Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-5/2023 27.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və cavabdeh Şamaxı rayon Məlhəm Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Şamaxı rayon Məlhəm Bələdiyyəsinə qarşı Şamaxı rayon Əngəxaran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 12 saylı qərarın etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(118)-98/2021 nömrəli qərarından cavabdeh Şamaxı rayon Məlhəm Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Şamaxı rayon Məlhəm Bələdiyyəsinə qarşı Şamaxı rayon Əngəxaran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 12 saylı qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şamaxı rayon Əngəxaran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 12 saylı qərarın etibarsız hesab olunması və 1,0 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilçəsi barədə ərizə verərək Şamaxı rayon Əngəxaran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 12 saylı qərarın etibarsız hesab olunması barədə qərar çıxarılmasnı məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məlhəm (keçmiş Əngəxaran) bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 17 saylı qərarı ilə onun mülkiyyətinə 0,90 ha tikinti, 6,9 ha kənd təsərrüfatı məqsədilə, ümumilikdə 7,80 ha torpaq sahəsi satılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2-1(85)-191/2019 saylı qərarı ilə həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Lakin qərarın icrası zamanı cavabdeh DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsi sözügedən torpaq sahəsinin yalnız 6,80 ha hissəsinin üzərində onun mülkiyyət hüququnu qeydə almış və bildirmişdir ki, qalan 1,0 ha torpaq sahəsinə keçmiş DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən başqa şəxsin, yəni X7 adına 378649 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi işləndiyinə görə həmin hissədə qərarın icrası mümkün deyildir. Ona məlum olmuşdur ki, 1,0 ha torpaq sahəsinin plan və ölçü sənədi Şamaxı rayon Əngəxaran bələdiyyəsinin 26 dekabr 2006-cı il tarixli 12 saylı saxta qərarına əsasən işlənilmişdir. 7,80 ha torpaq sahəsi 1991-ci ildən, yəni bələdiyyə tərəfindən ona satılmamışdan əvvəl də onun icarəsində olmuşdur. Buna baxmayaraq həmin ərazinin 1,0 ha hissəsi saxta yolla X7 adına sənədləşdirilmişdir. Cavabdeh Şamaxı rayon Məlhəm Bələdiyyəsi iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ləğv edilmiş Əngəxaran bələdiyyəsi tərəfindən tikinti məqsədi üçün 0.9 ha və kənd təsərrüfatı məqsədi üçün isə 6.1 ha olmaqla cəmi 7.0 ha torpaq sahəsi 20 dekabr 2006-cı il tarixli 17 saylı qərarla verilmişdir. Lakin Milli Arxiv idarəsinin Şamaxı filialından əldə edilmiş sənəddə İddiaçı ayrılmış torpaq sahəsinin 7.8 ha torpaq sahəsinin ayrılması müəyyən edilmişdir. Məhkəmə çəkişmələri zamanı iddiaçının özündə olan sənədlə arxivdən verilmiş sənədlər arasındakı ziddiyətlər tam araşdırılmamışdır. İddiaçının ilkin sənədlərində olan ölçülər faktiki olaraq tikinti məqsədi üçün 0.9 ha, kənd təsərrüfatı məqsədi üçün 6.1 ha olmaqla cəmi 7 ha təşkil edir, hansı ki, həmin torpaq sahələri ümumi istifadədə olduğu üçün özgəninkiləşdirilə bilməzdi. İddiaçının əldə eldiyi torpaq sahəsinə dair sənədlərin qeyri-qanuni olması məlum olur. Hal-hazırda iddiaçının iddia etdiyi 1,0 ha torpaq sahəsinin X8 adına 378649 nömrəli kadastr planı işlənilmiş, mövcud bazada onun mülkiyyətindədir və ona görə də həmin torpaq sahəsinin iddiaçının adına rəsmişləşdirilməsindən imtina olunmuşdur. İddiaçıya və həmçinin X9 verilmiş qərarların tarixlərində yaranmış fərqlər ziddiyət təşkil edir və buradan da hər iki qərarın qeyri-qanuni olması məlum olur. Sumqayıt İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(118)-98/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək Şamaxı rayon Məlhəm (keçmiş Əngəxaran) bələdiyyəsinin X10 1000 kv.m. torpaq sahəsinin satılmasına dair xx.xx.2006-cı il tarixli 12 saylı qərarı etibarsız hesab edilmişdir (hakim Vəfa Əzizova). Qərardan narazı qalan cavabdeh Şamaxı rayon Məlhəm Bələdiyyəsi apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(118)- 98/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelllyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2-1(105)-30/2022 nömrəli qərardadı ilə inzibati iş üzrə vəfat etmiş 3-cü şəxs X7 hüquqi varisləri kimi həyat yolaşı X13, övladları X14, X15, X16 və X11 işdə iştirak etməyə cəlb olunmuşlar. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli, 2-1(105)-30/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə məhkəmə icraatına Şamaxı rayon Məlhəm bələdiyyəsi üçüncü şəxs qismində cəlb olunduğundan həmin işə mahiyyəti üzrə baxılaraq mübahisə həll edilənə kimi hazırkı apellyasiya şikayəti üzrə icraat dayandırılmışdır. Sonradan Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(85)- 191/2019 nömrəli qərardadı ilə Şamaxı rayon Məlhəm Bələdiyyəsinin inzibati iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi təmin edilməmişdir (hakim İslam Quliyev). Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(105)-138/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(85)-191/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Hökümə Babayeva, hakimlər Zahid Məmmədov və Fuad Məmmədov). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1102/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərardadı ilə Şamaxı rayon Məlhəm (keçmiş Əngəxaran) bələdiyyəsinin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(105)-138/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Rahib Nəbizadə, hakimlər Səyyad Kərimov və Zakir Quliyev). Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(105)-5/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Şamaxı rayon Məlhəm Bələdiyyəsinə qarşı Şamaxı rayon Əngəxaran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006cı il tarixli 12 saylı qərarın etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə icraat təzələnmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı M.X5 tərəfindən xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə X10 ayrılmış torpaq sahəsinə dair qərarın ləğv edilməsini iddia edir. Həmin torpaq sahəsi X8 adına 378649 nömrəli kadastr planına işlənilmişdir və mövcud bazada onun mülkiyyətindədir. İddiaçı verilmiş Şamaxı rayon Əngəxaran bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 17 saylı qərarı ilə V.Nuriyevə verilmiş 26 dekabr 2006-cı il tarixli 12 saylı qərar arasındakı sıra nömrələrində yaranmış zidiyyətləri keçmiş bələdiyyə sədri və üzvləri məhkəməyə dəvət edilərək araşdırılmamış və qərarların qanunauyğunluğu müəyyən edilməmişdir. İddiaçının mübahisəli torpaq sahəsindən 1 ha torpaq sahəsinə iddia etməsinə baxmayaraq yuxarıda qeyd olunan məhkəmənin qərarının nəticə hissəsində isə 1000 kv.m. torpaq sahəsinin satılmasına dair xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı qərarının etibarsız hesab edilməsi göstərilmişdir. Bununla da ölçülərdə zidiyyətlər yaranmışdır. Mübahisəli torpaq sahəsinin təyinatını və eləcə də alqı-satqı predmeti olub-olmamasını müəyyən etmək məqsədilə məhkəməyə müxətəssis dəvət edilməmişdir. Hansı ki, həmin torpaq sahəsi ləğv edilmiş X4 Mülkiyyət Hüququna dair kod: 41001038 JN-01-1 nömrəli Dövlət Aktına əsasən ümumi istifadədə olan örüş sahəsidir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Şamaxı rayon Məlhəm Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (işin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Şamaxı rayonu Əngəxaran bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 17 saylı qərarından görünür ki, Şamaxı rayonu Əngəxaran bələdiyyəsi prespektiv inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı (yararsız) torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı tikinti məqsədi üçün 0,9 ha, kənd təsərrüfatı məqsədi üçün 6.1 ha, cəmi 7.0 ha torpaq sahəsinin satılması barədə DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması qərar alınmışdır. İş materiallarında olan DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şamaxı rayonu Əngəxaran bələdiyyəsinin qərarı ilə İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsinin normativ qiyməti 1276 manat təşkil edir və torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. İş materiallarında olan Şamaxı rayon Əngəxaran bələdiyyəsinin 994194 nömrəli kassa-mədaxil qəbzindən görünür ki, İddiaçı bələdiyyənin hesabına torpaq alqı-satqısı üçün 1276 manat pul ödəmişdir. İş materiallarında olan 13 noyabr 2019-cu il tarixli **********64, **********63 və **********5 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrdən çıxarışlardan görünür ki, Şamaxı rayonu Əngəxaran kəndi ərazisində 1,02 ha, 0,90 ha və 4,88 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş A № 017020 nömrəli torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd Şamaxı rayonu Əngəxaran bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı əsasında turizm məqsədi ilə X2 10.000 kv.m. torpaq sahəsinə dair tərtib edilmişdir. İş materiallarında olan torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli aktdan görünür ki, həmin akt Şamaxı rayonu Əngəxaran bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 17 saylı qərarı ilə İddiaçı Abbasqulu qızına satılmış 7.0 ha torpaq sahəsinə dair tərtib edilmişdir. İş materiallarında olan DTXK-nin Şamaxı rayon şöbəsinin xx.xx.2006-ci il tarixli rəyindən görünür ki, İddiaçı fərdi tikinti məqsədi üçün 0,9 ha, kənd təsərrüfatı məqsədi ilə satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına az yararlı/şərti yararsız/olmaqla alqı-satqı predmetidir və İddiaçı satılması məqsədəmüvafiqdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən X17 filialı tərəfindən verilmiş cavab məktubuna əlavə edilmiş Əngəxaran bələdiyyəsinin 20 dekabr 2006-cı il iclas protokolundan görünür ki, bələdiyyə iclasının qərarına əsasən ərizə ilə müraciət etmiş vətəndaşlara, o cümlədən İddiaçı 7.80 ha həyətyanı və kənd təsərrüfatı üçün torpaq sahələri verilmişdir. Həmin iclas protokolundan görünür ki, X19 icarəsində olan torpaq sahəsini bələdiyyəyə qaytarmışdır. İddiaçı Abbasqulu qızı isə həmin 10 ha icarədə olan torpaq sahəsinin bir qisminin özəlləşdirilməsi üçün bələdiyyəyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, X7 adına idarənin arxivində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı Abbasqulu qızının istifadəsində olan orpaq sahəsinin 1.0 ha hissəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən başqa şəxsin adına torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmişdir. Bu səbəbdən X3 notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi əsasında Şamaxı rayon Əngəxaran Bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 17 saylı qərarı ilə onun mülkiyyətinə satılmış 7.80 ha torpaq sahəsinin yalnız 6.80 ha hissəsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin yeri ilə bağlı mübahisə məhkəmə qaydasında həll olunandan sonra, yerdə qalan 1.0 ha torpaq sahəsinin üzərində İddiaçı Abbasqulu qızının mülkiyyət hüququnun qeydiyyata alınması təmin olunacaqdır. Məhkəmə kollegiyasında aparılmış araşdırması zamanı müəyyən edildi ki, Şamaxı rayon Məlhəm (keçmiş Əngəxaran) bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 17 saylı qərarı ilə 0,90 ha tikinti, eləcə də 6,9 ha kənd təsərrüfatı məqsədilə, ümumilikdə 7,80 ha torpaq sahəsi İddiaçı Abbasqulu qızına satılmış və Şamaxı rayon Əngəxaran bələdiyyəsinin 994194 nömrəli kassa-mədaxil qəbzinə əsasən İddiaçı bələdiyyənin hesabına həmin torpaq sahəsinin alqı-satqısı üçün 1276 manat pul ödənmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2-1(85)-191/2019 saylı qərarı ilə həmin torpaq sahəsinin üzərində İddiaçı Abbasqulu qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulsa da, qərarın icrası zamanı cavabdeh DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsi sözügedən torpaq sahəsinin yalnız 6,80 ha hissəsinin üzərində İddiaçı Abbasqulu qızının mülkiyyət hüququnu qeydə almış, qalan 1,0 ha torpaq sahəsinə keçmiş DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən X7 adına 378649 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi işləndiyinə görə həmin hissədə qərarın icrası mümkün olmamışdır. Məhkəmə kollegiyasında aparılmış araşdırması zamanı həmçinin müəyyən edildi ki, Şamaxı rayon Əngəxaran Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə 1,0 ha torpaq sahəsinin plan və ölçü sənədi X7 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3cü bəndində göstərilir ki, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə bələdiyyə mülkiyyətini bələdiyyələr idarə edirlər və bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə ısasnda həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəlilklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 13-1-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alqı-satqı qaydasında verilir. Həmin Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı qaydaları»na Əlavədə torpaqların alqısatqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan ölçüsündən Şamaxı rayon Məlhəm (keçmiş Əngəxaran) bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı ilə 10.000 kv.m. torpaq sahəsinin X10 verilməsi qeyd edilsə də, Şamaxı rayon Məlhəm (keçmiş Əngəxaran) bələdiyyəsi tərəfindən 10.000 kv.m. torpaq sahəsinin X10 verilməsinə dair 26 dekabr 2006-cı il tarixli 12 saylı bələdiyyə qərar, alqı-satqı aktı, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair sənədlər məhkəməyə təqdim olunmamış, həmin qərar və onun verilməsinə əsas olmuş sənədlərin təqdim olunması üçün Şamaxı rayon Məlhəm (keçmiş Əngəxaran) bələdiyyəsinə və Şamaxı rayon Dövlət Arxivinə sorğular verilsə də, bununla bağlı hər hansı sənəd aşkar edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Şamaxı rayon Məlhəm (keçmiş Əngəxaran) bələdiyyəsi tərəfindən torpaq sahəsinin İddiaçı satılması bavrədə qərarın tarixi 20 dekabr 2006-cı il, sıra nömrəsi 17 olmasına baxmayaraq, X7 adına tərtib olunmuş plan və ölçü sənədində Şamaxı rayon Məlhəm (keçmiş Əngəxaran) bələdiyyəsi tərəfindən 10.000 kv.m. torpaq sahəsinin X1 barədə qərarın tarixi 20 dekabr 2006-cı il sıra nömrəsi 12 göstərilmişdir. Halbuki, həqiqətən həmin tarixdə X10 torpaq sahəsinin satılması barədə bələdiyyə qərarı verilmiş olsaydı, həmin qərarın sıra nömrəsi “17”-dən sonra olmalı idi. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, cavabdeh apellyasiya şikayətində həmin torpaq sahəsinin X8 adına 378649 nömrəli kadastr planına işlənildiyini və mövcud bazada onun mülkiyyətində olduğunu bildirsə də, məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubundan X7 adına idarənin arxivində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilmədiyini bildilmiş, eləcə də həmin plan və ölçü sənədindən başqa bələdiyyədə, arxivdə və daşınmaz əmlakın dövlət reyestri orqanında hər hansı sənəd aşkar edilməmişdir. Əksinə olaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2-1(085)-191/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Şamaxı rayon Əngəxaran bələdiyyəsinin 17 saylı, 20 dekabr 2006-cı il tarixli qərarı əsasında iddiaçıya ayrılmış 7,8 ha torpaq sahəsi üzərində İddiaçı Abbasqulu qızının həmin qərara uyğun olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmuş və həmin qərar qanuni qüvvəsini almışdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Şamaxı rayon Məlhəm (keçmiş Əngəxaran) bələdiyyəsinin X10 10.000 kv.m. torpaq sahəsinin satılmasına dair xx.xx.2006-cı il tarixli 12 saylı qərarı qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası, eyni zamanda nəzərə alır ki, Şamaxı rayon Məlhəm (keçmiş Əngəxaran) bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı ilə X10 10.000 kv.m. torpaq sahəsinin satılsa da, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsinin mətnində “1.000 kv.m.” sözləri qeyd edilərək aşkar yazı səhvinə yol verilmişdir. Lakin həmin yanlışlıq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin düzgünlüyünə təsir etmir. Belə olan halda yanlışlıq İPM-in 76.1-ci maddəsinə əsasən aradan qaldırılmalı, qərarın mətnində “1.000 kv.m.” sözləri “10.000 kv.m.” sözləri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Şamaxı rayon Məlhəm Bələdiyyəsi tərəfindən verilən apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(118)-98/2021 nömrəli qərarı (formal xəta aradan qaldırılmaqla) dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-5/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-5/2023
27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver