Məhkəmə qərarları › İş №2-1(105)-5/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-5/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-5/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər X5 və X3 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ( Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(085)-19/2019 saylı qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (iddiaçı) mülkiyyətində olan torpaq sahələrinin Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi altına düşdüyündən ona kompensasiya ödənilməsi məqsədilə “Azəravtoyol” açıq səhmdar cəmiyyətinə müraciət etmişdir. “Azəravtoyol” açıq səhmdar cəmiyyətinin xx xxxxx 2017-ci tarixli, H- 3/16/1945 nömrəli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmadığını, bu səbəbdən, sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsinin gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacağını bildirmişdir. Bundan sonra İddiaçı və X4 ilə birlikdə iddia ərizəsi ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq hər birinə 135000 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx xxxxxxx 2017-ci il tarixli 2-1(85)-2546/2017 saylı qərardadı ilə iddia ərizəsinə dair inzibati iş baxılması üçün, müstəqil işlər üzrə icraata ayrılmış, həmçinin məhkəmənin eyni tarixli qərardadı ilə, Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2011-cı ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.1655 ha və 0.10807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri almışdır. Bununla bağlı ona Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2011-ci il tarixdə MA seriyalı ******* və MA seriyalı ******* saylı çıxarışlar verilmişdir. 2015-ci ildə ona məlum olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsində qazma işləri aparılır. Özünü iş icraçısı kimi təqdim edən şəxslər ona bildirmişlər ki, cavabdehin işçiləridir. İddiaçının torpaq sahəsi dövlət ehtiyacları üçün alınacaq və ona kompensasiya ödəniləcəkdir. Bundan sonra iddiaçı cavabdehə müraciət etmiş və ona bildirmişlər ki, həqiqətən də, torpaq sahəsi dövlət ehtiyacları üçün alınan torpaqlar siyahısına daxil edilmişdir. Ərazidən Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2930 saylı Sərəncamına əsasən təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üzrə Tədbirlər Planı” çərçivəsində tikintisi aparılan Bilgəh-Sumqayıt-Tağıyev qəsəbəsinə qədər avtomobil yolu inşa ediləcəkdir və elə buna görə də iddiaçı sənədlərini cavabdehə təqdim etsin. O, da öz növbəsində bütün sənədləri toplayıb cavabdehə təqdim etmişdir. Layihə rəhbərinə və digər əməkdaşlara dəfələrlə müraciət olunsa da, məsələ öz həllini tapmamış və kompensasiya bu günə kimi ona ödənilməmişdir. İddiaçının xx xxxx 2017-ci il tarixli yazılı ərizəsinə cavab olaraq cavabdeh H-3/16-1945 saylı xx xxxxx 2017-ci il tarixli cavab məktubu göndərilmişdir. Məktubda göstərilir ki, “iddiaçının cavabdehə ünvanladığı ərizəyə aidiyyatı üzrə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyeklər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır”. Hazırda iddiaçıya məxsus torpaq sahəsi cavabdehin əməkdaşları tərəfindən qazılaraq ilkin vəziyyətindən təxminən 10 metr dərinə salınmış və tam yararsız hala salınmışdır. Aradan uzun müddət keçməsinə baxmayaraq iddiaçıya heç bir kompensasiya ödənilməmişdir. İddiaçının torpaq sahəsinin hazırda real bazar qiyməti hər sot üçün 5000 manat, ümumi dəyəri 135000 manat təşkil edir. İşə məhkəmədə baxılarkən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2017-ci il tarixli, 1638 nömrəli fərmanı ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-19/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0,2735 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar dövlət büdcəsi hesabına 97200 manat məbləğində kompensasiyanın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim Z.Pirverdiyev). Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs ondan apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün qiymət verməyərək iddianı qismən təmin etmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) müəyyənləşdirilməmiş və araşdırma aparılmamışdır. Məhkəmə tərəfindən mübahisəli əmlak kompleksinin yerləşdiyi torpağın alınması, habelə həmin kompleksin zəbt olunması müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlığının olması da işin araşdırma tələb edən hallarındandır. Halbuki “Avtomobil yolları” haqqında Azərbaycan Respublikası Qanununa görə təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrılmış torpaq sahələridir; qorunma (mühafizə) zolağı-təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir. Hamim Qanunun 15-1-ci maddəsinə görə Yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi isə qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materiallarında olan məktubları mötəbər sübut kimi qəbul etməklə iddianı təmin etməklə kifayətlənmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. İddia ərizəsindən göründüyü kimi İddiaçı yolun tikinti altına düşən torpaq sahəsinə görə cavabdehə qarşı iddia qaldıraraq kompensasiya tələb etmişdir. Halbuki, İddiaçı məxsus torpaq sahəsinin yolun tikintisi altına düşüb-düşmədiyi araşdırılıb aydınlıq gətirildikdən sonra yalnız bu qənaətə gəlmək olardı. Eyni zamanda məhkəmə təcrübəsində bu cür işlərlə əlaqədar hər hansı kompensasiya məsələsinə aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilməklə həmin ekspertizaya Maliyyə Nazirliyinin də mütəxəssisi cəlb olunur. Məlum olduğu kimi, Maliyyə Nazirliyi tərəfindən müvafiq məktubla Ali Məhkəməyə müraciət edilərək, dövlət ehtiyacları ilə əlaqədar məhkəmə işlərində Nazirliyin ekspert və ya mütəxəssislərin iştirakının təmin edilməsi xahiş edilmişdir. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin xx.xx.2010-cu il tarixli 2-182 nömrəli məktubu ilə rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiya məhkəmələrinə tövsiyyə edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin göründüyü kimi qeyd olunan tövsiyəyə məhkəmə tərəfindən əməl edilməmiş və iddia tələbindən kənara çıxmaqla nəticədə qeyri-qanuni qərar qəbul edilmişdir. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun 35.3-cü maddəsinə əsasən torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. Həmin Qanunun 36-cı maddəsinə əsasən alan orqan tərəfindən mülkiyyətçiyə torpaq sahəsinin dəyərinin ödənilməsi sözügedən alqı-satqı müqaviləsinin bağlanmasından sonra 90 gün müddətində həyata keçirilir. Hazırda isə alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında torpağın alınması rəsmiləşdirilməmiş, müvafiq alqı-satqı müqaviləsi bağlanmamışdır. Torpaq sahəsi hazırda iddiaçının mülkiyyətindədir. Bu mənada torpağın dövlət ehtiyacı üçün alınması başa çatmadığından və həmçinin kompensasiyanın ödənilməsindən imtina olunmadığından iddia tələbinin mövcud prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün hesab edilməsi şərtlərinin mövcudluğuna düzgün qiymət verilməmişdir. Habelə həyata keçirilən layihənin icrasına başlanıldığı vaxt iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranıb-yaranmaması məsələləri məhkəmə tərəfindən araşdırılmamışdır. AR Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-182 nömrəli məktubundan göründüyü kimi rayon şəhər məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiya məhkəmələrinə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakların qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etmələrini tövsiyə etmişdir. Bundan əlavə işin birinci instansiya məhkəməsində araşdırılması zamanı cavabdeh tərəfindən qeyd edilən ərazidə avtomobil yolunun tikintisi zamanı həmin yolun bir hissəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus ərazidən keçməsi səbəbindən SOCAR-ın müvafiq etirazına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişi ilə “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsində sonradan dəyişikliklər edildiyi və avtomobil yolunun iddiaçının torpaq sahəsindən yan keçirilməklə inşa ediləcəyi bildirilmişdir. Bu baxımdan avtomobil yolunun tikintisi aparılan zaman iddiaçının torpaq sahəsinə müdaxilə edilməyəcəyi, həmin torpağın dövlət ehtiyacları üçün alınmasının zəruri olmadığı, beləliklə sözügedən torpaq sahəsinin avtomobil yolunun tikintisi altına düşmədiyi qeyd edilmişdir. Qeyd edilən avtomobil yolunun tikintisi ilə bağlı iddiaçı tərəfindən müraciət edildiyi halda müdaxilə olunan torpaqda kultivasiya və bərpa işlərinin təmin ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq göstərilən xüsuslar məhkəmə tərəfindən diqqətə alınmamış, bununla bağlı zəruri araşdırma aparılmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətlərinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək şikayət ilə eyni məzmunda izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi sahə yol tikinti altına düşməmişdir. İddiaçı qeyd etdiyi ərazidə avtomobil yolunun tikintisi zamanı həmin avtomobil yolunun bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsus ərazidən keçdiyindən və SOCAR-ın buna etirazından sonra, Nazirlər Kabinetinin göstərişinə əsasən “Bilgəh- Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinə dəyişikliklər edilmiş və avtomobil yolunun iddiaçının torpaq sahəsindən yan keçirməklə inşa ediləcəkdir. Nəzərdə tutulan “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisində” iddiaçının torpaq sahəsinə müdaxilə edilməyəcəyini, həmin torpağın dövlət ehtiyacları üçün alınmasının zəruri olmadığını nəzərə alaraq, İddiaçı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı əsassızdır və təmin edilməməlidir. Əlayə olaraq bildirmişdir ki, qeyd edilən avtomobil yolunun tikintisilə bağlı iddia qaldırmış vətəndaşın müraciət edildiyi halda müdaxilə olunan torpağda kultivasiya və bərpa işləri təmin ediləcəkdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırda apellyasiya baxışının hədlərini qərarın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissələrini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh və üçüncü şəxs apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmadığını, bu səbəbdən, sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsinin gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacağını bildirmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0,2735 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq ümumilikdə 135000 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bu zaman ona əsaslanmışdır ki, “iddiaçının mülkiyyətində olan torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyündən həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə kompensasiya ödənilməlidir. Məhkəmə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx xxxxx 2019-cu il tarixli 3/09-2657 saylı məktubuna münasibətdə qeyd etmişdir ki, cavabdeh torpaq sahəsinin 1 sotuna bütün əlavələr nəzərə alınmaqla 3000 manat kompensasiya ödənilməsini qeyd etsə də, hansı əlavələrin nəzərdə tutulmasını qeyd etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya kompensasiya hesablanan zaman Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinə 20% əlavə də nəzərə alınmalıdır. Bu halda tikinti altına düşən iddiaçıya məxsus torpaq sahəsinin bazar qiyməti 20% əlavə də nəzərə alınmaqla 97200manat (81000 (3000 x 27 sot) + 16200 (81.000 x 20% = 16200) = 97200) təşkil edir. Cavabdeh qərarı o əsasla mübahisələndirmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) düşməsi müəyyənləşdirilməmiş və araşdırma aparılmamış, eləcə də torpaq sahəsi qiymətləndirilərkən Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakı təmin edilməmişdir. Üçüncü şəxs qərarı o əsasla mübahisələndirmişdir ki, torpağı alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında torpağın alınması rəsmiləşdirilməmiş, müvafiq alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu mənada torpağın dövlət ehtiyacı üçün alınması başa çatmadığından və həmçinin kompensasiyanın ödənilməsindən imtina olunmadığından iddia tələbinin mövcud prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün hesab edilməsi şərtlərinin mövcudluğuna düzgün qiymət verilməmişdir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasnn 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifad etmək və onun barsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərar olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Qeyd edildiyi kimi cavabdeh apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin yolun tikintisi altına düşüb-düşməməsinin məhkəmə tərəfindən araşdırılmadığını mübahisələndirir. Bununla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahələrinin Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşüb-düşməməsi ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilsə də, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi”nin Novxanı-Mehdiabad hissəsi barədə məlumat daxil olmadığına görə sualın cavablandırılması mümkün olmamışdır. Həmçinin, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0, 1655 ha və 0.10807 ha torpaq sahələrinin “Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşməsi, düşürsə hansı hissədə düşməsini aydınlaşdırmaq məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(105)-505/2019 saylı qərardadı ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti mütəxəssis qismində cəlb edilməklə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Lakin, cavabdeh tərəfindən, dəfələrlə edilmiş müraciətlərə baxmayaraq “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi” təqdim edilmədiyindən mütəxəssis və ekspert tərəfindən qarşıya qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. İş üzrə ekspert və mütəxəssis rəyinin alınması mümkün olmasa da, məhkəmə araşdırması zamanı digər sübutların tədqiqi nəticəsində iddiaçıya məxsus torpaq sahələrinin məhz Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşməsi və bu səbəbdən cavabdeh tərəfindən qazılaraq yararsız hala salındığı sübuta yetirilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxx 2017-ci tarixli, H- 3/16/1945 nömrəli məktubda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşməməsi deyil, (..) gələcəkdə vəsait ayrıldığı təqdirdə layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənişinin öz həllini tapacağını bildirilmişdir. Həmçinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birinci instansiya məhkəməsinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli S/14-1058 saylı məktubda deyilir ki, Bilgəh-Novxanı-Sumqayıt istiqamətində avtomobil yolunun layihələndirilməsi müxtəlif variantlar üzrə hazırlanmış və seçilmiş variantlara əsasən yolun layihələndirilməsi mərhələlər üzrə hissə-hissə həyata keçirilirdi. Sözü gedən yolun layihələndirilməsinə və tikintisinə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu üçün vəsait ayrılmadığından layihənin başa çatdırılması və müvafiq icra hakimiyyətləri orqanı ilə razılaşdırılması işləri sona çatdırılmamışdır. Bu səbəbdən sözügedən yolun layihə işlərinin başa çatdırılması, razılaşdırılması və tikinti işlərinin davam etdirilməsi üçün sərəncamla dövlət büdcəsindən vəsait ayrıldıqda məsələ öz həllini tapacaqdır. Həmçinin iş materiallarına əlavə edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş iddia ərizəsinə etirazdan, eyni zamanda məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsinin izahatından bəlli oldu ki, iddiaçının qeyd etdiyi ərazidə avtomobil yolunun tikintisi zamanı həmin avtomobil yolunun bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsus ərazidən keçdiyindən və SOCAR-ın buna etirazından sonra, Nazirlər Kabinetinin göstərişinə əsasən “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinə dəyişiklər edilmiş və avtomobil yolunun iddiaçının torpaq sahəsindən yan keçirməklə inşa ediləcəkdir. Göstərilənlərə əsasən hesab edir ki, nəzərdə tutulan “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisində” iddiaçının torpaq sahəsinə müdaxilə edilməyəcəyini, həmin torpağın dövlət ehtiyacları üçün alınmasının zəruri olmadığını nəzərə alaraq, iddiaçıya vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi əsassızdır. Qeyd edilən avtomobil yolunun tikintisi ilə bağlı iddia qaldırmış iddiaçının müraciət edildiyi halda müdaxilə olunan torpağda kultivasiya və bərpa işləri təmin ediləcəkdir. Deməli, cavabdeh təsdiq edir ki, ilk əvvəl Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yolun iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçməklə inşası nəzərdə tutulmuş, bu səbəbdən cavabdeh təşkilat tərəfindən torpağa müdaxilə edilərək qazma işləri aparılmışdır. Digər tərəfdən cavabdeh avtomobil yolunun tikintisi layihəsinin dəyişdirildiyini qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eləcə də, məhkəmə kollegiyası tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə iddiaçının nümayəndəsi ilə birlikdə əraziyə keçirilən yerli baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan 0,10807 ha və 0,1655 ha torpaq sahələri hasara alınmamış, həmin ərazidə qazıntı işləri aparılmaqla torpaq sahələri istifadəyə tam yararsız hala salınmışdır. Beləliklə də kollegiya hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətində mübahisələndirilsə də, iddiaçıya məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,27357 ha torpaq sahəsinin məhz ilkin təsdiq edilmiş layihəyə əsasən, yolun tikinti altına düşməsi və bu səbəbdən torpaq sahəsində qazma işlərinin aparılması iş materialları ilə sübuta yetirilir. Belə olan təqdirdə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh-Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən həmin Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Bu Qanunun 54-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Dövlət ehtiyacları ilə əlaqədar alınmayla bağlı olaraq mülkiyyətində olan əmlaklarından məhrum edilmiş şəxslərə həmin əmlaka görə kompensasiyanın ödənilməli olduğu İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququndan da irəli gəlir. Belə ki, «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» Konvensiyaya əlavə 1 saylı protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi X1rşı işdə (15711/13) qeyd etmişdir ki, Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququna müdaxilə zamanı mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunması təmin edilməlidir. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyrimütənasib müdaxilə deməkdir. Həmçinin Avropa Məhkəməsi Kozaçıoğlu Türkiyəyə qarşı işdə (2334/03) qeyd etmişdir ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Kompensasiyanın müəyyən edilməsi zamanı qiymətləndirmə sistemi ədalətli olmalıdır. Yuxarıda qeyd olunan müddəaların hazırki işə tətbiqinə münasibətdə iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətindən görünür ki, o, iddiaçıya ödənilməli olan kompensasiyanın məbləğini deyil, torpaq sahəsi qiymətləndirilərkən Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakının təmin edilməməsini mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası tərəfindən İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,1655 ha və 0.10807 ha torpaq sahələrinin (daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli və ******* nömrəli çıxarış) 2017-ci ilin iyun ayı üçün və hal-hazırda bazar qiymətinin nə qədər təşkil etməsi ilə əlaqədar mütəxəssis rəyinin alınması və rəy verilməsinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən ekspert və ya mütəxəssis cəlb edilməklə “X10” MMC-yə həvalə edilməsi qərara alınmışdır. Məhkəməyə daxil olmuş “X8” MMC-nin xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatı və müşayiətedici məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən, mülkiyyətdə olan 0.1655 ha və 0.10807 ha torpaq sahələrinin 2017-ci ilin iyun ayı üçün və hal-hazıradək bazar dəyərini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı hesablamalarda mütəxəssislər tərəfindən xüsusi olaraq əldə edilmiş daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarından, tikinti normalarından və hesablama düsturlarından istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən, mülkiyyətdə olan 0,1655 ha torpaq sahəsinin bazar dəyəri 2017-ci ilin iyun ayına bazar dəyəri 62.000 manat, hal-hazırda bazar dəyəri 55.000 manatdır. Eləcə də sahəsi 0,10807 ha torpaq sahəsinin bazar dəyəri 2017-ci il iyun ayına 40.500 manat, hal-hazırda bazar dəyəri isə 36.000 manatdır. Rəydən görünür ki, 2017-ci ilin iyun ayına torpaq sahəsinin x xxxx 3750 manat məbləğində hesablanmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx xxxxx 2019-cu il tarixli 3/09-2657 saylı məktubunda isə “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin 1 sotuna bütün əlavələr nəzərə alınmaqla 3000 manat kompensasiya ödənilməsi etiraf edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinə 20% əlavə də nəzərə alınmalıdır. Beləliklə də müəyyən olunur ki, iddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar müdaxilə baş versə də, bu zaman qanunvericiliyin tələblərinə riayət edilməmiş, alınmış sahənin əvəzində hal-hazıradək ədalətli kompensasiya ödənilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddiaçıya məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1655 ha və 0.10807 ha torpaq sahələrinin (ümumilikdə 0.2735 ha) hər sotu 3000 manatdan hesablanmaqla və məlum fərmana uyğun olaraq bazar qiyməti 20% əlavə edilməklə 97.200 manat (81.000(3000 x 27 sot)+ 16200 (81.000 x 20% = 16200) = 97.200) məbləğində iddiaçıya kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoymaqda haqlı olmuşdur. Dçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, torpaqların geri alınması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməməsi heç bir halda iddiaçının ziyanına şərh edilə bilməz. Başqa sözlə, bununla bağlı qanunvericiliyin tələblərinə tam riayət edilməsə də, torpağın geri alınması faktiki olaraq baş vermişdir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə riayət edilməməsində iddiaçının hər hansı təqsiri olmamışdır. Ona görə də, onun kompensasiya almaq hüququ faktiki müdaxiləni həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Beləliklə qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmişdir. Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillər isə qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Odur ki, hər iki apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin və 3-cü şəxsin apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(085)- 19/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar