Məhkəmə qərarları › İş №2-1(105)-501/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-501/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-501/2023 16.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayonu, Girik kəndi ərazisində yerləşən 0.127 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması və vahid daşınmaz əmlak şəklində dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1(118)-1066/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Qusar rayonu, Girik kəndi ərazisində yerləşən 0.127 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması və vahid daşınmaz əmlak şəklində dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1(118)-1066/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Qusar rayonu, Girik kəndi ərazisində yerləşən 0.127 ha (1270 kv.m) kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı, cavabdeh və üçüncü şəxsə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iddiadan imtina barədə ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə informasiya sistemində yaradılmış elekron kabinet vasitəsilə məhkəmə kollegiyasına ərizə təqdim etmiş və iddianı geri götürdüyünü bildirmiş, iddia ərizəsinə əlavə olunan sənədlərin qaytarılmasını xahiş etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.1-ci maddəsinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə müvafiq olaraq, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar