Məhkəmə qərarları › İş №2-1(105)-507/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-507/2024

31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-507/2024 31.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(118)-226/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı 16 fevral 2004-cü il tarixdə ərizə ilə Xızı bələdiyyəsinə müraciət edərək, ona fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Xızı bələdiyyəsinin 25 fevral 2004-cü il tarixli, 02 nömrəli iclas qərarına əsasən bələdiyyənin perspektiv inkişaf fondundan bir sıra vətəndaşlara, o cümlədən İddiaçı 0,12 ha torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmiş və bu məqsədlə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsindən müvafiq rəyin alınması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsinin rəyinə əsasən Xızı bələdiyyəsinin perspektiv inkişaf fonduna aid 0,12 ha torpaq sahəsinin İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə satılmasına etiraz edilməmişdir. Xızı bələdiyyəsinin 04 mart 2004-cü il tarixli, 01 nömrəli iclas qərarına əsasən bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan perspektiv inkişaf fonduna ayrılmış torpaq sahəsindən alqı-satqı qaydasında fərdi mənzil tikintisi üçün İddiaçı 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Xızı bələdiyyəsinin nümayəndəsi ilə İddiaçı arasında 11 mart 2004-cü il tarixli, 24 nömrəli “Torpaqların alqı-satqısına dair” akt imzalanmış, həmçinin, 04 mart 2004-cü il tarixdə ayrılan 0,12 ha torpaq sahəsinə dair Xızı bələdiyyəsi tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmişdir. 11 may 2004-cü il tarixli, 06 nömrəli ödəniş qəbzinə əsasən bu məqsədlə, İddiaçı tərəfindən Xızı bələdiyyəsinin bank hesabına 1.200.000 (bir milyon iki yüz min) AZM məbləğində pul ödənilmişdir. Xızı bələdiyyəsinin 04 mart 2004-cü il tarixli, 01 nömrəli qərarı fərdi yaşayış evinin tikintisi üçün üçün İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə dair DTXK-nin Xızı rayon şöbəsi tərəfindən onun adına 05 iyul 2004-cü il tarixli, JN-352H, KOD 30600001 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. İddiaçı 18 avqust 2022-ci il tarixdə ərizə ilə cavabdeh Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, Xızı şəhərində yerləşən 0,12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 17 oktyabr 2022-ci il tarixli, **********17 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını təyin etmək üçün qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə texniki baxış keçirilərkən əldə olunan məlumatların idarənin xidməti istifadəsində olan kadastr məlumat bazasında yoxlanılması zamanı faktiki torpaq sahəsinin təqdim edilən JN-352H KOD 30600001 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadənamə sənədi üzrə qeydiyyata alınmış torpaq sahəsindən 1060 metr kənarda, meşə zolağında yerləşdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Eyni zamanda, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını təyin etmək üçün əraziyə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların araşdırılması zamanı müəyyən olunmuşdur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə qeydiyyata alınmış və faktiki torpaq sahələri idarənin istifadəsində olan elektron kadastr məlumat bazasına əsasən meşə fondu torpaqlarına aiddir. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin tələbləri baxımından ərizənin icrası mümkün olmamışdır. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı bələdiyyəsinin 04 mart 2004-cü il tarixli, 01 nömrəli iclas qərarına əsasən iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, ona həmin torpaq sahəsi ayrılan zaman cavabdehin imtinasında qeyd olunan hallar bildirilməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(118)-226/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçının Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim İsmayıl Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının torpaq sahəsi üzərindəki mülkiyyət hüququ müvafiq səlahiyyətli dövlət qurumu tərəfindən qeydiyyata alınmış, ona JN-352H, KOD 30600001 saylı Şəhadətnamə verilmiş və həmin şəhadətnamə hazırda qüvvədə olan qanunvericiliyə əsasən yeni qaydalarla mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas təşkil edir. Cavabdeh inzibati orqan torpaq sahəsinin meşə zolağında yerləşdiyini bildirsə də, üçüncü şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti məhkəmə sorğusuna cavab olaraq məktubla mübahisəli 0,12 ha torpaq sahəsinin meşə fondu torpaqları kateqoriyasına aid olmadığını bildirmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, elektron kadastr məlumat bazasındakı koordinatlar arasındakı uyğunsuzluqlar iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı idarəyə daxil olduqdan sonra işin təkrar araşdırılması zamanı müəyyən edilmişdir ki, JN- 352H, KOD 30600001 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərə (Xızı bələdiyyəsinin 04 mart 2004-cü il tarixli, 01 nömrəli qərarı və müvafiq torpaq sahəsinin yerquruluşu planından çıxarış) əsasən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində yerləşir. Eyni zamanda, torpaq sahəsinin bir hissəsi baza məlumatlarına əsasən Altıağac Milli Parkının sanitar mühafizə zonasında yerləşir. Göründüyü kimi iddiaçıya bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, sənəd üzrə ayrılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından əsassız və qanunsuz qərar qəbul olunmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, tərəflərindən məhkəmə kollegiyasının sorğusuna cavab olaraq verilən 15 yanvar 2024-cü il tarixli məktubla bildirilmişdir ki, mübahisəli torpaq sahəsi meşə fondu ərazisinə aid deyil, baxış zamanı da həmin sahənin meşə fondu ilə əlaqəsi olmadığı açıq-aşkar görünür. Bundan əlavə, həmin torpaq sahəsinə dair iddiaçının adına ləğv edilmiş DT və XK tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Əgər torpaq sahəsi meşə fondunda yerləşsəydi, həmin sahəyə dair şəhadətnamə verilməzdi. Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)

“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh apellyasiya şikayətində aşağıdakı dəlillərə istinad etmişdir:

1. Kadastr məlumat bazasına əsasən faktiki torpaq sahəsinin təqdim edilən JN- 352H KOD 30600001 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadənamə üzrə qeydiyyata alınmış torpaq sahəsindən 1060 metr kənarda yerləşməsi;

2. Torpaq sahəsinin naturada meşə zolağında yerləşməsi;

3. Sənəd üzrə torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsində yerləşməsi;

4. Sənəd üzrə torpaq sahəsinin bir hissəsinin baza məlumatlarına əsasən Altıağac Milli Parkının sanitar mühafizə zonasında yerləşməsi. Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının bələdiyyə qərarı ilə ona ayrılmış 0,12 ha torpaq sahəsinin elektron kadastr məlumat bazasındakı koordinatlara uyğun olmadığı və aralarında 1060,0 metr məsafə olduğu edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının faktiki istifadəsində olmuş, faktiki istifadədə olan torpaq sahəsi hər hansı başqa şəxsin hüquqlarını pozmur. Belə olan təqdirdə kollegiya hesab edir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yerləşməsi ilə sənəd üzrə yerləşməsi arasında müəyyən uyğunsuzluqların mövcud olması onun təqsiri kimi qiymətləndirilə bilməz və “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının tələblərinə əsasən, yaranmış uyğunsuzluq yerquruluşu qaydasında aradan qaldırılmalı və faktiki istifadə vəziyyəti əsas götürülməklə hüquqların qeydiyyatı aparılmalıdır. Belə ki, qeyd edilən Fərmanın 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. Ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilsin. Torpaq sahəsinin naturada meşə zolağında yerləşməsinə dair cavabdehin 2-ci dəlilinə münasibətdə isə kollegiya bildirir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyində faktiki istifadədə olan sahənin elektron kadastr məlumat bazasına əsasən meşə zolağı (3601) layında yerləşdiyi qeyd edilsə də, məhkəmə tərəfindən həm sənəd üzrə (JN-352H, KOD 30600001 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə), həm də faktiki torpaq sahəsinin meşə fondu torpaqlarına aid olub-olmamasının müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə sorğu verilmişdir. Xidmətin 15 yanvar 2020-cü il tarixli məktubundan görünür ki, 4 saylı regional X3 elektron baza məlumatları, aidiyyəti üzrə Xızı inzibati rayonununa aid Qarabulaq meşəbəyliyinin 2005-ci ildə tərtib olunmuş meşə quruluşu xəritəsi və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Meşələrin İnkişafı Xidmətinə müqavilə əsasında X7 dair təqdim olunmuş elektron baza məlumatları (JN-352H, KOD 30600001 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd olunan koordinatlar) tutuşdurulmuş və məlum olmuşdur ki, ayrılmış 0,12 ha sahə meşə fondu torpaqları kateqoriyasına aid deyildir. Eyni zamanda məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, Meşələrin İnkişafı Xidməti tərəfindən verilən 29 may 2024-cü il tarixli məktubdan müəyyən edilir ki, sənəd üzrə torpaq sahəsi ilə yanaşı, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi də meşə fondu torpaqlarına aid deyildir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli, 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamənin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur. Əsasnamənin 2.0, 2.0.2, 3.0, 3.0.2-ci bəndlərinin tələbləri baxımından meşə fondu torpaqlarından səmərəli istifadə, meşələrin cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığının yüksəldilməsi, habelə ölkə ərazisinin meşəlik faizinin artırılması istiqamətində fəaliyyəti həyata keçirmək Xidmətin fəaliyyət istiqamətlərinə, meşələrin mühafizəsi, bərpası, meşə fondundan səmərəli və məqsədyönlü istifadənin təmin olunması onun vəzifələrinə aid edilmişdir. Göründüyü kimi meşə fondu torpaqlarının idarə edilməsi üzrə Respublikası üzrə səlahiyyətli orqan Meşələrin İnkişafı Xidmətidir və məhkəmə araşdırması nəticəsində həmin orqanın verdiyi rəsmi cavabdan bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsi nə sənəd üzrə, nə də faktiki meşə fondu torpaqlarına aid olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən kollegiya cavabdehin həmin dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası cavabdehin digər dəlillərinə münasibətdə isə qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində sənəd üzrə torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsinə aid olması, bir hissəsinin baza məlumatlarına əsasən Altıağac Milli Parkının sanitar mühafizə zonasında yerləşdiyini bildirsə də, işin yuxarıda sadalanan hallarından göründüyü kimi Xızı bələdiyyəsinin 04 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının qəbulu üzrə icraat çərçivəsində torpaq sahəsinin alqı-satqı qaydasında iddiaçıya satılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən müvafiq rəy verilmişdir. Həmin rəyə əsasən, bələdiyyənin perspektiv inkişaf fondundan iddiaçıya satılması nəzərdə tutulan 0,12 ha torpaq sahəsinin bələdiyyənin alqı-satqı predmeti olması nəzərə alınaraq iddiaçıya ayrılmasına etiraz edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiyasının 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən müvafiq fərmanına əsasən Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları” nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirir. Bununla da müəyyən edilir ki, iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan qanunvericiliyin tələbinə müvafiq qaydada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi torpaqayırma qaydasında müsbət rəy verilmiş və həmin səlahiyyətli qurum ayrılması nəzərdə tutulan torpaq sahəsini bələdiyyənin perspektiv inkişaf fondundan alqı-satqı predmeti olan sahə kimi qiymətləndirmişdir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı müvafiq rəy bir tərəfdən belə sənədlərin verilməsi səlahiyyətinə malik olan, digər tərəfdən isə torpaqların təyinatına uyğun olaraq ayrılması və istifadəsi üzərində nəzarəti və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Qeyd olunmalıdır ki, həmin sənədin qanunauyğunluğunun və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aiddir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədin qanunauyğunluğuna və məzmununa apriori inancı (sənədin qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin imtinası əsassızdır. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.1, 8.0.5-ci maddəsi, eləcə də Mülki Məcəllənin 139-1.1.1, 139-1.1.5ci maddəsindən irəli gələn hüquqmüəyyənedici sənədlərə - Xızı bələdiyyəsinin 04 mart 2004-cü il tarixli, 01 nömrəli qərarına, həmçinin, 05 iyul 2004-cü il tarixli, JN-352H, KOD 30600001 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsaslanır. İstinad olunan həmin normalarda qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, habelə 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar qismində təsbit edilmişdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Xızı bələdiyyəsinin həmin qərarının, eləcə də “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(118)-226/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar