Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-50/2022 01.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə açar sözlər: torpaq sahəsinə dair qeydiyyatın reyestrdən çıxarışa daxil edilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Şirinova Şəfəq Zahir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin reyestrdən çıxarışla əvəz edilməsi, həmin evin yerləşdiyi və texniki pasportunda göstərilən 1.1556 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-78/2021 saylı 11.06.2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin reyestrdən çıxarışla əvəz edilməsi, həmin evin yerləşdiyi və texniki pasportunda göstərilən 1.1556 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 04 iyun 2003-cü il tarixli 4Ə-149 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsində həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin ölçüsü göstərilmişdir. Bundan başqa X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən daşınmaz əmlakın əvvəlki mülkiyyətçisinə və mənə verilmiş evin texniki pasportunun torpaq sahəsinin planı M 1:1000 və torpaq sahəsinin şərhi hissələrində öz əksini tapmışdır. Abşeron rayonu, Masazır kəndində yerləşən yaşayış evinin qeydiyyat vəsiqəsinin reystrdən çıxarışla əvəz edilməsi, həmin evin yerləşdiyi və texniki pasportunda göstərilən 1.1556 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi ilə əlaqədar Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək bütün sənədləri həmin İdarəyə təqdim etmişdir. Lakin sənədlərin qaydasında olmasına baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi müxtəlif bəhanələr gətirərək, fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin reystrdən çıxarışla əvəz edilməsindən və həmin evin yerləşdiyi 1.1556 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina etmişdir.
Cavabdehin etirazları:
3. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 4 saylı Abşeron Ərazi İdarəsinə 06 sentyabr 2019-cu il tarixdə müraciəti daxil olmuşdur. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər araşdırma zamanı, müraciət üzrə əlavə edilmiş 29407 nömrəli qeydiyyat vəsiqəsi və 445 inventar nömrəli texniki pasportda göstərilən mülkiyyət hüququ ilə İddiaçı məxsus fərdi yaşayış evinin baxış keçirilmiş ərazidə mövcud olmadığı müəyyənləşdirilmişdir. Tərəflərindən baxış keçirilmiş ərazidə 1.1556 ha torpaq sahəsi və 1990.5 kv.metr ümumi sahəsi olan icazəsiz müxtəlf təyinatlı tikililər aşkar edilmişdir. Həmin torpaq sahəsinə və tikililərə dair hüquqmüəyyənedici və texniki sənədlər ərizəyə əlavə edilməmişdir. Habelə, sözügedən qeydiyyat vəsiqəsi və texniki pasportun baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilməmişdir. Bundan başqa, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə yaşayış məntəqələrindən kənarda ictimai tikililərin yerləşdiyi ərazi kimi qeydə alınan torpaq sahələrinin üzərində yerləşdiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamış, həmçinin bildirirlər ki, İddiaçı 2019-cu il tarixdə Sumqayıt İnzibati-iqtisadi Məhkəməsində eyni məzmunlu iddia qaldırmış və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (85)-1774/2019 saylı, 25.12.2019-cu il tarixli qərardadı ilə iddia məhkəmə tərəfindən geri götürülmüş sayılmış və icraaata xitam verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2015-ci il 4 iyun tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin Əsasnaməsinə görə, İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Komitə sədrinin əmr, sərəncam və göstərişlərini, Kollegiyanın qərarlarını, Xidmət rəisinin əmr və göstərişlərini, Komitə və Xidmət üzrə təlimatları, digər normativ metodiki sənədləri və bu əsasnaməni rəhbər tutur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-78/2021 saylı 11.06.2021-ci il tarixli qərarı (hakim İ.R.Quliyev) ilə iddia qismən təmin edilərək İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin reyestrdən çıxarışla əvəz edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.
5. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-78/2021 saylı 11.06.2021-ci il tarixli qərarının qismən ləğv edilməsini və iddiasının tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, həmin torpaq sahəsinə onun mülkiyyət hüququnun yaranmasının hər hansı bir hüquqi əsası mövcud deyil. İmtina onunla əsaslandırılır ki, X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən 445 inventar nömrəli texniki pasportda başqa tikililər də mövcuddur. Ona görə də təkcə ona məxsus evin texniki pasportu kimi qiymətləndirilə bilməz. Lakin vəsatətinə əsasən ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3680 saylı, 19 mart 2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Abşeron rayon, Masazır kəndində yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətinin 445 inventar nömrəli texniki pasportda göstərilən ölçülərə uyğunluğu təsdiq olunmuşdur. Məhkəmə bu halı nəzərə almamışdır. Məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsi uzun müddətdir onun istfadəsindədir. Bu günə kimi heç bir dövlət orqanı ona qarşı iddia qaldırmamış və torpaq sahəsinə dair mülkiyyət hüquqlarınını mübahisələndirməmişdir. Məhkəmə nəzərə almamışdır ki, o, alqı satqı ilə əmlak əldə edən zaman yalnız tikilini deyil, hasara alınmış və üzərində tikililər olan torpaq sahəsini almışdır. Onun niyyəti tikilini satın almaq deyil, torpaq sahəsini almaq olmuşdur. Məhkəmə bu hissələrə ümumiyyətlə münasibət bildirməmişdir. Nəzərə almaq lazımdır ki, qarşı tərəf məhkəmə proseslərində iştrak etməmişdir. Ümmiyyətlə iddiasına heç bir rəsmi və əsaslandırılmış etiraz belə verilməmişdir. Belə olan təqdirdə iddiasının təmin olunmaması əsassızdır. İddia tam təmin olunmalı idi. Buna görə də Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-78/2021 saylı 11.06.2021-ci il tarixli qərarının qismən ləğv edilməsini və iddiasının tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir.
b) apellyasiya şikayətinə qarşı etirazlar
7. apellyasiya şikayətinə qarşı cavabdeh İdarənin etirazı təqdim edilməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı torpaq sahəsini alan zaman tikiliyə görə almamışdır. Torpaq sahəsi alınan zaman hasarın içində olmuş və yardımçı tikililər həmin torpaq sahəsində olmuşdur. Ödənilən məbləğ də torpağın alqı-satqısı ilə bağlı olmuşdur. Torpaq sahəsini satan şəxs də torpaq sahəsinin sənədlərinin olduğunu bildirmiş, lakin həmin sənədlərin onda olmadığını, bələdiyyədə olduğunu, bir müddətdən sonra həmin sənədləri əldə edərək İddiaçı verəcəyini bildirmişdir. Satan şəxs sənədləri əldə etdikdən sonra iddiaçıya verəcəyini bildirsə də, heç bir sənəd iddiaçıya təqdim edilməmişdir. Uzun müddətdir ki, torpaq sahəsi həmin formada istifadə olunur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş edirlər.
9. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
12. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
13. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
14. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
15. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
16. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
17. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
18. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
19. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
20. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
21. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
22. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
23. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
24. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
25. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
27. Həmin Məcəllənin 139-1-ci maddəsində nəzərdə tutulan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hazırki qərarın 11-20-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq iddia tərəfinin izahatını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, iş materiallarından görünür ki: - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 29407 nömrə ilə reystr kitabında qeydə alınmış Qeydiyyat vəsiqəsinə əsasən yaşayış sahəsi 29.2 kv.metr, köməkçi sahəsi 30,0 kv.metr 2 otadan ibarət yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. 445 inventar nömrəli, 29407 qeydiyyat nömrəli Fərdi yaşayış Fonduna daxil olan yaşayış evinin texniki pasportu İddiaçı adına tərtib edilmiş, digər tikililərlə yanaşı yaşayış evinin texniki göstəriciləridə qeyd edilmişdir(i.v. 12-18). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3680 saylı, 19 mart 2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən “A” literli fərdi yaşayış evinin faktiki vəziyyəti texniki pasportda qeyd olunan ölçülərə uyğun gəlir(i.v. 79-81).
31. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin reyestrdən çıxarışla əvəz edilməsinə dair tələbinə münasibətdə iddianın həmin hissədə təmin edilməsi, iddianın digər hissəsinə, yəni həmin evin yerləşdiyi və texniki pasportunda göstərilən 1.1556 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi barədə hissəsinə münasibətdə həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun yaranmasının hər hansı bir hüquqi əsası mövcud olmadığından iddianın həmin hissədə təmin edilməməsinə dair gəldiyi yekun nəticə əsaslı olmuşdur.
32. Belə ki, məhkəmə kollegiyasının sorğusuna əsasən əldə edilmiş Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda bağlanılmış 04 iyun 2003-cü il tarixli 4Ə-149 reyestr nömrəsi ilə təsdiq edilmiş 191283 saylı müqavilədən görünür ki, X1 rayonu, Masazır kəndində faktiki 12140,1 kv.metr torpaq sahəsində yerləşən 29 kv.metr əsas, 30 kv.metr köməkçi sahədən ibarət 2 otaqlı evini İddiaçı 25.000.000 manata satmışdır. Lakin həmin müqavilənin bağlanmasına əsas olan X5 adına tərtib olunmuş Qeydiyyat Vəsiqəsində sonuncuya məxsus daşınmaz əmlak yalnız 29 kv.metr əsas, 30 kv.metr köməkçi sahədən ibarət 2 otaqlı yaşayış evindən ibarət olması təsdiq edilir. Başqa sözlə desək, X5 adına tərtib olunmuş Qeydiyyat Vəsiqəsində torpaq sahəsinin mülkiyyətində olmasına dair heç bir qeyd yoxdur(i.v.146-154).
33. Bundan əlavə məhkəmə kollegiyasının sorğusuna əsasən əldə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin 05 noyabr 2021-ci il tarixli cavab məktubunda mübahisələndirilən yaşayış evinin X5 adına ilkin qeydiyyata alınmasına əsas olan sənədlərin arxiv əsaslarında aşkar edilmədiyindən həmin sənədlərin təqdim edilməsinin mümkün olmaması bildirilmişdir(i.v. 156; 158).
34. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki qərarın 26-28-ci bəndində istinad edilən normalara əsasən İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin həmin evin qeydiyyat vəsiqəsinə əsasən reyestrdən çıxarışla əvəz edilməklə torpağa dair də birgə sənədin verilməsindən imtinası torpaq sahəsinə aid hissədə əsaslı olmuşdur.
35. Hazırki qərarın 6-cı bəndində öz əksini tapan iddiaçının apellyasiya şikayətinin dəlillərilə bağlı kollegiya qeyd edir ki, həmin dəlillər əsassızdır ona görə ki, hazırkı qərarın 32-33-cü bəndlərində istinad edilən rəsmi sənədlərdən də aydın olur ki, İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evini X4 alqı-satqı müqaviləsi əsasında əldə edərkən torpaq sahəsinə dair heç bir rəsmi sənəd olmamış, digər tərəfdən istər iddia ərizəsində, istərsə də apelyasiya şikayətində torpaq sahəsinin ölçüsünün 1.1556 ha göstərilməsinə baxmayaraq həmin torpaq sahəsinin iddiaçıya ayrılmasına dair işdə heç bir sənəd mövcud deyildir. Bu da özü-özlüyündə iddia tələbinin torpaq sahəsinə dair hissəsinin əsassız olmasını təsdiq edir.
36. Beləliklə, kollegiyanın hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının torpaq sahəsinə dair hissəsinin ləğv edilməsinə əsas ola bilməz, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərar əsaslı olmuş, yəni iddianın qismən təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuna uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-78/2021 saylı 11.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-78/2021 saylı 11.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.