Məhkəmə qərarları › İş №2-1(105)-495/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-495/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-495/2023 12.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, X12 qəsəbəsi, Şirvan Dəmiryol yaşayış massivi, ev 1A ünvanında yerləşən 8 saylı mənzilin iddiaçının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(118)-305/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Sumqayıt XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli, H/20 saylı orderdən görünür ki, Sumqayıt şəhəri, X12 qəsəbəsi, Şirvan Dəmiryol yaşayış massivi, ev 1A ünvanında yerləşən 8 saylı mənzil Mahmudov Əhmədağa Bəhrəm oğlunun və onun ailə üzvləri X5, İddiaçı, X2 mülkiyyətinə verilmişdir.

2. Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialından xx.xx.2022-ci il daxil olmuş Sumqayıt XDS İcraiyyə Komitəsinin 29 mart 1986- cı il tarixli, 8 saylı protokolunun 17.120.1 saylı qərarından çıxarışdan görünür ki, Sumqayıt şəhəri, X12 qəsəbəsi, Şirvan Dəmiryol yaşayış massivi, ev 1A ünvanında yerləşən 8 saylı mənzilin Mahmudov Əhmədağa Bəhrəm oğlunun və onun ailə üzvləri X5, İddiaçı, X2 mülkiyyətinə verilməsi qərara alınmışdır.

3. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 636 saylı, 26 oktyabr 2021-ci il tarixli “Yaşayış sahəsinin xidməti rejimdən çıxarılmasına dair” sərəncamından görünür ki, Sumqayıt şəhəri, X12 qəsəbəsi, ünvan 1 ünvanının xidməti rejimdən çıxarılması qərar alınmışdır.

4. Azərbaycan Respublikasının Daxili İşlər Narliyi tərəfindən verilmiş “Yaşayış yeri haqqında” ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X17 oğlu, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.1995-ci il təvəllüdlü X6 və xx.xx.1986-cı il təvəllüdlü Mahmudov Elvin Əhmədağa oğlu Sumqayıt şəhəri, X12 qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadırlar.

5. “Ölüm haqqında” AZ-İ 684508 saylı, xx.xx.2014-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, X8 08 iyun 2014-cü il tarixdə ölmüşdür.

6. “Ölüm haqqında” AZ-İ 174480 saylı, xx.xx.2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Mahmudov Əhmədağa Bəhrəm oğlu 01 may 2021-ci il tarixdə ölmüşdür.

7. Mahmudov Elvin Əhmədağa oğlu və X6 tərəfindən verilmiş 30 noyabr 2021-ci il tarixli, 8İ-32330 və 8İ-32329 reyestr nömrəli ərizələrdən görünür ki, onlar Sumqayıt şəhəri, X12 qəsəbəsi, Şirvan Dəmiryol yaşayış massivi, ev 1A ünvanında yerləşən 8 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər.

8. 22 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, X12 qəsəbəsi, Şirvan Dəmiryol yaşayış massivi, ev 1A nömrəli binadan dövlət mənzil fonduna aid 43 (qırx üç) mənzil dövlət reyestrindən qeydiyyatdan keçmişdir.

9. 1 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzi Notariat Ofisinin 26 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, 1 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzi Notariat Ofisinə 01 may 2021-ci ildə vəfat etmiş Mahmudov Əhmədağa Bəhrəm oğlunun vərəsəsi İddiaçı müraciət etmiş və miras qoyan Mahmudov Əhmədağa Bəhrəm oğlunun vərəsəsidir.

10. Məhkəməyə sorğu əsasında Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, X12 qəsəbəsi, ünvan 1 ünvanında yaşayır.

11. Məhkəməyə sorğu əsasında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının aparatından daxil olmuş məktubda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, X12 qəsəbəsi, ünvan 1 ünvanı Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır.

12. Məhkəməyə sorğu əsasında daxil olmuş Sumqayıt şəhəri 23 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 1114 saylı, xx.xx.2022-ci il tarixli “Ailə tərkibi haqqında” arayışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X17 oğlu, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.1995-ci il təvəllüdlü X6 və xx.xx.1986-cı il təvəllüdlü Mahmudov Elvin Əhmədağa oğlu Sumqayıt şəhəri, X12 qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadırlar.

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 09 dekabr 2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, X12 qəsəbəsi, Şirvan Dəmiryol yaşayış massivi, ev 1A ünvanında yerləşən 8 saylı mənzilin iddiaçının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri X12 qəsəbəsi Şirvan Dəmiryol yaşayış massivi ev 1A ünvanında yerləşən 8 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublik yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri əlavə etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsi aidiyyəti olmayan bəhanələr gətirməklə dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Həmçinin cavabdeh imtina məktubunda bildirmişdir ki, sözügedən mənzil dövlət fonduna aid deyil və Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyat şöbəsinin xx.xx.1986-cı il tarixli, H/20 saylı orderi əsasında mərhum X3 istifadəsinə xidməti yaşayış sahəsi kimi verilmişdir. Binanın nömrəsinin 1A olmasına baxmayaraq, Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2021-ci il tarixli, 517 nömrəli çıxarışında 1 kimi qeyd edilmiş, həmçinin ərizənizdə orderdə adları qeyd edilən mərhum X3 və X5 ölüm haqqında şəhadətnamələri əlavə edilməmişdir. Bundan əlavə, idarənin mütəxəssisi tərəfindən daşınmaz əmlaka müayinə baxışı keçirilərkən müəyyən olunmuşdur ki, mənzil daxilində rekonstruksiya işləri aparılmış, 8 nömrəli otağın qarşısındakı arakəsmə sökülmüşdür. Lakin sökülən arakəsmənin yükgötürmə qabiliyyəti yoxdur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərdin özəlləşdirlməsinə yol verilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir.” Cavabdehin imtinası əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt şəhər icra başçısının xx.xx.2021-ci il tarixli 636 saylı sərəncamında qeyd olunur ki, yuxarıda qqeyd olunanları nəzərə alaraq və ərizəçinin hüquq münasibətləri yaranan zaman qüvvədə olan mənzil məcəlləsinin 105-ci və yerli icra hakimiyyəti haqqında əsasnamənin 6.8-ci maddəsini rəhbər tutaraq qərar alıram: yaşayış sahəsi 37.04 kv.m olan 3 otaqlı H.Z.Tağıyev qəsəbəsi Dəmiryol massivi ev 1A mənzil 8 xidməti rejimdən çıxarılsın. Göründüyü kimi, cavabdehin həmin mənzili xidməti yaşayış sahəsi kimi qəbul edərək “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək həmin mənzilin özəlləşdirilməsindən imtinası əsassızdır. Belə ki həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququnun tanınması ilə bağlı ərizə ilə cavabdeh orqana müraciət edərək həmin mənzil xidməti rejimdən çıxarılmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

16. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı ünvan 6 ünvanında yerləşən 34 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, sözügedən mənzil dövlət mənzil fonduna aid deyil, Sumqayıt şəhər XDS icraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin xx.xx.1986-cı il tarixli, H/20 saylı orderi əsasında mərhum Mahmudov Əhmədağa Bəhrəm oğlunun istifadəsinə xidməti yaşayış sahəsi kimi verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, binanın nömrəsinin “1A” olmasına baxmayaraq, Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2021-ci il tarixli, 517 nömrəli arxiv çıxarışında “1” kimi qeyd edilmiş, həmçinin orderdə adları qeyd edilən mərhum Mahmudov Əhmədağa Bəhrəm oğlunun və X5 ölüm haqqında şəhadətnamələri əlavə edilməmişdir. Bundan əlavə, idarənin mütəxəssisi tərəfindən daşınmaz əmlaka müayinə baxışı keçirilərkən müəyyən olunmuşdur ki, mənzil daxilində rekonstruksiya işləri aparılmış, 8 nömrəli otağın qarşısındakı arakəsmə sökülmüşdür. Lakin sökülən arakəsmənin yükgötürmə qabiliyyəti yoxdur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

17. Məhkəmənin 2-1(118)-2101/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir

18. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(118)-305/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

19. Məhkəmə inzibati orqanın imtinasının dəlilləri ilə bağlı araşdırma apararaq hesab etmişdir ki, həmin dəlillər əsassızdır.

20. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

21. İmtinanın və etirazın dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəflərindən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.

23. İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

24. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər;

26. Mənzil Məcəlləsi: Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 06 may tarixli, 86 №li Qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”: Bənd 1.3. Yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir.

29. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: Bənd 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra–Xidmət) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.

30. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.

33. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının “Sumqayıt şəhəri, X12 qəsəbəsi, Şirvan Dəmiryol yaşayış massivi, ev 1A ünvanında yerləşən 8 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası təşkil edir.

34. İddiaçı tələbinin əsası kimi Sumqayıt XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli, H/20 saylı xidməti orderə və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 636 saylı, 26 oktyabr 2021ci il tarixli “Yaşayış sahəsinin xidməti rejimdən çıxarılmasına dair” sərəncamına istinad etmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını xahiş etdiyi mənzil xidməti yaşayış sahəsi kimi ona verildiyindən həmin mənzil üzərində onun mülkiyyət hüququ qeydə alına bilməz.

36. Kollegiya ilk növbədə qeyd edir ki, oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən göründüyü kimi, daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə baxan məhkəmələr ilk növbədə cavabdehin hərəkətlərinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci və 15-ci maddələrinin tələblərinə uyğun olub-olmadığını müəyyən etməlidir

37. Belə ki, sözügedən Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir və Qanunun 8-ci maddəsi mülkiyyət hüququnun qeydə alınması əsaslarını, 15-ci maddəsi isə mülkiyyət hüququnun qeydə alınmasından imtinanın əsaslarını özündə əks etdirir. İnzibati orqanlar da öz növbəsində həmin əsaslardan biri olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər.

38. İşin mübahisələndirilməyən hallarına görə, Sumqayıt şəhəri, X12 qəsəbəsi, Şirvan Dəmiryol yaşayış massivi, ev 1A ünvanında yerləşən 8 saylı mənzil xidməti vəzifəsinə görə verilmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə əmək fəaliyyəti ilə əlaqədar müvafiq şəxslərə istifadə üçün verilmiş yaşayış sahəsidir. Hazırkı qərarın 25-ci bəndində qeyd olunan normalara əsasən isə xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.

40. Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının özəlləşdirilməsini tələb etdiyi mənzilə münasibətdə “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində nəzərdə tutulan (xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir) məhdudiyyətlər mövcud olduğundan, cavabdeh inzibati orqan müraciətdən imtina etməkdə haqlı olmuşdur.

41. Belə ki, inzibati orqanın iddiaçının istifadəsinə verilmiş mənzilə dair onun mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Ona görə də cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib olmuşdur.

42. Kollegiya müvafiq mənzilin xidməti rejimdən çıxarılması barədə müvafq icra hakimiyyətinin sərəncamı ilə bağlı isə qeyd edir ki, qeyd edilən sərəncam 26 oktyabr 2021ci il tarixdə qəbul edilmişdir. Həmin sərəncamın qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 06 may tarixli, 86 №li Qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın 1.3 Bəndi). Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində dövlət nəzarətini həyata keçirən qurumdur.

43. Göründüyü kimi, yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılmasının müvafiq icra hakimiyyəti orqanının sərəncamı əsasında deyil, məhz Əmlak Məsələləri Dövlət Xidmətinin qərarı əsasında həyata keçirilməsi dəqiq, imperativ və birmənalı şəkildə qeyd edilmişdir. Bununla yanaşı, qeyd olunmalıdır ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsanamədə də yerli icra hakimiyyəti orqanının belə bir səlahiyyətə malik olmasına, o cümlədən bununla bağlı istisna qaydaya dair hər hansı norma nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə müvafiq icra hakimiyyəti orqanının yaşayış sahəsinin xidməti rejimdən çıxarılmasına dair sərəncamı qanunauyğun olmamışdır. Bu baxımından da həmin sərəncam indiki halda müvafiq yaşayış sahəsinin xidməti rejimdən çıxarılması üçün əsas hesab edilə bilməz.

44. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin yaşayış sahəsi indiki halda xidməti yaşayış sahəsi kimi çıxış etdiyindən, qanunvericiliyin tələbinə əsasən həmin yaşayış sahəsinin özəlləşdirilməsinə yol verilmədiyindən, iddiaçının iddia tələbi əsassız olmuş, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.

45. Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, müvafiq yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fondundan çıxarılmasının əsasları araşdırılmamış, bununla bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş aktın qanuniliyi yoxlanılmamış, qeyd olunan hüquq münasibətlərini tənzimləyən qanunvericilik normaları əlaqəli şəkildə təhlil edilməmiş və düzgün tətbiq edilməmişdir, bununla da iş üzrə iddia tələbini təmin etməklə bağlı gəldiyi nəticə düzgün olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur.

46. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(118)-305/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar