Məhkəmə qərarları › İş №2-1(105)-499/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-499/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-499/2025 21.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Hüseynli Nailə Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə qarşı mərhum qardaşı X1 adının 1997-ci il avqustun 2-dək hərbi xidmətdə ölmüş hərbi qulluqçuların ümumi siyahısına əlavə edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-1(118)- 1254/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları: 15 iyun 1996-cı il tarixli, İV-ЖГ seriyalı, 410546 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X4 15 iyun 1996-cı il tarixdə vəfat etmişdir. Quba rayon Hərbi Komissarlığının 1997-ci il tarixli arayışından görünür ki, X4 N fevral 1996-cı il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirərək difteriya xəstəliyinə tutularaq vəfat etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quba rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 30 iyul 2001-ci il tarixli, 1062 nömrəli və 28 oktyabr 2005-ci il tarixli, H/210 nömrəli arayışlardan görünür ki, X4 N fevral 1996-cı il tarixdə N saylı hərbi hissə, Gəncə şəhərində hərbi xidməti vəzifəsini yerinə yetirərək difteriya xəstəliyindən vəfat etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 27 aprel 2021-ci il tarixli, **********9 nömrəli və 11 noyabr 2021-ci il tarixli, **********7 nömrəli “Birdəfəlik ödəmənin verilməsi haqqında” məktublarından görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanın 5-ci hissəsinə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Bildirilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindəntəqdim edilmiş siyahıda X1 adı aşkar olunmamışdır. Məsələyə aydınlıq gətirilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edilməsi tövsiyə olunmuşdur. 6. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinin 30 sentyabr 2021-ci il tarixli, 494 nömrəli arayışından görünür ki, X4 26 oktyabr 1995-ci il tarixdə keçmiş Quba rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissəyə təhvil verilmişdir. N fevral 1996-cı il tarixdə “Kəskin ürək-damar-tənəffüs çatışmamazlığı” səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 27 oktyabr 2021-ci il tarixli, 1/B-19097 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu X4 N fevral 1996-cı il tarixdə difteriya xəstəliyindən N nömrəli hərbi hissədə (hospitalda) vəfat etmişdir. Şəhid və şəhid ailəsi statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 1.2.6-cı bəndinə müvafiq olaraq atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Odur ki, mərhum X4 hərbi xidmət dövründə xəstəlikdən vəfat etdiyi üçün, ona “şəhid” statusunun verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən hazırda mümkün deyil. Qeyd edilir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin “a” bəndinə əsasən sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda - 100 faiz sığorta (11.000 manat) ödənişi verilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən sığorta ödənişlərinin alınması üçün sığorta edilən, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müvafiq sənədləri təqdim edir. Sığorta edilənin və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 (üç) il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Quba Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş 24 fevral 2024-cü il tarixli, 660 nömrəli arayışdan görünür ki, 27 fevral 2024-cü il tarixli 8İ-4299 reyestr nömrəli ərizəyə əsasən X5, İddiaçı və X3 N fevral 1996-cı il tarixdə vəfat etmiş X1 vərəsələri sırasına daxildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, müddətli hərbi xidmətdə olduğu dövrdə - N fevral 1996-cı il tarixdə difteriya xəstəliyinə tutularaq, vəfat etmiş X1 adının 1997-ci ilin avqustun 2-dək hərbi xidmətdə ölmüş hərbi qulluqçuların ümumi siyahısına əlavə olunaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının qardaşı X4 xx.xx.1995-ci ildə Quba rayon komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, müddətli hərbi xidmətdə olduğu dövrdə difteriya xəstəliyinə tutularaq N fevral 1996-cı il tarixdə vəfat etmişdir. Lakin hazıra qədər X1 vərəsələrinə onun həqiqi hərbi xidmətdə olduğu zaman ölməsi ilə əlaqədar 11.000 manat sığorta ödənişi ödənilməmişdir. Göstərilənlərlə əlaqədar, X1 vərəsələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müraciətlərə cavab olaraq bildirmişdir ki, 1997-ci ilin avqustun 2-dək hərbi xidmətdə ölmüş hərbi qulluqçuların ümumi siyahısında X1 adı aşkar edilməmişdir. Bununla bağlı onlar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişlər, lakin hər hansı müsbət nəticə əldə edə bilməmişlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş X4 N fevral 1996-cı il tarixdə difteriya xəstəliyindən N nömrəli hərbi hissədə (hospitalda) vəfat etmişdir. Hərbi xidmət dövründə müxtəlif səbəblərdən həlak olmuş şəxslərin adının Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında nəzərdə tutulmuş ümumi siyahıya əlavə edilməsi nəzərdə tutulmadığı üçün, mərhum X1 adının müvafiq siyahıya əlavə edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-1(118)-1254/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, adıçəkilən Fərmanın təsir dairəsi qeyri-məhdud deyildir. Fərmanın 1-ci bəndi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı münasibətləri tənzimləyir. Məhkəmə cavabdeh orqanın etirazının dəlili ilə razılaşır, eyni zamanda nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin1999-cu il 24 sentyabr tarıxlı 154 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməsinin 43-cü bəndinə “ç” yarımbəndinə görə, “Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır” ifadəsinə aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, habelə şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və həmin orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən və ya yararsızlığına (o cümlədən müvəqqəti yararsızlığına) gətirib çıxaran dərəcəyə çatmışsa; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmət onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bilavasitə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışdırsa; əgər yaralanma (travma, kontuziya, xəsarət) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti haqqında sənədlər yoxdursa. ... Normanın məzmunundan da görünür ki, bütün xəstəliklər deyil, yalnız yaralanma, travma, kontuziya, xəsarətlə nəticələnən xəstəliklər “hərbi xidmət dövründə alınmış” xəstəliklər hesab olunur. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun eyni məzmunda əsaslandırmışdır və “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair" xx.xx.2014-cü il tarixli Qərarına istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: Maddə 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; ------ “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu (25 dekabr 1991) : M a d d ə 27. Hərbi qulluqçuların dövlət tərəfindən məcburi şəxsi sığortalanması İlkin redaksiyada: Hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmək), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçirilməsi ilə bağlı bədbəxt hadisələr və ya xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdırlar. 04 iyul 2008-ci il tarixdə edilmiş dəyişiklikdən sonra (10 avqust 2008-ci il tarixdə qüvvəyə minmişdir) : Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərin sosial təminatına dövlət zəmanət verir. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.Əsas anlayışlar 2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi; 2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər; 2.1.4. sığortalı – sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu; 2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi; 2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal; 2.1.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalılar tərəfindən hər bir sığortaolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği; 2.1.8. sığorta vəsaiti – bu Qanunun 8-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına formalaşan vəsait; 2.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti; 2.1.10. sığorta ehtiyatı – sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 faizədək hissəsində hesablanan vəsaitdir. Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının miqdarı 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. M a d d ə 5 . Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; (...) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair" xx.xx.2014-cü il tarixli Qərarı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək, iddiaçının apelyasiya şikayətində göstərdiyi xüsusatları araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı mübahisənin predmetini müddətli hərbi xidmətdə olduğu dövrdə - N fevral 1996-cı il tarixdə difteriya xəstəliyinə tutularaq vəfat etmiş X1 adının 1997-ci ilin avqustun 2-dək hərbi xidmətdə ölmüş hərbi qulluqçuların ümumi siyahısına əlavə olunması təşkil edir. Cavabdeh tərəfin mövqeyinə görə isə hərbi qulluqçu olmuş mərhum X4 N fevral 1996-cı il tarixdə difteriya xəstəliyindən hərbi hissədə (hospitalda) vəfat etməsi halı Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş ümumi siyahıya əlavə edilməsi nəzərdə tutulmadığı üçün tələb təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Əvvəla qeyd olunmalıdır ki, 1991-ci ildə qəbul edilmiş və iddiaçının mərhum qardaşının vəfat etdiyi vaxt qüvvədə olan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası haqqında Qanunun 27-ci maddəsinə görə hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmək), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçirilməsi ilə bağlı bədbəxt hadisələr və ya xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdırlar. İddiaçının mərhum qardaşının bu normanın tələbinə görə dövlət tərəfindən sığortalanması labüd olmuşdur. xx.xx.1997-ci il tarixdə isə “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanun qüvvəyə minmişdir. Həmin Qanunun tələblərinə görə də hərbi xidmətdə olarkən xəstəlik nəticəsində hərbi qulluqçunun vəfat etməsi sığorta hadisəsi hesab edilir. Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqının min misli məbləğində sığorta edilmişdir. 20 oktyabr 2006-cı il tarixdə göstərilən Qanuna dəyişikliklər və əlavələr edilmiş, Qanunun 4-cü maddəsində sığorta məbləği on bir min manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı məhkəmə kollegiyası iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçının nümayəndəsinə müraciət etmişdir, lakin o, ümumi icbari sığortanı deyil, məhz mərhumun adının xx.xx.1997-ci il tarixədək vəfat etmiş hərbi qulluqçuların ümumi siyahısına əlavə edilməsini tələb etdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair" xx.xx.2014-cü il tarixli Qərarına görə ““Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. 2) Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin”. Bununla bağlı qeyd olunmalıdır ki, mərhum hərbi qulluqçuların həmin siyahıya salınması üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanı rəhbər tutulmalıldır. Həmin Fərmana əsasən silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaradılmışdır. Həmin Fərmanda 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Fərmanın 2-ci bəndinə əsasən birdəfəlik ödəmə +bu Fərmanın 5-ci və 5-1 -ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Fərmanın xx.xx.2019-cu il tarixdən dəyişdirilmiş 4-cü bəndinə əsasən birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Fərmanın 5-ci bəndinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etmək və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara istinad edərək bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş, ölmüş, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş şəxslərin siyahıya daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməsi öhdəliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Göründüyü kimi hazırki iddia tələbinin qanuni əsasını təşkil edən sözügedən Fərman adından da göründüyü kimi şəxslərin ölməsi, həlak olması və xəbərsiz itkin düşməsi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Odur ki, iddiaçının qeyd olunan Fərmanda nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsi üçün adının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin siyahısına əlavə edilməsini tələb etdiyi mərhum qardaşı X1 xx.xx.1996-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda deyil, difteriya xəstəliyi nəticəsində vəfat etdiyindən onun adının birdəfəlik ödəmənin verilməsinə dair siyahıya əlavə edilməsi qeyd olunan Fərmanın tələblərinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyula bilməz. Göründüyü kimi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin imtinası qanuni olmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe bu cür əsaslandırılmışdır (2-1(102)-546/2020 saylı xx.xx.2020-ci il tarixli Qərar, 2- 1(102)-737/2024 saylı xx.xx.2024-cü il tarixli Qərar). Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nıəticə qanuni və əsaslıdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosesual hüquq normlarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-1(118)-1254/2025 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar