Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-504/2021 19.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron İdarəsinə qarşı iş üzrə (açar sözlər: torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsinin cavabdehə həvalə edilməsi) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Məmmədli kəndində yerləşən və şəxsi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(118)- 528/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Məmmədli kəndində yerləşən və şəxsi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha olan torpaq sahəsi onun şəxsi mülkiyyətindədir. 23.02.2008-ci il tarixdə ona qeyd etdiyi ünvandakı 0,12 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı Çıxarış və Torpaq sahəsinin plan və ölçüsü sənədləri verilmişdir. Bundan iki il sonra o, mülkiyyətində olan qeyd etdiyi torpaq sahəsini hasara almaq istədikdə ona məlum olmuşdur ki, həmin sahənin təxminən 50 m hissəsi yol kimi istifadə edilir. O, bununla əlaqədar cavabdeh təşkilata müraciət edərək torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsini xahiş etmiş və 07.06.2016-cı il tarixdə plan və ölçü sənədi yenidən tərtib edilərək ona verilmiş olsa da, yenə də məlum olmuşdur ki, onun torpaq sahəsinin arxa və yan hissələri qonşu torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür. Bununla bağlı 2018-ci ildə yenidən cavabdeh İdarəyə müraciət etmiş və rəsmi cavabla ona bildirilmişdir ki, “mütəxəssislər tərəfindən yerində aparılmış yoxlama ölçü işləri zamanı torpaq sahəsinin vətəndaş X2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Torpaq sahəsinə dair Məmmədli Bələdiyyəsi və Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiqlənmiş yerquruluşu planından çıxarış təqdim edilərsə, DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsi məsələsinə baxılacaqdır”. O, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha olan torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsi barədə cavabdeh İdarəyə ərizə ilə müraciət etmiş, cavabdeh İdarə ərizəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərmiş, qeyd etdiyi təşkilat ona imtina cavabı vermişdir. O qeyd etdiyi təşkilatın hərəkətindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin iddia tələbi iddiaya cavab verməli olan cavabdehə qarşı yönəlmədiyi nəzərə alınaraq mümkün sayılmamış və bu barədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi 12.04.2019-cu il tarixdə 2-1(085)-670/2019 saylı iş üzrə qərardad qəbul etmişdir. Bundan sonra o Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha olan torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsi barədə cavabdeh İdarəyə 22.10.2019-cu il tarixdə ərizə ilə müraciət etmiş, lakin ərizəsi cavabdeh İdarə tərəfindən indiyə kimi cavablandırılmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Cavabdehin etirazları:
3. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən vətəndaşın mülkiyyətində olan 23.02.2008-ci il tarixli, **********19 reyestr nömrəli, 0.12 ha torpaq sahəsinin müayinə baxışına şərait yaradılmadığı üçün döngə nöqtələrinin koordinatlarını göstərmək mümkün olmamışdır. Belə ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 02.08.2007-ci il tarixdə **********39 reyestr nömrəsi ilə X3 adına qeydiyyatdan keçmiş (0.20 ha) torpaq sahəsinin 0.12 ha hissəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı adına 23.02.2008-ci il tarixdə **********19 reyestr nömrəsi ilə qeydiyyata alınaraq çıxarış və bölgü eskizinə əsasən mövcüd plan-ölçüdəki döngə nöqtələrinin koordinatları ilə plan-ölçü verilmişdir. Sonradan İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsini 26.05.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədində cari dəyişiklik edilmişdir. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən İddiaçı **********19 reyestr nömrəsi ilə mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 119 kv.metr hissəsi **********10 reyestr nömrəsi ilə X4 mülkiyyətində olan 0.10 ha faktiki torpaq sahəsinə giriş-çıxış yolu kimi istifadə edilməkdədir, 7 kv.metr hissəsi isə 29.12.2015-ci il tarixli, **********98-10301 reyestr nömrəsi ilə X1 adına qeydiyyatdan keçmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üstüstə düşür. Bununla əlaqədar olaraq vətəndaşa bildirilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən İddiaçı **********19 reyestr nömrəsi ilə mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq Məmmədli bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri Baş memar tərəfindən təsdiqlənmiş yerquruluşu xəritəsindən çıxarış (sxem) və azalmaya dair notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi təqdim ediləcəyi təqdirdə faktiki vəziyyətə uyğun olaraq plan-ölçü sənədinə cari dəyişiklik edilməsi məsələsinə baxıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların X8 ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə təsbit edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2015-ci il 4 iyun tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin Əsasnaməsinə görə idarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycar Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Komitə sədrinin əmr, sərəncam və göstərişlərini, Kollegiyanın qərarlarını, Xidmət rəisinin əmr və göstərişlərini, Komitə və Xidmət üzrə təlimatları, digər normativ metodiki sənədləri və bu əsasnaməni rəhbər tutur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkədən xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(118)-528/2021 saylı qərarı (hakim C.B.Məmmədov) ilə iddianın təmin olunmaması qərara alınmışdır.
5. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(118)-528/2021 saylı qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha olan torpaq sahəsi onun şəxsi mülkiyyətindədir. 23.02.2008-ci il tarixdə ona 0,12 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı Çıxarış və Torpaq sahəsinin plan və ölçüsü sənədləri verilmişdir. Bundan iki il sonra o, mülkiyyətində olan torpaq sahəsini hasara almaq istədikdə ona məlum olmuşdur ki, həmin sahənin təxminən 50 m hissəsi yol kimi istifadə edilir. O, bununla əlaqədar cavabdeh təşkilata müraciət edərək həmin torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsini xahiş etmiş, 07.06.2016-cı il tarixdə plan və ölçü sənədi yenidən tərtib edilərək ona verilmişdir. Lakin bu dəfə də ona məlum olmuşdur ki, o torpaq sahəsinin arxa və yan hissələri qonşu torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür. Bununla bağlı o 2018-ci ildə yenidən cavabdeh təşkilata müraciət etmiş, rəsmi cavabla ona bildirilmişdir ki, «Mütəxəssislər tərəfindən yerində aparılmış yoxlama ölçü işləri zamanı torpaq sahəsinin vətəndaş X2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Torpaq sahəsinə dair Məmmədli Bələdiyyəsi və Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiqlənmiş yerquruluşu planından çıxarış təqdim edilərsə DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsi məsələsinə baxılacaqdır». Lakin həmin vəzifə qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdeh təşkilata aid olduğuna görə o, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha olan torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsi barədə cavabdeh təşkilata yenidən ərizə ilə müraciət etmiş, caabdeh təşkilat onun ərizəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərmiş, qeyd edilən təşkilat ona imtina cavabı vermişdir. O, həmin təşkilatın hərəkətindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin iddia tələbi iddiaya cavab verməli olan cavabdehə qarşı yönəlmədiyi nəzərə alınaraq mümkün sayılmamış və bu barədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi 12.04.2019-cu il tarixdə 2-1(085)-670/2019 saylı iş üzrə qərardad qəbul etmişdir. Bundan sonra o Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha olan torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsi barədə yenə də cavabdeh təşkilata 22.10.2019cu il tarixdə ərizə ilə müraciət etmiş, lakin ərizəsinə cavabdeh təşkilat tərəfindən indiyə kimi cavablandırılmamışdır. 2008-ci il tarixdən indiyə kimi dəfələrlə müraciət etməsinə baxmayaraq, Abşeron rayonu, Məmmədli kəndində yerləşən və şəxsi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin plan və ölçü sənədinin cavabdeh təşkilat tərəfindən düzgün tərtib edilmədiyinə görə onun həmin torpaq sahəsi üzrəində qeyd etdiyi qanunvericiliklə müəyyənləşdirilmiş hüquqları pozulmuş, qeyd etdiyi ünvandakı torpaq sahəsinə indiyə kimi sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Birinci instansiya Məhkəməsi bu işə baxıb qərar qəbul edərkən qanunvericiliyin tələblərini tamamilə pozmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərarda qeyd edilmiş qanuni göstərişlər yerinə yetirilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarında mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməsi və buna müvafiq olaraq düzgün plan və ölçü sənədlərinin verilməsi tələbinin qoyulmasına baxmayaraq 1-ci instansiya məhkəməsi torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən etməmiş, yerli baxış keçirməmiş, mütəxəsis rəyi elektron məlumat bazası əsasında müəyyən edilmiş, nəticədə mütəxəsis rəyində onun torpaq sahəsinin müəyyən hissəsinin X5, müəyyən hissəsinin X11, müəyyən hissəsinin isə X7 mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Həmçinin bildirir ki, onun X10, X16 və X12 adında qonşuları yoxdur. Digər tərəfdən onu da qeyd edir ki, dövlət reyestr xidmətinin verdiyi sonuncu cavabda onun torpaq sahəsinin X4 və X1 torpaq sahələri ilə üst-üstə düşməsi qeyd edilmişdir. Birinci dəfə ona torpaq sahəsinin plan və sxemi verilərkən həmin sxemdə torpaq sahəsinin 50 metr hissəsi yol kimi istifadə edilən sahəyə, ikinci dəfə sxem verilərkən isə X2 torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Beləliklə torpaq sahəsinin 6 dəfə plan-sxemi tərtib edilmiş, hər dəfə baza məlumatları və dövlət reyestrində saxlanılan məlumatlara əsasən plan-sxem tərtib edildiyinə görə torpaq sahəsinin indiyə kimi düzgün sxem və planı tərtib edilməmiş, torpaq sahəsinin koordinatları yerində dəqiq müəyyən edilməmiş, torpaq sahəsinə yerli məhkəmə baxışı keçirilməmişdir.
b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. apelyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
11. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
12. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
13. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
14. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
15. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
16. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
17. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
18. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
19. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
20. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
21. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
22. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
23. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
24. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
26. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
28. Həmin Məcəllənin 157.2-ci maqddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: - 9.1.1. bu qanuna uyğun olaraq hüquqların X8 ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; - 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; - 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; - 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hazırkı qərarın 10-19-cu bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(118)-528/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, hazırkı işin hallarından müəyyən olunduğu kimi X6 0.20 ha torpaq sahəsinin 0.12 ha hissəsini alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmış və Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən ehtiyat fondu torpaqları təyinatlı 0.12 ha torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 23.02.2008-ci il tarixdə **********19 reyestr nömrəsi ilə qeydiyyata alınmış, torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır.
33. İddiaçı hazırda həmin torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsini istəyir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən İddiaçı **********19 reyestr nömrəsi ilə mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 119 kv.metr hissəsi **********10 reyestr nömrəsi ilə X4 mülkiyyətində olan 0.10 ha faktiki torpaq sahəsinə girişçıxış yolu kimi istifadə edilməkdədir, 7 kv.metr hissəsi isə 29.12.2015-ci il tarixli **********98-10301 reyestr nömrəsi ilə X1 adına qeydiyyatdan keçmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür.
34. Qeyd olunan halın araşdırılması məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən müvafiq mütəxəssis rəyi alınmış və məlum olmuşdur ki, elektron məlumat bazasında iş araşdırılarkən Abşeron rayonu, Məmmədli kəndində yerləşən iddiaçının faktiki istifadəsində olan 0,1089 ha torpaq sahəsinin 0,0635 ha hissəsi digər şəxslərin çıxarışla mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşür.
35. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan torpaq sahəsinin faktiki yerləşdiyi yerin koordinatlarının müəyyən edilməsi məqsədi ilə cavabdeh təşkilata 04.06.2021-ci ildə məktub göndərilmiş və həmin torpaq sahəsinə müvafiq mütəxəssilər tərəfindən baxış keçirildikdən sonra İddiaçı Bəxtiyar oğlunun adına olan faktiki torpaq sahəsinin 0.0115 ha hissəsinin X5, 0.0085 ha hissəsinin X11 və 0.0483 ha hissəsinin X7 mülkiyyətində olan sənəd üzrə torpaq sahələri DWG uyğunsuzluğu nəticəsində üst-üstə düşməsi müəyyən edilmişdir.
36. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsini istəyir. Cavabdeh inzibati orqanın mülkiyyətə dair hüquqları dövlət qeydiyyatına alması inzibati akt deyil, həmin orqan mövcud, qazanılmıış hüquqların dövlət qeydiyyatını aparmaqla hüquqi akt qəbul edir. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatından keçmiş bir hüquqdur və ona mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlər verilmişdir. İddiaçının faktiki istifadə vəziyyətinə uyğun müvafiq dəyişiklik edilməsini cavabdehdən tələbi isə digər şəxslərlə olan mübahisənin vəziyyətindən asılı ola bilər. Hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Yuxarıda qeyd edilən faktiki vəziyyət mövcud olduğu halda inzibati orqanın plan ölçü sənədində dəyişiklik etmək səlahiyyəti mövcud deyildir. Torpaq sahələrinin mövcud mülkiyyət sənədlərində qeyd edilən koordinatlardan fərqli istifadə edilməsi isə qonşular arasında yaranmış mülki mübahisə kimi qiymətləndirilməlidir.
37. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırkı qərarın 30-cu bəndində istinad edilən qanun normasının tələblərinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin olmasının və s. halların müəyyən edilməsi daşınmaz əmlakın dövlət reyestri xidmətinin vəzifələrinə aid edilmişdir.
38. Hazırkı qərarın 6-cı bəndində öz əksini tapan iddiaçının apelyasiya şikayətinin dəlillərilə əlaqədar kollegiya qeyd edir ki, həmin dəlillər əsassızdır ona görə ki, birinci instansiya məhkəməsinin iş üzrə mütəxəssis rəyi alınması üçün qəbul etmiş olduğu 16.03.2021-ci il tarixli qərardadının icrası ilə bağlı məhkəməyə təqdim edilmiş 26.04.2021ci il tarixli mütəxəssis rəyindən göründüyü kimi, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsilə Kadastr və Yerquruluşu Layihə tədqiqat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi, iddiaçı və cavabdehin iştirakı ilə çöl-ölçmə işləri aparılmaqla iddiaçının faktiki istifadəsində olan 0,1089 ha torpaq sahəsinin 0,0635 ha hissəsi digər şəxslərin çıxarışla mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən istər iddiaçının, istərsə də iddiaçının torpaq sahəsilə həmsərhəd olan digər mülkiyyətçilərin hüquqları dövlət reyestrində qeydiyyata alındığından hazırkı qərarın 25-29-cu bəndlərində istinad edilən maddi hüquq normalarının tələbləri baxımından cavabdeh İdarə tərəfindən həmin mülkiyyətçilərin mülkiyyətlərində olan torpaq sahələrinin plan ölçüsündə bir tərəfli qaydada dəyişiklik etmək səlahiyyəti olmadığından, torpaq sahələrinin mövcud mülkiyyət sənədlərində qeyd edilən koordinatlardan fərqli istifadə edilməsi həmin mülkiyyətçi qonşular arasında mülki mübahisə predmetinə aid olduğundan birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Məmmədli kəndində yerləşən və şəxsi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsinin Cavabdehnə həvalə edilməsi” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir.
39. Beləliklə, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamışdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(118)- 528/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(118)-528/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.