Məhkəmə qərarları › İş №2-1(105)-503/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-503/2021

18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-503/2021 18.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçı və onun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin 1 saylı regional ərazi filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin 1 saylı regional ərazi filialına qarşı “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin 1 saylı regional ərazi filialı tərəfindən ona 05 iyun 2020-ci il tarixdən əvvəlki 3 il müddət üçün müharibə veteranı üçün müəyyən olunmuş müavinət verilməsindən imtina edilməsinin qanunsuz və əsassız hesab edilməsi və ona müharibə veteranı üçün müəyyən olunmuş müavinətin 05 iyun 2020-ci il tarixdən əvvəlki 3 il müddət üçün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2-1(118)-870/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ona müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətlərin ödənilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 23.02.2021-ci il tarixli, ********** saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1992-ci ildə X1 Ağdam və Ağdərə rayonu ugrundu gedən döyüşlərdə 20 Yanvar Batalyonunun tərkibində fəal döyüşmüş və bu döyüşlərin birində yaralanmışdır. Bununla bağlı dəfələrlə Müdafiə Nazirliyinə müraciət etmişdir. Müraciətləri ciddi araşdırılmış və Qarabağ uğrunda gedən döyüşlərdə döyüşməsi faktı öz təsdiqini nəhayət tapmışdır və bunun nəticəsi olaraq iyun 05 iyun 2020-ci ildə ona Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən MA7 087710 nömrəli Azərbaycan Respublikası Veteran Vəsiqəsi verilmişdir. 2020-ci ilin iyul ayından etibarən ona hər ay 80 (səksən) manat məbləğində təqaüd verilməsinə başlanılmışdır. 1992-ci ildən 2000-ci ilədək hərbi komissarlıqdan ona verilən arayış əsasında müharibə veteranı kimi kommunal xidmətləri ödəməkdən azad olmuşdur. 2000-ci ildən 2020-ci ilədək müddətdə iddiaçıya aid bəzi sənədlərdə atasının adı səhv yazıldığına görə ona müharibə veteranı adı və vəsiqəsi verilməkdən imtina edilmişdir. İddiaçı 1992-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bötövlüvü uğrunda gedən döyüşlərdə iştirak etmiş və həmin tarixdən müharibə veteranıdır, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəzi vəzifəli şəxslərinin diqqətsizliyi səbəbindən ata adının yazılmasında edilmiş səhvə görə ona müharibə veteranı vəsiqəsi uzun müddət ərzində verilməmişdir. Bundan sonra iddiaçı qanunvericiliklə müharibə veteranları üçün müəyyən edilmiş müavinətin 05 iyun 2020-ci il tarixdən əvvəlki 3 il müddət üçün hesablanaraq verilməsinə dair ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən “Veteranlar haqqında ”Azərbavcan Respublikasını Qanununun 7-ci maddəsinə və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasını Qanununun 9.1 -ci maddəsinə istinad edilərək veteran vəsiqəsini aldığı tarixdən əvvəlki müddət üçün müavinətin verilməsindən imtina etmişdir. Halbuki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində veteranlara güzəştlərin verilməsi qaydası nəzərdə tutulmuşdur və əvvəlki tarix üçün müavinətin alınmasını istisna edən heç bir müddəa yoxdur. Cavabdehin istinad etdiyi hüquq normaları nəinki iddiaçıya əvvəlki tarix üçün müavinətlərin ödənilməsini istisna etmir, bunun əksinə olaraq müraciət edilməzdən əvvəlki üç il üçün aylıq müavinətlərin ödənilməsini zəruri edir. Beləliklə, qanunvericiliyin tələbinə əsasən 05 iyun 2020-ci il tarixdən əvvəlki 3 il müddət üçün aylıq müavinətlər cavabdeh tərəfindən ödənilməlidir, lakin cavabdeh tərəfindən bundan imtina edilməklə qanunvericiliyin tələbləri pozulmuşdur. Onun müharibə veteranı olduğu nəzərə alınsa, 05 iyun 2020- ci il tarixdən əvvəlki 3 il müddət üçün müavinət hesablanaraq ona verilməlidir. Buna görə də, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına Məktubla müraciət edərək, müharibə veteranı olduğunu nəzərə alaraq, 05 iyun 2020-ci il tarixdən əvvəlki 3 il müddət üçün müavinətin hesablanaraq verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının iddiaçıya ünvanlanmış **********7 nömrəli, 23 fevral 2021-ci il tarixli Etirazında deyilir ki, “DSMFnin 1 saylı Regional Ərazi filialı bildirir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər-bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstəriliməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Qanunun 9.1-ci maddəsinin mətnindən də göründüyü kimi, müraciət edilmə vaxtından asılı olmayaraq əvvəlki 3 il üçün müavinət almaq hüququ iki müddətlə, bu Qanunun qəbul edildiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Yəni hüququn yarandığı gün bu Qanunun qəbul edildiyi gündən əvvələ təsadüf edirsə, onda qanun qəbul edildiyi gündən, huququn yarandığı gün bu Oanunun qəbul edildiyi gündən sonraya təsadüf edirsə, onda hüququn yarandığı gündən, lakin hər iki halda müraciətdən əvvəlki 3 ildən artıq olmayan müddət daxilində müavinət təyin edilir. İddiaçının təqaüd almaq hüququ müharibə veteranı adının aldığı 05.06.2020-ci il tarixdə yarandığından ona həmin tarixdən əvvəlki dövrə müavinət təyin edilməsi qanuna ziddir. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2-1(118)-870/2021 saylı qərarı ilə iddia rədd edilmişdir (hakim İsmayıl Quliyev). Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın tam ləğv edilməsini və onun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X2 Şəxsin 1 saylı Regional Ərazi Filialına qarşı “sosial müavinətin verilməsi tələbinə dair” iddiasının (“cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X2 Şəxsin 1 saylı Regional Ərazi Filialı tərəfindən ona 05 iyun 2020-ci il tarixdən əvvəlki 3 il müddət üçün müharibə veteranı üçün müəyyən olunmuş müavinət verilməsindən imtina edilməsinin qanunsuz və əsassız hesab edilməsini və ona müharibə veteranı üçün müəyyən edilmiş müavinətin 05 iyun 2020-ci il tarixdən əvvəlki 3 il müddət üçün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə”) tam təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildə X1 Ağdam və Ağdərə rayonu ugrundu gedən döyüşlərdə 20 Yanvar Batalyonunun tərkibində fəal döyüşmüş və bu döyüşlərin birində yaralanmışdır. Bununla bağlı dəfələrlə Müdafiə Nazirliyinə müraciət etmişdir. Müraciətləri ciddi araşdırılmış və Qarabağ uğrunda gedən döyüşlərdə döyüşməyi faktı öz təsdiqini tapmış və bunun nəticəsi olaraq iyun 05 iyun 2020-ci ildə ona Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən M/V 087710 nömrəli Azərbaycan Respublikası Veteran Vəsiqəsi verilmişdir. 2020-ci ilin iyul ayından etibarən ona hər ay 80 (səksən) manat məbləğində təqaüd verilməsinə başlanılmışdır. 1992-ci ildən 2000-ci ilədək hərbi komissarlıqdan ona verilən arayış əsasında müharibə veteranı kimi kommunal xidmətləri ödəməkdən azad olmuşdur. 2000-ci ildən 2020-ci ilədək müddətdə ona aid bəzi sənədlərdə atasının adı səhv yazıldığına görə ona müharibə veteranı adı və vəsiqəsi verilməkdən imtina edilmişdir. O, 1992-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bötövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və həmin tarixdən müharibə veteranıdır, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəzi vəzifəli şəxslərinin diqqətsizliyi səbəbindən ata adının yazılmasında edilmiş səhvə görə ona müharibə veteranı vəsiqəsi uzun müddət ərzində verilməmişdir. Bundan sonra o, qanunvericiliklə müharibə veteranları üçün müəyyən edilmiş müavinətin 05 iyun 2020-ci il tarixdən əvvəlki 3 il müddət üçün hesablanaraq ona verilməsinə dair ərizə ilə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan tərəfindən “Veteranlar haqqında” Azərbaycan Respublikasını Qanununun 7-ci maddəsinə və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasını Qanununun 9.1 -ci maddəsinə istinad edilərək veteran vəsiqəsini aldığı tarixdən əvvəlki müddət üçün müavinətin verilməsindən imtina etmişdir. Halbuki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində veteranlara güzəştlərin verilməsi qaydası nəzərdə tutulmuşdur və əvvəlki tarix üçün müavinətin alınmasını istisna edən heç bir müddəa yoxdur. Cavabdehin istinad etdiyi hüquq normaları nəinki ona əvvəlki tarix üçün müavinətlərin ödənilməsini istisna etmir, bunun əksinə olaraq müraciət edilməzdən əvvəlki üç il üçün aylıq müavinətlərin ödənilməsini zəruri edir. Beləliklə qanunvericiliyin tələbinə əsasən 05 iyun 2020-ci il tarixdən əvvəlki 3 il müddət üçün aylıq müavinətlər cavabdeh tərəfindən ona ödənilməlidir, lakin cavabdeh tərəfindən bundan imtina edilməklə qanunvericiliyin tələbləri və hüquqları pozulmuşdur. Qanunvericilikdə müraciət edilməzdən əvvəlki üç il üçün aylıq müavinətlərin ödənilməsi müəyyən edilərkən şəxsin hüququ yarandığı tarixdən sonrakı tarixlərdə subyektiv səbəbdən müraciət etməsi nəzərdə tutulmuşdur. Mövcud yəziyvətdə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqsiri səbəbindən müharibə veteranı vəsiqəsi uzun müddət ərzində ona verilmədiyi üçün onun tərəfindən müraciət edilməsi mümkün olmamışdır və buna əsasən də ona sosial müavinətlər cavabdeh inzibati orqan tərəfindən ona 05 iyun 2020-ci il tarixdən əvvəlki 3 il müddət üçün müavinət verilməsindən imtina edilməsi qanunsuzdur. Onun müharibə veteranı olduğu nəzərə alınaraq, 05 iyun 2020- ci il tarixdən əvvəlki 3 il müddət üçün müavinət hesablanaraq ona verilməlidir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, qərarın tam ləğv edilməsini və iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X2 Şəxsin 1 saylı Regional Ərazi Filialına qarşı “sosial müavinətin verilməsi tələbinə dair” iddiasının tam təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin 1 saylı regional ərazi filialının nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası İddiaçı, onun vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin 1 saylı regional ərazi filialının nümayəndəsi Nümayəndə dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apeylasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Lakin “Sosial müavinətlər haqqında” Qanunun 11-ci maddəsində müavinətlərin ödənişinin dayandırdmasında aşağıdakılar qeyd edilmişdir, 11.1. Müavinatlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: 11.1.1. dövlət qulluqçularına ömürlük müavinət - dövlət qulluqçusu yenidən dövlət qulluğuna qəbul edildikdə; 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda; 11.1.3.18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət - şəxs əmək pensiyası hüququ qazandıqda; 11.1.4.sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - şəxs əmək pensiyası hüququ qazandıqda; 11.1.5.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda; 11.1.6. 3 yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqda; 11.1.6-1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə; 11.1.7. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) ləğv edildikdə. 11.1.8. övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət — övladlığa götürülən uşaq vəfat etdikdə, habelə övladlığa götürülən uşağın ölmüş elan edilməsi və ya itkin düşmüş hesab edilməsi, eləcə də müavinəti alan şəxs tərəfindən uşağı övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda. Qeyd olunduğu kimi “Sosial müavinətlər haqqında” Qanunun 11.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda müavinətlərin ödənişi dayandırılır. Həmçinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın 01.04.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman 01.04.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq “Sosial müavinətlər haqqında” Qanunun müddəaları ilə yox, digər əsasla verilir. Bundan əlavə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər-bu qanunla müəyyən edilmiş qaydada ayrıayrı kateqoriya şəxslərə sosial yardım göstəriliməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Yuxarıda qeyd olunan “Prezident təqaüdü” anlayışı isə “Sosial yardım” anlayışının mahiyyətindən fərqlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2-1(118)-870/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar