Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-503/2025 21.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçı, İddiaçının nümayədəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə qarşı “oğluna şəhid statusunun verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2- 1(118)-885/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X5 2023-cü ilin oktyabr ayından müddətli həqiqi hərbi xidmət qulluqçusu kimi hərbi xidmətə başlamış, odlu silahla atəş nəticəsində həlak olduğundan N saylı hərbi hissə komandirinin N mart N4-cü il tarixli, N nömrəli əmrinə əsasən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır.
2. 22 aprel N4-cü il tarixli, AZ-İ seriyalı, 677303 nömrəli “Ölüm haqqında şəhadətnamə” yə əsasən X5 N mart N4-cü il tarixdə ölmüş, ölümün səbəbi “kəskin qan itirmə - ürəyin deşilməsi odlu silahla” qeyd edilmişdir.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş AZS-106, ******* nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə” də ölümün baş vermə yeri “hərbi hissədə” qeyd edilmişdir.
4. X2 ölümü faktı ilə bağlı N saylı hərbi hissənin komandiri X9 barəsində cinayət işi başlanılaraq, istintaq aparılmışdır.
5. Gəncə Hərbi Məhkəməsinin 03 oktyabr N4-cü il tarixli, 1(095)-266/N4 nömrəli hökmünə əsasən X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 29, 178.2.2, 29, 178.2.3, 331.2, 331.3 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 125-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 29, 178.2.2, 29, 178.2.3-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 331.2-ci maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat miqdarında cərimə cəzasına, CM-in 331.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 341.2.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə X9 qəti olaraq 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 200 (iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən V.Bağırova təyin olunmuş cəzalar müstəqil icra olunması, CM-nin 71.5-ci maddəsinin tələbinə əsasən Gəncə Hərbi Məhkəməsinin 21 avqust N3-cü il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi, həmin Məcəlləsinin 67-ci maddəsinə əsasən Gəncə Hərbi Məhkəməsinin 21 avqust N3-cü il tarixli hökmü ilə ona təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzasına qismən birləşdirilməklə, hökmlərin məcmusu üzrə V.Q.Bağırov qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 26 fevral N6-cı il tarixli, 11(104)-34/N6 nömrəli qərarına əsasən Gəncə Hərbi Məhkəməsinin 1(095)-266/N4 nömrəli hökmü məhkum V.Q.Bağırova təyin edilmiş cəza hissəsində dəyişdirilməsi, ona təqsirli bilindiyi CM-in 125-ci maddəsi və 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 29, 178.2.2, 29,178.2.3-cü maddələri ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 331.3-cü maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 341.2.3-cü maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilməsi, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən bu qərarla təyin edilmiş həmin cəzalar və hökmlə CM-in 331.2-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 200 manat cərimə cəzası cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla, 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 200 manat cərimə cəzasının təyin edilməsi, CM-in 71.5-ci maddəsinə əsasən Gəncə Hərbi Məhkəməsinin 21 avqust N3-cü il hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilərək CM-nin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı qərarla təyin edilmiş cəzaya qismən birləşdirilməklə, V.Q.Вağırovun üzərində qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 200 (iki yüz) manat cərimə cəzasının saxlanılması, CM-nin 68.2ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmışdır.
7. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən görünür ki, V.Bağırov manqa komandiri kimi hərbi xidmət edərkən tabeliyində olan şəxsləri təhqir etmiş, əlləri və silahın qundağı ilə onları döymüş, onlara işgəncə vermiş, ondan xidməti cəhətdan asılı olan zərərçəkmiş şəxslə amansız rəftar etmiş, onların ləyaqətini mütəmadi olaraq alçaltmış, həmin əməllərini təkrar olaraq etmiş, özgənin əmlakını ələ keçirmək üçün dələduzluq etməyə cəhd göstərmiş, öz qulluq mövqeyindən sui-istifadə edərək əsgərlərin yerinə kitablara imzalar etmiş, V.Bağırovun mütəmadi qanunsuz hərəkətləri nəticəsində əsgər H.Əzizov onunla amansız rəftar etməsi, ləyaqətini mütəmadi olaraq alçaltması və barəsində təqrir yazacağı ilə hədə-qorxu gəlməsi səbəbindən özünü öldürmə həddinə çatmış və N mart N4-cü il tarixdə saat 20-00 radələrində döyüş növbəsində olarkən, xidməti AK-74 markalı avtomat silahının qundağını yerə söykəyərək lüləsini ürək nahiyəsinə dirəyib atəş açmış və özünü öldürmüşdür.
8. H.Əzizovun atası İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət edərək, oğlu X4 şəhid statusunun verilməsini xahiş etmişdir.
9. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-43-90/2-Ə-xx/xx/2024 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” nın 4.1-ci bəndinin 2-ci abzasına əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Mərhumun ölümünə səbəb olan şərait Qaydaların müddəalarında nəzərdə tutulmadığından, ona Xidmətin Xaçmaz rayon şöbəsi tərəfindən “Şəhid” statusunun verilməsi mümkün olmamışdır.
10. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, N mart N4-cü il tarixdə həlak olmuş oğlu X4 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsində icraat
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X5 döyüş növbəsində olarkən avtomat silahından açılmış atəş nəticəsində həlak olmuşdur. Hadisə ilə bağlı araşdırma aparmış hərbi prokurorluğu belə nəticəyə gəlmişdir ki, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi qulluqçusu, manqa komandiri X6 amansız rəftarı, ləyaqətinin mütəmadi olaraq alçaldılması və hədə-qorxu gəlməsi nəticəsində oğlu N mart N4-cü il tarixdə döyüş növbəsində olarkən, xidməti AK-74 markalı avtomat silahından atəş açaraq özünü öldürmüşdür. Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təsdiq olunur ki, həqiqi hərbi xidmət qulluqçusu olmuş oğlu manqa komandiri V.Q.Bağırov tərəfindən mütəmadi olaraq amansız rəftara, təhqirlərə və hədə-qorxuya məruz qaldığı üçün döyüş növbəsində olarkən xidməti silah olan AK-74 markalı avtomatdan atəş açaraq özünü öldürmüşdür. Oğlunun dəfni zamanı hərbi hissəsinin 10-15 nəfərə yaxın hərbi qulluqçusu dəfn mərasimində iştirak etmiş, oğlunun cəsədi dövlət bayrağı ilə örtülmüş və dəfn vaxtı avtomat silahlarından atəş açılmışdır. Yəni oğlunun dəfn mərasimi şəhid dəfni kimi həyata keçirilmişdir. Hesab edir ki, oğluna şəhid statusunun verilməsindən cavabdehin imtinası əsassızdır. Belə ki, qanuni qüvvəsini almış məhkmə hökmü ilə təsdiq olunur ki, manqa komandiri tərəfindən oğlu amansız rəftara, mütəmadi olaraq təhqirlərə və hədə-qorxuya məruz qaldığı üçün döyüş növbəsində olduğu zaman xidməti silahdan atəş açaraq özünü öldürmüşdür. Yəni oğlu hərbi xidmətdən yayınmaq və s. səbəblərdən deyil, mütəmadi olaraq manqa komandiri tərəfindən döyülməsinə, şəxsiyyətinin alçaldılmasına və hədəqorxulara dözə bilməyib özünü öldürmüşdür. Oğlunun döyüş növbəsində olarkən həlak olması, onun ölümünə səbəb olmuş hallar nəzərə alınmaqla ona şəhid statusu verilməlidir.
12. Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2-1(118)-3303/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh qismində prossesual iştirakına xitam verilmiş, Xidmətin Xaçmaz rayon şöbəsi iş üzrə cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(118)-885/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova).
14. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Gəncə Hərbi Məhkəməsinin 3 oktyabr N4-cü il tarixli, 1(095)266/N4 nömrəli hökmündən görünür ki, Əzizov Heybətqulu əsəbi-gərginlik halında intihar hadisəsini törətmişdir. Belə qənaətə gəlinir ki, post başçısı MAHHXE əsgər V.Bağırovun hərəkətləri əsgər X2 psixi-emosional durumunda bezikmə, əsəbilik, gərginlik, stress vəziyyəti yaratmışdır. Şahid ifadələrində göstərilmişdir ki, mərhum əsgər Əzizov Heybətqulu raportların əlindən artıq bezdiyini, özünü öldürəcəyini bildirmişdi (əsgər Natiq Qurbanovun ifadəsindən). Həmin ifadəyə əsasən ehtimal etmək olar ki, post başçısı MAHHXE əsgər V.Bağırovun hərəkətləri əsgər X2 özünü öldürmə həddinə çatdırmasına səbəb ola bilərdi. ...” Eyni zamanda, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2-1(102)-488/2025 nömrəli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994cü il 15 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nda şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları dəqiq müəyyən edilmişdir. Qaydaların 1.2-ci bəndində şəhid hesab edilən şəxslər göstərilmişir. Şəxsin şəhid hesab edilməsi üçün vəfat etmiş şəxs həmin kateqoriya şəxslərin dairəsinə uyğun olmalıdır. Qeyd edilən qaydalarda nəzərdə tutulmamış hallarda şəxsə şəhid stasutunun verilməsi qanuni sayıla bilməz. Qeyd edilən işlərdə işin faktiki halları ilə müəyyən edilmişdir ki, hərbi qulluqçu hərbi xidmət zamanı qeyri-döyüş şəraitində həlak olmuşdur.
15. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdirlər.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, izahatında bildirmişdir ki, şəhid statusu ilə bağlı arayış aidiyyəti orqanın bildirişi əsasında Xidmətin Xaçmaz rayon şöbəsi tərəfindən verilir. Müdafiə Nazirliyinin verdiyi bildirişlərdə ziddiyyət var. Belə ki, bildirişlərin birində şəxsin xidməti vəzifələrini yerinə yetirən zaman həlak olduğu, digərində isə özünü öldürmə faktı olduğu qeyd edilmişdir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
19. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununu: Maddə 4. Hərbi qulluqçular tərəfindən hərbi xidmət vəzifələrinin icrası
1. Hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır.
2. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır.
20. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”:
1. Şəhid anlayışı 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: ... 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
4. Şəhid və şəhid ailəsi statusunun verilməsi 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X3 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları» nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.
23. İnzibati Prosessual Məcəllə: Maddə 14. Sübut etmə vəzifəsi ... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. ... 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
25. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Hazırkı mübahisənin predmetini iddiaçının oğlu X4 şəhid statusunun verilməsindən cavabdehin imtinası təşkil edir.
28. Cavabdehin imtinasının əsası iddiaçının oğlunun ölümünə səbəb olan şəraitin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” nın müddəalarında nəzərdə tutulmadığıdır.
29. Birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iddiaçının oğlunun intihar etməsi faktının müəyyən edildiyi, bununla da onun qeyri-döyüş şəraitində öldüyü qənaətinə gələrək, cavabdehin imtinasını əsaslı saymaqla iddianı təmin etməmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
31. Hazırkı qərarın 21-ci bəndində istinad olunan "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları" nın 1.2-ci bəndində şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları dəqiq müəyyən edilmişdir. Qaydalara əsasən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında məhz döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab olunurlar.
32. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.
33. Yəni, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə həlak olmuş şəxs o halda, şəhid hesab edilir ki, onun ölümü məhz döyüş tapşırıqları nəticəsində baş vermiş olsun.
34. Hazırkı halda da, iddiaçının oğlu N4-cü ildə - yəni atəşkəs dövründə N nömrəli hərbi hissədə həlak olmuşdur.
35. Belə olan halda, iddiaçının oğlunun ölümü faktı ilə döyüş tapşırıqlarının yerinə yetirilməsi münasibətləri arasında səbəbli əlaqənin olub-olmadığı müəyyən edilməlidir.
36. İşin bu halı isə artıq yuxarıda qeyd olunan cinayət işi üzrə məhkəmə icraatı zamanı müəyyən edilmişdir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
38. Hazırkı qərarın 1-7-ci bəndində qeyd olunanlardan görünür ki, iddiaçının oğlu hərbi xidmət etdiyi dövrdə odlu silahdan açılmış atəş nəticəsində ölmüş, bununla əlaqədar hərbi hissənin komandiri X9 barəsində cinayət işi başlanmış, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iddiaçının oğlunun Vasif Bağırovun onunla amansız rəftarı nəticəsində özünü öldürdüyü müəyyən edilmişdir.
39. Göründüyü kimi iddiaçının mərhum oğlunun ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı olmamış, ölüm səbəbi hərbi hissə komandirinin ona qarşı hərəkətləri nəticəsində intihar etməsi olmuşdur.
40. Lakin yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından şəxsin şəhid hesab edilməsi üçün onun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması (yəni döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi) arasında səbəbli əlaqə mövcud olmalıdır.
41. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının mərhum oğlunun ölümü ilə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi münasibətləri arasında səbəbli əlaqə müəyyən edilmədiyinə görə, cavabdeh inzibati orqanın iddiaçının oğluna şəhid statusu verilməsindən imtinası qanuni və əsaslı olmuşdur.
42. Həmçinin, qeyd olunan mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji işlər üzrə 2-1(102)-1096/2023, 2-1(102)-548/2024 və 2- 1(102)-680/2024 nömrəli qərarlarında da ifadə olunmuşdur.
43. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(118)-885/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.