Məhkəmə qərarları › İş №2-1(105)-507/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-507/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-507/2025 24.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X5 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, üçüncü şəxs X1 vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “**********40-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa dəyişiklik edərək iddiaçının həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(118)-1681/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “ünvan 1 ünvanında yerləşən 118,8 kv.m ölçüdən ibarət olan fərdi yaşayış evinə dair X1 mülkiyyət hüquqlarının tanınmasına dair dövlət qeydiyyatında dəyişiklik edərək onun həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək “**********40-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa dəyişiklik edərək iddiaçının həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5042/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qərardadı ilə X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində doğulub böyümüşdür və hal-hazırda da həmin evdə ailə üzvləri ilə birgə yaşayır. Həmin yaşayış evinin altında yerləşən 0.0697 ha torpaq sahəsi ümumi mülkiyyətdə olmaqla daşınmaz əmlakın dövlət reyestrində 303 nömrəli reyestr kitabının 72 saylı vərəqində iddiaçının, anası X1, X2 və X8 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına baxmayaraq həmin sahənin üzərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə heç bir əsas və səbəb olmadan cavabdeh inzibati orqan tərəfindən yalnız anası X1 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və nəzərə alınmamışdır ki, həmin fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə F.Cəbrayılovanın da olduğu kimi iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Lakin inzibati orqan bu halları nəzərə almadan fərdi yaşayış evinin altında olan torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququnun olmasına baxmayaraq fərdi yaşayış evinə F.Cəbrayılovanın mülkiyyət hüquqlarını tanıyarkən iddiaçının həmin yaşayış evinə dair hüquqlarını nəzərə almamış və dövlət qeydiyyatına alınmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyəti təsdiq edən sənədin, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi və bu səbəbdən də daşınmaz əmlaka texniki baxışın keçirilmədiyi müəyyən olunmuşdur. İddia ərizəsinə əsasən, qeydiyyat orqanı tərəfindən verilmiş çıxarışın ləğvi tələb olunmasına baxmayaraq, inzibati orqan tərəfindən verilmiş çıxarışın qanunsuz və əsassız verilməsi iddia ərizəsində əsaslandırılmamış, buna dair hər hansı mötəbər sübut işə əlavə edilməmişdir. Ləğv edilməsi xahiş edilmiş **********40-10301 reyestr nömrəli çıxarışla torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı əsasında siyahıda göstərilən 4 nəfərin paylı mülkiyyətinə verilmişdir, fərdi yaşayış evi isə 180 inventar nömrəli texniki pasport əsasında X1 mülkiyyətinə verilmişdir. Sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı qanuni əsaslarla aparılmış və qeydə alma zamanı hər hansı yanlışlığa yol verilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Reyestr nömrəsi **********40-10301, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə X1, X2, X8, İddiaçı ümumi birgə mülkiyyət hüququ, fərdi yaşayış evinə isə X1 tam şəkildə mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 29 iyul 2024-cü il tarixli məktubu ilə fərdi yaşayış evinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(118)-1681/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsi Aqrar İslahat Komissiyasının Qərarı ilə ayrıldığı üçün X6 və onun ailə üzvlərinin mülkiyyət hüququ qeydə alınmışdır. Fərdi yaşayış evi isə 1988-ci ildə tərtib edilmiş texniki pasport əsasında X1 adına qeydə alınmışdır. Yəni fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında sonuncuya məxsus olmuşdur. Göründüyü kimi X1 fərdi yaşayış evinə hüququnun qeydə alınması üçün hüquqi əsas mövcud olmuşdur. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, inzibati orqan fərdi yaşayış evinin altında olan torpaq sahəsinə münasibətdə onun mülkiyyət hüququnun olmasına baxmayaraq fərdi yaşayış evinə F.Cəbrayılovanın mülkiyyət hüquqlarını tanıyarkən onun həmin yaşayış evinə dair hüquqlarını nəzərə almamış və dövlət qeydiyyatına alınmamışdır. Cavabdehin imtinası formal xarakter daşıyır. Cəbrayılova Fəridənin adına texniki pasport olduğuna görə mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdehin məhkəmə sorğusuna cavab olaraq təqdim etdikləri texniki pasportda özləri də etiraf edirlər ki, hüquq subyektləri C.Fəridə və başqalarıdır. Cavabdeh özü də iddiaçının hüququnu etiraf etmişdir. Hazırkı işin yuxarıda göstərilən hallarından aydın olur ki, tərəflərin mübahisəli əşyaya olan faktiki və hüquqi vəziyyətləri fərqlidir. Həmin vəziyyət onu göstərir ki, mübahisəli ev yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir. Bu səbəbdən əşyanın tərkib hissəsi və onun hüquqi vəziyyəti barədə aşağıdakıları qeyd edilməlidir. Əşyanın tərkib hissələri mürəkkəb əşyanı təşkil edən elə bitişik əşyalardır ki, onlar olmadan mürəkkəb əşyanın əmələ gəlməsi və iqtisadi baxımdan ondan gözlənilən faydanı verməsi mümkün olmur. Tərkib hissələr əsas əşya ilə bir bütün — vahid əşya əmələ gətirmək üçün birləşən və bununla da meydana gələn yeni obyektə mürəkkəb əşya olma xüsusiyyətini verən parçalardır. Məsələn, ekran, düymələr, plastik qapaq, çiplər və s. əşyalar birləşərək kompyuteri; yaxud torpaq, daş, qum, armatur, qapı, pəncərə, dam örtüyü birləşərək fərdi yaşayış evini meydana gətirirlər. Sadalanan tərkib hissələrin əsas əşyadan ayrılması əşyanın maddi bütünlüyünü və iqtisadi funksiyasını pozmadan mümkün olmur. Beləliklə, bir iqtisadi məqsəd üçün birləşmiş müxtəlif növlü əşyalar vahid (mürəkkəb) əşya hesab olunurlar. Bu səbəbdən Mülki Məcəllənin 135.9-cu və 135.10-cu maddələrində nəzərdə tutulmuşdur ki, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir (hər iki maddənin birinci cümləsi - § 29- 30). Həmin Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir (üçüncü cümlə - § 28). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır (§ 34). b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı əlavə olaraq izahatında bildirmişdir ki, anası onu evdən çıxararaq evi bacısının adına keçirmək istəyir. Sözügedən torpaq sahəsini atası vaxtilə anasının anasından pul ödəyərək almışdır. Yeni ev 2007-ci ildən etibarən tikilmiş və təmir edilmişdir, sahəsi böyükdür. Yeni texniki pasportda onu adı olduğu halda çıxarışda adı qeyd olunmamışdır. 118 kv.m-dən sonra evdə sahə baxımından artırılmalar olmuşdur. Sözügedən evdə təmir işləri aparmışdır və bu evdə onun yaşadığı otaqlar, mətbəx mövcuddur. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin **********40-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa dəyişiklik edərək iddiaçının həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, inzibati orqan fərdi yaşayış evinin altında olan torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququnun olmasına baxmayaraq fərdi yaşayış evinə anası Fəridə Cəbrayılovanın mülkiyyət hüquqlarını qeydə alarkən onun həmin yaşayış evinə dair hüquqlarını nəzərə almamış və dövlət qeydiyyatına alınmamışdır. İş materiallarına əlavə olunmuş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində X1, X2, X8, İddiaçı ümumi birgə mülkiyyət hüququ, fərdi yaşayış evi üzərində isə X1 tam şəkildə mülkiyyət hüququ qeydə alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5042/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qərardadı ilə X6 zəruri cəlb etmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-507/2025 nömrəli, 25 iyun 2025-ci il tarixli qərardadı ilə X7 və X11 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İş materiallarından görünür ki, Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli qərarı ilə X3 və ailə üzvləri X4, X9, İddiaçı 0,07 ha torpaq sahəsi ayrılmışdır. Qeyd edilən qərar əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 697.17 kv. metr həyətyanı torpaq sahəsinə dair A N110281 saylı torpaq sahəsinin plan-ölçü sənədi verilmişdir. Həmçinin 1988-ci ilin aprel ayında tərtib edilmiş 180 inventar nömrəli texniki pasportdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən fərdi yaşayış evi X3 məxsus olmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hazırda isə iddiaçı fərdi yaşayış evi üzərində anası X1 tam şəkildə mülkiyyət hüququnun qeydə alınması ilə razılaşmayaraq onun da mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edir. Məhkəmə kollegiyası iddiaçının tələbini əsassız hesab etməklə qeyd edir ki, torpaq sahəsi Aqrar İslahat Komissiyasının Qərarı ilə ayrıldığı üçün X6 və onun ailə üzvlərinin mülkiyyət hüququ qeydə alınmışdır. Fərdi yaşayış evi isə yuxarıda da qeyd olunduğu kimi 1988-ci ildə tərtib edilmiş texniki pasport əsasında X1 adına dövlət qeydiyyatına alınmışdır. Beləliklə də, cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanunsuzluq olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanının 2.4-cü bəndinə əsasən yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına aid edilmişdir. Bu isə onu deməyə əsas verir ki, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınarkən cavabdeh inzibati orqan tərəfindən hər hansı yalnışlığa yol verilməmiş, fərdi yaşayış evinin iddiaçının anası - X3 məxsus olması barədə hüquqmüəyyənedici sənəd mövcud olduğundan yalnız onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı özünün də mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etsə də, tələbinin əsasının təşkil edən faktiki və hüquqi halları sübuta yetirə bilməmiş, cavabdeh inzibati orqanın hərəkətlərinin əsassızlığını təsdiqləyə bilməmişdir. Beləliklə də, iddiaçının tələbi əsassız hesab olunmaqla, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Həmçinin iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 233/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qərarı təqdim edilərək ona istinad olunmuşdur. Kollegiya həmin dəlili də əsassız hesab etməklə qeyd edir ki, Ali Məhkəmənin istinad olunan qərarında vahid əmlak prinsipi əsas götürülmüşdür. Bu hal isə hazırki iş üzrə inzibati orqanın nəzərə alacağı hal kimi qiymətləndirilə bilməz. Belə ki, sözügedən qərar tərəflər arasındakı mülki mübahisə ilə bağlı olaraq Mülki kollegiya tərəfindən qəbul edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı mülki mühakimə icraatı qaydasında iddia qaldıraraq hazırda istinad olunan dəlillərə də həmin icraat zamanı istinad edə bilər. İddiaçının mülkiyyət hüquqlarının mövcud olub-olmaması halı mülki məhkəmə praktikasına uyğun olaraq mülki mühakimə icraatı qaydasında müəyyən oluna bilər. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, fərdi yaşayış evi üzərində digər şəxslərin hüquqları mülki məhkəmə icraatı qaydasında müəyyən olunduğu təqdirdə, iddiaçı tərəfindən yenidən cavabdeh inzibati orqana müraciət edilməsi imkanı istisna olunmur. Həmçinin məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, anası onu evdən çıxararaq evi bacısının adına keçirmək istəyir. Sözügedən torpaq sahəsini atası vaxtilə anasının anasından pul ödəyərək almışdır. Yeni ev 2007-ci ildən etibarən tikilmiş və təmir edilmişdir, sahəsi böyükdür. Yeni texniki pasportda onu adı olduğu halda çıxarışda adı qeyd olunmamışdır. 118 kv.m-dən sonra evdə sahə baxımından artırılmalar olmuşdur. Sözügedən evdə təmir işləri aparmışdır və bu evdə onun yaşadığı otaqlar, mətbəx mövcuddur. Məhkəmə kollegiyası iddiaçının izahatında bildirdiyi hallara münasibətdə də hesab edir ki, həmin hallar da mülki mühakimə icraatı qaydasında baxılaraq öz həllini tapmalıdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(118)-1681/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar