Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-50/2021 16.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxs 1 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2020-ci il tarixli 2-1(118)-73/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 01.09.1976-cı il tarixdən 27.06.1977-ci il tarixədək texniki peşə məktəbində təhsil aldığı və 01.07.1977-ci ildən 25.08.2008-ci ilə kimi xxxx Fabrikində işlədiyi müddətin, ümumilikdə 31 il 11 ay 14 günün sığorta stajı kimi nəzərə alınmaqla ona 20.03.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini və ödənilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-il tarixdə anadan olmuşdur. 01.09.1976-cı il tarixdən 27.06.1977-ci il tarixədək texniki peşə məktəbində təhsil almış, əmək fəaliyyətinə 01.07.1977-ci ildən başlamışdır. 01.07.1977-ci ildən 25.08.2008-ci ilə kimi xxxx Fabrikində işləmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 13.10.1997-ci il tarixli 818 saylı sərəncamı ilə xxxx Fabriki “xxxx” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. O, həmin fabrikdə əmək fəaliyyətini davam etdirmişdir. Onun texniki peşə təhsil müddəti də daxil olmaqla ümumilikdə 31 il 11 ay 14 gün iş stajı var. ”Əmək pensiyaları haqqında” Qanuna əsasən 20.03.2019-cu il tarixdən onun yaşa görə əmək pensiyası hüququ vardır. Bununla əlaqədar olaraq, cavabdehə ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsi 21.05.2019-cu il tarixli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan 01.07.1977-ci il tarixdən 01.07.1999-cu il tarixədək sosial sığorta stajı nəzərə alınmışdır. Əmək kitabçasında qeyd olunan 01.07.1999-cu il tarixdən 25.08.2008-ci il tarixədək sığorta stajı iddiaçının qeyd olunan dövrlərdə ödənişsiz məzuniyyətdə olması səbəbindən sığorta stajı kimi hesablanması mümkün olmamışdır. İddiaçının 01.09.1976-cı ildən 27.06.1977-ci ilədək təhsil aldığı dövrlər sığorta stajına daxil edildikdə tələb olunan 25 ilə qarşı ümumi sığorta stajı 22 il 09 ay təşkil edir. Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2-1(118)-73/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2-1(105)399/2020 saylı qərardadı ilə cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxs 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsi mübahisənin həllində maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən, 01.07.1977-ci il tarixdən 01.07.1999-cu il tarixədək olan dövr cavabdeh tərəfindən mübahisələndirilməyərək sosial sığorta stajına daxil edilmişdir. Sığorta stajına daxil edilməyən müddət 01.07.1999-cu il tarixdən 25.08.2008-ci il tarixədək olan dövrdür. Səbəb isə həmin müddətdə şəxsin öz hesabına ödənişsiz məzuniyyətdə olması və məcburi dövlət sosial sığorta haqqının ödənilməməsidir. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun müddəalarından göründüyü kimi pensiya təyin olunarkən iş illərinin sığorta stajına daxil edilməsi məcburi dövlət sosial sığorta stajının ödənilməsi ilə şərtlənir. Birinci instansiya məhkəməsinin əsas dəlili ondan ibarətdir ki, Əmək məcəlləsinin 111-ci maddəsində işçinin məzuniyyətdə olduğu müddət əmək stajına daxil edilir. Halbuki, Ali Məhkəmənin 2-1(102)-853/2020 saylı qərarından da göründüyü kimi, məhkəmənin istinad etdiyi normalarda təsbit olunanlar həmin qanunların məqsədlərinə cavab versə də, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Normaların məzmunundan aydın olur ki, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən-İddiaçı 01.01.2006-25.08.2008-ci illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi hissəsində birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, bu hissədə iddia tələbi rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda. xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun: - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Hazırkı işin hallarından görünür ki, iddiaçı pensiya təyini üçün qanunla müəyyən edilmiş (61) yaş həddinə çatmış, 25 ildən artıq sığorta stajı olduğunu nəzərə alaraq pensiyanın təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçının 01.07.1999-cu ildən 25.08.2008-ci ilədək ödənişsiz məzuniyyətdə olması səbəbindən həmin dövrləri staja daxil etməmişdir. Həmin müddət nəzərə alınmadığından ümumi sığorta stajı 25 ildən az olmuş, iddiaçının topladığı pensiya kapitalı isə tələb edilən miqdarda olmadığından iddiaçıya pensiyanın təyinindən imtina edilmişdir. İşə baxan məhkəmə iddianı təmin etmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, hazırkı iş üzrə mübahisəli məsələ 1976-1977-ci illərdə təhsillə bağlı, 1977-2008-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh isə apelyasiya şikayətində bu mövqeyi o əsasla mübahisələndirmişdir ki, iddiaçının 01.07.1999-cu ildən 25.08.2008-ci ilədək ödənişsiz məzuniyyətdə olması səbəbindən həmin dövrlərin iddiaçıya sığorta stajı kimi hesablanması qanunvericiliklə mümkün deyildir. Beləliklə işin mübahisə edilən məqamı 01.07.1999-25.08.2008-ci illərin sığorta stajına daxil edilməsidir. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının 01.07.1999-01.01.2006-cı ilədək işlədiyi dövrlə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İş materiallarında olan, iddiaçının adına açılmış əmək kitabçasından görünür ki, 01.07.1977-ci il tarixdən 25.08.2008-ci il tarixədək xxxx Fabrikində işləmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 19.10.2020-ci il tarixli aktdan, həmçinin məhkəmə kollegiyasının sorğusuna cavab olaraq “xxxx” ASC tərəfindən məhkəməyə ünvanlanmış 0/15 saylı 19.02.2021-ci il tarixli məktubdan və məktuba əlavə edilmiş T-2 şəxsi vərəqə, eləcə də, 1995-1998 və 2001-ci ilin əmək haqqı sənədlərin surətindən görünür ki, İddiaçı “xxxx” fabrikində 01.07.1977-ci il tarixində işə qəbul olunub, 25.08.2008-ci il tarixində öz xahişi ilə işdən azad olunub. Şəxsi vərəqə T-2 sənədinə əsasən 06.03.1997-ci il tarixli 44 saylı əmrə əsasən sonuncu dəfə 1994/1995-ci ilin 03.03.1997-03.04.1997-ci il tarixində növbəti məzuniyyətdə olmuşdur. Lakin T-2 şəxsi vərəqədə (03.03.1997-03.04.1995) tarixlərində mexaniki səhvə yol verilib. 08.01.1998-ci il tarixli 04 saylı əmrə əsasən 12.01.1998-01.05.1998-ci ilədək, 28.10.1998-ci il tarixli 89 saylı əmrə əsasən 01.11.1998-15.04.2001-ci ilədək, həmçinin 15.04.2001-25.08.2008-ci il tarixinədək öz hesabına məzuniyyətdə olmuşdur. Sənədlər Kadrlar şöbəsindən Mühasibatlıq şöbəsinə köçürüldüyünə görə sənədin birini (1998-ci ilin direktorun verdiyi ümumi əmrlər kitabını) tapa bilməmişlər. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 13.10.1997-ci il tarixli 818 saylı sərəncamı ilə “xxxx” fabriki “xxxx” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir və 2005-ci il tarixindən İdarə Heyəti sədri dəyişilmişdir. Eyni zamanda “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 17.03.2021-ci il tarixli 0/22 saylı arayışından görünür ki, müəssisə 1993-1997-ci illərdə fasilələrlə işləmiş, 1998-2001-ci ilə qədər dayanmış, yenidən 2001-2004-cü illərdə fasilələrlə işləmiş, 2005-ci ildən istehsal fəaliyyətini tamamilə dayandırmış və bu günə qədər fəaliyyətsizdir. Beləliklə müəyyən edilir ki, həqiqətən də, cavabdehin mübahisələndirdiyi dövrlərlə müəssisədə istehsal fəaliyyətinin dayandırılması ilə əlaqədar bütün işçilər, o cümlədən iddiaçı öz hesabına məzuniyyətdə olmuşdur. Kollegiya hesab edir ki, iddiaçı müəssisənin təqsiri uzun müddət üzündən öz hesabına məzuniyyətdə olduğundan, həmin illərdə başqa işəgötürənlə əmək müqaviləsi bağlayaraq işləmədiyindən, 01.01.2006-cı il tarixədək ödənişsiz məzuniyyətdə olduğu müddət onun sığorta stajına hesablanmaya bilməz. Belə ki, Əmək Məcəlləsinin: - 111-ci maddəsinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. - 128-ci maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. - 129-cu maddəsinə əsasən, ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Göründüyü kimi, 128-ci maddədə sadalanan hallarda işçilərə müddəti 06 aydan çox olmayaraq işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə ödənişsiz məzuniyyət verilə bilər. Hazırkı işin hallarından isə görünür ki, 128-ci maddədə sadalanan hallardan heç biri baş verməmiş, ümumilikdə müəssisənin istehsal fəaliyyətinin dayandırılması ilə əlaqədar bütün işçilər, o cümlədən iddiaçı 08.01.1998-ci ildən etibarən öz hesabına məzuniyyətdə olmuşdur. Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Beləliklə, əmək qanunvericiliyinin sadalanan müddəalarını nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı işəgötürənin təqsiri üzündən müəssisədə istehsalın və işin dayandırılması ilə əlaqədar olaraq qrup halında ödənişsiz məzuniyyətdə olduğundan 01.01.2006-cı il tarixədək olan müddət iddiaçının sığorta stajına hesablanmalıdır. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X5) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” da "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçının işlədiyi dövrün bir hissəsi həmin qanun qüvvəyə minənədək olan dövrdə olmuşdur. (01.07.1977-ci ildən 01.01.2006-cı ilədək) Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının 01.07.1977-ci ildən 01.01.2006-ci ilədək işlədiyi dövr pensiya təyinatına əsas verən ümumi iş stajına daxil edilməlidir. Belə olduğu təqdirdə isə kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 01.07.1977-ci ildən 01.01.2006-ci ilədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini tələb etməkdə haqlı olmuş və işə baxan məhkəmə həmin dövrləri sosial sığorta stajına daxil etməklə pensiya təyin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işdən görünür ki, 01.01.2006-cı il tarixədək olan müddət sığorta stajına daxil edildiyi təqdirdə iddiaçının 25 ildən artıq sığorta stajı yaranır ki, bu da yaşa görə pensiya təyini zamanı əsas şərtdən biridir. İddiaçının 01.01.2006-cı il tarixdən 25.08.2008-ci il tarixədək olan sosial sığorta stajı ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş,hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.6-cı maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7-ci maddəsinə əsasən fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8.-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İstinad olunan normalardan göründüyü kimi qanunverici 01.01.2006-cı il tarixdən etibarən sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğunu təsbit etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filial tərəfindən verilmiş 13 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, “X1 Sistemi”nin “Sığorta AS (Monitorinq)” alt sistemində “Sığortaolunanların reyestri” bölümündə İddiaçı Fərrux qızı adlı sığortaolunan uçotda qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixdən sığorta stajının tanınması üçün mühüm şərt məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi olmuşdur. Hazırki halda isə iddiaçının xeyrinə 01.01.2006-cı il tarixdən 25.08.2008-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi, ümumiyyətlə onun sığorta olunan kimi qeydə alınması faktı öz təsdiqini tapmır. Bu nəticə isə öz növbəsində iddiaçının həmin dövrlərdə işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsini mümkünsüz edir. Beləliklə, yuxarıda sadalanan halları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 01.01.2006-25.08.2008-ci illərdə işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsini tələb etməkdə haqlı olmamışdır. Lakin birinci instansiya məhkəməsi bu hissədə iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın bu hissədə ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən- İddiaçı 01.01.2006-25.08.2008-ci illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilməli, bu hissədə iddia tələbi rədd edilməli, qərar qalan hissədə- İddiaçı 01.09.1976-cı ildən 27.06.1977-ci ilədək təhsil aldığı dövrlərin və 01.07.1977-01.01.2006-cı ilədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, 20.03.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2020-ci il tarixli 2-1(118)-73/2020 saylı qərarı qismən – İddiaçı 01.01.2006-25.08.2008-ci illərdə “xxxx” ASC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. Bu hissədə iddia tələbi rədd edilsin. Qərar qalan hissədə, yəni İddiaçı 01.09.1976-cı ildən 27.06.1977-ci ilədək təhsil aldığı dövrün və 01.07.1977-ci ildən 01.01.2006-cı ilədək xxxx Fabrikində işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmaqla ona 20.03.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-50/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-50/2021
16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver