Məhkəmə qərarları › İş №2-1(105)-497/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-497/2024

03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-497/2024 03.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Quba bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Quba bələdiyyəsinə qarşı Quba rayon Quba bələdiyyəsinin 29 noyabr 2005-ci il tarixli 58/4 saylı qərarının 100 kv.m hissədə ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-680/2024 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayon Quba bələdiyyəsinin 29 noyabr 2005-ci il tarixli 58/4 saylı qərarının ləğv edilməsinə dair qərarın çıxarılmasını məhkəmədən xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayon Quba bələdiyyəsinin 29 noyabr 2005ci il tarixli 58/4 saylı qərarının 100 kv m hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, 1987-ci ildən Quba şəhəri, C.Cabbarlı küçəsi 72a saylı evin 2 saylı mənzilində yaşayırlar. Həmin binanın yaxınlığında zibilxana kimi istifadəsiz olan 378 kv.m olan torpaq sahəsini İddiaçı1 mərhum əri Balaqadaş Məmmədov abadlaşdıraraq yararlı hala gətirmiş, çoxlu meyvə ağacları əkmiş və illər ərzində qulluq etmişdir. Mərhum ərinin müraciətinə əsasən istifadəsində olan torpaq sahəsindən Quba rayon XDS İK-nın xx.xx.1994-cü il tarixli 12 saylı qərarı ilə həmin ərazdiə dövlət tərəfindən tikinti aparılanadək müvəqqəti olaraq 100 kv.m torpaq sahəsi onun adına ayrılmış və cizgiləri müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixdə B.Məmmədov vəfat etmiş və xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmışdır. Mülkiyyət hüquqlarının qeydə alınması üçün müraciət etdidə məlum olmuşdur ki, X7 özünə aid olan 0.06 ha torpaq sahəsi ilə birlikdə onların istifadəsində olan 0.03 ha da öz adına sənədləşdirmişdir. Belə ki, Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 58/4 saylı qərarı ilə həmin torpaq sahəsi onunla alqı-satqı edilmişdir. Daha sonra onun adına çıxarış verilmişdir. Bur neçə ay bundan əvvəl R.Əskərov onların əkdiyi meyvə ağaclarını kəsmiş, torpaq sahəsinin ətrafını daş hasara almışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-680/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Vəfa Əzizova). İddiaçılar qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia tələbinə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi onların istifadəsində olduğundan qeyd olunan torpaq sahəsinin bələdiyyə qərarı əsasında rəsmiləşdirilməsindən məlumatsız olmuşlar və hüquqi cəhətdən də savadsız olduqları üçün bunu bilə bilməzdilər. Lakin məhkəmədə iddia qaldırdırdıqdan bir neçə ay əvvəl istifadələrində olan torpaq sahəsinin ətrafı daş hasara alındığından və mübahisələr baş verdiyindən hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət etmişlər və vəkil vasitəsilə müxtəlif idarələrə sorğular verilmiş və sonda məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi Quba rayonu Quba Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 58/4 saylı qərarı ilə mərhum ailə üzvünə XDS-nin Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli, 12 №-li qərarı ilə kənd təsərrüfatı məhsulları yetişdirməkdən ötrü müvəqqəti olaraq verilmiş 100 kv. metr torpaq sahəsi də X5 verilmişdir. Göründüyü kimi, istifadədə olan torpaq sahəsinin bələdiyyə qərarı ilə alqı-satqı olunaraq satıldığından məlumatları olmuşdur. Ümimiyyətlə mübahisəli torpaq sahəsi heç vaxt X3 istifadəsində olmamış, mərhum atasının və onların istifadəsində olmuş, həmin torpaq sahasində 25-30 il bundan əvvəl çoxlu sayda meyvə ağacları əkilmişdir. Ona görə də göstərilənlərə görə Quba rayon Quba Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 58/4 saylı qərarından məlumatlı olduqdan sonra həmin qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Üçüncü şəxs X7 apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçılar, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. İddiaçıların vəkili məhkəmə kollegiyasına teleqram ünvanlayaraq iddiaçılarla yeni müqavilə bağladığını bildirmiş, bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbinin predmetini müvafiq bələdiyyə qərarının ləğvi ilə bağlı tələb (mübahisələndirmə iddia növü) təşkil edir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Quba rayon Bələdiyyəsinin 29 noyabr 2005-ci il tarixli 58/4 nömrəli qərarı ilə X7 (iş üzrə üçüncü şəxs) adına kəndin bələdiyyə ehtiyat fonduna aid alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti yararsız torpaq sahəsindən 0,09 ha torpaq shaəsi satılması qərara alınmış, bu barədə alqı-satqı aktı tərtib edilmiş, bu barədə Azərbaycan Respublikası DTvə XK tərəfindən torpaq sahəsinin onun adına satılmasının məqsədəuyğun olması barədə rəy tərtib edilmişdir. Həmçinin, iş materiallarında olan arxiv çıxarışının məzmunundan görünür ki, Quba rayonu XDS-nin Rəyasət Heyətinin 22 fevral 1994-cü il tarixli protokoluna əsaəsn C.Cababrlı küçəsində 720 №li evin 2 nömrəli mənzilinin yanındakı istifadəsiz ərazidə k/t məhsulları yetişdirməkdən ötrü həmin ərazidə şəhərin baş planına uyğun dövlət tərəfindən tikinti aparılanadək müvəqəqti olaraq 100 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmçinin, iş materiallarından görünür ki, X7 ilə mərhum şəxs Məmmədov Balaqadaş arasında mülki mübahisə olmuş, həmin mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən 0,09 ha torpaq sahəsinin X5 xüsusi mülkiyyət hüququ əsasında məxsus olduğu, bu barədə hüququnun dövlət qeydiyyatına alındığı, Quba Bələdiyyəsinin 58/4 №li xx.xx.2005-ci il tarixli qərarının etibarsız hesab edilməsi üçün əsasların müəyyən edilmədiyi və mübahisəli torpaq sahəsinə dair X1 hər hansı hüququnun olmasının iş materialları əsasında təsdiq olunmadığı müəyyən edilmiş, habelə Məmmədov Balaqadaş oğlunun X5 məxsus olan torpaq sahəsindən çıxarılması, X2 alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qərarının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2010-cu il tarixli qərarı). İndiki halda iddiaçılar tərəfindən məhz müvafiq bələdiyyənin 29 noyabr 2005-ci il tarixli 58/4 nömrəli qərarı mübahisələndirilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallar barədə artıq müvafiq mülki iş üzrə məhkəmə mübahisəsi zamanı və həmin mübahisə üzrə qəbul edilmiş məhkəmə qəraraları ilə məlumatlı olmuşlar. Bundan əlavə, idiaçılar özləri də həmin qərar barədə daha öncədən məlumatlı olduqlarını qeyd etmişlər. Həmin məhkəmə mübahisəsi zamanı da məhz qeyd edilən bələdiyyə qərarı mübahisələndirilmişdir. Nəticə etibarilə hazırki iş üzrə iddiaçılar müvafiq qərarı məlumatı olduğu vaxtdan 30 gün müddətində mübahisələndirmək hüququna malik olduğu halda, həmin müddətdə bu hüququndan istifadə etməmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş müddəti ötürümüşdür. Bununla da iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Qeyd olunan hallar özlüyündə iddiaçının şikayətinin dəlili kimi istinad etdiyi halları təkzib edir. Bundan əlavə, qeyd edilməlidir ki, inzibati prosessual qanunvericiliyin normasının tələbinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (İPM-in 24.4-cü maddəsi). Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçının müvafiq qərar barədə məlumatlı olduğu vaxtdan 1 ildən artıq müddət keçdiyindən, müddətin ürzlü səbəbdən ötürülüb-ötürülməməsi halının aydınlaşıdırlması və bununla bağlı hüquqi yardım göstərilməsi mümkün olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı tərəf hazırki iş üzrə müvafiq bələdiyyə qərarı barədə bir neçə ay öncədən məlumatlı olduqlarını, hüquqi cəhətdən savadsız olması kimi hallara istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş halları (müvafiq bələdiyyə qərarının mülki məhkəmə qaydasında mübahisələndirilməsi, uzun müddət davam edən mülki məhkəmə mübahisələrinin mövcudluğu) özlüyündə iddiaçıların qeyd edilən hissədə şikayətinin dəlillərini təkzib edir. Bundan əlavə, qeyd edilməlidir ki, inzibati prosessual qanunvericilikdə ehtiva olunan həmin müddət məhz bir neçə ay kimi deyil, qərarın qəbul olunduğu və ya məlumatlı olduğu vaxtdan 30 gün müddətdə mübahisələnidmək hüququnun olması kimi ehtiva olunmuşdur. Həmçinin, qeyd edilməlidir ki, hüquqi savadsız olması halı da həmin ötürülmüş müddətin bərpa edilməsinin əsası kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ bəndinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuş, iddiaçı tərəfin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-680/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar