Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-504/2023 01.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qusar rayon Avaran Bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: real zərər və əldən çıxmış fayda qismində maddi zərərin və mənəvi ziyanın ödənilməsi ) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı nümayəndəsi X11, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Qusar rayon Avaran Bələdiyyəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-1(118)-1573/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-82/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilərək Qusar rayon Avaran Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 32 saylı qərarı, İddiaçı məxsus Qusar rayonu, Avaran kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Z.Pirverdiyev). Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(105)-480/2018 nömrəli qərarından görünür ki, cavabdeh Qusar rayon Avaran Bələdiyyəsi və üçüncü şəxs Mustafayeva Rima Nazim qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qəbul qəbul etdiyi 2-1(85)-82/2018 saylı xx.xx.2018-ci il tarixli qərarın dəyişdirilmədən qüvvəsində saxlanılması qərara alınmışdır (hakimlər Z.Məmmədov (sədrlik edən və məruzəçi), N.Nəsibov və A.Abbasov). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-169/2019 nömrəli qərarından görünür ki, cavabdeh Qusar rayon Avaran bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-480/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır (hakimlər K.Bədəlov (sədrlik edən və məruzəçi), İ.Dadaşov, S.Hüseynova). Qusar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(029)-905/2019 nömrəli qərarından görünür ki, iddia təmin edilərək cavabdeh Mustafayeva Rima Nazim qızının Qusar rayonu Avaran kəndində yerləşən İddiaçı məxsus yaşayış evindən çıxarılması və həmin yaşayış evinin İddiaçı mülkiyyətinə qaytarılması qərara alınmışdır (hakim R.Kazımov). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3932/2020 nömrəli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh Mustafayeva Rima Nazim qızının kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-417/2020 nömrəli iş üzrə 11 fevral 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov və İ.Xələfov). Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(105)-597/2022 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1072/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasın qərara alınmışdır (hakimlər: F.Məmmədov (sədrlik edən və məruzəçi), H.Babayeva, Z.Məmmədov). Həmin qərardan görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1072/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.1994-cü il tarixli 3M-59 reyestr nömrəli alqı-satqı müqaviləsi əsaısnda ələd etdiyi Qusar rayonu Avaran kəndində yerləşən fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxaırşdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi və ümumi sahəsi 32 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. AZ-İİ seriyalı, 285451 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2019-cu il tarixdə ölmüşdür, ölümün səbəbi qocalıqdır. İddiaçı Qusar rayon Avaran kənd Bələdiyyəsinin sədri X5 ünvanlanmış ərizədən görünür ki, İddiaçı özünə və ailəsinə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Qusar rayon Avaran Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli İddiaçı ərizəsinə cavab məktubunda göstərilmişdir ki, onun iddiaları əsasında uzun illər məhkəmə çəkişmələri olub, bir neçə məhkəmə qətnamələri mövcuddur, iddia tələbi rədd olunmuşdur. Hesab edilir ki, maddi və mənəvi zərər vurulmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Qusar rayon Avaran Bələdiyyəsinin sədri X6 qarşı iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ona vurduğu mənəvi və maddi ziyanın əvəzi olaraq, 2011-2022-ci illərdə cəmi - 3000 AZN, həyətyanı bağ sahəsindən kənd məhsullarından orta hesabla mümkün olan gəlir cəmi - 18000 AZN, Dəri istehsalı emalatxanasından və ev kirayəsindən mümkün olan orta hesab 10 ildə gəlir, cəmi - 29000 AZN pul vəsaitin, ümumilikdə 50.000 manat pulun onun nümayəndəsi Səmədov E.S. kart hesabına ödənilməsi barədə qərar çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh qismində Qusar rayon Avaran Bələdiyyəsinin tanınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1994-cü ildə ümumi ailə razılığı ilə Qusarın Avaran kəndində ümumi torpaq sahəsi 25 sot və ev 32 kv. sahəsi almış, tam olaraq Azərbaycan Respublikasının Qanununa əsasən notarial qaydada alqı-satqısı ilə və Bakı şəhəri Abşeron rayonu İnventarlaşdırma İdarəsinin 1995-ci il tarixli Qeydiyyat vəsiqəsi. 1995-2003-cü ilədək hər yaz, yay fəslində Avaran kəndinə ailəsi həmin əraziyə getmişdir. Lakin 2003-2011-ci illərdə səhhətinin pisləşməsi nəticəsində kəndə gedə bilməmiş, bu səbəbdən ev baxımsız qalmışdır. Bu fürsəti Avaran kəndinin Bələdiyyə sədri əldən buraxmayıb və saxta sənəd tərtib edərək Babayev H.P. ona məxsus olan 25 sot torpağı və evi tam şəkildə Sumqayıt şəhər sakini olan Mustafayeva Rima Nazim qızına boş torpaq adı ilə 2007-ci ildə satmışdır. Onun oğlu və nümayəndəsi X11 2011-ci ildə həmin kəndə gedərkən evə daxil ola bilməmişdir. Sahə tamamilə hasarlanıb, sahənin yararsız hala düşdüyünü görüb və dərhal məhkəməyə iddia vermişdir, 2011-2022-ci illərdə. Hal-hazırda olduğu kimi məhkəmələr davam edir. Düzdür, evi və 25 sot torpaq onun özünə qaytarılmışdır. xx.xx.2019-cu il tarixdə növbəti məhkəmə bildirişini eşidərkən yoldaşı X13 xəstələnib və dünyasını dəyişib (Ölüm haqqında şəhadətnaməni işə əlavə etmişdir). 2011-ci ildə oğlu Səmədov E.S. kəndə gedərkən orada məskunlaşaraq qış fəslində dəri istehsalı emalatxanası açmaq və yay aylarında isə evi əsaslı təmir edib kirayə vermək fikiri ilə getmişdir. Eyni zamanda 1995-2003-cü illərdə olduğu kimi bağ məhsullardan faydalanmaq istəyib (alma, qoz, moruq, gilas və sairə). Bunların hamısından onlar məhrum olmuşlar. Onları 10-11 il sənədli qanuni həyətinə buraxmayıblar (Mustafayeva R.). Hesab edir ki, o bir mülkiyyətçi olaraq maddi və mənəvi ziyan çəkmiş, ailəsi əziyyət çəkib və nəticədə həyat yoldaşını itirmişdir. Əvvəlki illərdə onlar kartof əkmiş ildə 150 kq, alma-ildə 5 ağac-200 kq, qoz-7 ağac- 130 kq. Oğlu E.S. Səmədovun nəzərində tutmuş olduğu dəri istehsalı orta hesab - ildə 2000 AZN, evin kirayəsi yay ayları günlük - 50 manat, ildə orta hesab 1500 manat qazanc əldə etmək olur. Bütün bunlardan məhrum olmağının səbəbkarı Avaran kənd Bələdiyyə sədri H.P.Babayevdir və hesab edir ki, onun qanunsuz hərəkəti müəyyən pul vəsaiti ilə əvəz edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə etirazında bildirmişdir ki, cavabdehin nümayəndəsi uzun müddətdir ki, Cavabdeh sədri işləyir. 2007-ci ilin axırlarında X2 ona müraciət edərək İddiaçı məxsus torpaq sahəsini və orada yerləşən tikilini almaq istədiyini bildirmişdir. Həmin torpaq sahəsinə baxış keçirdikdə, orada bir mərtəbəli, 3 otaqdan ibarət, ciy kərpicdən inşa edilmiş tövlə tipli tikili olduğunu və tövlədə qonşunun ot saxladığını müəyyən etmişdir. Həmin torpaq sahəsinə dair sənədləri yoxladıqda, bələdiyyə mülkiyyətində olduğunu müəyyən etmişdir. Mustafayeva Rima Nazim qızının müraciəti əsasında Cavabdeh 32 saylı 05 noyabr həmin torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Mustafayeva Rima Nazim qızına satılmışdır. Bu barədə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, Mustafayeva Rima Nazim qızı bələdiyyənin hesabına pul ödəmişdir. O İddiaçı heç bir ziyan vurmamış, belə ki, həmin torpaq sahəsində iddia ərizəsinə göstərildiyi, alma, qoz, moruq, gilas və sairə ağacları olmayıb, orda ümumiyyətlə ağac olmayıb, həmin sahədə iddiaçı heç vaxt kartof əkməmişdir. Orada iddiaçının oğlunun dəri istehsalı emalatxanasının istifadəyə verilməsi fərziyələrdir. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul etməyi məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-1(118)-1573/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı uzun illər ərzində məhrum olmuş əmlakından istifadə edilməməsinə görə cavabdeh inzibati orqandan 50000 manat kompensasiya tələb edir, lakin məhkəməyə ona vurulmuş həmin ziyanın sübutu haqqında heç bir əsaslı dəlil təqdim etməmişdir. Belə ki, iddiaçı həmin torpaq sahəsinin onun sahibliyində olması təmin edilsəydi həmin torpaq sahəsindən istifadə etməsi, o cümlədən turizm məqsədləri üçün istifadə edə biləcəyi ilə bağlı söylədiyi fikirlər mücərrəd xarakterlidir. Yəni torpaq sahəsinin iddiaçının faktiki sahibliyində olması qeyd olunan hərəkətlərin (torpaqdan turizm və digər məqsədlər üçün istifadə edərək gəlir götürməsi) edilməsinə dəlalət edə bilməz. Başqa sözlə desək, iddiaçıya dəyən maddi zərərin və həmin zərərdən irəli gələn mənəvi zərərin nədən ibarət olması aşkar olunmamışdır. Ziyanla bağlı tələb edilən kompensasiya İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulmuşdur və həmin tələbin hüquqi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrində öz əksini tapmışdır. Qeyd olunan Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsi ilə bağlı (mənəvi ziyanla bağlı fiziki və mənəvi iztirabların keçirilməsi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarının olmasına baxmayaraq, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə qeyd olunan müddəanın tətbiq edilməsi həyata keçirilə bilməz. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiada qeyd edilmişdir ki, nümayəndəsi dəri istehsalı, ev kirayəsi, meyvə, tərəvəz və s. bu növ fəaliyyətlərlə 1995-1997ci illərdə qazanc əldə etmişdir. Kənd əhalisindən mal-qara alınıb, kəsilib və onların dəriləri xammal kimi yığılaraq, bir növ anbar kimi sonradan Bakı şəhərinə gətirilmişdir və dəri istehsalı zavoduna təhvil verilmişdir. Bu fəaliyyət qanuni olaraq keçirilmişdir. “Pantera” və “Alov” kiçik müəssisələri 1993-cü ildən fəaliyyət göstərərək dövlətə vergi ödəmişdir. Bələdiyyə sədrinin qanunsuz hərəkətləri nəticəsində bu fəaliyyətlərdən məhrum olmuşdur. Birinci instaniya məhkəməsi bu faktları və sübut kimi təqdim etdiyi məhkəmə qərarlarını, biletləri, məhkəmə işləri ilə bağlı ödənilmiş dövlət rüsumlarını nəzərə almamışdır. Birinci instansiya məhkəməsi iddiasını birtərəfli araşdırmışdır. Hesab edir ki, onun həyat yoldaşı məhkəmə işlərinin haqsızlığına görə ölmüşdür. O həqiqətən 10-11 il əziyyət çəkmişdir, işləri getməmiş, hesablanmış məbləğdən məhrum olmuşdur. İddiaçı qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 1573/2023 nömrəli qərarının ləğv edilməsini, iddiasının təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh dəymiş mənəvi ziyan məbləğinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə çəkişmələri nəticəsində onun həyat yoldaşı ölmüşdür, bu itkini heç bir məbləğ əvəz edə bilməz. Lakin, məhkəmə çəkişməsi uzun müddət getdiyi üçün ailəsi və şəxsən o özü çox stress, sarsıntı və şok yaşamışlar. 2011-2023-cü illər üçün çəkdikləri mənəvi ziyanın məbləğ 15000 manatdır. Sonda iddiaçı ərizəsinin apellyasiya şikayətinə əlavə edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinə dair etirazının dəlillər Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2 Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Alii Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarı Bənd 1. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar.“İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Bənd 2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Bənd 8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiya tələbi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Qusar rayonu, Avaran kəndində 0,25 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusudur, bu hüquq dövlət qeydiyyatına alınmışdır. Həmçinin, iş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həmin torpaq sahəsinin Qusar Rayon Avaran Bələdiyyəsinin 05 noyabr 2007-ci il tarixli 32 saylı qəraraı ilə Mustafayeva Rima Nazim qızına qanunsuz satıldığından və bu qərar daşınma zəmlak üzərində mülkiyyət hüququndan məhrum etməklə, iddiaçının (İddiaçı) hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğundan, iddiaçıya məxsus fərdi yaşayış evi və onun yerləşdiyi 0,25 ha torpaq sahəsinə aid hissədə ləğv olunması qərara alınmışdır (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli Qərarı, Azərbaycan Respublikası ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2019-cu il tarixli Qərarı). Eyni zamanda iş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında Mustafayeva Rima Nazim qızının Qusar rayonu Avaran kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin iddiaçıya qaytarılması qət edilmişdir. İddiaçı iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsində əsası kimi torpaq sahəsinin yararsız hala düşməsi (real zərər), həmin torpaq sahəsində oğlunun dəri emalatxanası açmaq və evi kirayə vermək niyyətinin olduğunu, bağ məhsullarından faydalanmaqla bağlı (əldən çıxmış fayda) hüquqlarından məhrum olması, bununla maddi ziyana düşməsi halına habelə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsində məhkəmə mübahisələrinin davam etməsi və bununla bağlı həyat yoldaşının vəfat etməsi ilə bağlı özünün və ailəsinin mənəvi ziyan çəkməsi halına istinad etmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hazırki iş üzrə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla, məhz iddiaçı tərəf iddia tələbinin əsaıs kimi istinad etdiyi halları sübutütmək öhdəliyi daşıyır. Lakin iddiaçı tərəfindən isə iddia tələbinin əsası kimi istinad edilən hallarla bağlı heç bir mötəbər sübut vasitəsi məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə kollegiyası iddia tələbinin vurulmuş maddi ziyanın (real zərər və əldən çıxmış fayda qismində) ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı özü iddia ərizəsində 2003-2011-ci illərdə səhhətinin pisləşməsi ilə bağlı kəndə gedə bilmədiyindən, evin baxımsız qaldığını, habelə oğlunun evi əsaslı təmir etmək fikrinin olduğu halına istinad edir. Həmçinin, iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş hallardan görünür ki, həmin torpaq sahəsi boş torpaq sahəsi olmaqla, həmin evin 1998-ci ildən boş qalmaqla, yararsız hala düşməsinin müəyyən olunduğu qeyd edilmişdir (Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli Qərarı, Qusar Rayon Məhkəməsinin 2(029)- 159/2013). Həmçinin, cavabdeh iddia tələbinə dair yazılı etiraz ərizəsində bildirmişdir ki, həmin torpaq sahəsi boş sahə olmuşdur, orada ümumiyyətlə ağac olmamış, heç vaxt əkin olmamışdır. İddiaçı tərəfindən isə həmin halları təkzib edən heç bir sübut vasitəsi məhkəməyə təqdim edilməmişdir, halbuki qeyd edilən halları sübutetmək öhdəliyi məhz iddiaçıya aid olmuşdur. Lakin iddiaçı tərəfindən bununla bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, nəticə etibarilə həmin torpaq sahəsinin və fərdi yaşayış evinin yararsız hala düşməsi və bu halın məhz cavabdehin təqsirli hərəkəti nəticəsində baş verməsi, vurulmuş maddi ziyanla onun hərəkətləri arasında səbəbli əlaqənin olması halının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı həmin torpaq sahəsində meyvə ağaclarının mövcudluğu, əvvəlki dövrlərdə həmin torpaq sahəsində həmin meyvə ağaclarının bəhərindən istifadə edilməsi, habelə həmin torpaq sahəsindən əkin sahəsi kimi istifadə edilməsi halının müəyyən edilməsi mümkün olmadığından, habelə iddiaçı tərəfindən bununla bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, əldən çıxmış fayda qismində də iddiaçıya maddi ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı oğlunun həmin torpaq sahəsində dəri emalatxanası kimi fəaliyyət göstərməsindən və orada yerləşən fərdi yaşayış evini kirayə verməklə bağlı əldən çıxmış fayda qismində ona maddi ziyan vurulduğunu bildirir. Göründüyü kimi iddiaçı özünün belə bir fəaliyyətinin olması, evini kirayə verməsi halını təkzib edir, iddia tələbini bu hissədə gələcəkdə oğlunun belə bir fikrinin olması halı ilə əsaslandırır. Bu hal isə özlüyündə iddiaçının əldən çıxmış fayda qismində hansı gəlirdən məhrum olmasının əsası kimi çıxış etməməklə, qeyd olunan əsasla da maddi ziyanın vurulması halının da müəyyən edilməsi mümkün olmamışdır. Nəticə etibarilə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus əmlaka hansı zərərə vurulması (real zərər), habelə onun həmin torpaq sahəsindən və evdən faktiki istifadə etmədiyi dövrlərdə hansı gəlirlərdən (əldən çıxmış faydadan) məhrum olması halının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə kollegiyası iddia tələbinin iddiaçının əvvəlki məhkəmə mübahisələri üzrə çəkdiyi məhkəmə xərclərinin əvəzi olaraq kompensasiya ödənilməsi ilə bağlı hissədə qeyd edir ki, prosessual qanunvericiliyin tələbinə əsasən proses iştirakçısının hüquqi müdafiə ilə bağlı çəkdiyi xərclər məhkəmə xərcləri olmaqla, onun ödənilməsi məsələsi məhz hər bir iş üzrə qəbul edilmiş məhkəmə qərarardadı və ya qərarı ilə həll edilir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda tələbi iddiaçının məhz məhkəmədə çəkdiyi xərclərlə bağlı kompensasiya (3000 manat) ödənilməsi hissəsində də əsassız olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası iddiaçı tərəfin məhkəməyə sübut qismində təqdim etdiyi qəbzlər və məhkəmə bildirişləri ilə bağlı qeyd edir ki, həmin sənədlər iddia tələbinin əsası kimi istinad edilən halları birbaşa təsdiq etməmişdir. Belə ki,təqdim edilən qəbzlərin bir qismi pul vəsaitinin ödənilməsi halına aid olmaqla, bir qismi isə poçt göndərişləri ilə bağlı hazırki iş üzrə həmin qəbzlərin iddia tələbi ilə bağlılığının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə kollegiyası iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd edir ki, bu hissədə iddiaçı iddia tələbinin əsası kimi məhkəmə mübahisələrindən əziyyət çəkməsi, həyat yoldaşının bununla bağlı vəfat etməsi kimi hallarına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həyat yoldaşının ölümü haqqında şəhadətnamənin məzmununda ölüm səbəbi kimi qocalıq qeyd edilmişdir. Bundan əlavə, məhkəmə mübahisələrinin mövcudluğu məhz iddiaçının hüquqi müdafiə vasitələrindən istifadə etməklə, məhkəməyə müraciət etməsi, mövcud inzibati aktın mübahisələndirilməsi ilə bağlı mövcud olmuşdur. Qeyd olunan məhkəmə mübahisəsinə mahiyyəti üzrə baxılması, məhkəmə araşdırmasının davam etməsi halı isə cavabdehin təqsirinin nəticəsi olaraq baş verməmiş, başqa sözlə, məhkəmə çəkişmələrinin uzun çəkməsi və bu müddət ərzində iddiaçının özünün və ailəsinin mənəvi sarsıntı və ya iztirab çəkməsi halının inzibati orqanının hərəkət yaxud hərəkətsizliyi ilə səbəbli əlaqə müəyyən olunmur.Bu baxımından həm qeyd olunan əsaslarla, həm də bu və ya digər əsaslarla iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin indiki halda müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində də əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin dəlili kimi həmin torpaq sahəsində oğlu və digər şəxs (Səmədov İ.S) məxsus olan müəssisələr tərəfindən orada fəaliyyət göstərilməsi, qazanc əldə edilməsi halına istinad etmişdir ki, bu hal da özlüyündə iddiaçıya maddi ziyanın vurulmasının əsasını təşkil etmədiyindən, habelə iddiaçının özünün iddia ərizəsində qeyd etdiyi hallarla ziddiyət təşkil etdiyindən və məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş halları ilə təkzib olunduğundan, həmin halın araşdırılması zərurəti olmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, göstərilən dəlillər qərarın ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-1(118)-1573/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-504/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-504/2023
01.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver