Məhkəmə qərarları › İş №2-1(105)-5/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-5/2022

16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-5/2022 16.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2-1(085)- 132/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən, X5 mülkiyyətdə olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsini İddiaçı satmışdır.

2. İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra cavabdeh) 12.02.2018-ci il tarixdə ərizə ilə müraciət edərək 10 fevral 2018-ci il tarixli 4Ə-523 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə əldə etdiyi 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.

3. Cavabdeh 02.03.2018-ci il tarixli **********40 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq elektron kadastr baza məlumatlarına əsasən 05 fevral 2016-cı il tarixli **********20 reyestr nömrəli çıxarış və plan ölçüdən əldə etdiyi torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yeri ilə faktiki yeri arasında uyğunsuzluqların olduğu, torpaq sahəsinin natura quruluşunun və yerinin dəyişdirildiyi (2700) metr müəyyən edildiyindən iddiaçının müraciətinin icrasından imtina etmişdir.

4. İddiaçının 06 mart 2018-ci il tarixli müraciətinə əsasən, aldığı 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə 12.03.2018-ci il tarixdə RX seriyalı ******* nömrəli çıxarış verilmiş, lakin torpaq sahəsinin natura quruluşu və yeri dəyişdirildiyindən (2700 metr kənarda yerləşdiyindən) plan-ölçünün verilməsindən imtina edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Abşeron rayonu Saray qəsəbəsi ərazisində, 2018-ci il tarixdə fiziki şəxsdən 0.05 ha torpaq sahəsi alqı-satqı yolu ilə almışdır. Həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ tanınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 759 nömrəli reyestr kitabının 29-cu vərəqində dövlət qeydiyyatına alınaraq, həmin torpaq sahəsinə **********20 reyestr nömrəsi verilmiş və dövlət reyestrindən ********** qeydiyyat nömrəli və RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair sənədlə həmin sahəsinin faktiki sərhədləri arasında uyğunsuzluq aşkar səviyyədə bəlli olduğundan, iddiaçı həmin torpağa dair sənədlərə düzəliş edilərək yenidən torpağa dair çıxarışın və texniki sənədlərin verilməsi barədə cavabdehə ərizə ilə müraciət etməli olmuşdur. Həmin müraciətinə cavab olaraq cavabdeh tərəfindən 02.03.2018-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, qeyd olunan torpağa dair çıxarış və plan ölçüdə uyğunsuzluq var. Belə ki, əldə etdiyi torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə - faktiki yer arasında 2700 metr məsafədə uyğunsuzluq müəyyən edildiyindən, ərizənin icrası mümkünsüz olmuşdur. İddiaçının alqı-satqı nəticəsində aldığı 0,05 ha torpaq sahəsi onun faktiki sahibliyində və istifadəsində olsa da, sənəd üzərində həmin torpağın koordinatları cavabdeh tərəfindən texniki yanlışlığa yol verilərək səhv göstərilmişdir. Həmin səhvin aradan qaldırılması və torpaq sahəsinin plan və ölçü sənədində doğru qeyd edilərək ona təqdim edilməsi öhdəliyi isə məhz cavabdehin məsuliyyəti dairəsindədir.

7. Cavabdeh iddiaya dair 27.08.2018-ci il tarixli **********64 nömrəli etiraz məktubunda bildirmişdir ki, iddiaçını alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.05 ha torpaq sahəsinin naturadakı istifadə vəziyyəti dövlət qeydiyyatına alınmış torpaq sahəsindən 2700 metr kənarda yerləşir. Aparılan araşdırmadan belə müəyyən olunmuşdur ki, göstərilən torpaq sahələrinin sənəd üzrə yerləşmə vəziyyəti naturadakı yerləşmə vəziyyətinə uyğun gəlmir. Hesab edir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə dair sənədlərdə olan ölçülərlə, GPS mövqetəyinetmə cihazı vasitəsi ilə müəyyən edilmiş ölçülər arasında olan uyğunsuzluğun aradan qaldırılması üçün iddiaçı tərəfindən hər hansı mötəbər sübut işə əlavə edilməmiş və iddia ərizəsinə əsasən cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması hər hansı formada əsaslandırılmamışdır.

8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2019-cu il tarixli 2-1 (085)- 132/2019 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim V.Əzizova)

9. Həmin qərarla razılaşmayan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsindəki birinci icraat

10. Sumqayıt Apellyasiya məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 16 dekabr 2019-cu il tarixli 2-1(105)-650/2019 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 17 iyul 2019-cu il tarixli 2-1(085)-132/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır.

c) kassasiya instansiya məhkəməsindəki icraat

11. Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 16 dekabr 2019-cu il tarixli 2-1(105)-650/2019 nömrəli qərarından kassasiya şikayəti verilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2020ci il tarixli 2-1(102)-883/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 16 dekabr 2019-cu il tarixli 2-1(105)-650/2019 nömrəli qərarı ləğv edilmişdir.

13. Ali Məhkəmənin İnzibati Kollegiyası qərarını belə əsaslandırmışdır ki, İddianı təmin edən apelyasiya məhkəməsi mübahisənin yaranmasına səbəb olan halları ümumiyyətlə araşdırmamış, cavabdehdən mübahisəsi gedən torpaq sahəsinə dair ilkin sənədləri (dövlət aktı, çıxarış, plan-ölçü sənədi) tələb etməmiş, iddiaçıya satılan 0.05 ha torpaq sahəsinin hüdudlarına (döngə nöqtələrinin koordinatlarına, yerləşmə vəziyyətinə və s.) dair suala aydınlıq gətirməmişdir. Mübahisənin düzgün həlli üçün ilk növbədə alqı-satqı müqaviləsi üzrə iddiaçıya satılan torpaq sahəsinin hüdudları (sahənin bir hissəsi satıldığı halda – satılan və qalıq qalan sahələrin hüdudları) müəyyən edilməli, yalnız bundan sonra torpaq sahəsi üzərində hüququ qeydə alan inzibati orqanının hərəkətinin qanuniliyi yoxlanılmalıdır. Bunun üçün isə alğı-satqıya dair notariat işinin materialları tələb olunmalıdır. Sadalanan hüquqmüəyyənedici sənədlər tələb edilmədən apelyasiya instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmış, xüsusi bilik tələb edən sualların aydınlaşdırılması üçün ekspert rəyi zəruri olduğu halda, ekspertizanın keçirilməsini təmin etməmiş, bununla da işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.

16. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır.

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

18. Məhkəmə iclasında şahid qismində iştirak edən iddiaçının həyat yoldaşı X6 ifadəsində bildirmişdir ki, sözügedən torpaq sahəsini 7 il əvvəl almışdılar. Torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X5 həmin torpaq sahəsini iddiaçıya satmış, Tohid HAdiyevin atasi isə həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Bundan isə aldıqları torpaq sahəsinə hasar çəkmək istədikdə xəbərləri olmuşdur. Belə ki, torpaq sahəsini hasarlamağa başlayarakən bir nəfər tanımadıqları şəxs onlara yaxınlaşaraq torpaq sahəsini X2 atası tərəfindən ona satıldığnı bildirmiş və torpağı hasara almışdır. Həmin şəxs onlarda olan məlumata görə Rusiya Federasiyasının Tümen vilayətində yaşayır. Hazırda həmin torpaq sahəsi də faktiki olaraq iddiaçının istifadəsində deyildir. İddiaçı qeyd eidlən torpaq sahəsinə plan-ölçü sənədi almaq üçün cavabdehə müraciət etdikdə, sənəd üzrə torpaq sahəsi ilə faktiki sahə arasında 2700 m fərq olması səbəbindən imtina cavabı verilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarı.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017-ci il tarixli qərarı.

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-).

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

25. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edərək, iş materiallarını araşdırraraq və Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

27. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtinasını belə əsaslandırmışdır ki, Abşeron rayonu, Saray inzibati ərazisində torpaq islahatı ilə bağlı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə rəsmiləşdirilmiş 0.05 ha torpaq sahəsi 10.02.2018-ci il tarixdə alqı-satqı yolu ilə iddiaçıya satılmış, iddiaçı əldə etdiyi 0.05 ha torpaq sahəsinə dair yalnız daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilmiş, aldığı torpağın koordinatları ilə naturada istifadə etdiyi torpağın koordinatları arasında uyğunsuzluq olduğundan, torpağın yeri 2700 metr fərqlə dəyişdirildiyindən iddiaçıya plan-ölçü sənədinin verilməsi mümkün olmamışıdr. İddiaçı, cavabdehin imtinası ilə razılaşmayaraq, hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və tələbinin əsası kimi sənəd üzərində torpağın koordinatlarının cavabdeh tərəfindən texniki yanlışlığa yol verilərək səhv vurulduğunu qeyd etmişdir.

28. İşdən görünür ki, birinci instansiya məhkəməsi 31 avqust 2018-ci il tarixli, 2- 1(85)-2408/2018 saylı qərardadla Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis cəlb edilməklə məhkəmə-tikinti-texniki ekspertizası keçirilməsini qərara almış, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi tərəfindən **********22 saylı, 24 aprel 2019-cu il tarixli mütəxəssis rəyi verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi həmin mütəxəssis rəyi əsasında ekspert rəyinin verilməsi üçün rəyi iş materialları ilə birlikdə məhkəmə ekspertiza mərkəzinə göndərməmiş, bununla da ekspertizanın təyin edilməsinə dair məhkəmənin qərardadı icra edilmədən qalmış, prosessual qanunvericiliyin normaları pozmuşdur.

29. Həmin mütəxəssis rəyində qeyd edilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, Abşeron rayonu Saray inzibati ərazisində torpaq islahatı ilə bağlı keçmiş DT və XK tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə rəsmiləşdirilmiş torpaq sahələri sonradan mülkiyyətçilər tərəfindən notarial qaydada kiçik ölçülərdə satılmış və torpağı əldə edənlərin adına daşınmaz əmlakın dövlət reyetsrindən çıxarışlar verilmişdir. həmin çıxarışlarda torpağın məqsədli təyinatının kənd təsərrüfatı təyinatlı olduğu göstərilməsin baxmayaraq, orada torpaq mülkiyyətçiləri tərəfindən sonradan təyinatına zidd olaraq yaşayış evləri və tikililər inşa edilmişdir. Bu səbəbdən torpaq sahələrinin sərhədlərinin naturada müəyyən edilməsi mümkün olmamışdır.

30. Bununla bağlı Ali Məhkəmənin qərarda əks edilmiş göstərişində deyilir ki, təkrar apellyasiya baxışı zamanı torpaq sahəsinin ilkin koordinatlarını özündə əks etdirən Dövlət Aktı və iddiaçıya satılan torpağın koordinatları ilə bağlı alqı-satqıya dair notariat işi tələb edilməklə ekspertizanın keçirilməsi və aşağıdakı halların aydınlaşdırılması təmin edilməli və yalnız bundan sonra iddia tələbinə hüquqi qiymət verilməlidir.1. iddiaçıya satılan torpaq sahəsinin koordinatları ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşmədiyi; 2. torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yerlə faktiki yer arasında uyğunsuzluq olduğu təqdirdə sənəd üzrə torpaq sahəsinin faktiki vəziyyəti ( naturada mövcud olubolmaması, həmin torpaq sahəsinin başqa şəxsin istifadəsində olub-olmaması); 3. iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin başqa şəxslərin adına hüquqi qeydiyyatdan keçib-keçməməsi; 4. Mübahisəsi gedən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan koordinatlarının cavabdeh tərəfindən işlənilməsi zamanı iddiaçının qeyd etdiyi kimi texniki səhvə yol verilibverilməməsi.

31. Ali Məhkəmənin sözügedən göstərişlərini rəhbər tutaraq işə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyası tərəfindən Sumqayıt “Asan xidmət” mərkəzinə sorğu edilərək, X5 ilə iddiaçı arasında 11 fevral 2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair qovluğun təsdiq edilmiş surəti, həmçinin mübahisəsi gedən torpaq sahəsinə dair arxiv əsasları tələb edilərək baxış keçirilmişdir.

32. Sorğuya cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, Abşeron rayon Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi 08.04.2015-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, X8 mülkiyyətində olmuş, onun adına həmin torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Anar Əsədov qeyd edilən torpaq sahəsini 18.01.2016-cı il tarixdə alqı-satqı yolu ilə X3, sonuncu isə 10.02.2018-ci ildə hazırkı iş üzrə iddiaçıya satmışdır. İddiaçı sözügedən torpaq sahəsinə 12.03.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış almış, plan-ölçü sənədi isə cavabdeh tərəfindən tərtib edilməmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, X5 mülkiyyətində olan torpaq sahəsini iddiaçıya alqı-satqı edərkən onun adına plan-ölçü sənədi tərtib edilməmişdir.

33. Bu səbəbdən də, məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişinə uyğun olaraq, mübahisəli torpaq sahəsinin naturada yerinin, faktiki sahəsinin və statusunun müəyyən edilməsi ilə əlaqədar məhkəməyə texniki köməyin göstərilməsi və rəy verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə X8 mülkiyyətində olduğu zaman torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçüdəki koordinatlar əsas götürülməklə aşağıdakı suallar barədə rəy verilməsini xahiş etmişdir:

1. Abşeron rayon Saray qəsəbəsində yerləşən X8 mülkiyyətində olmuş, hazırda alqısatqı yolu ilə İddiaçı satılan 0,05 ha torpaq sahəsinin koordinatları ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üst-üstə düşürmü?

2. Torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yerlə faktiki yer arasında uyğunsuzluq olduğu təqdirdə sənəd üzrə torpaq sahəsinin faktiki vəziyyəti -naturada mövcud olubolmaması, həmin torpaq sahəsinin başqa şəxsin istifadəsində olub-olmaması müəyyən edilsin.

3. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi başqa şəxslərin adına hüquqi qeydiyyatdan keçmişdirmi?

34. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əməkdaşları tərəfindən tədqiqat obyektinə baxış keçirilərək, mütəxəssis rəyinin hazırlanmasını təmin etsə də, mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc barədə smeta təqdim edərək, xidmət haqqı ödənildiyi təqdirdə rəyin təqdim ediləcəyini bildirmişdir.

35. İddiaçıya bununla əlaqədar məktub ünvanlayaraq xidmət haqqını ödəmək təklif edilsə də, sonuncu ödənişi həyata keçirməmiş, həmçinin məhkəmə iclaslarında iştirak etməmişdir.

36. Belə olan təqdirdə məhkəmə kollegiyası mütəxəssis rəyi olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün saymışdır.

37. Mütəxəssis tərəfindən rəyin təqdim edilməsi mümkün olmasa da, cavabdeh inzibati orqan 22.07.2021-ci il tarixli **********98 nömrəli məktubu ilə mütəxəssis qarşısında qoyulan sualları aşağıdakı qaydada cavablandırmışdır: 1) Abşeron rayonu Saray qəsəbəsində yerləşən X8 mülkiyətində olmuş, hazırda alqısatqı yolu ilə iddiaçıya satılan 0,05 ha torpaq sahəsi ilə plan ölçüsündəki koordinatlar arasında 2700 m fərq var; 2) torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer başqa şəxs və ya şəxslər tərəfindən daş hasarla hasarlanıb və istifadə olunur; 3) iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə dair idarənin elektron kadastr bazasında məlumat aşkarlanmamışdır, sözügedən torpaq sahəsi mübahisəlidir.

38. Məhkəmə kollegiyası tərəfindən cavabdehin səlahiyyətli nümayəndəsi X4 və cavabdeh inzibati orqanın iexniki inventarlaşdırma və ölçmə işlərinin aparılması sektorunun yerquruluşu üzrə texniki X7 iştirakı ilə mübahisəli torpaq sahəsinə 11.03.2022ci il tarixdə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda naturada iddia etdiyi və plan-ölçü sənədinin verilməsini tələb etdiyi torpaq sahəsinin koordinatları ilə ilkin mülkiyyətçi X8 adına tərtib edilmiş plan-ölçü sənədindəki koordinatlar ümumiyyətlə üst-üstə düşmür. İddiaçının naturada iddia etdiyi torpaq sahəsi başqa şəxs tərəfindən daşla hasarlanmış, faktiki olaraq iddiaçının istifadəsində deyildir. Məhkəmə iclasında dindirilmiş sahid də ifadəsində qeyd edilən xüsusatı təsdiq edərək, naturada istifadə etdikləri torpaq sahəsinin başqa şəxs tərəfindən hasarlandığını bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən yerli baxış zamanı həmçinin iddiaçının alqısatqı müqaviləsinə əsasən aldığı və hazırda xüsusi mülkiyyətində olan torpaq sahəsinin plan-ölçü sənədindəki döngə nöqtələrinin koordinatları düşən əraziyə də baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, həqiqətən də, cavabdeh inzibati orqanın bildirdiyi kimi, sənəd üzrə torpaq sahəsi ilə iddiaçının faktiki istifad etdiyini iddia etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında 2700 metr fərq vardır. Torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yerdə isə yaşayış evinin və mağazanın yerləşdiyi, həmçinin torpağın bir hissəsindən yol kimi istifadə edildiyi müəyyən edilmişdir. Bundan əlavə yerində müayinədə iştirak edən texnik kollegiyanın sualına cavab olaraq baxış keçirilən ərazilərdə 2700 metrədək fərqin yaranmasına səbəb olan biləcək torpaq sürüşməsinin baş vermədiyini bildirmişdir.

39. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçının naturada iddia etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları alqı-satqı müqaviləsinə əsasən aldığı və hazırda mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyindən, sənəd üzrə torpaq sahəsindən 2700 metr məsafədə yerləşdiyindən, bundan əlavə iddia edilən torpaq sahəsinin özü belə iddiaçının faktiki istifadəsində olmadığından cavabdeh inzibati orqan imtina cavabı verməkdə haqlı olmuşdur.

40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.

41. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

42. Bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir.

43. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür.

44. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri).

45. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

46. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 2-1(085)-132/2019 nömrəli qərarı tam ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar