Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-494/2022 17.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi Filialına qarşı “ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2- 1(118)-823/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi Filialının cəlb edilməsini və xx.xx.1975-xx.xx.1976-cı illərdə 85 saylı Texniki peşə məktəbində oxuduğu dövr, xx.xx.1976-xx.xx.2002-ci illərdə Sumqayıt Üst Trikotaj fabrikində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci il tarixində anadan olmuş. xx.xx.1975-ci il tarixində 85 saylı Texniki peşə məktəbinə toxucu-matarist peşəsinə daxil olmuş və xx.xx.1976-cı il tarixində bitirmişdir. Təyinatla Üst trikatoj fabrikinə göndərilmiş, xx.xx.1976-ci il tarixində həmin fabrikdə əmək fəaliyyətinə başlamış və xx.xx.2002-ci il tarixində öz xahişi ilə işdən azad olunmuşdur. Ona xx.xx.2002-ci il tarixində xəstəliyi ilə əlaqədar əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2002-ci il tarixindən xx.xx.2021-ci il tarixədək hər ay əmək pensiyası almışdır. Yaşa görə əmək pensiyası hüququ yarandığı üçün xx.xx.2021-ci il tarixində ərizə ilə cavabdehə müraciət etmiş, lakin bildirilmişdir ki, 18 il 10 ay 29 gün sosial sığorta stajı olduğundan “Əmək pensiyaları haqqında“ Qanunun 7-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Ona hal-hazırda 130 manat yaşa görə sosial müavinət təyin edilib. Qeyd edir ki, sığorta stajı 26 il 8 ay 18 gün təşkil edir. xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası 259.78 manat aldığı halda, xx.xx.2021-ci il tarixdə yaşa görə 130 manat sosial müavinət təyin edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin nömrəli 28 aprel 2022-ci il tarixli, 2-1(118)- 823/2022 qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim V.Əzizova). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, cavabdehin imtina məktubu təqdim edilməmişdir. Qeyd edir ki, məhkəmə cavabdehə müraciəti əsasında həmin məktubu əldə edə bilərdi. “İnzibati icraat haqqında” Qanunun 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına müraciət etmiş, lakin sığorta stajının tələb olunan müddətdən az olduğu səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını qeyd edilmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmişdir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun sosial sığorta stajı 18 il 10 ay 29 gün təşkil edir (xx.xx.1975-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövr). xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək “İllik” kooperativində işləməyinə dair sosial sığorta stajı araşdırılarkən müəyyən edilmişdir ki, müəssisə qeyd olunan illərdə məcburi dövlət sosial sığorta haqqı köçürməmişdir. X3 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Qeyd edir ki, iddiaçının kifayət qədər sosial sığorta stajı və pensiya kapitalı mövcud deyil. Odur ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və iddiaçının apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia mümkün sayılmalı, hazırki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh inzibati orqana müraciət etməmiş və həmin orqandan imtina cavabı alınmamışdır. Cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası növündə baxılan iddialarda da mümkünlük şərtlərindən biridir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Qərarın 9-cu bəndinə görə məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının tələbi ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə iddianın xüsusi mümkünlük şərti olaraq cavabdeh inzibati orqana müraciətin edilməməsi əsası ilə iddianı mümkün hesab etməmişdir. Halbuki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı 13 avqust 2021-ci il tarixdə cavabdeh inzibati orqana ona yaşa görə əmək pensiyası təyin edilməsinə dair ərizə ilə müraciət etmiş, müraciətə baxılmış və cavabdehin 07 sentyabr 2021-ci il tarixli **********2 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim etdiyi sənədlərə əsasən sığorta stajı 18 il 10 ay 29 gün təşkil edir. Bu hal “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olmadığından iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Həmçinin, cavabdeh inzibati orqan da apellyasiya şikayətinə qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF-nin Abşeron-Xızı regional filialına müraciət etmiş, sığorta stajı kifayət etmədiyindən ona imtina cavabı verilmişdir. Belə ki, işdən görünür ki, iddiaçı ilk olaraq inzibati orqana müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. İşdən isə görünür ki, məhkəmə bu istiqamətdə, yəni iddiaçı tərəfindən cavabdeh orqana iddia tələbi üzrə müraciət edilib-edilməməsinə dair heç bir araşdırma aparmamış, müvafiq sorğu ilə cavabdeh orqana müraciət etməmişdir. Halbuki İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Bununla da hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinin pozulduğu müəyyən olunur. İşə baxan birinci instansiya məhkəməsi qeyd edilən halla bağlı ətraflı araşdırma aparmadan iddianı mümkün saymamışdır. Odur ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən haqlı olmamışdır, bu baxımdan, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(118)-823/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi Filialına qarşı “ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-494/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-494/2022
17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver