Məhkəmə qərarları › İş №2-1(105)-501/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-501/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-501/2025 13.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Sənhan) oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı (Sənhan) oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi və yaranmış fərq məbləğinin qaytarılması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1905/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.1966-cı il təvəllüdlü olmaqla, ona xx.xx.2018-cı il tarixdə güzəştli şərtlərlə şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı işləyən əmək pensiyaçı olmuş, xx.xx.2024-cü il tarixdə 6 il və daha çox işlədiyi dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi tətbiq edilməklə, əmək pensiyasının yenidən hesablanması aparılmış və bu barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1065/2024 nömrəli və 3-17-1/3-3-2377/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarlar qəbul etmiş, pensiya məbləği 1124,10 manat müəyyən edilmişdir. Cavabdeh iddiaçıya əmək pensiyasının 29 iyun 2022-ci il tarixdən əvvəl təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya (48.963,13 : 156 ay (65 il - 58 il = 84 ay+(144-72) bölünməli olduğu halda, səhvən 72 aya bölündüyündən, Qanunun 45-ci maddəsini tətbiq etməklə, xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1065/2024 nömrəli və 3-17-1/3-3-2377/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarların etibarsız hesab edilməsi və pensiya məbləğinin 791,34 manat müəyyən edilməsi barədə 19 iyul 2024-cü il tarixli, 3-17-1/3-3-10031/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi 09 yanvar 2018-ci il tarixdən sonrakı 6 il nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin yeni redaksiyasına istinad edilməklə əmək pensiyasının 1.124,10 manata bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən, əmək pensiyasının yenidən hesablanması (45-ci maddə tətbiq edilmədən) və 2024-cü ilin iyul ayından etibarən yaranmış fərq məbləğinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1966-cı il tarixdə Lerik rayonunun, Rəzəvül kəndində anadan olmuşdur. Ona 09 yanvar 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində aviadispetçer vəzifəsində işləyir. İşləyən əmək pensiyaçısı olduğu üçün müraciəti əsasında əmək pensiyası 9 yanvar 2024-cü il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən, yenidən hesablanaraq 1.124,10 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra isə cavabdeh orqan tərəfindən müəyyən edilmişdir ki, əmək pensiyasının yenidən hesablanması tərəflərindən düzgün aparılmamışdır. Cavabdehin bu mövqeyi əsassızdır, 1.124,10 manat pensiya məbləği bərpa olunmalıdır. Cavabdeh orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına istinad etməli idi. Hazırkı halda isə o, 45-ci maddənin əvvəlki redaksiyasına istinad etməklə onun hüquqlarını pozmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əmək pensiyası 9 yanvar 2024-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 1.124,10 manat məbləğində müəyyən edilmişdir. Qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. İddiaçıya əmək pensiyasının 29 iyun 2022-ci il tarixdən əvvəl təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya (48.963,13 : 156 ay (65 il - 58 il = 84 ay+(144-72) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüşdür. Göstərilənlərlə əlaqədar iddiaçıya təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 19 iyul 2024-cü il tarixli, 3-17-1/3-3-10031/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 791,34 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1905/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 19 iyul 2024-cü il tarixli, 3-17-1/3-3-10031/2024 nömrəli qərarının ləğv edilməsi, İddiaçı barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması (Qanunun 45-ci maddəsi tətbiq edilmədən) və 2024-cü ilin iyul ayından etibarən yaranmış fərq məbləğinin iddiaçıya qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan qanunvericilik normasının məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulmuşdur - şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də iki hal müəyyən olunmuşdur - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan, iddiaçıya hazırkı norma şamil edilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazının dəlillərini yuxarıda qeyd olunan hallara istinadən əsassız hesab edir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq gpstərilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(118)-1905/2025 nömrəli qərarında Qanunun 45-ci maddəsinin ikinci cümləsinin çıxarılmasının məqsədlərini izah etmək məqsədilə müvafiq qanun layihəsinin oxunuşu ilə bağlı iclas protokoluna və deputatın çıxışına istinad edilmişdir. Bununla bağlı Qanunun 45-ci maddəsinin ikinci cümləsinin çıxarılmasının mahiyyəti güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin vəziyyətini yaxşılaşdırmaqla əlaqədardır və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Lakin birinci instansiya məhkəməsi bir maddi normanı tətbiq edərkən digər normanın, yəni keçid müddəanın da tətbiqini nəzərə almalı idi. Halbuki Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1905/2025 nömrəli qərarından da göründüyü kimi keçid müddəa birinci instansiya məhkəməsi tərəfindən təhrif olunmuş şəkildə təfsir edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, aşağıdakı hallarda tətbiq edilməlidir: bu Qanunun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2022-ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması; həmin günədək, yəni xx.xx.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi; və həmin günədək, yəni xx.xx.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması. Birinci instansiya məhkəməsi isə qərarında qeyd edir ki, “keçid müddəasına əsasən həmin dəyişiklik qüvvəyə minənənədək (xx.xx.2022) Qanunun əvvəlki redakasiyasına əsasən (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılması tətbiq edilmiş şəxslər) əmək pensiyası təyin edilmiş və ya əmək pensiyası yenidən hesablanmış əmək pensiyaçıları həmin dəyişikliyə istinad edərək, pensiyanın yenidən hesablanması ilə bağlı cavabdehə müraciət edə bilməz.” Başqa sözlə desək, məhkəmə dolayısı ilə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, bu Qanunun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2022-ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının xx.xx.2022-ci il tarixədək yenidən hesablanması zamanı tətbiq edilməlidir. Məhkəmənin bu mövqeyinə münasibətdə bildirilir ki, keçid müddəada “Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına” ifadəsi qeyd olunmuşdur və bu norma birmənalı şərh edilməlidir. Məhkəmə isə normanı “Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının Qanunun qüvvəyə mindiyi günədək yenidən hesablanması” kimi təfsir etmiş, başqa sözlə öz səlahiyyətinə zidd şəkildə normanın tətbiq dairəsini məhdudlaşdırmışdır. Əlavə olaraq bildirilir ki, hüquq normasının düzgün, dəqiq və eyni cür başa düşülməsi və tətbiq edilməsi üçün normanın hərfi mənası ilə yanaşı, mahiyyəti və qəbul edilmə məqsədi də aşkar olunmalıdır. Bu zaman qanunverici orqanın niyyəti təhrif edilməməlidir. Belə ki, normanın məzmununu və təyinatını obyektiv şəkildə aydınlaşdırmaq üçün onun qəbul edildiyi konkret şəraiti və qəbul edilməsini zəruri edən halları nəzərə almaq lazımdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd edilənləri nəzərə alaraq “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar İddiaçı mülahizələrinin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixədək Mərkəzi Filiala dəvət olunmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, cavabdehin 19 iyul 2024-cü il tarixli 3-17-1/3-3-10031/2024 nömrəli qərarın ləğv edilməsi, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmədən, Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1065/2024 nömrəli qərar əsasında hesablanmış pensiya məbləğinin bərpa edilməsi və yaranmış fərq məbləğinin qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi, əmək pensiyasının yenidən hesablanması barədə əvvəlki qərarlar əsasında hesablanmış pensiya məbləğinin bərpa edilməsi və yaranmış fərq məbləğinin ona geri qaytarılmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya münasibətdə Əmək pensiyaları haqqında Qanunun 45-ci maddəsi tətbiq edilməklə, fərdi hesabın sığorta hissəsidə toplanmış pensiya kapitalı 156 aya bölünməli olduğu halda, 72 aya bölünmüşdür, ona əsasən əmək pensiya məbləği yenidən hesablanaraq, pensiya məbləği 791,34 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1966-cı il təvəllüdlü olmaqla, ona xx.xx.2018-cı il tarixdə güzəştli şərtlərlə şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının müraciəti əsasında “Əmək pensiyalar haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən əmək pensiya məbləği yenidən hesablanaraq, sonuncu pensiya məbləği 1124,10 manat müəyyən edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Bundan sonra cavabdeh tərəfindən inzibati icraat təzələnməklə, əmək pensiya məbləğinin yenidən hesablanması həyata keçirilərək, ona dair xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, həmin qərar əsasında əvvəlki əmək pensiya məbləğinin yenidən hesablanması barədə qərarların etibarsız hesab edilməsi və Qanunun 45-ci maddəsi tətbiq edilməklə, pensiya məbləğinin 791,34 manat olduğu müəyyən edilmişdir. İndiki halda iddiaçının hüquqi marağı məhz Əmək pensiyalar haqqında Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçısı kimi 6 il müddətində topladığı pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdan ibarət olmuşdur. Nəticə etibarilə cavabdehin iddiaçı barəsində müvafiq Qanunun 37.3.1-ci maddəsini tətbiq etməklə, əmək pensiyasının yenidən hesablanması (pensiya məbləğinin 1124,10 manat müəyyən edilməsi) ilə bağlı hərəkətləri iddiaçının hüquqi marağına uyğun olmuşdur. İndiki halda iddiaçının iddia tələbinin əsasını məhz cavabdehin Qanunun 37.3.1-ci maddəsini tətbiq etməklə əmək pensiyasının yenidən hesablanması nəticəsinin etibarsız hesab edilməsi və Qanunun 45-ci maddəsini tətbiq etməklə, aparılmış hesablanma ilə bağlı hərəkətlərinin qanunauyğun olmaması ilə bağlı hallar təşkil edir. Cavabdeh isə iddiaçıya münasibətdə işləyən əmək pensiyaçı kimi topladığı pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması zamanı Qanunun 45-ci maddəsinin tətbiq edilməli olmasına əsaslanaraq, Qanunun 37.3.1-ci maddəsi əsasında aparılmış hesablanmaya dair qərarları etibarsız hesab etməklə və Qanunun 45-ci maddəsini tətbiq etməklə, pensiya məbləğini yenidən hesablanmasını həyata keçirmiş, pensiya məbləğini azaltmışdır. Kollegiya işin mübahisəli halı ilə bağlı onu qeyd edir ki, müvafiq Qanunun 37.3.1-ci maddəsinin dispozitv şərtləri işləyən əmək pensiyaçısının pensiya təyin olunduqdan sonra fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalına əsasən pensiya məbləğinin yenidən hesablanması əsasları müəyyən etməklə, bunun üçün şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonra fərdi hesabın sığorta hissəsində pensiya kapitalının toplanması, habelə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləməsi halının mövcudluğu zəruri şərt kimi ehtiva edilmişdir. İndiki halda iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, işlədiyi 6 il müddətində fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanmasını istəmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçıya münasibətdə iddia tələbinin qanuni əsası qismində məhz Qanunun 37.3.1-ci maddəsinin dispoztiv şərtləri çıxış etmişdir. Başqa sözlə desək, iddiaçının tələbi məhz Qanunun 37.3.1-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşır. Bundan əlavə qeyd edilməlidir ki, oxşar işlər üzrə formlaşadırılmış vahid məhkəmə təcrübəsinə uyğun olaraq hazırki iddia tələbinin qanuni əsası qismində məhz sözügedən Qanunun 37.3.1-ci maddəsində nəzərdə tutulan norma çıxış etmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə Qanunun 37.3.1-ci maddəsini tətbiq etməklə, iddiaçının işləyən əmək pensiyaçısı olmaqla, işlədiyi 6 il müddətində fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalını nəzərə almaqla, əmək pensiya məbləğini yenidən hesablamaqla, pensiya məbləğini sonuncu olaraq 1124,10 manat müəyyən etməkdə haqlı olmuşdur. Lakin daha sonra həmin hesablamanın nəticəsinə dair qərarları məhz Qanunun Qanunun 45-ci maddəsini tətbiq etməklə etibarsız hesab etməkdə və bu əsasla yenidən hesablama aparmaqla, pensiya məbləğini 791,34 manat müəyyən etməkdə haqlı olmamış, bu barədə qəbul etdiyi qərarı qanunauyğun olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Eyni zamanda kollegiya onu qeyd edir ki, iddiaçı barəsində pensiya məbləği 1124,10 manat müəyyən edilməklə, ödənilməli olduğundan, 19 iyul 2024-cü il tarixli qərar əsasında əsassız olaraq pensiya məbləği azaldıldığından, iddiaçı yaranmış fərq məbləğinin də ona ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Həmçinin, kollegiya onu qeyd edir ki, iddiaçının hüquqi marağı məhz müvafiq Qanunun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması və pensiya məbləğinin 1124,10 manat müəyyən edilməsi olmuşdur. Kollegiya hesab edir ki, 19 iyul 2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsinin hüquqi nəticəsi məhz xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-1065/2024 nömrəli və 3-17-1/3-3-2377/2024 nömrəli qərarların qüvvədə saxlanılmasına, nəticə etibarilə iddiaçıya münasibətdə cavabdeh tərəfindən müvafiq Qanunun 37.3.1-ci maddəsini tətbiq etməklə əmək pensiyasının yenidən hesablanması və pensiya məbləğinin 1124,10 manat müəyyən edilməsinə gətirib çıxardır. Bu baxımından kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya hüquqi marağına uyğun hüquqi yardım göstərilmiş, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçının iddia tələbinin dəqiləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1905/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 Səlim Sənham (Sənhan) oğlu barəsində qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması haqqında 19 iyul 2024-cü il tarixli 3-17-1/3-3-10031/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı (Sənhan) oğluna “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmədən, həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq (“Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-1065/2024 nömrəli və 3-17-1/3-3- 2377/2024 nömrəli qərarlar əsasında) hesablanmış pensiya məbləğinin bərpa edilməsi və yaranmış fərq məbləğinin iddiaçıya qaytarılması (ödənilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar