Məhkəmə qərarları › İş №2-1(105)-499/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-499/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-499/2022 24.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab olunması və torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(118)-609/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Şabran rayonu İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin 62 nömrəli, 26 aprel 2013-cü il tarixli rəyi ilə Şabran rayon Çölquşçu bələdiyyəsinə məxsus torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair sənədlərə baxılmış və sənədlərə əlavə olunmuş situasiya sxeminə uyğun satılan 1200 kv.m torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsinin 149 saylı, 20 may 2013-cü il tarixli rəyinə əsasən 0,12 ha torpaq sahəsinin satış məqsədilə açıq hərrac və ya müsabiqəsinə çıxarılmasına etiraz edilməmişdir. 30 mart 2014-cü il tarixli, 03 nömrəli ödəniş qəbzinə əsasən, İddiaçı tərəfindən 30 mart 2014-cü il tarixdə Çölquşçu bələdiyyəsinin hesabına 588 (beş yüz səksən səkkiz) manat pul ödənilmişdir. Şabran rayon Çölquşçu bələdiyyəsinin 05 may 2014-cü il tarixli, 05 saylı iclas protokolunun qərarına əsasən, son 5 ildə daimi qeydiyyatı Çölquşçu kəndi olan İddiaçı Təvəkkül oğluna fərdi mənzil tikintisi məqsədilə Çölquşçu bələdiyyəsinin alqı-satqı predmeti olan 0.12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Çölquşçu bələdiyyəsinin nümayəndəsi ilə iddiaçı arasında 12 may 2014-cü il tarixdə torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 588 manat vəsait ödənilmiş, eləcə də alqı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi tərəfindən 13 may 2014-cü il tarixdə təsdiq edilmişdir. İddiaçı Şabran rayon Çölquşçu kəndi ərazisində yerləşən 0,12 ha, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli, **********56 saylı məktubla müraciəti təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, ərizəyə əlavə edilmiş Şabran rayonu, Çölquşçu bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 05 saylı qərarı əsasında satılmış torpaq sahəsinə dair müqavilə təqdim edilməmişdir. Cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən müraciətin icrasından imtina etmişdir. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 18 oktyabr 2021-ci il tarixli imtinasının qanunsuz hesab olunması və Şabran rayonu Çölquşçu bələdiyyəsinin 05 may 2014-cü il tarixli qərarı ilə ona Şabran rayonu Çölquşçu bələdiyyəsinin ərazisindən ev tikmək məqsədilə ayrılmış 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Şabran rayonunda ev tikdirmək qərarına gəlmiş, bunun üçün Şabran rayonu, Çölquşçu bələdiyyəsinə müraciət etmişdir. Həmin Bələdiyyənin 05 may 2014-cü il tarixli qərarı ilə ona Şabran rayonu, Çölquşçu bələdiyyəsinin ərazisindən ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair onunla Şabran rayonu, Çölquşçu bələdiyyəsi arasında alqı-satqı müqaviləsi bağlanmış, ləğv olunmuş DTXK Şabran rayon şöbəsi tərəfindən də imzalanıb möhürlənmişdir. Ləğv olunmuş DTXK Şabran rayon şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə həmin torpaq sahəsinin satış məqsədilə açıq hərrac və ya müsabiqəsinə çıxarılmasının qanunamüvafiq olduğu ilə bağlı rəy verilmişdir. Çölquşçu bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin planı da hazırlanıb iddiaçıya təhvil verilmişdir. Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi tərəfindən həmin torpaq sahəsinin ayrılmasının məqsədəmüvafiq hesab edildiyi ilə bağlı rəy verilmişdir. Ona ayrılmış torpaq sahəsinin dövlət rüsumunu Bələdiyyənin hesabına kassa mədaxil orderinə qəbzlə ödəmişdir. İddiaçı hesab edir ki, həmin torpaq sahəsinin ayrılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçmişdir. Əvvəllər Şabran rayon sakini X3 hazırkı torpaq sahəsinə iddia etsə də, Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(118)-38/2021 nömrəli qərarı ilə onun iddiası rədd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, X1 iddia etdiyi torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə üst-üstə düşmədiyi üçün iddia rədd edilməlidir. Qeyd olunan torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin təmin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. İddiaçı tərəfindən sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(118)-609/2022 nömrəli qərardadı ilə Çölquşçu bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs iddiaya yazılı münasibət bildirərək qeyd etmişdir ki, torpaq sahəsi İddiaçı Təvəkkül oğlu tərəfindən hasara alınmış və bu günə qədər bələdiyyəyə həmin torpaq sahəsinə görə torpaq vergisi ödənilməmişdir. O cümlədən, 2014-cü ilə qədər bütün sənədlər dövrün bələdiyyələr haqqında qanununa əsasən birbaşa vətəndaş adına rəmiləşdirilirdi. Bələdiyyənin dövlət aktı olmadığı üçün vətəndaş öz adına çıxarış ala bilmir. 2015-ci ildən isə yeni qanunvericiliyə əsasən bələdiyyələr, bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ tanındıqdan sonra torpaq sahəsinə bələdiyyə adına çıxarış ala bilər. Qeyd edir ki, 2014-cü ildə verilmiş həmin torpaq sahəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “Kadastr və Yer Quruluşu Layihə Tədqiqat Mərkəzi” tərəfindən qeydə alınmamışdır. Qeyd edir ki, Çölquşçu bələdiyyəsi yalnız Çölquşçu bələdiyyəsinin adına olan çıxarış və Torpaq Sahəsinin plan və ölçü sənədini ala bilər. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən sənədsiz tikililərin sənədləşdirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılır. Halhazırda natamam sənədlər 2 ilə yaxındır ki, Şabran Reyestr Xidməti tərəfindən qeydiyyata alınır. Bunun üçün vətəndaş sənədlərini Reyestr xidmətinə təqdim etməlidir. Bələdiyyə yeni verilən torpaqlara bələdiyyə adına çıxarış ala bilir və notariat qaydada alqı- satqı etdikdən sonra vətəndaş öz adına çıxarış ala bilər. Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(118)-609/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Şabran rayonu Çölquşçu Bələdiyyəsinin 05 may 2014cü il tarixli qərarı ilə İddiaçı, Şabran rayonu Çölquşçu bələdiyyəsinin ərazisindən ev tikmək məqsədilə ayrılmış 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının (mülkiyyət hüququ) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim İddiaçı). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə hallar qeyd etməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin iddia ərizəsinə qarşı etirazın və apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: 1) Bələdiyyə qərarı ilə satılmış torpaq sahəsinə dair müqavilə təqdim edilməmiş; 2) Torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmadan iddiaçıya satılmış; 3) Torpaq sahəsinin müayinəsi həyata keçirilməmiş, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin birinci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Məhkəmə kollegiyası tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Çölquşçu bələdiyyəsinin ərazisindən 0.12 ha torpaq sahəsi Çölquşçu bələdiyyəsinin 05 may 2014-cü il tarixli qərarı ilə iddiaçıya satılmışdır. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə Çölquşçu bələdiyyəsinin qərarı, ödəniş qəbzi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsinin, eləcə də, Şabran rayonu İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin rəyi ilə, o cümlədən torpağın alqı-satqısına dair akt ilə də təsdiq edilir. Qeyd olunanlara əsasən, kollegiya cavabdehin birinci dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası cavabdehin ikinci, yəni torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmadan iddiaçıya satılmasına dair dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Yuxarıda qeyd edilən Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 23-cü maddəsində isə təsbit edilmişdir ki, bu Əsasnamənin 10cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. Qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Hazırkı işin hallarından isə müəyyən olunur ki, bələdiyyə tərəfindən 2014-cü il tarixdə torpaq sahəsi ayrılan zaman iddiaçı bələdiyyənin ərazisində daimi yaşamış və eyni zamanda 5 ildən artıq yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Dəvəçi rayonu, Çölquşçu kəndində anadan olmuşdur. Şabran rayonu, Çölquşçu kəndində qeydiyyatdadır. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). Belə olan təqdirdə yuxarıda sadalanan qanunvericilik normalarına istinadən hərracın keçirilməsi və müvafiq olaraq bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması tələb olunmur. Çölquşçu bələdiyyəsi qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsini iddiaçının mülkiyyətinə ayırmışdır. Qeyd olunanlara əsasən, cavabdehin sözügedən dəlili əsassızdır. Cavabdeh apelyasiya şikayətinin sonuncu dəlilində torpaq sahəsinin müayinəsinin həyata keçirilmədiyini, torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin məlum olmadığı bildirsə də, işdən görünür ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə 06 aprel 2022-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı təqdim edilmişdir. Həmin aktdan görünür ki, Şabran rayon Çölquşçu bələdiyyəsinin 05 may 2014-cü il tarixli, 05 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahəsi 0,12 ha-dır, torpaq sahəsi şimal-qərb və cənub-şərq tərəflərdən qonşu həyətyanılar ilə digər tərəflərdən yol və boş sahələr ilə həmsərhəddir, şimal-şərq sərhəddi şərti olmaqla, digər sərhədləri mişar daşı və metal torla hasarlanıb, sahəsinin üzərində tikili yoxdur, torpaq sahəsinə dair mübahisə qeydə alınmamış, torpaq sahəsindən kommunikasiya xəttləri keçmir, sahə yaşayış massivində (kəndaltı) yerləşir, 1:10000 yerquruluşu sxemində göstərilən ərazi faktiki göstərilən ərazi ilə uyğundur, göstərilən sahənin koordinatları müayinə aktına lavə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(118)-609/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar