Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-501/2024 20.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-907/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli, 1/A-8428 nömrəli imtina məktubunun surətindən görünür ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2018-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. N nömrəli hərbi hissədə Zabit qismində tibb məntəqəsində həkim vəzifəsində xidmət etməyiniz öz təsdiqini tapmadığından və barənizdə Müdafiə Nazirliyinin zabit-uçot kartasında məlumat olmadığından Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri, vətəndaşların hansı qoşun növündə xidmət keçməsindən asılı olaraq tələb olunan sənədlər əsasında (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir.Belə ki, Xidmətin Xaçmaz rayon şöbəsinin uçot sənədlərində Sizin xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək N saylı hərbi hissənin tibb məhtəqəsində həkim kimi xidmət keçməyinizə dair məlumat vardır. Odur ki, Sızın 1994-1995-cı illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində xidmət keçməyinizi nəzərə alaraq, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxılması üçün Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya müraciət etməyiniz tövsiyə olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən İddiaçı Azərbaycan Ordusunda xidmət keçməsi barədə məlumat yoxdur. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin 1994-1995-ci il tarixli nizami hissə üzrə əmrləri, 1994-1995-ci il tarixli hərbi hissənin tibb məntəqəsinin sənədləri, hərbi hissənin 1994-1995-ci il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı mülki şəxs qismində hərbi hissəyə ezam olunub-olunmaması və ya hərbi qulluqçu kimi xidmət keçibkeçməməsi barədə araşdırma apara bilmirik. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən 01.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı xx.xx.2018ci il tarixdə müraciət etmiş, sənədlərinə xx.xx.2018-ci il tarixli iclasında baxılmış, N nömrəli hərbi hissədə Zabit qismində tibb məntəqəsində xidmət etməyiniz barədə Müdafiə Nazirliyinin zabituçot kartasında məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N noyabr 2016-cı il tarixli “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” 216 nömrəli Qərarının 1.1.2-ci yarəmbəndinə əsasən döyüşlərdə iştirak edən şəxs qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət etməyi tövsiyə olunmuşdur. İmtinaya əsas olan sənədlərin saxlama müddəti 5 il olduğu üçün, vətəndaş tərəfindən göndərilən ərizə (sənədlər) məhv edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən hərbi səfərbərliyə cəlb olunaraq xx.xx.1994-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibə gedən Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin tibb məntəqəsində hərbi həkim kimi xidmətə başlamış və xx.xx.1995-ci il tarixdə isə Prezidentin Fərmanına əsasən qanuni əsaslarla hərbi hissədən tərxis olunmuşdur. Bu barədə hərbi biletinin 10-cu səhifəsində qeydlər aparılmış və hərbi hissənin möhürü ilə təsdiq olunmuşdur. Xidməti rayon Şöbəsinin uçot sənədlərində onun xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissənin tibb məntəqəsində həkim kimi xidmət keçməyinə dair məlumatlar vardır.Bunu təsdiqləyən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məktubu işə əlavə olunub.Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli arayışından da görünür ki, xx.xx.1994-cü ildən xx.xx.1995-ci il tarixədək Tərtər rayonu ərazisində yerləşən N saylı həri hissənin tibb məntəqəsinin həkimi kimi xidmət etməyimlə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici məlumat aşkar olunmamışdır. Dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və N saylı (052) hərbi hissəyə müraciət edərək bildirmiş ki, hərbi xidmətdə olduğu illərlə bağlı arxiv arayışı verilsin, lakin hərbi hissə komandirinin məktubundan görünür ki, N saylı (hazırda N saylı) hərbi hissədə arxiv sənədləri saxlanmadığından həmin hərbi hissədəki xidmətimlə bağlı hər-hansı bir əmrdən çıxarışın verilməsi mümkün olmamışdır. Lakin Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Veteran adı və müvafiq vəsiqənin verilməsi Komissiyasının ona veteran adının verilməsindən imtina edilmə barədə qərar və sənədlərim geri qaytarılmışdır.İmtinanın səbəbi xidmət etməyi barədə Müdafiə Nazirliyinin zabit uçot kitabçasında məlumatın olmaması göstərilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə müraciət etməyi tövsiyyə olunmuşdur.Halbuki, onun təqdim etdiyi sənədlərdə xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təsdiqləyici məlumatı vardır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, müharibə veteranı adının verilməsi üçün müvafiq Komissiyanın rəyi tələb olunur. İddiaçı isə əsassız olaraq, Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunu mübahisələndirmişdir, halbuki həmin məktub imtina kimi qəbul oluna bilməzdi. Çünki orada göstərilmişdir: “N nömrəli hərbi hissədə zabit qismində tibb məntəqəsində xidmət etməyi barədə MN zabituçot kartasında məlumat olmadığından 2018-ci ildə ona Müharibə veteranı adının verilməsindən imtina olunmuşdur və tövsiyyə (2023) olunmuşdur ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsinə, şöbəsinə və ya idarəsinə müraciət etsin.” İddiaçı hesab etmişdir ki, yuxarıda qeyd olunmuş qurum tərəfindən arayışı təqdim edib. Halbuki 2023-cü il tarixli məktubda göstərilib ki, döyüşlərdə iştirak edən şəxs qismində “Müharibə veteranı” adının verilməsi ilə bağlı həmin dövlət orqanının Komissiyasına müraciət etsin. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-907/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı işdə də iş materiallarında olan sənədlərdə iddiaçının döyüş bölgəsində olması öz əksini tapsa da, qanunvericiliyin tələbi olaraq İddiaçı müharibə veteranı adı və vəsiqənin verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının iddia etdiyi müddət üçün həqiqi hərbi qulluqçuların ordu sıralarından tərxis olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı olmamış və bu Fərmandan irəli gələn Müdafiə Nazirinin və hissə komandirinin iddiaçının hərbi xidmətdən buraxılması və hərbi hissənin siyahısından çıxarılması barədə əmri olmamışdır. Ona görə də inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməməsi qanuni hesab edilməlidir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuz, əsassız və ədalətsizdir, apellyasiya qaydasında ləğv olunmalı və iddia tələbi olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, Silahlı Qüvvələr veteranı, əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçuların 10-may 1994-cü il tarixdən sonra döyüş sonrasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, tramva, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər dövlət təhlükəsizliyi, ədliyyə, fövqaladə hallar orqanları, dövlət sərhəd xidməti və hərbi hissələr, səfərbəylik və hərbi xidməyə çağırış üzrə dövlət xidməıti və xüsusi dövlət mühafizə xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər hərbi biletlər orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, tramba, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar hərbi döyüşlərdə iştirakçı sübut edən başqa sənədlər əsasında verilir. Beləliklə onun hərbi biletində döyüş bölgəsində iştirak etmək və tərxis olunmaq barədə qeyd, eləcədə Hərbi hissə komandirinin möhürü bir daha sübut edir ki, o, döyüşlərdə iştirak etmişdir. Əgər Hərbi Hissə Komandiri onu ordu sıralarından tərxis edib yemək siyahısından çıxarırsa və qalmağa yeri olmursa hansı əsaslarla hərbi hissədə qalıb xidmətimi davam etdirə bilər. Onun ordudan tərxis olunmağı tam qanuni əsaslarla həyata keçirilmişdir və veteran adı və müvafiq vəsiqə verilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ......Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iddia tələbi iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ibarətdir. İddiaçı müharibə veteranı adının verilməsi üçün əsas kimi onun Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən hərbi səfərbərliyə cəlb olunaraq xx.xx.1994-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibə gedən Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin tibb məntəqəsində hərbi həkim kimi xidmətə başlaması və xx.xx.1995-ci il tarixdə isə Prezidentin Fərmanına əsasən qanuni əsaslarla hərbi hissədən tərxis olunması halına istinad etmişdir. Cavabdeh inzibati orqan imtina əsası kimi müvafiq hərbi hissənin heç bir arxiv sənədi saxlanmadığından, hər hansı əmrdən çıxarışın verilməsinin mümkün olmaması, habelə döyüş əməliyyatlarında iştirakını təsdiq edən müvafiq əmrlər olmadığından, həmin hərbi hissədə zabit qismində xidmt etməsi barədə zabit-uçot kartasında məlumat olmaması halına istinad etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilmiş qanunvericilik normalarının tələbinə əsasən ezam olunmuş şəxslərə münasibətdə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün bir sıra zəruri şərtlər mövcud olmalıdır. Belə ki, qeyd olunan qanunvericilik normasında “müharibə veteranı” adı və vəsiqəsini almaq hüququna malik olan şəxslər qismində müvafiq ərazilərdə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərb Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, rayon şöbəsinin uçot məlumatlarında iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissənin tibb məntəqəsində həkim kimi xidmət keçməsinə dair məlumat vardır. Həmçinin, iş materiallarında olan müvafiq inzibati orqan tərəfindən təqdim edilmiş iddiaçıya aid xidməti karta məlumatlarından görünür ki, xidməti kartada “xx.xx.1994-xx.xx.1995 N saylı hərbi hissə” qeydi hərbi bilet əsasında yazılmış, habelə həmin məlumat vərəqinin 8-ci bəndi müharibələrdə və Azərbaycan Respublikasının müdafiəsi üzrə başqa döyüşlərdə iştirakı adlı qrafada “iştirak etməyib” qeydi aparılmışdır. İş materiallarında olan iddiaçıya məxsus hərbi biletin məzmunundan görünür ki, hərbi biletdə yalnız iddiaçının həkim kimi N saylı hərbi hissədə xx.xx.1994-ci ildən xx.xx.1995-ci ilə kimi qeyd aparılmış, döyüş əməliyyatlarında iştirakı barədə hər hansı qeyd aparılmamışdır. İş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən verilmiş 31 may 2024-cü il tarixli məktubun məzmunundan görünür ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №li hərbi hissənin xx.xx.1993-cü il tarixdən 01.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat olması qeyd edilmişdir. İş materiallarından görünür ki, “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən iddiaçı barəsində heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, iddiaçının xx.xx.1995-ci il tarixə kimi xidmət keçməsi iddia ərizəsində, həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərb Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin təqdim etdiyi xidmət kartasında göstərildiyindən və həmin qurum onların tərkibində olmadığından, həmin yazıların aparılması ilə bağlı ora müraciət olunmalı, EMS-də hərbi biletin yalnız iki səhifəsi yerləşdirilmiş, həmin səhifələrdə 1994-1995-ci il tarixdə xidməti barədə məlumat yoxdur, iddiaçının hərbi qulluqçu olması barədə məlumat olmadığından, ona müvafiq quruma müraciət etməsi tövsiyyə olunmuş, iddiaçının hərbi kartasında hərbi andı 1997-ci ildə olması, N nömrəli hərbi hissədə 1994-1995-ci ildə xidmətdə olması barədə yazılar isə ondan sonrakı sətirdə göstərilmişdir. Göründüyü kimi indiki halda iddiaçının iddia tələbində qeyd etdiyi tarixlərdə N saylı hərbi hissədə xidmət etməsi barədə yalnız hərbi biletdə əks olunmuş, müvafiq qurum tərəfindən xidməti kartada da həmin məlumatın yazılmasına əsas qismində də məhz hərbi bilet çıxış etmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) həmin halı sübutetmə vasitəsi kimi çıxış edir. İndiki halda isə iddiaçıya münasibətdə hərbi biletdə əks olunmuş məlumatları təsdiq edən heç bir başqa sənəd (əmrdən çıxarış və s.) və ya məlumat aşkar edilməmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, hətta iddiaçıya məxsus xidməti karta məlumatlarında onun döyüş əməliyyatlarında iştirak etməməsinə dair qeyd aparılmışdır. Nəticə etibarilə məhkəmə araşdırması zamanı iddiaçının döyüş əməliyyatlarının həyata keçirilməsində iştirak etməsi halının, başqa sözlə desək, iddia tələbinin əsası kimi istinad edilən halların müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının döyüş əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar olaraq xəsarət alması halı da müəyyən edilməmişdir (bu hal işin mübahisəsiz halı kimi çıxış etmişdir). Bununla da, hazırki inzibati iş üzrə iddia tələbinə dair “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsinə dair qanunvericiliklə müəyyən edilmiş normanın dispozitiv şərtləri mövcud olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh inzibati orqannın imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməməklə düzgün nətcəyə gəlmiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamaqla, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-907/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-501/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-501/2024
20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver