halına istinad edilmişdir. Birinci instanisya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, hazırki işin materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının 584 nömrəli, 13 noyabr 1992-ci il tarixli sərəncamı ilə İddiaçı Xırdalan-Masazır şosse yolunun cənubundan 0,10 hektar hesabı ilə fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının mülkiyyət hüququnun yaranması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 №li Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar qeyd edilmişdir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.8-ci maddəsinin tələbinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər əsas hesab olunur. Qeyd olunan normaların dispozitiv şərtlərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqları mövcud olmaqla, yaranmış mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunvericiliklə müəyyən edilmiş əsasların olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının əsasları ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarında torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədlərin siyahısı dəqiq şəkildə müəyyən edilmişdir. İndiki halda iş materiallarından görünür ki, müvafiq torpaq sahəsinə dair yerquruluşu planı mövcuddur, həmin plan sxemdə torpaq sahəsinin yerləşdiyi yer və koordinatları qeyd edilmişdir. Belə olan halda isə müvafiq torpaq sahəsinə dair ayrıc aktının və ilkin baş planın arxiv idarəsinə təhvil verilməməsi və aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin imtinasının digər əsasları ilə bağlı onu qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin 35 kv.m hissəsinin müvafiq elektrik xəttinin mühafizə zolağında yerləşsə də, "xxxx" Asc tərəfindən bu halın elektrik verilişi xəttinin istsmarına heç bir maneçilik törətmədiyi və buna görə də qeydiyyata alınmasına etiraz etmədiyi qeyd olunmuşdur. Belə olan halda cavabdehin bu əsasla mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etməsi özlüyündə inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinin mahiyyətinə (etimadın qorunması, bərabərlik və çoxun azı ehtiva etməsi) ziddir. Qeyd olunmalıdır ki, İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 20 aprel tarixli Qərarı). ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verərək, cavabdeh inzibati orqanının imtinasını əsassız hesab edərək, iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Həmçinin, qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayəti formal xarakter daşımaqla, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1620/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar