Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-493/2024 03.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:57 yaşdan güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 02 fevral 2017-ci ildən 57 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1229/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1960-cı il təvəllüdlüdür. НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1978-1980-cı illərdə hərbi xidmətdə olmuşdur. İddiaçının adına açılmış ИТ№ ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1982-xx.xx.1984-cü illərdə Kalinin adına sovxozda, xx.xx.1984-xx.xx.1994-cü il tarixərdə “Aztransqaz” İB Siyəzən X8 Qaz Kəmərləri İdarəsində texniki kompressorlar maşinisti, xx.xx.1994-xx.xx.1997-ci illərdə həmin idarədə texnoloji qurğuların təmiri üzrə çilingər, xx.xx.1997- xx.xx.2000-ci il tarixlərdə Sumqayıt Magistral Qaz Kəmərləri İdarəsində texnoloji qurğuların təmiri üzrə çilingər, xx.xx.2000-xx.xx.2005-ci illərdə “Azəriqaznəql” İB-nin Siyəzən Magistral Qaz Kəmərləri İdarəsində texnoloji qurğuların təmiri üzrə çilingər işləmişdir. SOCAR Qaz İxrac İdarəsi Siyəzən Magistral Qaz Kəmərləri sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 160 saylı arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1984-xx.xx.1994-cü il və xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə “Aztransqaz” İB-də, xx.xx.1997-xx.xx.2000-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixlərdə “Azəriqaznəql” İB Siyəzən Magistral Qaz Kəmərləri İdarəsinə texnoloji qurğuların təmiri üzrə çilingər işləmişdir. Cəmi stajı 21 il 07 ay təşkil edir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən X1 xx.xx.1984-cü ildən xx.xx.2005-ci ilədək işlədiyi peşələr (kompressor stansiyasının maşinisti, texnoloji qurğuların təmiri üzrə çilingər) zərərli istehsalat sahəsi sayılır. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən (20 il 3 ay 15 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (10 il 4 ay 15 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 02 fevral 2017-ci ildən 57 yaş tamam olan gündən güzəştli şərtlərlə pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10505/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1960-cı il təvəllüdlüdür. O, 01 yanvar 2006-cı il tarixədək 25 ildən çox ümumi, 21 il xüsusi staj qazanmışdır. Belə ki, o, “Aztransqaz” X5 X8 Qaz Kəmərlər İdarəsində İdarənin Kompressor stansiyasında kompressor qurğuların maşinisti vəzifəsində 16 may 1984-cü ildən (əmr№48-k $2) 01 oktyabr 1994-cü ilədək (əmr№33-k), 10 il (on) 15 gün sonra isə “Aztransqaz” İstehsalat Birliyində və “Azəriqaznəql” İstehsalat Birliyində 01 oktyabr 1994-cü ildən (əmr№50- k) 15 dekabr 2005-ci ilədək (əmr№47-k $3) “texnoloji qurğuların təmiri üzrə çilingər” vəzifəsində 11 (on bir) ay 14 gün, ümumilikdə 21 ildən çox zərərli və ağır iş şəraitində işləmişdir. Bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006- cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 12-ci bölməsinin (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa) kömür və şistin emalı) 3-cü bəndində “kompressor qurğularının maşinisti” şıfrə 2130302a-13775 və “texnoloji qurğuların təmiri üzrə çilingər” şifrə 2130302a-18547 nəzərdə tutulmuşdur. Bununla bağlı o, yanvar 2021-ci il tarixdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fodunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Mərkəzi Filial 07 aprel 2021-ci il tarixli məktubla əsassız olaraq ona imtina etmişdir. Sonradan bir neçə dəfə müraciə etsə də, ona pensiya təyin edilməmişdir. Filial ona pensiya hüququm yaranan gündən təyin etmək əvəzinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıya 24 dekabr 2022-ci il tarixli 451 nömrəli Qərarla edilmiş dəyişikliyi əsas gətirərək 2022-ci ilin dekabr ayından pensiya təyin etmişdir. Halbuki, həmin pensiya ona 57 yaşdan təyin edilməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində ümumi sığorta stajının 25 ildən artıq, zərərli işlərdə işlədiyi dövrün 12 il 6 aydan artıq olduğunu qeyd etmişdir. İşin faktiki hallarına əsasən, iddiaçı ona yaşa görə əmək pensiya təyin olunması üçün xx.xx.2023-ci il tarixli ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2- M-105514/2023 nömrəli məktubla ona xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi bildirilmişdir ki, iddiaçının xx.xx.1984-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Socar Qaz İxrac” İdarəsində kompressor stansiyasının maşinisti və texnoloji qurğuların təmiri üzrə çilingər vəzifələrində işlədiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2022-ci nil tarixli 451 nömrəli Qərarı ilə əlavə edilmiş, göstərilən səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin islərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hügugu vardır. Sözügedən maddəninin mətnindən aydın olur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1) İddiaçının yaşı bu ganunda göstərilən yaş həddinə çatmalıdır; 2) Azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almag hügugu verən işlərdə çalışmalıdır, İddiaçı münasibətdə birinci əsasla bağlı qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. İddiaçının xx.xx.2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün tələb olunan yaş həddinə (57 yaş) çatmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı həmin tarixdə qüvvədə olan qanunvericiliklə tələb olunan ümumi stajının azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almag hügugu verən işlərdə çalışmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nda kompressor stansiyasının maşinisti və texnoloji qurğuların təmiri üzrə çilingər vəzifələri nəzərdə tutulmayıb. Bu səbəbdən də iddiaçının xx.xx.2017-ci il tarixdə qanunvericiliklə tələb olunan güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2022-ci il tarixli 451 nömrəli Qərarı ilə kompressor stansiyasının maşinisti və texnoloji qurğuların təmiri üzrə çilingər vəzifələri yuxarıda qeyd olunan Qərarla tədig edilmiş Siyahıya əlavə edilmişdir. Ümumilikdə, yuxarıda qeyd edilən qanunvericilik normaları və işin faktiki hallan nəzərə alınmaqla qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası həmin tarixdən, yəni xx.xx.2022-ci il tarixdən təyin edilmişdir. Beləliklə, iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göründüyü kimi iddiaçının əmək pensiya hüququ yaranmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz hesab olunmalı və məhkəmə tərəfindən təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1229/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın ödənilməsinin əvvəli 01 oktyabr 2017-ci il tarixdən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək 26 ildən artıq ümumi staja malik olmasını təsdiq edir. Lakin onun 1984-2005-ci illərdə işlədiyi kompressor stansiyasının maşinisti və texnoloji qurğuların təmiri üzrə çilingər peşələri güzəştli şərtlərlə pensiya almaq hüququnu verən peşələrə aid olmadığından ona 57 yaşdan əmək pensiyası təyin etməkdən imtina etmişdir. Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahıda “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi adlanan 10.2-ci bölmədə istehsalatda məşğul olan texnoloji qurğuların təmiri üzrə çilingərlər peşəsi nəzərdə tutulmuşdur. Bundan başqa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahı”nın “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlanan bölməsində kompressor qurğularıın maşinistləri (2130302a-13775) və texnoloji qurğuların təmiri üzrə çilingərlər (2130302a- 18547) peşələri nəzərdə tutulmuşdur. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınını təyin olunmasını xahiş etmişdir. İddiaçıya 57 yaşdan əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qədər azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi staja (əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi) malik olması tələb olunur. Cavabdehin mövqeyinə görə iddiaçı xx.xx.2006-cı il tarixədək 26 il 2 ay 14 gün ümumi staja, Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarla xx.xx.2007-ci il tarixli Qərarla təsdiq edilmiş Siyahıya əlavə edildikdən sonra 16 il 5ay 15 gün xüsusi staja malikdir. İş materiallarında mövcud olan sübutlarla iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması təsdiq edilir. Məhkəmə qeyd edir ki, təqdim ediilmiş inzibati icraat materiallarından iddiaçının müvafiq xahişlə cavabdeh inzibati orqana 2020-ci ilin oktyabr ayında müraciət etməsi görünür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarının əsaslandırma hissəsində qeyd edilir ki, iş materiallarında mövcud olan sübutlarla iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almag hügugunun yaranması təsdiq edilir. Məhkəmə qərar gəbul edərkən əsaslandırma hissəsində istinad etdiyi normativ hüquqi aktları və onların qiymətləndirilməsini, əsaslandığı faktiki halları və sübutları göstərməmişdir. Belə ki, məhkəmə qərarı İnzibati Prosessual Məcəllənin 69-cu maddəsinin - məhkəmə qərarının forması və məzmunu tələblərinə riayət edilmədən qəbul edilmişdir. Həmçinin, məhkəmə iddiaçının Mərkəzi Filiala xx.xx.2020-ci il tarixli ilk müraciət ərizəsini əsas hesab edərək iddiaçıya pensiya ödənilməsinin xx.xx.2017-ci il tarixdən, yəni müraciət tarixindən əvvəlki 3 ilin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Əlavə olaraq, iddiaçının iddia tələbini xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki dövrlər üzrə ödənişin həyata keçirilməsi təşkil edir. Məhkəmə iddiaçının iddia tələbini dəqiqləşdirmədən iddia tələbini təmin etmişdir. Məhkəmə iş üzrə xx.xx.2024-cü il tarixli 2- 1(118)-1229/2024 nömrəli qərar qəbul edərkən maddi və prosessual qanunvericiliyin tələb və göstərişlərinə lazımi qaydada əməl etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşaların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri ..... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrindəvəbirləşmələrindəolmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dok toranturada və klinik ordinaturada təhsil müddəti .... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.2-ci bəndi) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyinedilməsi üçün güzəştli şərtlərləpensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajı şərti ödənilmədiyindən pensiya təyin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 1 saylı siyahı üzrə 57 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 57 yaşının tamam olması, 2) xx.xx.2006-ci ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması və 3) xx.xx.2006-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1960-cı il təvələddlü olmaqla, 57 yaşı xx.xx.2017-ci il tarixdə tamamlanmışdır. Cavabdeh inzibati orqan tərfindən iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyasının təyin edilməsi ilə bağlı ilk dəfə xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olması halı mübahisələndirilmir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına malik olmadığını, iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda compressor stansiyasının maşinisti və texnoloji qurğuların təmiri üzrə çilingər vəzifələri nəzərdə tutulmadığını, həmin peşənin müvafiq Siyahıya 24 dekabr 2022-ci il tarixli Qərar ilə əlavə edildiyini, ona görə də iddiaçıya 24 dekabr 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyini bildirmişdir. İş materiallarında olan “Qaz İxrac İdarəsi” tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, iddiaçı xx.xx.1984-xx.xx.1994-cü illərdə “Aztransqaz” İstehsalat Birliyi, Siyəzən X8 Qaz Kəmərləri İdarəsində kompressor stansiyasının maşinisti peşəsində, xx.xx.1994xx.xx.1997-ci illərdə həmin idarədə texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində, xx.xx.1997-xx.xx.2000-ci illərdə həmin Birliyin Sumqayıt Magistral Qaz kəmərləri İdarəsində texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində, xx.xx.2000-xx.xx.2005-ci illərdə həmin Birliyin Siyəzən X8 Qaz Kəmərləri İdarəsində texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində işləmiş, işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına əsasən zərəli istehslaat sayılır, zərərli istehslaat sayılan iş yerləri üzrə güzəştli iş stajı 21 il 07 ay 00 gün təşkil edir. Həmçinin, iş materiallarında olan “Qaz İxrac İdarəsi” tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, iddiaçı idarədə compressor maşinisti peşəsində işə başlamış, daha sonra həmin peşə ixtisar olunduğundna, texnoloji qurğuların təmiri üzrə çilingər peşəsinə keçirilmiş, lakin çilingər peşəsinin əmək funskiyasının yerinə yetirilməsi ilə yanaşı, kompressor stansiyasına bütün avadanlığın işlərinə nəzarət etmək üçün təhlükəli qazla işləyən müxtəlif mühərriklərlə iş zamanı stasionar kompressorlara və turbokompressorlara xidmət etmək üçün və Stansiya məhsulu istehsalının texnoloji prosesinin tənzimlənməsi üçün xx.xx.2000-ci il tarixə kimi kompressor qurğularının maşinisti peşəsinin əmək funksiyasını yerinə yetirmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı müvafiq Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və email(dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlanan bölməsində kompressor qurğularının maşinistləri (2130302a-13775) və texnoloji qurğuların təmiri üzrə çilingərlər (2130302a-18547) peşələri nəzərdə tutulmuşdur. Göründüyü kimi, əvvəlki qanunvericilik normasında da qeyd edilən peşə güzəştli şərtlərlə pensiya hüququ verən zərəli peşə kimi ehtiva edilmişdir. Nəticə etibarilə, iddiaçının güzəştli şərtlər pesniya hüquq verən zərəli peşələrdə işləməsi və həmin peşələr üzrə 12 il 6 aydan artıq iş stajına malik olması halı işəgötürən tərəfindən təqdim edilmiş sənədlər əsasında öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən isə həmin halı istisna edən heç bir sübut təqdim edilməmişdir. Qeyd edilən hallar özlüyündə cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları təkzib edir. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlili kimi birinci instansiya məhkəməsi tərəfindən iddiaçının müraciət etdiyi tarixin əsas götürülməklə ödənilməsinin müəyyən edildiyini, lakin iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdən ödənilmənin tələb edildiyini, bununla bağlı iddia tələbinin dəqiqləşdirilmədən, təmin edilməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində hansı tarixdən başlayaraq (başlanğıc tarixini) ödənilməsini dəqiq qeyd etməmiş, keçmiş dövr üzrə pensiya məbləğinin ödənilməsi kimi ifadə etmişdir. İPM-in 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmamaqla, qanunun tələbinə əsasən məhz haqlı olaraq iddiaçının müraciət etdiyi tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməsi halını müəyyən etmişdir (“Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Başqa sözlə desək, iddiaçının ilk müraciəti xx.xx.2020-ci il tarixdə olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq, 01 oktyabr 2017-ci il tarixdən hesablanmalı olduğu qeyd etmişdir. Həmçinin, qeyd edilməlidir ki, qeyd edilən hal iddiaçının hüquqlarına toxunduğu və ya iddia tələbi üzrə hüquqi marağına uyğun olmadığı hada, həmin qərardan şikayət vermək hüququ olmuşdur, indiki halda iddiaçı tərəfindən məhkəmə qərarı mübahisələndirilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə də cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1229/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-493/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-493/2024
03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver