Məhkəmə qərarları › İş №2-1(105)-50/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-50/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-50/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı (Açar sözlər: vətəndaşlıq mənsubiyyətinin tanınmaması barədə qərarın mübahisələndirilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilərək, xx.xx.1997-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-640/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarından görünür ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qərar onunla əsaslandırılmışdır ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu aşkar edilmişdir. 51 №6772681 saylı Rusiya Federasiyası pasportunun surətindən görünür ki, 10 noyabr 1997-ci il təvəllüdlü İddiaçı Rusiya Federasiyası vətəndaşıdır. AZ-İ №395821 saylı, 18 may 2021-ci il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, 10 noyabr 1997-ci il təvəllüdlü İddiaçı X4dur. Xİ-МЮ №709265 saylı, 07 oktyabr 2021-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 10 noyabr 1997-ci il təvəllüdlü İddiaçı atası Azərbaycan Respublikası vətəndaşı X9, anası X2. AZ-İ №738314 saylı, 13 mart 2015-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 13 may 2015-ci ildə ölmüşdür. Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş K/511 saylı, 30 avqust 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü, BMT QAK-ın himayəsində olan Sabina Karginovaya (himayə sənədi № ***-*******3) Dövlət Miqrasiya Xidməti tərəfindən 20 aprel 2021-ci il tarixindən 01 may 2025-ci il tarixinədək ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilərək, xx.xx.1997-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyuması” dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1997-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Doğumu Rusiya Federasiyası, Moskva şəhəri, X1 X5 Lyublin Şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə 363 nömrəli aktla qeydə alınaraq doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Sonradan doğum haqqında şəhadətnaməsini itirdiyi üçün xx.xx.2005-ci il tarixdə İİ-MYU (İİ-MİO) seriyalı, 820738 nömrəli doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. X8 Maqomedovna xx.xx.1975-ci il tarixdə Rusiya Federasiyasının Çeçenistan Respublikasının Vedeno rayonunda anadan olub. Anası Rusiya Federasiyasının vətəndaşıdır, hazırda ünvan 1 ünvanında yaşayır, heç yerdə işləmir. X4 xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olub. Atası Azərbaycan Respublikasının vətəndaşı olub, xx.xx.2014-cü il tarixdə Bakı şəhərində vəfat edib. Atası Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün o, valideynləri və bacı-qardaşı ilə birlikdə müxtəlif vaxtlarda Azərbaycana gəlib-getmişdir. 2007-ci ildə isə daimi yaşamaq məqsədilə Azərbaycana gəlmişdir, həmin vaxtdan sonra Azərbaycan Respublikasının ərazisini tərk etməmişdir. O, doğulan zaman valideynləri nikahda olmadığı üçün və o, doğum haqqında şəhadətnamə ilə təmin edilən zaman atalıq müəyyən edilmədiyindən onun doğum haqqında şəhadətnaməsinin ata qrafasında atası barədə məlumat qeyd edilməmişdi. xx.xx.2019-cu il tarixdə o, atalığın tanınması faktının müəyyən edilməsi tələbi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi ərizəsini təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7629/2021 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. xx.xx.2021-ci il tarixdə isə həmin qətnamə əsasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ seriyalı, 395821 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə təmin edilmişdir. Bundan sonra onun doğum haqqında akt qeydində dəyişikliklər edilməsi və həmin dəyişiklilər əsasında ona doğum haqqında yeni şəhadətnamə verilməsi üçün Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən Rusiya Federasiyası, Moskva şəhəri X1 X5 Lyublin Şöbəsinə sorğu göndərilmişdir. Həmin sorğu əsasında onun doğumu haqqında akt qeydində dəyişiklik edilmiş və o, xx.xx.2021-ci il tarixdə Xİ-MYU (Х1-МЮ) seriyalı, 709265 nömrəli doğum haqqında yeni şəhadətnamə ilə təmin edilmişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsini xahiş etmişdir. Dövlət Miqrasiya Xidməti onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədə malik olduğunu əsas götürərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü bəndlərinə istinad etməklə "onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimin tanınmaması barədə” xx.xx.2022-ci ii tarixli, ******* nömrəli qərar (həmin qərar ona rəsmi qaydada 6 saylı Bakı "ASAN Xidmət"’ Mərkəzində xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir) qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavabı əsassız və qanunsuzdur və onun hüquqlarını kobud şəkildə pozur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı ərizə ilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırlma aparılmış onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə müvafiq inzibati akt qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 1997-ci ildə Rusiya Federasiyasında anadan omuş və həmin ölkənin vətəndaşlığını əldə etmişdir. Bu səbəbdən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qeyd olunmalıdır ki, şəxs vətəndaşsızlıq halında olmamış və ölkə ərazisində qanuni əsaslarla beş il daimi yaşadıqdan sonra şəxs vətəndaşlıq əldə etməklə bağlı SMX-yə müraciət edə bilər. (Bunun üçün sözügedən şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbulla bağlı ASAN xidmətin miqrasiya şöbəsinə müraciət edir, müvafiq sənədlərin siyahısının həmin Xidmətdən və ya migration.gov.az saytından əldə edə bilər). Şəxs DMX-nın araşdırmasına qədər RF vətəndaşı olmuş (şəxs vətəndaşsızlıq halında olmamışdır). Bu da onu deməyə əsas verir ki, şəxsin AR vətəndaşlığına mənsubiyyəti tanınması məsələsi Vətəndaşsızlıq hallarının azaldılması haqqında Konvensiyanın tələblərinə ziddir (Konvensiyanın 4-1-ci hissəsinə əsasən razılığa gələn dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxslərə - həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa – verir.) Bundan başqa inzibati icraat zamanı şəxs Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.10-cu bəndində nəzərdə tutulan sənədi də (bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti) təqdim etməmişdir. Şəxs əvvəllər RF pasportu ilə olduğu yer üzrə qeydiyyatla bağlı DMX-ya müraciət etmiş, onun müraciəti təmin edilmişdir. Qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. DMX qanunvericiliklə müəyyən edilmiş çərçivədə qeyd olunan şəxsə münasibətdə işin hallarını araşdırmış və müvafiq inzibati akt qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-640/2023 nömrəli qərarı ilə idda təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbləri əsassız, cavabdeh inzibati orqanın imtinası isə əsaslı olmuşdur. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İş materiallarında olan iddiaçıya məxsus Xİ-МЮ № 709265 saylı, 07 oktyabr 2021-ci il tarixli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 10 noyabr 1997-ci il təvəllüdlü İddiaçı atası Azərbaycan Respublikası vətəndaşı X9, anası X2. İddiaçı Federasiyasında doğulmuşdur və halhazırda Rusiya Federasiyası vətəndaşıdır və xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı yoxdur. Cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Belə olan halda müəyyən edilir ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsas yoxdur, buna görə də cavabdehin idiaçıya verdiyi imtina əsaslı olmuş, onun hüquqularının pozulmasına səbəb olmamışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 1, 2 və 4-cü bəndlərinə istinad edərək qeyd etmişdir ki, onun işinin halları yuxarıda istinad edilən qanunvericilik normalarının tələblərinə uyğun yoxlanıldıqda ona münasibətdə yuxarıda qeyd olunan normalarda nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud deyil, bu səbəbdən də Dövlət Miqrasiya Xidmətinin imtina qərarı əsaslı olmuşdur. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyasında doğulmuşa və hal-hazırda Rusiya Federasiyasının vətəndaşıdır və xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı yoxdur. Bu səbəbdən də, məhkəmə hesab edib ki, cavabdehin imtinası onun qanunla qorunan hüquqlarını pozmur. Məhkəmənin bu əsaslandırması ilə razılaşmır. Birinci növbədə qeyd “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi gün onun 1 (bir) yaşı tamam olmamışdı, yəni yetkinlik yaşına çatmayan şəxs idi. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.9-cu bəndinə görə, yaşayış yeri üzrə qeydiyyatı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı kimi onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin yaşayış yeri üzrə qeydiyyatı qəbul edilir. Yuxarıda qeyd olunan normadan göründüyü kimi, yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yeri onların valideynlərinin yaşayış yeri hesab olunur. Onun da yaşayış yeri atasının yaşayış yeri hesab olunduğuna görə də Azərbaycan Respublikası vətəndaşı hesab olunur. 07 oktyabr 1998-ci ilə qədər nəinki onun 16 yaşına çatmamış hər bir şəxsin 07 oktyabr 1998-ci ildə “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi gün Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı olmayıb. Həmin uşaqların yaşayış yeri onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan valideynlərinin yaşayış yeri hesab olunduğundan, onlar Azərbaycan Respublikası vətəndaşı hesab olunublar və müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin ediliblər. Məhkəmənin bu məntiqi ilə yanaşsaq, 07 oktyabr 1998-ci ilə qədər şəxsiyyət vəsiqəsi ilə təmin olunmayan bütün uşaqlar Azərbaycan Respublikası vətəndaşı hesab oluna bilməzlər və bu səbəbdən də onların Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi qanunsuzdur. Çünki onların da “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə nıindiyi gün Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları olmayıb. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Həmin uşaqlar isə 07 oktyabr 1998-ci ilə qədər şəxsiyyət vəsiqəsi ilə təmin edilmədikləri üçün, onların da onun kimi Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı olmayıb. O, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi gün yetkinlik yaşına çatmayan şəxs olduğundan onun yaşayış yeri üzrə qeydiyyatı kimi valideyninin - atasının yaşayış yeri üzrə qeydiyyatı qəbul edilir. Belə olan halda, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1ci hissəsinin 1-ci bəndində və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci bəndində nəzərdə tutulan şəxslərin kateqoriyasına düşür. İkinci növbədə cavabdeh Dövlət Miqrasiya Xidməti öz imtina qərarında onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanununun 5-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin təsir dairəsinə düşmədiyini iddia etməyib. Cavabdeh öz imtina qərarında onun Rusiya Federasiyasının vətəndaşlığını əldə etdiyi əsasına görə Azərbaycan Respublikasının vətəndaşlığını itirdiyini iddia edib. Cavabdehin qənaətinə görə, Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan həmin vətəndaşlığı itimişdir. Belə ki, cavabdeh onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edərkən “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının 4.4-cü bəndinə istinad edib. Həmin normada deyilir: “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Cavabdehin onun digər ölkənin vətəndaşlığını təsdiq edən sənədə malik olduğunu vurğulamasını, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndini və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsini sistemli nəzərdən keçirdikdə aydın olur ki, Dövlət Miqrasiya Xidməti onu “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını itirdiyini hesab edərək onun hazırda Azərbaycan Respublikası vətəndaşı olmadığım qənaətinə gəlmişdir. Bununla da cavabdeh hesab edib ki, o, digər dövlətin (burada konkret olaraq Rusiya Federasiyasının) vətəndaşlığını könüllü əldə etdiyi üçün “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən əvvəllər malik olduğu Azərbaycan Respublikasının vətəndaşlığını itirmiş və bu səbəbdən də Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Göründüyü kimi, cavabdeh “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə deyil, həmin Qanunun 18-ci maddəsinə əsaslanaraq onun vətəndaşlıq mənsubiyyətini tanımaqdan imtina edib. Qanunun həmin maddəsi isə “Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi” adlanır. Bu baxımdan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin onun işinə tətbiq edilməsinin əsaslı olub-olmaması sualına cavab axtarılmalıdır. Yəni əslində, məhkəmənin araşdırmalı olduğu məsələ onun Azərbaycan Respublikası vətəndaşlığını itirməyi və yaxud itirməməyilə bağlı olmalı idi. Belə ki, hazırkı işin hallarına əsasən aşkar şəkildə bəllidir ki, cavabdeh “digər dövlətin vətəndaşlığını könüllü əldə etməyi əsasına görə” onun Azərbaycan Respublikasının vətəndaşlığını itirmiş olduğunu hesab edir və bu səbəbdən də onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanımır. Cavabdehin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsini onun işinə tətbiq etməsinin haqlı (əsaslandırılmış) olub-olmadığını müəyyənləşdirmək üçün əsas şərtlər yoxlanılmalıdır. Bununla bağlı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndin məzmunundan da göründüyü kimi, burada söhbət yalnız digər dövlətin vətəndaşlığını könüllü əldə etmiş Azərbaycan Respublikasının vətəndaşlarından gedir. Yəni, həmin norma könüllü şəkildə digər dövlətin vətəndaşlığını əldə etmiş şəxslərə münasibətdə tətbiq olunmalıdır. Vətəndaşlığın könüllü əldə edilməsi dedikdə şəxsin könüllü olaraq - öz istəyilə bir dövlətin vətəndaşlığına qəbul edilməsi, yaxud əvvəlki vətəndaşlığının bərpa edilməsi başa düşülməlidir. Bunun üçün isə şəxs vətəndaşlığını əldə etmək istədiyi dövlətin aidiyyəti orqanına həmin ölkənin vətəndaşlığına qəbul edilməsi bərpa olunması üçün vəsatət verir. Vəsatəti təmin edildiyi halda o, vətəndaşlığa qəbul olunmaqla bərpa edilməklə həmin dövlətin vətəndaşlığını əldə edir. O isə digər dövlətin (Rusiya Federasiyasının) vətəndaşlığını könüllü şəkildə deyil, özündən asılı olmayan səbəbdən anadangəlmə əldə etmişdir. Yəni Rusiya Federasiyasının vətəndaşından doğulduğu üçün “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Qanunun 12-ci maddəsinin birinci bəndinin “a” yarımbəndinə görə, doğulduğu andan Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş - doğulduğu andan Rusiya Federasiyasının qanunvericiliyi onu həmin dövlətin vətəndaşı kimi tanıyıb. Göründüyü kimi, Rusiya Federasiyası vətəndaşlığını könüllü şəkildə deyil, özündən asılı olmayan səbəbdən əldə etmişdir. Odur ki, Rusiya Federasiyası vətəndaşlığını doğulduğu andan əldə etməyi könüllü olmadığı üçün “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində nəzərdə tutulan Azərbaycan Respublikası vətəndaşlarının kateqoriyasına düşmür, bu səbəbdən də, Azərbaycan Respbulikasınln vətəndaşlığını itirmiş hesab edilə bilməz. Ona görə də, həmin maddə ona münasibətdə tətbiq edilə bilməz. Bu səbəbdən də, cavabdehin həmin normaya əsaslanaraq Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətimi tanımaqdan imtina etməsi qanunsuzdur. Əslində isə cavabdeh onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul etməli idi. Bundan başqa, hətta könüllü şəkildə digər dövlətin vətəndaşlığını əldə etmiş olsaydı da belə, bu, avtomatik olaraq Azərbaycan Respublikasının vətəndaşlığını itirməyilə nəticələnə bilməzdi. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin ikinci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.13-cü maddəsinə əsasən, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında işlər məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin kateqoriyasına aiddir. Həmin Məcəllənin “40-3-cü Fəsli” "Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında işlər üzrə icraat" adlanır və həmin icraatın prosessual əsaslarını müəyyən edir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra şəxs Azərbaycan Respublikasının vətəndaşlığını itirmiş hesab edilir. Onun isə Azərbaycan Respublikasının vətəndaşlığını itirməyilə bağlı belə bir məhkəmə qətnaməsi mövcud deyil. Ona görə də Azərbaycan Respublikasının vətəndaşlığını itirmiş hesab edilə bilməz. Odur ki, birinci instansiya məhkəməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul etməli idi. Bütün bunları iddia ərizəsində qeyd etsə də məhkəmə bu məsələni araşdırıb qiymət vermək əvəzinə, ümumiyyətlə onunla cavabdeh arasında mübahisə predmeti olmayan məsələni araşdırmağa çalışmış, bu işə aidiyyəti olmayan yöndən yanaşaraq onun hüquqlarının pozulmasına səbəb olan qərar qəbul etmişdir. Onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimin tanınmaması Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmağına mane olur. Bu da nəticə etibarilə onun ölkə ərazisində qeyri-vətəndaş kimi yaşamağına səbəb olur ki, bu məsələdə ayrıseçkiliyin qurbanı olur. Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan hüquq və azadlıqlardan istifadə edə bilmir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və vəkili Vəkil izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 52. Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun: Maddə 5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi. “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; ..... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası” 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. ..... 3.4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 3.4.10. bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti.

4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi cavabdeh tərəfindən iddiaçı barəsində vətəndaşlıq mənsubiyyətinin tanınmaması barədə qəbul edilmiş qərarın ləğv edilməsi və vətəndaşlıq mənsubiyyətinin tanınması barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.1997-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, həmin ölkədə doğumu qeydə alınaraq, bu barədə şəhadətnamə verilmişdir (Xİ-МЮ №709265). Hazırda da Rusiya Federasiyasının vətəndaşıdır (Rusiya Federasiyasının Pasportu 51№6772681). Valideynlərindən anası Rusiya Federasiyasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasında yaşayır, atası Azərbaycan Respublikası vətəndaşı olmaqla, vəfat etmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı digər ölkə vətəndaşlığına malik olduğundan, vətəndaşsızlıq halında olmadığından cavabdeh tərəfindən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina olunmuşdur. Məhkəmə kollegiyası hazırki iş üzrə işin mübahisəli halları ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən Qaydaların 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Qeyd olunan qanunvericilik normalarının təhlilindən görünür ki, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsində əsas məqsəd məhz vətəndaşsızlığın ixtisar edilməsidir. Hazırda iddiaçı özü Rusiya Federasiyasının vətəndaşı olmaqla, ona dair sənəd iş materiallarında mövcuddur. Bu hal isə özlüyündə “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına ziddir, hansı ki, vətəndaşlıq mənsubiyyəti məsələsinin həlli zamanı həmin Konvensiyanın müddəalarının nəzərə alınması qanunvericilikdə imperativ norma kimi müəyyən edilmişdir. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi zamanı tələb olunan sənədlərdən biri kimi məhz nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surətinin təqdim edilməsi tələb olunur. İddiaçı başqa dövlətin ərazisində doğulduğundan, habelə valideynlərindən biri xarici ölkə vətəndaşı olduğundan, qeyd olunan normanın tələbinə əsasən iddiaçıya münasibətdə həmin xarici ölkənin vətəndaşı olmaması barədə sənədin təqdim edilməsi zəruri olmuşdur. Buna baxmayaraq, iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı belə bir sənəd təqdim edilməmiş, habelə həmin sənədin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Qeyd edilən hallar özlüyündə iddiaçıya münasibətdə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsinə dair qanunla müəyyən edilmiş dispozitiv şərtlərin mövcudluğunu istisna edir. Bundan əlavə, iddiaçının iddia tələbi Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin dispozitiv şərtləri ilə də uzlaşmır. Həmçinin, məhkəmə kollegiyası iddiaçının aepllyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iddiaçı hazırda başqa dövlətin vətəndaşıdır və bu hal hazırda da davam etməkdədir (könüllülük əlaməti baxımından). Belə olan halda isə həmin vətəndaşlığın hansı qaydada əldə edilməsi əsaslarının iddia tələbinin əsaslılığı baxımından əhəmiyyət daşımamışdır. Başqa sözlə desək, bu hal onun başqa ölkənin vətəndaşı olması halını aradan qaldırmır. İddiaçının başqa ölkənin vətəndaşı olması halı isə yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi əsasları və məqsədi ilə uzlaşmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin əsassız olmuş, cavabdehin imtina əsasları qanuni olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-640/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar