Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-500/2024 11.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Dövlət Vergi Xidməti tərəfindən ona məxsus ********** saylı VÖEN-ə 7306,49 manat məbləğində hesablanmış borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2- 1(118)-177/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Vergilərin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********634000 nömrəli Qərarla iddiaçı barəsində 130.00 manat əlavə vergi məbləği hesablanmışdır.
2. Vergilərin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********859500 nömrəli Qərarla iddiaçı barəsində 195 manat əlavə vergi məbləği hesablanmışdır.
3. Vergilərin hesablanması barədə xx.xx.2021 -ci il tarixli **********565900 nömrəli Qərarla iddiaçı barəsində 198.75 manat əlavə vergi məbləği hesablanmışdır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT İddiaçının dəlilləri
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidməti tərəfindən ona məxsus ********** saylı VÖEN-ə 7306,49 manat məbləğində hesablanmış borcun silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** saylı VÖEN İddiaçı adınadır. Dövlət Vergi Xidməti tərəfindən ona məxsus ********** saylı VÖEN-ə 7306,49 (yeddi min üç yüz altı manat qırx doqquz qəpik) manat məbləğində borc hesablanmışdır. İddiaçı 27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Qarabağ müharibəsində iştirak etmişdir. Müharibə zamanı baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Barotravmanın və keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri Kəllədaxili travmaları nəticələri, Postravmatik ensefalopatiya, Postkommotsion sindrom ifadəli sefalgik insonmik, emosional afiektiv və kouqitiv pozulmalar Dəmir defısitli anemiya, Essensial hipertenziya, Arterial hipertenziya İİ mərhələ eşitmənin dəqiqləşdirilmiş konduktiv tipli itirilməsi, Sol tərəfli koxlear nevrit adlı travma almışdır. Bu səbəbdən ona üçüncü qrup əlillik təyin olunmuşdur. O, müharibə iştirakçısı olmaqla yanaşı, üçüncü qrup əlildir və məhdud əmək qabiliyyətlidir. Eyni zamanda ona məxsus ********** saylı VÖEN-ə hesablanmış borcun bir hissəsi İİ Qarabağ müharibəsində iştirak etdiyi zaman hesablanmışdır. Ona hesablanan borcu ödəmək iqtidarında deyil. Bu səbəbdən hesab edir ki, ona hesablanan borc silinməlidir. Cavabdehin etirazının dəlilləri
6. Cavabdeh etirazında bildirmişdir ki, vergi ödəyicisinin əmək müqaviləsi bildirişləri bazasına əsasən 2020-ci ilin 2-ci rübünə 1 nəfər işçi sayı olmasına baxmayaraq dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi göstəricilər olmadan təqdim edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********346400 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə kameral vergi yoxlaması aparılmaqla kənarlaşma aradan qaldırılmış və MDSS(siğorta edən) üzrə 125.00 manat və işsizlik(siğorta edən) üzrə 5.00 manat olmaqla cəmisi 130.00 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********634000 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisinin əmək müqaviləsi bildirişləri bazasına əsasən 2020-ci ilin 3-cü rübünə 1 nəfər işçi sayı olmasına baxmayaraq dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi göstəricilər olmadan təqdim edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-cı il tarixli **********657800 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə kameral vergi yoxlaması aparılmaqla kənarlaşma aradan qaldırılmış və MDSS(siğorta edən) üzrə 187.50 manat və işsizlik(siğorta edən) üzrə 7.50 manat olmaqla cəmisi 195 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********859500 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisinin əmək müqaviləsi bildirişləri bazasına əsasən 2021-ci ilin 3-cü rübünə 1 nəfər işçi sayı olmasına baxmayaraq dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi göstəricilər olmadan təqdim edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********826400 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə kameral vergi yoxlaması aparılmaqla kənarlaşma aradan qaldırılmış və MDSS(siğorta edən) üzrə 168.75 manat və işsizlik(siğorta edən) üzrə 30.00 manat olmaqla cəmisi 198.75 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021 -ci il tarixli **********565900 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək 143,75 manat əlavə vergi məbləği hesablanmışdır. Həmçinin vergi ödəyicisi tərəfindən 2020-ci ilin 1-ci rübü üzrə cəmi xərclərin 15002.08 manat məbləğində müəyyən edilməsinə baxmayaraq, təqdim edilmiş bəyannaməyə əsasən vergi tutulan dövriyyə ilə (930.00 manat) çəkilmiş xərclər arasında 14072.08 manat uyğunsuzluq yaranmışdır. Eyni zamanda vergi ödəyicisi tərəfindən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləği 600.00 manat təşkil etməsinə baxmayaraq qeyd edilən bəyannamənin müvafiq hissəsində göstəricilər qeyd edilmədiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********373100 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən qeyd edilən kənarlaşmalar kameral vergi yoxlaması ilə aradan qaldırılmaqla 365,44 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********171200 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 21(118)-1110/22 nömrəli qərardadı ilə eyni məzmunlu iddia ərizəsi mümkün sayılmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş olunmuşdur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
7. Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2-1(118)-177/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
8. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsində qeyd edilən hallar vergi borcunun silinməsi üçün hüquqi əsas təşkil etmir.
9. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.
10. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç bir fəaliyyətlə məşğul olmamış və Dövlət Vergi Xidməti tərəfindən göndərilən vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə məktublara cavab verə bilməmiş və 1 nəfər işçinin dövr üzrə muzdlu işi ilə əlaqədar əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edə bilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Konstitusiyası Maddə 73. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
14. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3 qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir.
15. İnzibati Prosessual Məcəllə: Maddə 12.. məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. İşdən görünür ki, iddiaçı Dövlət Vergi Xidməti tərəfindən ona məxsus ********** saylı VÖEN-ə 7306,49 manat məbləğində hesablanmış borcun silinməsini istəyir.
20. Cavabdeh vergi orqanı mübahisələndirilən qərarların qanuniliyini onunla əsaslandırır ki, "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" iddiaçıya məktublar göndərilməsinə baxmayaraq, iddiaçı tərəfindən heç bir münasibət bildirilmədiyindən müvafiq qərarlarla borclar hesablanmışdır.
21. Kollegiya ilk növbədə iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, qanunla müəyyən edilmiş qaydada vergiləri, həmçinin məcburi dövlət sosial sığorta haqlarını ödəmək hər bir ödəyicinin vəzifəsidir. İddiaçının müharibə iştirakçısı olması, məktublara cavab verə bilməməsi onu bu vəzifədən azad etmir.
22. Vergi Məcəlləsinə əsasən: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 71.3. Vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə, vergi orqanları onların Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edir. 71.4. Mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır.
23. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır.
24. Kollegiya qeyd edir ki, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur və vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, lakin vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi onun üzərinə düşür.
25. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli, 7 dekabr 2011ci il tarixli, 12 mart 2012-ci il tarixli, 9 sentyabr 2013-cü il tarixli Qərarları).
26. Məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan təmin edilə bilməz.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2-1(118)-177/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.