Məhkəmə qərarları › İş №2-1(105)-496/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-496/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-496/2025 06.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri götürülmüş sayılması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2070/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 28 oktyabr 2005-ci il tarixli, 17 nömrəli qərarı ilə ona satılmış kənd təsərrüfatına yararsız 0.24 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2070/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçıya müvafiq xəbərdarlıq edilsə də, məhkəmə iclaslarına gəlməməsini və hər hansı digər vasitələrlə məhkəmə ilə əlaqə saxlamamasını məhkəmə icraatından yayınma kimi qiymətləndirir və iddianın geri götürüldüyü qənaətinə gəlir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, əks halda şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən nə telefon nömrəsinə, nə də ünvanına hər hansı bildiriş göndərilməmişdir. Oğlu tərəfindən də verilmiş iddia tələbi üzrə Sumqayıt İnzibati Məhkəməsinin icraatında iş vardır və həmin iş üzrə həm ünvana məktub göndərilmiş, həm də telefon nömrəsinə sms bildiriş göndərilmişdir. Lakin onun iddia tələbi üzrə hər hansı bildiriş təqdim edilməmişdir. Məhz bu səbəbdən də məhkəmə iclasının vaxtını bilməmiş, məhkəmədə iştirak etməmişdir. Bu səbəbdən də hazırki şikayət ilə məhkəməyə müraciət edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: Maddə 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İş materiallarında olan məhkəmə bildirişlərindən görünür ki, məhkəmə hazırlıq iclasının və məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçıya məhkəmə bildirişləri göndərilsə də, həmin bildirişlərin iddiaçıya çatdırılmasına dair hər hansı poçt qəbzi (xəbərnamə) mövcud olmamışdır. Həmçinin, iddiaçı tərəfindən iddia ərizəsində əlaqə vasitəsi kimi mobil telefon nömrəsi qeyd edilsə də, elektron məhkəmə informasiya sistemi vasitəsilə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə sms xəbərdarlıq bildirişi göndərilməmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya 10 dekabr 2024-cü il tarixli məktub ünvanlanmış, iddiaçıya məhkəmə iclasında iştirak etmədiyi, məhkəmə ilə əlaqə saxlamaması, bu səbəbdən də İPM-in 55.3-cü maddəsinin tələbləri izah edilsə də, həmin məktubun iddiaçıya çatdırılmasına dair poçt qəbzi mövcud olmamışdır. Göründüyü kimi indiki halda iddiaçının məhkəmə iclasının yeri və vaxtı barədə tam məlumatlı olması və məlumatı olmasına baxmayaraq qərəzli şəkildə məhkəmə iclasında iştirak etməkdən yayınması halının iş materialları əsasında (poçt qəbzi, xəbərnamə, sms bildiriş və s. olmadığından) müəyyən edilməsi mümkün olmamışdır. Başqa sözlə desək, hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırması üçün prosessual qanunvericiliklə müəyyən edilmiş bütün vasitələrdən istifadə etməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçıya münasibətdə İPM-in 55.3-cü maddəsinin dispozitiv şərləri mövcud olmamışdır. Belə ki, qeyd olunan normanın dispoztiv şərtlərinə əsasən iddianın geri götürürlmüş sayılması üçün məhkəmənin məhkəmə iclasında iştirakı barədə tələbi olmalı, iddiaçı həmin tələb barədə mlumatı olmalı, buna baxmayaraq qeyd edilən müddətdə məhkəmə icraatında iştirak etməməlidir. Başqa sözlə desək, qeyd edilən normanın mahiyyəti iddiaçının icraatın davam etdirilməsinə marağının olmasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlir. İndiki halda isə məhkəmənin bu barədə tələbi olsa da, həmin tələb barədə iddiaçıya lazimi qaydada məlumat verilməmiş, nəticə etibarilə iddiaçının məhkəmənin onun barəsində belə bir tələbinin olması barədə məlumatı olmamışdır. Başqa sözlə desək, iddiaçının hazırki iddia tələbinə dair məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmaması, bu hal özlüyündə onun hazırki iş üzrə məhkəmə icraatından yayınması halını istisna edir. Nəticə etibarilə, hazırki iş üzrə iddiaçıya münasibətdə İPM-in 55.3-cü maddəsinin dispozitiv şərtləri mövcud olmamışdır. Belə olan halda isə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 55.3-cü maddəsinə istinad etməklə, iddianın geri götürülmüş sayılması barədə gəldiyi qənaəti prosessual qanunvericiliyin norma və tələblərinə uyğun olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin norma və tələbləri pozulmuş, bununla da iş üzrə gəldiyi nəticə qanunazidd olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2070/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar