Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-502/2022 02.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Davud oğlunun cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Tağızadə Gülnarə Fikrət qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçının hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunaraq vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(118)-690/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı 25 sentyabr 2007-ci ildən 16 mart 2008-ci il tarixə qədər N saylı hərbi hissədə kəşfiyyat bölmə zabiti, bölmə rəisinin müavini vəzifəsində xidmət etmişdir.
2. ƏƏSMN tərəfindən verilmiş SER TSE-01 № 411050 saylı arayışdan görünür ki, İddiaçı 2-ci qrup əlildir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının arayışına əsasən iddiaçının travmanın hərbi xidmət vəzifələrinin yerinə yetirildiyi zaman alındığı müəyyən olunmuşdur.
4. İddiaçı 31 may 2008-ci il tarixdən yaşayış yeri üzrə mövcud olan mənzil növbəliliyində hərbi xidmət əlili kimi uçota alınmış, lakin bugünədək mənzillə təmin olunmamışdır.
5. İddiaçının ünvanladığı müraciətlə əlaqədar cavabdehin xx.xx.2020-ci il tarixli S- 128-068 saylı cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı 2-ci qrup hərbi xidmət əlili imtiyazı əsasında 31 may 2008-ci il tarixdən yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşlar imtiyazları əsasında yaşayış sahəsi ilə növbəlilik qaydasında təmin olunurlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
6. İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun yaşayış yeri üzrə mövcüd olan mənzil növbəliliyinin hərbi xidmət əlilləri siyahısından növbədənkənar yaşayış sahəsi ilə təmin edilməli olan şəxslər siyahısına keçirilməsi və onun növbədənkənar mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçının hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunmaq vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddiа оnunlа əsаslаndırılmışdır ki, iddiaçı uzun illər müxtəlif ərazilərdə, hərbi hissələrdə hərbi xidmətdə olmuş, 16 mart 2008-ci il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş, buna görə də hərbi xidmətdən tərxis olunmuşdur. 31 may 2008-ci ildən yaşayış yeri üzrə mövcud olan mənzil növbəliliyində hərbi xidmət əlili kimi uçotuna alınsa da, həmin ildən bəri iddiaçıya mənzil verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, iddiaçı travmanı hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır. Hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2-1(118)-690/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında cəlb edilmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 690/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunmaq vəzifəsi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndinə uyğun olaraq iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxs kimi növbədənkənar mənzillə təmin olunma hüququ qanunla birbaşa təsbit edilmişdir və başqa hallar onun bu hüququnu məhdudlaşdıra və vətəndaşın ziyanına təfsir oluna bilməz.
12. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-70/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-690/2021 saylı 29 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.
14. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 759/2022 nömrəli, 06 may 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 01 fevral 2022-ci il tarixli 2-1(105)-70/2022 saylı qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir (48.1). Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Vətəndaşlar sosial kirayə müqaviləsi əsasında (dövlət mənzil fondu) yaşayış sahələri ilə yalnız növbəlilik qaydasında təmin olunurlar (48.2). Həmin Məcəllənin 56-cı maddəsinə uyğun olaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir(56.1). Hazırda hərbi xidmət əlillərinin yaşayış yeri üzrə mövcud olan mənzil növbəlik siyahısında 131 nəfər qeydə alınmışdır. İddiaçı həmin siyahı üzrə 41cidir. Qanunvericiliyə əsasən, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi, onların mənzil təminatı (mənzil tikintisi və ayrılması) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 2008-ci ildən ötən müddət ərzində ev növbəsində olan hərbi xidmət əlillərinə yaşayış sahəsi verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdilər.
18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi mübahisə ilə bağlı qərar qəbul edilməsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 16. Sosial inkişaf və dövlət 16.1. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 43. Mənzil hüququ ...43.2. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
21. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 56. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsi ...56.3. Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir.
22. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ ... 12.2. (5-ci bənd). Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. 12.2 (5-ci bənd). Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir (19 may 2020-ci il tarixli dəyişikliyə qədər).
23. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamı
24. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 saylı Fərmanı
1. Müəyyən edilsin ki: ...1.3. həmin Məcəllənin 28.4-5-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) və 56.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir;
25. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı:
4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri ...4.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: 4.9.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək;
26. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 74.İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, hazırkı iş üzrə Ali Məhkəmə qərarında göstərmişdir ki, “...apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız iddiaçının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamında qeyd olunan şəxslərin siyahısında olmamasına istinad edilərək iddianın təmin olunmaması barədə qərar qəbul etməsi tamamilə əsassızdır. Nəzərə alınmalıdır ki, qeyd olunan hal iddiaçının hərbi xidmət vəzifələrinin icrası zamanı əlil olmuş şəxs kimi növbədənkənar yaşayış sahəsi ilə təmin olunması hüququnun məhdudlaşdırılması əsası kimi çıxış edə bilməz. Ali Məhkəmə qərarında daha sonra göstərmişdir ki, “... hazırki iş üzrə iddiaçının əlilliyinin hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olması və əlilliklə əlaqədar hərbi xidmətdən ehtiyata buraxılması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının arayışında qeyd olunan məsələ, yalnız iddiaçının travmanın hərbi xidmət vəzifələrini yerinə yetirərkən almasıdır”.
29. İşin hallarından görünür ki, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək 2-ci qrup hərbi xidmət əlili olduğunu bildirərək mənzillə təmin olunmasını xahiş etmiş, cavabdeh orqan 16 sentyabr 2020-ci il tarixli S-128-068 saylı cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı 2-ci qrup hərbi xidmət əlili imtiyazı əsasında 31 may 2008-ci il tarixdən yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşlar imtiyazları əsasında yaşayış sahəsi ilə növbəlilik qaydasında təmin olunurlar.
30. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və haqlı olaraq qeyd etmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndinə uyğun olaraq iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxs kimi növbədənkənar mənzillə təmin olunma hüququ qanunla birbaşa təsbit edilmişdir və başqa hallar onun bu hüququnu məhdudlaşdıra və vətəndaşın ziyanına təfsir oluna bilməz. Qeyd olunan maddi hüquq normasının məzmunundan da görünür ki, iddiaçının qanunda təsbit olunan növbədənkənar yaşayış sahəsi ilə təmin olunma hüququnun reallaşdırılması vəzifəsi birbaşa olaraq cavabdehin üzərindədir.
31. Birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxs kimi növbədənkənar mənzillə təmin olunma hüququ qanunla birbaşa təsbit edilmişdir və başqa hallar onun bu hüququnu məhdudlaşdıra və vətəndaşın ziyanına təfsir oluna bilməz.
32. Belə ki, işə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçının əlilliyinin hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olub-olması ilə bağlı Ali Məhkəmənin qərarında göstərilən halların araşdırılması məqsədi ilə Müdafiə Nazirliyinə müvafiq sorğu verilmiş, sorğuya cavab olaraq təqdim edilmiş Müdafiə Nazirinin xx.xx.2008-ci il tarixli 083 saylı əmrindən çıxarışda iddiaçının “Hərbi xidmət haqqında” əsasnamənin 156-cı maddəsinin “V” bəndinə əsasən (xəstəliyə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması göstərilmişdir. Əmrin verilməsinə əsas kimi Mərkəz Hərbi Həkim Komissiyası tərəfindən təsdiq olunmuş 400№-li xx.xx.2008-ci il tarixli xəstəlik haqqında şəhadətnamə göstərilmişdir. Lakin, iddiaçının təqdim etdiyi xx.xx.2014-cü il tarixli 1224 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı barəsində Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəliklərin səbəb əlaqəsi kimi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” göstərilən xx.xx.2008-ci il tarixli 400 saylı qərarı ləğv edilmiş və səbəb əlaqəsi kimi “ Hərbi travmadır, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır” müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndində nəzərdə tutulan “hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxs” statusunda olmaqla onun növbədənkənar mənzillə təmin olunma hüququ vardır.
33. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamında 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulan şəxslər siyahısına 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri daxil edilmişdir. Bununla belə, iddiaçı həmin Sərəncamda mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulan şəxslər kateqoriyasına aid edilməsə də, iddiaçının növbədənkənar mənzillə təmin olunmaq hüququ “Hərbi qulluqçuların statusu haqqında” Qanunun tələblərindən, cavabdehin iddiaçını mənzillə təmin etmək vəzifəsi isə Mənzil Məcəlləsinin və bu qərarın 24-25-ci bəndlərində istinad edilən normaların tələblərindən irəli gəlir.
34. İşin yuxarıda istinad edilən hallarına əsasən kollegiya qeyd edir ki, mənzillərin yalnız növbəlilik qaydasında ayrılması və 2008-ci ildən ötən müddət ərzində ev növbəsində olan hərbi xidmət əlillərinə yaşayış sahəsi verilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri binci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə, iddianın təmin olunmamasına əsas ola bilməz.
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(118)-690/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.