Məhkəmə qərarları › İş №2-1(105)-499/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-499/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-499/2024 17.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, X1 və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon İcra Hakimiyyətinin 584 nömrəli, 13 noyabr 1992-ci il tarixli sərəncamına əsasən Xırdalan-Masazır şose yolunun şimalında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsindən 0.0334 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 1190/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Abşeron rayon İcra Hakimiyyəti Başçısının 13 noyabr 1992-ci il tarixli, 584 saylı sərəncamından çıxarışdan görünür ki, 0.10 ha həyətyanı torpaq sahəsinin fərdi yaşayış evi tikintisi məqsədi ilə İddiaçı ayrılması qərara alınmışdır. Mübahisə predmeti olan torpaq sahəsinə dair Abşeron rayonu Masazır bələdiyyəsi tərəfindən yeruquruluşu planından çıxarış tərtib edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 20 may 2023-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin koordinatları hüquqmüəyyənedici sənəd üzrə 0.10 ha, faktiki olaraq 0.0334 ha-dır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsindən daxil olmuş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışların surətlərindən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri mövcuddur. Cavabdehin 06 iyun 2023-cü il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra hakimiyyəti Başçısının 13 noyabr 1992-ci il tarixli, 584 saylı sərəncamı ilə ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, müraciət üzrə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, F473 nömrəli arxiv arayışında hüquq sahibinin ata adına münasibətdə fərq olduğu müəyyən olunmuşdur. Belə ki, arxiv arayışında hüquq sahibi “İddiaçı Əskər oğlu” kimi göstərilsə də, şəxsiyyətini təsdiq edən sənəddə “İddiaçı” kimi qeyd edilmişdir. Həmçinin, daşınmaz əmlakın sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu və torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (şoranlıq) torpaqlara aid edildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron Rayon İcra Hakimiyyətinin 584 nömrəli, 13 noyabr 1992-ci il tarixli Sərəncamına əsasən Xırdalan-Masazır şose yolunun şimalında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Abşeron rayon İcra Hakimiyyətinin 584 nömrəli, 13 noyabr 1992-ci il tarixli sərəncamına əsasən Xırdalan-Masazır şose yolunun şimalında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsindən 0.0334 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin 584 nömrəli, 13 noyabr 1992-ci il tarixli Sərəncamına əsasən Xırdalan-Masazır şose yolunun şimalında fərdi yaşayış evinin tikintisi üçün ona 0,10 ha torpaq sahəsi ayrılmışdır. Müvafiq torpaq sahəsi qanunvericiliyə uyğun olaraq ona ayrılmış və ona lazimi hüquqmüəyyənedici sənədlər verilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh təşkilat torpaq sahəsi ilə bağlı müraciətinə xx.xx.2023-cü il tarixli məktublarla cavab verərək ərizəsinin icrasından imtina etmişdir. Cavabdeh öz imtinasını sözügedən torpaq sahəsinə dair Abşeron Rayon İcra Hakimiyyətinin 584 nömrəli, 13 noyabr 1992-ci il tarixli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə olunmaması, ata adına münasibətdə uyğunsuzluğun olması və torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı (şoranlıq) torpaq sahəsi olması əsasları ilə əsaslandırmışdır. Hesab edir ki, cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuz olmaqla, onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazı imtina ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(118)-1190/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon İcra Hakimiyyətinin 584 nömrəli, 13 noyabr 1992-ci il tarixli sərəncamına əsasən Xırdalan-Masazır şose yolunun şimalında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsindən 0.0334 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın, torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya aid bütün hüquqmüəyyənedici sənədlərdə onun soyadı, adı, ata adı “İddiaçı” kimi göstərilməklə, hər hansı yanlışlığa yol verilməmişdir. Məhkəmə torpaq sahəsinə dair ilkin baş planın və ya təsdiq edilmiş ayrıc aktının cavabdeh orqanda mövcud olmamasına münasibətdə bildirmişdir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçının torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşsə idi, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş olardı. Lakin hazırkı mübahisədə torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin mövcudluğu müəyyən edilməmiş və qeyd edilən hal cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh orqanın daşınmaz əmlakın sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olması dəlilinə münasibətdə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadədə olan torpaq sahəsi ilə sənəd üzrə, yəni Abşeron Rayon İcra hakimiyyəti Başçısının 13 noyabr 1992- ci il tarixli, 584 saylı sərəncamı ilə ona ayrılmış torpaq sahəsi arasında ölçü fərqi vardır. Belə ki, faktiki istifadədə olan torpaq sahəsinin ölçüsü sənəd üzrə torpaq sahəsinin ölçüsündən azdır və iddiaçı onun faktiki istifadəsində olan 0.0334 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması niyyətindədir. Belə olan halda qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Məhkəmə cavabdeh oqanın sonuncu, yəni torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (şoranlıq) torpaq olması dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdeh orqanın 30 oktyabr 2023-cü il tarixli məktubu ilə mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri ehtiyat fondu torpaqlarına aiddirlər. Həmçinin, əlavə edilmiş sənədlər və ortofoto görüntülərindən çıxarışlar da təsdiq edir ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələri də kənd təsərrüfatı və ya şoranlıq təyinatlı istifadə edilmir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddiaçının müraciətinə imtina və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüquqları qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlərə əsasən mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüquqları qeydiyyata alınmış torpaq sahələri ehtiyat fondu torpaqlarına aiddir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 29. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur). Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” : Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad-inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin, hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsindən 0.0334 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Bununla belə, kollegiya apellyasiya şikayətinin aşağıdakıları dəlillərinə münasibət bildirilməsini zəruri hesab edir: Abşeron Rayon İcra hakimiyyəti Başçısının 13 noyabr 1992-ci il tarixli, 584 saylı sərəncamı ilə ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilməməsi; Müraciət üzrə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, F473 nömrəli arxiv arayışında hüquq sahibinin ata adına münasibətdə fərq müəyyən olunması; Daşınmaz əmlakın sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olması; Torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (şoranlıq) torpaqlara aid edilməsi. Məhkəmə kollegiyası şikayətin birinci dəlilinə münasibətdə qeyd edir ki, işdən görünür ki, mübahisəli 0,0334 ha torpaq sahəsinə dair Masazır bələdiyyəsi tərəfindən 1:10000 miqyasında “Yerquruluşu planından çıxarış” tərtib edilmiş və həmin sənəddə torpaq sahəsinin yerləşmə yeri və döngə nöqtələrinin koordinatları dəqiq göstərilmişdir. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 20 may 2023-ci il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi cavabdeh tərəfindən yerində müayinə edilmiş və müayinə nəticəsində torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0,10 ha, faktiki isə 0,0334 ha olduğu müəyyən edilmişdir. Qeyd olunan sənəd torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, inzibati orqanlar tərəfindən qanunla onların üzərinə qoyulmuş prosedur qaydalarına riayət edilməməsi və ya hər hansı inzibati icraat çərçivəsində sənədləşmə işinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmaması, maraqlı şəxslərin hüquqlarının pozulmasına, onlara münasibətdə etimad hüququnun məhdudlaşdırılmasına səbəb olmamalıdır. Məhkəmə kollegiyası cavabdehin 2-ci dəlili ilə bağlı qeyd edir ki, məhkəmə kollegiyasının sorğusu əsasında Abşeron Rayon Dövlət Arxivi tərəfindən təqdim olunmuş Abşeron rayon İcra Hakimiyyəti Başçısının 13 noyabr 1992-ci il tarixli, 584 saylı sərəncamının tam mətninin surətindən görünür ki, iddiaçının tam adı 10-cu sırada İddiaçı kimi göstərilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 15.3-cü maddəsinə əsasən, inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Məhkəmə kollegiyası cavabdehin 3-cü dəlili ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 20 may 2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin 584 nömrəli, 13 noyabr 1992-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,10 ha, faktiki isə 0,0334 ha təşkil edir. Torpaq sahəsinə dair mübahisə qeydə alınmamışdır. Birinci instansiya məhkəməsi zamanı iddiaçı tələbini dəqiqşləşdirərək faktiki istifadəsində olan 0,0334 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını istəmişdir, məhkəmə də haqlı olaraq bu məzmunda iddianı təmin etmişdir. Məhkəmə kollegiyası cavabdehin sonuncu - torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (şoranlıq) torpaqlara aid edilməsi ilə bağllı dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələri üzərində mülkiyyət hüququ qeydə alınıb müvafiq çıxarışlar verilmişdir. Hətta, **********62 və **********82 reyetsr nömrəli çıxarışlardan görünür ki, torpaq sahələri üzərində mülkiyyət hüququ yaşayış məntəqələrinin torpaqları kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin həmin dəlili də əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayon İcra Hakimiyyətinin 584 nömrəli, 13 noyabr 1992-ci il tarixli sərəncamı əsasında həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin “Siyahısı”nın 2.7-ci bəndinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1190/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar