Məhkəmə qərarları › İş №2-1(105)-497/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-497/2022

09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-497/2022 09.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2-1(118)-163/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı 03 iyun 2021-ci il tarixinda ərizə ilə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********37 saylı məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı İddiaçı 0.08 ha torpaq sahəsinin Abşeron rayon İcra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 41 saylı sərəncamı ilə ayrıldığı məlum olmuşdur və torpaq sahəsinin ayrıc aktı təqdim edilmiş sənədlər toplusuna daxil edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən fərmanın birinci hissəsindəki sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə kənd/qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu Saray qəsəbəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 076786 saylı “Torpaq sahəsinin planı və ölçüsü” əsasında ünvan 1 ünvanda yerləşən 0,08 ha torpaq sahəsinin və onun üzərində tikilmiş ev sahəsinə bütöv çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək Saray qəsəbəsi, S.Qazıyev küçəsi 17 saylı ünvanda yerləşən 0,08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun müəyyən edilməsi barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyev küçəsi 17 ünvanda yerləşən 0,20 ha torpaq sahəsi X4 ayrılmışdır. X1 razılığı ilə həmin torpaq sahəsindən 0,08 ha torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 41 nömrəli Sərəncamı ilə İddiaçı ayrılmışdır. DTXK-nin Abşeron Rayon Şöbəsinin xx.xx.2008-ci il tarixli, 6457 nömrəli rəyi ilə DTXK-nin Abşeron rayon şöbəsi Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli 41 saylı Sərəncamına əsasən İddiaçı ayrılmış 0,08 hektar torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etməmişdir. Ona ayrılmış torpaq sahəsinin reyestr qeydiyyatının aparılması üçün sənədləşdirilməsi zərurəti ilə əlaqədar ilkin olaraq DTXK-ə müracit etmiş və ona AN: 076786 saylı “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Saray qəsəbə Bələdiyyəsi o zaman, yəni xx.xx.2008-ci il tarixində 186 nömrəli arayışla iddiaçıya ev tikintisi üçün verilmiş 0,08 hektar torpaq sahəsinə dair heç bir vergi borcu olmadığı bildirilmiş və həmin torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə sənədləşdirilməsinə etiraz edilməmişdir. Ona görə də o, torpaq sahəsinin sənədləşdirilməsi və çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Hesab edir ki, ona verilmiş imtina cavabı əsasızdır. Hesab edir ki, onun sahibliyində olan torpaq sahəsinin ayrılması barədə Sərəncam xx.xx.1999-cu il tarixli olduğu halda, 2015-ci ildə qəbul edilmiş qanunvericilik norması tətbiq edilməklə imtina edilməsi əsasızdır. Qeyd edir ki, ona ayrılmış torpaq sahəsinin dörd tərəfindən daş hasar çəkdirmiş və torpaq sahəsi daimi onun nəzarəti altında olmuşdur. Həmin torpaq sahəsinə sahiblik edir və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərək orada yaşayır. Bağ torpaq sahəsi daimi onun nəzarəti altında olmuş və həmin torpaq sahəsinə ondan başqa heç kim sahiblik etməmişdir. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz edərək, etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2-1(118)-163/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim L.Mirzəyeva). Cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2-1(118)-163/2022 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh orqan apellyasiya şikayətinini onunla əsaslandırmışdır ki, iddiaçının müraciəti araşdırılan zaman iddiaçıya 0.08 ha torpaq sahəsinin Abşeron rayon İcra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 41 saylı sərəncamı ilə ayrıldığı məlum olmuş, həmçinin torpaq sahəsinin ayrıc aktı təqdim edilmiş sənədlər toplusuna daxil edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən fərmanın birinci hissəsindəki sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə kənd/qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycaı Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Prezidentin 07 aprel 2022-ci il tarixli Fərmanının 2.7-ci bənd- yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar əlavə edilmişdir. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanına əsasən) aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar nəzərdə tutlmuşdur. Torpaq sahəsinə dair ilkin baş planın və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, torpaq sahəsinə dair ilkin baş planın və yaxud da təsdiq edilmiş аyrıc aktının olmaması onun təqsiri deyildir. Torpaq sahəsinə dair Saray Bələdiyyəsi və İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş, üzərində dəqiq döngə nöqtələrinin koordinatları qeyd edilmiş Saray Bələdiyyəsinin yerquruluşu planından çıxarış tərəfindən cavabdehə təqdim edilmişdir. Hesab edir ki, apellyasiya şikayətinin hər iki dəlili əsassızdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçıya ayrılmış 0,08 ha torpaq sahəsi idarənin mütəxəssisləri tərəfindən yerində müayinə edlmiş və müəyyən edilmişdir ki, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları digər şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür. Bununla bağlı hər hansı mübahisə yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi və apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (-). Maddə 12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdeh iki əsasla iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırda da apelyasiya şikayətində həmin dəlillərə istinad etmişdir: 1) Torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilməməsi; 2) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən fərmanın birinci hissəsindəki sənədlərin Siyahısı” nda torpaq sahələrinin ayrılması barədə kənd/qəsəbə nümayəndəliklərin sərəncamlarının nəzərdə tutulmaması; Cavabdehin 1-ci dəlilinə münasibətdə kollegiya qeyd edir ki, torpaq sahəsinin ayrıc aktı ayrılacaq torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını özündə ehtiva edir ki, bu da məzmun və mahiyyət etibarilə elə plan sxemə bərabər sənəddir. İşdə olan Abşeron rayonu Saray bələdiyyəsinin Yerquruluşu planından çıxarışdan görünür ki, 0.08 ha torpaq sahəsinin yerləşmə vəziyyətinə görə naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və həmin sənəd DTXK-nin Abşeron rayon şöbəsi, eləcə də, Saray bələdiyyəsi və Saray ərazi icra nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Bundan əlavə Abşeron Rayon İHB-nin Saray qəsəbəsi üzrə icra nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 41 saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün iddiaçıya ayrılmış 0,08 ha torpaq sahəsinə dair DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən sonuncunun adına 27 avqust 2005-cı il tarixli, A seriyalı № 076786 nömrəli “Torpaq sahəsinin planı ölçüsü” tərtib edilmiş və torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin birinci dəlilini əsassız hesab edir. Cavabdehin 2-ci dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, X2 qəsəbəsi üzrə nümayəndəliyə müraciət edərək ona məxsus 0,20 ha həyətyanı torpaq sahəsindən yaşayış evi tikmək üçün İddiaçı 0,08 ha torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Həmin ərizəyə nümayəndəlik tərəfindən baxılmış və Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə icra nümayəndəliyinin 05 noyabr 1999-cu il tarixli, 41 saylı sərəncamı ilə M.A.Əliyevaya məxsus 0,20 ha həyətyanı torpaq sahəsindən iddiaçıya 0,08 ha torpaq sahəsi ayrılması və ona həmin sahədə yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ndan görünür ki, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport hüquqların əldə edilməsini təsdiq edən sənədlərə aid edilmişdir. (2 və 2.4-cü bənd). Sərəncamların verildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli, 372 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsində icra hakimiyyətinin başçısının əsas səlahiyyətləri sırasına torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək aid edilmişdi. Həmin Əsasnamənin 22-ci maddəsində isə İcra Hakimiyyəti başçısının nümayəndəsinin səlahiyyətləri təsbit edilmişdir. Orada, həmçinin, qeyd edilmişdir ki, İcra Hakimiyyəti başçısının nümayəndəsi İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək edir, onun tapşırıqlarını yerinə yetirir. İşin hallarından müəyyən olunur ki, İddiaçı torpaq sahəsinin ayrılmasına dair Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 05 noyabr 1999-cu il tarixli sərəncamı müstəqil qaydada deyil, Abşeron Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş səlahiyyətlərin ötürülməsi (deleqasiyası) qaydasında qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı sorğuya cavaba əlavə edilmiş sənədlərdən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1998ci il tarixli, 149 nömrəli sərəncamı ilə hər ailəyə 0,10 hektar hesabı ilə 100 ailəyə 10,0 hektar həyətyanı və 1,5 hektar küçə altına, cəmi 11,5 hektar torpaq sahəsi ayrılıb vətəndaşlara verilməsi haqqında saray üzümçülük sovxozunun yerli aqrar islahat komissiyasının 26 noyabr 1997-ci il tarixli, 09 saylı qərarı və toplanmış torpaqayırma sənədləri təsdiq edilmiş və torpaqların vətəndaşlara paylanmamışdan əvvəl baş planının tərtib edilməsi və baş plana uyğun olaraq nümayəndəlik tərəfindən növbəlilik əsasında paylanmasına icazə verilməsi qərara alınmışdır. Göründüyü kimi sərəncamlar verilərkən qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən vətəndaşlara fərdi yaşayış evinin tikintisi ilə bağlı həyətyanı torpaq sahəsi ayırmaq səlahiyyəti Abşeron Rayon İcra Hakimiyyətinə məxsus olmuş, o isə özünün bu səlahiyyətini qanunvericiliyin müddədalarına uyğun şəkildə özünün tabeliyindəki qurum olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinə həvalə etmişdir. Nəzərə almaq lazımdır ki, səlahiyyətlərin ötürülməsi qaydasında qəbul edilmiş qərar hüquqa uyğun şəkildə səlahiyyət sahibi tərəfindən qəbul edilmiş qərar hesab olunur. Digər tərəfdən isə sərəncamlar verilərkən qüvvədə olan qanunvericilikdə səlahiyyətlərin sözügedən qaydada ötürülməsini mümkünsüz edən hər hansı müddəa da mövcud olmamışdır. Ona görə də, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən qəbul edilmiş İddiaçı torpaq sahəsinin ayrılmasına dair sərəncam da əslində, hüquq sahibi olan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş sərəncam hesab olunmalıdır. Beləliklə, torpaq sahəsi İddiaçı qanuni əsaslarla ayrılmış sahə olmuşdur. Bundan başqa, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə icra nümayəndəliyinin 05 noyabr 1999-cu il tarixli, 41 saylı sərəncamı hal-hazırda qüvvədə olmaqla, hər hansı orqan tərəfindən ləğv edilməmiş və ya dəyişdirilməmişdir. “İnzibati icraat haqqında AR Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh inzibati orqanın özü tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Abşeron Rayon İHB-nin Saray qəsəbəsi üzrə icra nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 41 saylı sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahəsi 0,08 ha-dır, torpaq sahəsi yolla sərhəddir, daş hasar daxilindədir və koordinatları uyğundur. Aktda torpaq sahəsinin koordinatlarının digər şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üstə düşməsi barədə məlumat qeyd edilməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi də məhkəmə iclasında izahatında iddiaçıya ayrılmış 0,08 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının digər şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmədiyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçıya Abşeron Rayon İHB-nin Saray qəsəbəsi üzrə icra nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 41 saylı sərəncamı ilə 0,08 ha torpaq sahəsi ayrıldıqdan sonra torpaq sahəsinə dair DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən “Torpaq sahəsinin planı ölçüsü” sənədi tərtib edilmişdir. İddiaçıya ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları digər şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür. Torpaq sahəsi halhazırda iddiaçının faktiki istifadəsindədir. Məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən, aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilmişdir: “2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar” daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin 2-ci dəlili əsassızdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən cavabdeh orqanın apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2-1(118)-163/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar