Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-495/2021 12.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF X3 1 saylı regional ərazi filialına qarşı iş üzrə (açar sözlər: 07.08.2020-ci ildə veteran vəsiqəsi alması ilə bağlı ödənilən Prezident təqaüdünün 01.04.2019-cu il tarixindən hesablanaraq ödənilməsi tələbi ) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxs 1 saylı regional ərazi filialina qarşı “01.04.2019-cu il tarixindən 07.08.2020-ci il tarixinədək olan müddət üçün müharibə veteranlarına şamil edilən prezident təqaüdünün hesablanaraq ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixil 2-1(118)-809/2021 saylı qərarından İddiaçı verdiyi apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3in 1 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “01 aprel 2019-cu ildən 07 avqust 2020-ci ilədək olan müddət üçün müharibə veteranlarına şamil edilən prezident təqaüdünün hesablanaraq ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmış və 1997-ci ildə ordudan tərxis olunmuş, xidmət zamanı döyüş əməliyyatlarının iştirakçısı olmuşdur. Veteranlara şamil olunan güzəştlərin səviyyəsinin daimi olaraq artırıldığını gördüyü üçün o, veteran vəsiqəsi almaq qərarına gəlmiş, hərbi biletini müdafiə nazirliyinə təqdim etmiş və 07.08.2020-ci il tarixdə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən 087962 №-li Veteran vəsiqəsi ona təqdim olunmuşdur. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 №-li Fərmanın 2.1.1-ci maddəsinə görə bu təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Vəsiqəni aldıqdan sonra 2020-ci ilin avqust ayında 1 saylı regional ərazi filialına Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş müharibə veteranı kimi ona prezident təqüdünün təyin olunması üçün müraciət etmiş və həmin filial tərəfindən 2020-ci ilin avqust ayından ona müharibə veteranı üçün müəyyən edilmiş prezident təqaüdü təyin olunmuş olsa da, əvvəlki dövr üçün təqaüd hesablanaraq ödənilməmişdir. Buna görə də Prezident təqaüdünün əvvəlki dövr üçün hesablanaraq ona ödənilməsi barədə ərizə ilə 1 saylı regional ərazi filialına müraciət etmiş və müraciəti əsasında ona təqdim olunan 19.01.2021-ci il tarixli **********7 saylı cavab məktubunda onun təqaüd almaq hüququ müharibə veteranı vəsiqəsini aldığı 07.08.2020-ci il tarixdən yarandığından xahişinin təmin olunmadığı qeyd edilmişdir.
Cavabdehin etirazları:
3. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının 05 aprel 2021-ci il tarixində Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı etirazında, eləcə də 30.04.2021-ci il tarixli etiraza əlavəsində qeyd edilmişdir ki, iddiaçıya veteran vəsiqəsi 2020-ci ilin avqustun 7-də verilmiş və həmin veteran vəsiqəsi əsasında DSMF-nin X5 1 saylı regional ərazi filialı ona müharibə veteranı statusu aldığı vaxtdan, yəni 07.08.2020-ci ildən Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanı qüvvədə olduğu üçün ona müavinət deyil, 07.08.2020-ci ildən 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üçün ödənişin verilməsindən isə imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan ən çoxu 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növləri arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də “Sosial müavinətlər haqqında” Qanuna əsasən “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.” Bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin müraciətdən əvvəlki ən çoxu 3 il üçün ödənilməsi sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırki iş üzrə isə vətəndaşın ƏƏSMN tabeliyində DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etdiyi tarixdə Prezidentin yuxarıda sözügedən Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Bu səbəblə, iddiaçının sosial müavinətlər üçün nəzərdə tutulan əvvəlki dövrü tələb etmək hüququ yoxdur. Digər tərəfdən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə müavinətin onun təyin edilməsi üçün müraciətin edildiyi vaxtdan əvvəlki üç il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsində qeyd olunur ki, Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu onu göstərir ki, şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. Ona görə də iddiaçının vəsiqəsini aldığı tarixdən əvvəlki dövrü tələb etməsi qanuni deyildir.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(118)-809/2021 saylı qərarı (hakim L.E.Mirzəyeva) ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
5. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(118)-809/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6.İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, müraciətinə verilən imtinanın qanunsuz olması tələbinin məhkəmə tərəfindən təmin edilməməsilə konstitusion hüququ kobud surətdə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyiyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malik olması qeyd edilmişdir. "Sosial müavinətlər haqqında" 07 fevral 2006-cı il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasan, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətələrə görə müavinət mövcud müavinət novü kimi müəyyənləşdirilmişdir. «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanını 2.1.1-ci maddəsinə görə bü təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. «Veteranlar haqqında» Qanunun 2-ci maddəsinə əsasən, veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Nəzərə almaq lazımdır ki, ki «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə şəxsin müharibə veteranı statusu əldə etmə və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Məhkəmə təqaüdü müavinətdən fərqləndirmək lazım olduğunu qeyd edərək, «Sosial müavinət haqqında» Qanunda müavinətlərin növləri arasında təqaüdün olmadığını qeyd etməklə müavinətlə bağlı geriyə ödəniş müddəalarının təqaüdə tətbiq edilməsini istisna etmişdir. Amma «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının 07.02.2006-cı il tarixli Qanununun 4.0.1.6-cı bəndində «müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət» müavinət növlərindən biri kimi müəyyən edilməklə bu gün də qüvvədədir. Hansı ki, həmin müavinəti almaq, həmçinin sonrakı tarixdə müavinətin əvəzinə təsis olunmuş təqaüdü də almaq onun hüququdur. Təqaüd təsis edilməsə idi, ona müavinət təyin ediləcəkdi və üç il əvvəlki dövr üçün ödəniş aparılacaqdı.
b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinə etiraz təqdim edilərək apelyasiya şikayətinin əsassız olması və şikayətin təmin, iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı veteran vəsiqəsi 07.08.2020-ci il tarixdə verilmiş və iddiaçının həmin veteran vəsiqəsi əsasında DSMF-nin 1 saylı regional ərazi filialı ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni 07.08.2020-ci il tarixdən Prezidentin «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında 15.04.2019-cu il tarixli Fərmanı qüvvədə olduğu üçün ona müavinət deyil, 07.08.2020-ci il tarixindən 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 01.04.2019-cu il tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir. Müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə «Sosial müavinətlər haqqında» Qanunun müddəalarının tətbiq edilməsi ilə əvvəlki üç il üçün ödəmələrin aparılması mümkün deyildir. Göründüyü kimi sözügedən qanunvericilikdəki dəyişikliklər nəticəsində 01.04.2019-cu il tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət müəyyənləşdirilmiş, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni normalar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.09.2015-ci il tarixli 311№-li Qərarı ilə təsdiq edilmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 1.1-ci bəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya «DOST» mərkəzləri tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət və işsizlik müavinəti istisna olmaqla) sosial müavinətlərin, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. «Veteranlar haqqında» 28.06.1994-cü il tarixli Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində və Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216№-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndində qeyd edilir ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi olmadığı dövrdə, yəni 07.08.2020-ci il tarixindən əvvəlki dövrdə sözügedən sosial müavinətə hüququ yaranmamışdır. Həmçinin qeyd edilməlidir ki, veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Buna müvafiq olaraq hazırki iş üzrə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi – veteran statusu almaq hüququnun 1992-1994-cü ildən yaranması işin mübahisələndirilməyən halıdır, lakin iddaçının «Vetenranlar haqqında» Qanunun 3-cü maddəsində göstərilən fəaliyyəti həyata keçirmiş olması – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş olması onun bəhs edilən sosial müavinəti alması üçün deyil, ona veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsasdır. Beləliklə, iddiaçı veteran vəsiqəsini 2019-cu ilin aprel ayından sonra - 07.08.2020-ci il tarixdən aldığı üçün onun sosial müavinət deyil, Prezident təqaüdü almaq hüqüqu yaranmışdır. Prezident təqaüdü ilə bağlı olaraq da hər hansı əvvəlki illər üçün ödəniş tələbi nəzərdə tutulmamışdır. İddiaçıya vəsiqəsini aldığı tarixdən etibarən Prezident təqaüdü təyin edilmiş və ödənilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verdiyindən iddianın rədd olunması ilə bağlı gəldiyi nəticə qanunauyğun və əsaslıdır. İddiaçı apelyasiya şikayəti formal mülahizələrə əsaslandığından qərarın ləğvinə əsas ola bilməz.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, müraciətinə verilən imtinanın əsası kimi “Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir və müavinət, almaq hüququ onlara veteran adının və vəsiqəsinin verildiyi gündən yaranması” göstərilməsini qanunsuz imtina kimi qiymətləndirir və haqlı tələbinin təmin edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etsə də, iddia tələbi əsassız olaraq təmin edilməmişdir. Hesab edir ki, Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir. Yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(118)-809/2021 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.E.Həşimova apelyasiya şikayətinə dair etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tədbiq edilən hüquq
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
11. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
12. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
13. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
14. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
15. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
16. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
17. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
18. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
19. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
20. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
21. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
22. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
23. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
24. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
25. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
26. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı:
1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; 2.2. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi səbəblərdən İ dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən İ dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir.
5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.
27. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 4.0.1.6. Bu Qanunla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir. Maddə 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
29. Məhkəmə kollegiyası hazırki qərarın 11-20-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, İddiaçı 07.08.2020-ci ildən müharibə veteranı statusu və vəsiqəsi almışdır. Həmin vaxtdan da ona müharibə veteranlarına təsis edilmiş prezident təqaüdü ödənilmişdir. Lakin iddiaçı ona təyin edilmiş prezident təqaüdünün həmin təqaüdün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5-ci bəndinə uyğun olaraq 01 aprel 2019-cu il tarixdən hesablanmasını istəyir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 19 yanvar 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1 və 2-ci bəndlərinə əsasən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Beləliklə, hazırki mübahisənin əsasını İddiaçı 07.08.2020-ci il tarixdən, yəni müharibə veteranı vəsiqəsi aldığı tarixdən müharibə veteranlarına təsis edilmiş təqaüdün həmin təqaüdün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının tətbiq edildiyi tarixdən, yəni 01 aprel 2019-cu il tarixdən hesablanması təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə 01.04.2019-cu ilədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmiş, beləliklə, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Beləliklə, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 01 aprel 2019-cu il tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, qanunverici müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Qeyd edilən Fərmanının 3-cü bəndində göstərilmişdir ki, bu Fərman 01.04.2019cu il tarixindən tətbiq edilir. Həmin tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Hazırki işdə də iddiaçının prezident təqaüdü almaq hüququ onun müharibə veteranı vəsiqəsi aldığı 07.08.2020-ci il tarixdən yaranmışdır və cavabdeh inzibati orqan tərəfindən də həmin dövrdən ona müharibə veteranlarına görə təsis edilmiş təqaüd ödənilmişdir. Buna görə də məhkəmə qeyd edir ki, qanunvericilikdə müharibə veteranları üçün nəzərdə tutulmuş güzəştlərin veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edildiyindən, eyni zamanda təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmadığından vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Odur ki, müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki dövrə görə təqaüdün ödənilməsi qanuni və əsaslı deyildir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək qeyd edir ki, hazırki qərarın 25-ci bəndində istinad edilən qanun normasının, eləcə də 26-cı bənddə istinad edilən fərmanın tələblərindən göründüyü kimi şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. Ona görə də iddiaçının vəsiqəsini aldığı tarixdən əvvəlki dövrə görə də təqaüd tələb etməsi əsaslı deyildir. Yəni 01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir, çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.
32. Hazırki qərarın 6-cı bəndində qeyd edilən iddiaçının apelyasiya şikayətinin dəlillərilə bağlı kollegiya qeyd edir ki, həmin dəlillər əsassızdır, ona görə ki, təqaüd sosial müavinətin növü olmadığı üçün hazırki qərarın 27-ci bəndində istinad edilən Qanunun 9.1ci maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Eyni zamanda adı çəkilən qanuna əsasən sosial müavinətin müraciətdən əvvəlki ən çoxu 3 il üçün ödənilməsi sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edildiyi halda hazırki iş üzrə iddiaçı ƏƏSMN tabeliyində DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərkən Prezidentin məlum Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət imkanı olmuş və bu imkandan yararlanmışdır. Yəni Fərman qəbul olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə «Sosial müavinətlər haqqında» Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir.
33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin təmin edilməməsi üçün hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Apelyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.
34. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, apelyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(118)-809/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(118)-809/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.