Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-494/2025 19.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-324/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Rahim Həsənov) xx.xx.2025-ci il tarixli 2-1(118)- 324/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarına uyğun olaraq iddiaçıya “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün alqı-satqı yolu ilə satılmış sahəsi 600 kv.metr olan 729 saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınaraq müvafiq çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarına uyğun olaraq ona “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün alqı-satqı yolu ilə satılmış sahəsi 600 m2 olan 729 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata alınaraq müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən ona “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün sahəsi 600 kv.metr olan 729 saylı torpaq sahəsinin ayrılması və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən torpağın alqı-satqısına dair aktın tərtib edilməsi qərara alınmışdır. Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli həmin qərarı ilə ayrılmış torpaq sahəsi ona təqdim edilsə də, qərarın 9 nömrəli protokolu və alqı-satqıya dair akt təqdim edilməmişdir. Bununla bağlı Sumqayıt Bələdiyyəsinə ünvanlanmış müraciətə cavab olaraq bələdiyyədən göndərilmiş məktubda sənədlərin Sumqayıt Arxiv İdarəsinə təhvil verildiyi bildirilmişdir. Daha sonra Sumqayıt Arxiv İdarəsinə ünvanlanmış müraciətə cavab olaraq İdarədən göndərilmiş sənədlər toplusuna da Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 9 nömrəli protokolu və alqı-satqıya dair akt əlavə edilməmişdir. Torpaq sahəsinin alqı-satqısına dair tərəfindən müəyyən edilmiş məbləğdə vəsait Bələdiyyənin hesabına ödənilmişdir və bununla bağlı mədaxil qəbzi mövcuddur. Qeyd olunanlara əsasən çıxarışın verilməsi ilə bağlı 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, “Ceyranbatan” massivi ərazisində yerləşən 729 nömrəli 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və həmin müraciət 3-21-3-31/1- A-0043-8/2023 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil bildirilmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydalan”nın müddəalarına zidd olaraq bələdiyyənin qərarının 16 mart 2006-ci il tarixli 9 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyətinin memarlıq idarəsinin rəyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi alınmamış, alqı-satqı aktı tərtib edilməmişdir. Həmçinin, müraciətə torpaq sahəsinin sərhədlərini müəyyən edən sənəd əlavə olunmadığından faktiki göstərilən torpaq sahəsinin sənəd üzrə ayrılan torpaq sahəsi olduğunu müəyyən etmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci məddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır. Bu səbəbdən də ərizənin icrasından imtina olunmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(118)-324/2025 saylı qərarı ləğv olunmalıdır. Belə ki, aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq bələdiyyənin qərarının 16 mart 2006-ci il tarixli 9 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq idarəsinin rəyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi alınmamış, alqı-satqı aktı tərtib edilməmişdir. Həmçinin, vətəndaşın müraciətinə torpaq sahəsinin sərhədlərini müəyyən edən sənəd əlavə olunmadığından faktiki göstərilən torpaq sahəsinin sənəd üzrə ayrılan torpaq sahəsi olduğunu müəyyən etmək mümkün olmamışdır. Habelə faktiki göstərilən torpaq sahəsi 2001-ci ilin yerqurluşu planında yaşıllaşdırma ərazisi, TEKUİS kadastr məlumat bazasında meşə fondu torpaqları kimi qeyd olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində olan "xxxx" MMC-nin Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024cü il tarixli 3-21-3-60/2-2473/2024 saylı məktubuna əsasən qeyd edilən torpaq sahəsinin Sumqayıt şəhəri ərazisində aparılan dövlət torpaq uçotuna aid yerquruluşu planına əsasən yaşayış məntəqəsi hüdudları daxilində ümumi istifadədə olan yaşıllıq əraziyə aid olduğu bildirilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasına apellyasiya şikayətini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-324/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12-ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmədiyindən, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırkı işdə iddiaçının hüquqi marağı Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə İddiaçı “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün ayrılmış 600 kv.metr olan 729 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlıdır. Cavabdeh tərəfindən verilmiş imtina məktubunda iddiaçının müraciətinə torpaq sahəsinin sərhədlərini müəyyən edən sənəd əlavə olunmadığı, faktiki göstərilən torpaq sahəsinin sənəd üzrə ayrılan torpaq sahəsi olduğunu müəyyən etmək mümkün olmadığı, habelə faktiki göstərilən torpaq sahəsinin 2001-ci ilin yerqurluşu planında yaşıllaşdırma ərazisi, TEKUİS kadastr məlumat bazasında meşə fondu torpaqları kimi qeyd olunduğu, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində olan "xxxx" MMC-nin Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-60/2- 2473/2024 saylı məktubuna əsasən qeyd edilən torpaq sahəsinin Sumqayıt şəhəri ərazisində aparılan dövlət torpaq uçotuna aid yerquruluşu planına əsasən yaşayış məntəqəsi hüdudları daxilində ümumi istifadədə olan yaşıllıq əraziyə aid olduğu bildirilmişdir. Belə ki, iş materiallarının 25-28-ci vərəqində olan Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arxiv sənədlərindən müəyyən edilir ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Sumqayıt şəhər Bələdiyyəsinə ərizə ilə müraciət edərək, ona “Ceyranbatan” ərazidində yerləşən meşə zolağında 0.06 ha torpaq sahəsi ayrılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 09 nömrəli qərarına əsasən İddiaçı “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün sahəsi 600 kv.m olan 729 saylı həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 117750 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı fərdi yaşayış torpaq sahəsinin alqı-satqısı haqqı kimi 1.500.000 manat (AZM) pulu Sumqayıt şəhər Bələdiyyəsinin hesabına ödəmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq bələdiyyənin qərarının 16 mart 2006-ci il tarixli 9 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq idarəsinin rəyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi alınmamış, alqı-satqı aktı tərtib edilməmişdir. Həmçinin, iddiaçı cavabdeh inzibati orqana etdiyi müraciətinə torpaq sahəsinin sərhədlərini müəyyən edən sənədi (koordinatları göstərilməklə torpaq sahəsinin planı və ölçüsü, yerqruluşu planı, sxemi, eskiz layihəsi) əlavə etməmiş, iddiaçının faktiki göstərdiyi torpaq sahəsinin sənəd üzrə ayrılan torpaq sahəsi olduğunu müəyyən etmək mümkün olmamışdır. Habelə iddiaçının faktiki göstərdiyi torpaq sahəsi 2001-ci ilin yerqurluşu planında yaşıllaşdırma ərazisi, TEKUİS kadastr məlumat bazasında meşə fondu torpaqları kimi qeyd olunmuşdur. İddiaçı özü də torpaq sahəsinin ayrılmasına dair xx.xx.2005-ci il tarixli ərizəsində Sumqayıt şəhər Bələdiyyəsindən ona “Ceyranbatan” ərazidində yerləşən meşə zolağında 0.06 ha torpaq sahəsi ayrılmasını xahiş etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində olan "xxxx" MMC-nin Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-60/2- 2473/2024 saylı məktubuna əsasən qeyd edilən torpaq sahəsinin Sumqayıt şəhəri ərazisində aparılan dövlət torpaq uçotuna aid yerquruluşu planına əsasən yaşayış məntəqəsi hüdudları daxilində ümumi istifadədə olan yaşıllıq əraziyə aid olduğu bildirilmişdir. Faktiki torpaq sahəsinin yerləşdiyi ərazinin yaşıllıq əraziyə aid olduğunu təsdiq edən ortofoto işə əlavə edilib. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Cavabdeh inzibati orqan daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Hazırkı iş üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 10.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına verdiyi ərizəsinə hüquqların dövlət qeydiyyatı üçün torpaq sahəsinin planı və ölçüsü sənədini əlavə etməmişdir. Bu səbəbdən cavabdeh inzibati orqan iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edərkən haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilmir. Cavabdeh inzibati orqan Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında İddiaçı “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün ayrılmış 600 kv.metr olan 729 saylı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edərkən haqlı olmuşdur. Çünki, iddiaçı cavabdeh inzibati orqana etdiyi müraciətinə torpaq sahəsinin sərhədlərini müəyyən edən sənədi (koordinatları göstərilməklə torpaq sahəsinin planı və ölçüsü, yerquruluşu planı, sxemi, eskiz layihəsi) əlavə etməmiş, iddiaçının faktiki göstərdiyi torpaq sahəsinin sənəd üzrə ayrılan torpaq sahəsi olduğunu müəyyən etmək mümkün deyil və iddiaçının faktiki göstərdiyi torpaq sahəsi 2001-ci ilin yerqurluşu planında yaşıllaşdırma ərazisi, TEKUİS kadastr məlumat bazasında meşə fondu torpaqları kimi qeyd olunmuşdur. Yaşıllaşdırma ərazisi və ya meşə fondu torpaqları isə xüsusi mülkiyyətə verilə bilməz. Halbuki, Mülki Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Məcəllənin 238.4-cü maddəsinə əsasən başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. Mülki Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Sadalanan maddi hüquq normarının tələblərindən göründüyü kimi, Sumqayıt şəhər Bələdiyyəsi mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında iddiaçının adına özgəninkiləşdirilməsi barədə qərar qəbul etsə də, torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilməmiş, torpaq sahəsinin planı və ölçüsü tərtib edilməmiş, torpaq sahəsinin ərazi sərhədlərinin koordinatlarını özündə əks etdirən yerqruluşu planı, eskiz layihə və sair sənəd hazırlanmamışdır. Məhz qeyd olunan sənədlər mübahisənin düzgün həlli məqsədi ilə mühüm əhəmiyyətə malikdir. Məhkəmə kollegiyası İddiaçı izah edir ki, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında ona ayrılmış torpaq sahəsinin ərazi sərhədləri (koordinatları) göstərilməklə yerquruluşu planı və ölçüsünün tərtib edilməsi, alqı-satqı aktının tərtib edilməklə, ayrılmış torpaq sahəsinin yerində tanıdılması üçün Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və onlara əsaslı hesab edirərək qeyd edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi üçün yeni qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-324/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarına uyğun olaraq iddiaçıya “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün alqı-satqı yolu ilə satılmış sahəsi 600 m2 olan 729 saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-494/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-494/2025
19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver