Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-505/2022 30.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********0061 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)- 395/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********0061 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və tədbirin nəticəsi olaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 005399 nömrəli akt tərtib edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə akt və digər sənədlər də tərtib edilmişdir. Akta qeyd edilənlərə əsasən vergi nəzarət tədbiri nəticəsində guya həmin obyektdə xx.xx.2021-ci il tarixdə 2187896,9 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı aşkar edilmişdir. Qeyd olunan akt əsasında cavabdeh vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********0061 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərar əsasında cəmiyyətə 218789,69 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı həmin qərarı qanunsuz və əsassız hesab edərək ləğv olunmasını xahiş edir. Belə ki, cavabdeh vergi orqanı öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilən zaman 2187896,9 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi aşkar olunmuşdur. Əvvəla, həmin tarixdə, yəni xx.xx.2021-ci il tarixdə cəmiyyətə məxsus obyektdə 2187896,9 manat dəyərində malların satışı həyata keçirilməmişdir. Həmin məbləğ 2021-ci ilin yanvar ayında yoxlama keçirilən günədək satılan malların dəyəridir ki, göstərilən mallar pərakəndə ticarət qaydasında satılmış və malların dəyəri nəzarət kassa aparatına mədaxil edilmişdir. "xxxx" MMC elektron malların pərakəndə və topdansatış fəaliyyəti ilə məşğul olur və malları istehlak məqsədi ilə aldığını qeyd edən şəxslərə nəzarət kassa aparatının çekini, satış məqsədilə aldığını qeyd edən şəxslərə isə elektron qaimə-faktura təqdim etməklə qanunla onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra edir. Buna baxmayaraq cavabdeh vergi orqanı özünü istehlakçı qismində təqdim edən şəxslərə satılmış və dəyəri nəzarət kassa aparatına mədaxil edilmiş malları elektron qaimə-faktura təqdim edilmədən satılmış mallar kimi qiymətləndirmişdir. Halbuki, qanunverici yalnız topdansatış fəaliyyəti zamanı, yəni malı alan şəxs həmin malı sahibkarlıq fəaliyyəti üçün aldığı zaman ona elektron qaimə-fakturanın təqdim edilməsini vergi ödəyicisinin vəzifəsi kimi təsbit etmişdir. Malların alıcısının həmin malları hansı məqsədlə almasını müəyyən etmək isə satıcının vəzifəsi deyil, məhz alıcının məsuliyyətidir. Malın alıcısı həmin malları istehlak məqsədilə aldığını qeyd etdiyi halda, həmin şəxsə elektron qaimə-fakturanın təqdim edilməsi qeyri-mümkün olur. Başqa sözlə desək, elektron qaimə-faktura alıcı tələb etdiyi halda təqdim edilir, əks halda isə alıcıya nəzarət kassa aparatının çeki təqdim edilir. Göründüyü kimi, "xxxx" MMC qanunvericiliklə onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra etdiyi, yəni malların alıcılarına pərakəndə ticarət zamanı nəzarət kassa aparatının çekini təqdim etdiyi halda, vergi orqanı həmin malların sənədləşdirilmədən satıldığını iddia edərək, cəmiyyətə əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 50-ci maddəsində əsasları və qaydaları müəyyən edilən operativ vergi nəzarəti tədbirinin mahiyyəti ondan ibarətdir ki, həmin yoxlama əvvəlcədən xəbərdarlıq edilmədən qəfil reyd şəklində həyata keçirilir və yalnız tədbir keçirilən zaman (gündə və saatda) aşkar edilən qanun pozuntuları rəsmiləşdirilərək onlara münasibətdə hər hansı cəza tədbiri (maliyyə sanksiyası) tətbiq edilir. Beləliklə, "xxxx" MMC malların alıcısına satılmış mallara görə qanunla müəyyən edilmiş sənədləri (pərakəndə satış zamanı nəzarət kassa aparatının çekini, topdansatış zamanı isə elektron qaimə-faktura) təqdim etdiyi halda, vergi orqanı əsassız şəkildə həmin malları elektron qaimə-faktura təqdim edilməli olduğu halda təqdim edilməmiş mallar kimi qiymətləndirərək, cəmiyyətə əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə məxsus olan Sumqayıt şəhəri, Çerkassı 498 ünvanında yerləşən obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində Baş İdarə tərəfindən "xxxx" MMC-yə məxsus olan Sumqayıt şəhəri, Çerkassı 498 ünvanında yerləşən obyektdə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq 1765857,07 manat dəyərində malın üzərinə 5% ticarət əlavəsi və 18% ƏDV tətbiq edilməklə, ümumilikdə 2187896,9 manat məbləğində malların topdansatış qaydasında e-qaimə təqdim edilmədən digər vergi ödəyicilərinə satılması faktı aşkar olunmuşdur. Vergi ödəyicisi tərəfindən 744804,36 manat (ƏDV daxil) e-qaimə təqdim edilmişdir və xx.xx.2021-ci il tarixli 005399 nömrəli akt tərtib edilmişdir. Həmin akt "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 təqdim edilsə də, nümayəndə aktı imzalamaqdan imtina etmişdir. Aktı imzalamaması barədə Baş İdarənin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə sərbəst formada akt tərtib olunmuşdur, aktın bir nüsxəsi ona təqdim edilmişdir. Nəticədə vergi orqanı tərəfindən "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 005399 №-li aktına, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən "xxxx" MMC-nin 218789,69 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Beləliklə, iddiaçı tərəfindən 1528 ədəd kassa çeki vurulmuşdur, ƏDV qaytar sistemi üzrə yoxlama aparılarkən onlardan 164 eyni FİN ilə vurulması aşkar edilmişdir. Yoxlamanın aparıldığı obyekt böyük bir anbardır, pərakəndə satışa uyğun deyildir. "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə xx.xx.2021-ci il tarixində təqdim etdiyi arayışda qeyd etmişdir ki, MMC-yə məxsus olan təsərrüfat subyektləri aşağıdakılardır: Göygöl rayonu, Qırıqlı (anbar)-**********-760001); Sumqayıt şəhəri, Çerkassı, ev 498 (ticarət obyekti)-**********-29002; Goranboy rayonu, Qaradağlı kəndi (anbar)-**********- 61001; Sumqayıt şəhəri, 11-ci mkr, Çerkassı küçəsi (anbar)-**********-29001. İddiaçıya məxsus vergi orqanında qeydiyyatda olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Sumqayıt şossesi, ev 133, Riyad ticarət mərkəzi (anbar) - ********** - 31001 ünvanında yerləşən anbar hal-hazırda istifadə olunmur. Həmin anbara dair icarə müqaviləsi şifahi razılaşma əsasında ləğv olunmuşdur və həmin obyektdə halhazırda vergi ödəyicisinin heç bir fəaliyyəti yoxdur. Obyektin vergi orqanında ləğv olunması ən qısa zamanda təmin olunacaqdır. Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassı küçəsi (anbar - **********-29001) ünvanında yerləşən obyekt vergi orqanında 1869 m2 göstərilsə də, iddiaçı tərəfindən 250 m2 hissəsi istifadə olunur. Nümayəndə həmçinin qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr aralığında iddiaçı tərəfindən idxal olunmuş mallar üzərinə orta hesabla 5% ticarət əlavəsi qoyulmaqla digər vergi ödəyicilərirıə satılmışdır. Qeyd olunanlardan göründüyü kimi "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 da malların digər vergi ödəyicilərinə satılması faktını etiraf etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinin tələblərinə əsasən topdansatış fəaliyyəti zamanı malların alıcıya satışı (təqdim edilməsi) zamanı birmənalı olaraq elektron-qaimə təqdim edilməlidir. Bundan əlavə "xxxx" MMC tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələrdə satış topdansatış fəaliyyəti üzrə göstərilmişdir (2020-ci ilin mənfəət vergisi üzrə 408936,04 manat, 2020-ci ilin aprel ayında topdansatış fəaliyyəti üzrə 70150 manat; iyul ayı üzrə 77873,04 manat; oktyabr ayı üzrə 61200 manat; noyabr ayı üzrə 8500 manat; dekabr ayı üzrə 191213 manat; 2021-ci ilin may ayı üzrə 105085 manat; avqust ayı üzrə 5969,10 manat satış olduğu göstərilmişdir). Həmçinin, Dövlət Vergi Xidmətinin məlumat bazasında "xxxx" MMC-nin əsas fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Cavabdeh vergi orqanı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda həmin gün deyil, xx.xx.2021-ci il tarixdən yoxlama keçirilən günədək satılmış və nəzarət kassa aparatına mədaxil edilmiş malların dəyəri əsas götürülərək iddiaçı Vergi Məcələsinin 58.13-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 50-ci maddəsində əsasları və qaydaları müəyyən edilən operativ vergi nəzarəti tədbirinin mahiyyəti ondan ibarətdir ki, həmin yoxlama əvvəlcədən xəbərdarlıq edilmədən qəfil reyd şəklində həyata keçirilir və yalnız tədbir keçirilən zaman (gündə və saatda) aşkar edilən qanun pozuntuları rəsmiləşdirilərək onlara münasibətdə hər hansı cəza tədbiri (maliyyə sanksiyası) tətbiq edilir”. Vergi Məcəlləsinin operativ vergi nəzarəti adlanan 50-ci maddəsində vergi orqanı tərəfindən yalnız operativ vergi nəzarətinin həyata keçirildiyi vaxtda Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunub-olunmamasına nəzarətin həyata keçirilməli olduğu qeyd edilməmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********2537 nömrəli qərarda göstərilmiş müddət, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) olan müddət vergi orqanı tərəfindən yoxlamanın keçiriləcəyi müddəti bildirir, vergi ödəyicisinin həmin müddətləri əhatə edən fəaliyyətinin yoxlanılmasını ifadə etmir. Bundan əlavə, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Göründüyü kimi "xxxx" MMC tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq heç bir elektron qaimə təqdim edilmədən 2187896,9 manat məbləğində mal müxtəlif vergi ödəyicilərinə topdan şəkildə satılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-395/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********0061 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. (hakim Vəfa Əzizova) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddiaya etirazla eyni məzmunda əsaslandırılmışdır. Əlavə olaraq göstərilmişdir ki, Dövlət Vergi Xidmətinin məlumat bazasında "xxxx" MMC-nin əsas fəaliyyət növü məhz ******* nömrəli kod altında “Elektrik-Məişət mallarının topdan satış” olaraq qeyd edilmişdir. Bundan əlavə, "xxxx" MMC tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələrdə satış topdansatış fəaliyyəti üzrə göstərilmişdir (2020-ci ilin mənfəət vergisi üzrə 408.936,04 manat, 2020-ci ilin aprel ayında topdansatış fəaliyyəti üzrə 70150 manat; iyul ayı üzrə 77.873,04 manat; oktyabr ayı üzrə 61.200 manat; noyabr ayı üzrə 8500 manat; dekabr ayı üzrə 191213 manat; 2021-ci ilin may ayı üzrə 105.085 manat; avqust ayı üzrə 5.969,10 manat satış olduğu göstərilmişdir). Qeyd olunan faktları təsdiq edən sənədlər iş materiallarında mövcud olmasına baxmayaraq, məhkəmə cavabdeh tərəfindən topdansatış fəaliyyəti ilə bağlı heç bir sübutun təqdim edilməməsini əsassız və qanunsuz olaraq dəlil kimi irəli sürür. Sözügedən obyekt anbar şəklində olmasıdır ki, bu halları təsdiq edən şəkillər məhkəməyə təqdim edilmişdir. Nəzər yetirilməli оlan məqamlardan biri də operativ vergi nəzarəti həyata keçirilmiş obyektin, yəni təsərrüfat subyektinin “anbar” olmasıdır ki, anbardan pərakəndə satışın həyata keçirilməsi qanunvericiliklə qadağan olunmaqla yanaşı (Vergi Məcəlləsinin 58.13 maddəsi), ümumi formalaşmış və oturuşmuş təcrübəyə əsasən ağlabatan olmamaqla pərakəndə satış fəaliyyətinin xarakterinə uyğun deyildir. Eyni zamanda iş materiallarında mövcud olan nəzarət kassa aparatının hesabatlarına nəzər yetirmiş olsalar, görərlər ki, seçmə üsul ilə nəzarət-kassa aparatının çeklərinə əsasən pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda, qısa vaxt aralığında və eyni məbləğdə mədaxil olunduğu müəyyən olunur. Göründüyü kimi, vergi ödəyicisinin anbardan fərqli şəxslərə pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda, qısa vaxt aralığında və eyni məbləğdə mədaxil edərək pərakəndə qaydada mal satması qeyri-mümkündür. Reallıqda ay ərzində yalnız bir neçə halda, məsələn 3-4 halda mümkündür ki, hər hansı bir şəxs anbara müraciət edərək pərakəndə qaydada öz şəxsi istehlakı üçün mal alsın. Subuta ehtiyacı olmayan haldır ki, anbardan malları yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Beləliklə, iş materiallarında iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını təsdiq və sübut edən kifayət qədər sübut, dəlil və arqument olduğu halda məhkəmənin məhkəmə araşdırması zamanı iddiaçının topdasatış fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməməsi barədə arqumenti ümumiyyətlə anlaşılan deyildir. Həmçinin iş materiallarında mövcud olan geri qaytarılan ƏDV məbləğlərinə dair məlumatlara əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş 1.218.352 manat məbləğində 1528 sayda çəklərin cəmi 32 şəxlər arasında bölüşdürülməsi halları aşkar olunur ki, bu da vergi ödəyicisinin pərakəndə satış ilə məşğul olmamasını göstərən əsas sübutlardandır. İş materiallarına əlavə olanan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara nəzər yetirmiş olsalar (əlavə olunan cədvələ uyğun çeklərin sayı üzrə azalan sıra ilə), görərlər ki, nəzarət kassa aparatına ümumi dəyəri 132.746,75 manat olan 164 sayda, ümumi dəyəri 130.746,22 manat olan 147 sayda, ümumi dəyəri 109.560,20 manat olan 160 sayda, ümumi dəyəri 95.448,00 manat olan 108 sayda, ümumi dəyəri 87.270,13 manat olan 102 sayda, ümumi dəyəri 75.091,87 manat olan 91 sayda, ümumi dəyəri 71.015,91 manat olan 104 sayda, ümumi dəyəri 58.815,78 manat olan 69 sayda, ümumi dəyəri 49.448,18 manat olan 74 sayda və ümumi dəyəri 40.556,10 manat olan 58 sayda çeklər eyni şəxslərə (cədvəldə FİN nömrələri qeyd olunub) verilmişdir. Geri qaytarılan ƏDV məbləğlərinə dair məlumatlarda qeyd olunan bəzi şəxslər (FİN nömrələr üzrə) vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatdan keçmişdir. Belə ki, sözügedən hallar (vergi ödəyicisinin fəaliyyətinin iqtisadi göstəriciləri, vergi ödəyicisinin təqdim etdiyi arayışda idxal olunmuş malların digər vergi ödəyicilərinə satmasını etiraf etməsi, obyektinin anbar tipli olması (obyektin şəkilləri məhkəməyə təqdim edilmişdir), fəaliyyət göstərdiyi obyektdə mal qalığının olmaması (xx.xx.2021-ci il tarixli DVX seriyalı 005402 nömrəli akt), çeklərin günün eyni vaxtlarında, qısa vaxt aralığında və eyni məbləğdə kassaya vurulması hallarının aşkar olunması, geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş çeklərin eyni şəxslər arasında bölüşdürülməsi və həmin şəxslərin bəzilərinin fiziki və hüquqi şəxs (vergi ödəyicisi) olması və s hallar) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin oərdələnməsi kimi qiymətləndirilir. Həmçinin məhkəmə qərarında hesab etmişdir ki, vergi ödəyicisinin elektron qaimə-faktura tərtib etmək vəzifəsi yalnız vergi ödəyicisi kimi uçotda olan şəxslərə münasibətdə aid edilməlidir. Bu halda iddiaçının pərakəndə satış nöqtəsi kimi alıcı-fiziki şəxslərin sahibkarlıq subyekti olub-olmaması və onların vergi ödəyicisi kimi uçota alınıb-alınmamasını yoxlamaq kimi bir vəzifəsi yoxdur. Belə ki, iddiaçı pərakəndə qaydada satış həyata keçirdiyindən belə bir vəzifə daşımamışdır və kassa aparatının çekini verməklə kifayətlənmişdir. Qeyd olunan dəlillə bağlı öncəliklə bildirirlər ki, nəzarət kassa aparatına daxil edilməklə rəsmiləşdirilmiş mallar təqdim edildiyi zaman, həmin malların kimə təqdim edildiyini müəyyən etmək (nəzarət kassa aparatından alınmış məlumatlarda alıcıların adları qeyd olunmur) imkan xaricindədir. Həmin şəxslərin, yəni alıcıların kim olması barədə məlumatı yalnız iddiaçı təqdim edə bilərdi ki, iddiaçı da bu məlumatları təqdim etməmişdir. Beləliklə müəyyən olunur ki, məhkəmə sübutetmə yükü üzrə vəzifələri müəyyən edərkən işin faktiki hallarını nəzərə almamışdır. Digər tərəfdən də nəzarət kassa aparatının obyektdə quraşdırılması heç bir vergi ödəyicisinə qanunvericiliyin tələbini pozaraq topdansatış əməliyyatlarını nəzarət kassa aparatı çeki ilə rəsmiləşdirilməsi hüququnu vermir. Bu qanunvericiliyin tələbidir və obyektdə kassa aparatının mövcudluğu qanunun tələbindən üstün deyil, yaxud qanunun tələbinin icrasını stisna etmir. Habelə obyektdə nəzarət kassa aparatının mövcudluğu həmin vergi ödəyicisinin fəaliyyət növünün pərakəndə satış fəaliyyətindən ibarət olmasını təsdiq etmir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 50. Operativ vergi nəzarəti 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 54. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası:
1. Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti;
4. Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS terminaldan çıxarış verilir. 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə fakturası” ilə sənədləşdirilir.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir. Hazırki işdən görünür ki, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddiaçı barəsində həyata keçirilmiş operativ vergi nəzarətinin nəticəsində tətbiq edilmiş maliyyə sanksiyası barədədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********92536 nömrəli qərardan görünür ki, "xxxx" MMC-yə məxsus obyektdə xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-də növbədənkənar operativ vergi nəzarəti barədə qərar reyestrdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin **********2544 nömrəli tələbnaməsindən görünür ki, "xxxx" MMC-dən operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlər tələb edilmişdir. xx.xx.2021-ci il tarixli 005399 saylı operativ vergi nəzarətinin nəticəsi haqqında aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində Baş İdarə tərəfindən "xxxx" MMC-yə məxsus olan Sumqayıt şəhəri, Çerkassı 498 ünvanında yerləşən obyektdə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq 1765857,07 manat dəyərində malın üzərinə 5% ticarət əlavəsi və 18% ƏDV tətbiq edilməklə ümumilikdə 2187896,9 manat məbləğində malların topdansatış qaydasında e-qaimə təqdim edilmədən digər vergi ödəyicilərinə satılması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********0061 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 218789,69 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsası kimi iddiaçı müəssisənin topdansatış qaydada satış həyata keçirdiyi halda alıcı subyektin vergi ödəyicisi olub-olmamasını yoxlamaması və malları elektron qaimə-faktura tərtib edilmədən verməsi olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının külli miqdarda satış həyata keçirməsi faktı onun topdansatış fəaliyyətlə məşğul olması faktı kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə, vergi ödəyicisinin pərakəndə və ya topdansatış fəaliyyətlə məşğul olmasını müəyyənləşdirmək üçün hər hansı məbləğ nəzərdə tutulmamışdır. İddiaçının topdansatış fəaliyyətlə məşğul olması yalnız vergi orqanının ehtimalıdır. Cavabdeh birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq qərardan apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bundan başqa, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İddiaçının malların bir qisminin nəzarət-kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdığını bildirdiyi halda, ticarət fəaliyyətinin topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Satış mağazasında hazır məhsulları satan zaman alıcı fiziki şəxslərin özlərini vergi ödəyicisi kimi uçotda olan şəxs qismində təqdim etməməsinə və ya həmin uçota alınmamasına görə iddiaçı məsuliyyət daşımamalıdır. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə-faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Apellyasiya şikayətinin topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışının qadağan edilməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin vergi orqanında topdansatış ticarət fəaliyyəti göstərən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. İddiaçının fəaliyyət növlərindən biri pərakəndə ticarət fəaliyyəti olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması da bu faktı təsdiq edir. Həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-395/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.