Məhkəmə qərarları › İş №2-1(105)-508/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-508/2022

18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-508/2022 18.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1, cavabdehun nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(118)-723/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, 01.091975-xx.xx.1977-ci illərdə Bakı şəhər 6 nömrəli texniki peşə məktəbində “elektroqaz qaynaqçı” ixtisası üzrə tam krusu bitirmiş, xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuşdur.

2. İddiaçının adına açılmış ИТ № ******* seriyalı xx.xx.1977-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1977-ci ildə əmək fəaliyyətinə başlamış, xx.xx.2003-cü il tarixədək müxtəlif işlərdə və peşələrdə işləmişdir.

3. “X8 İdarəsi” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 37 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixli 0/106 №-li əmrə əsasən xx.xx.1990-ci il tarixdən X9 X3 Reagent təsərrüfatına 3-cü dərəcə ilə xlorator qurğusunun operatoru peşəsinə təyin edilmiş, xx.xx.1993-cü il tarixli 106/k №-li əmrə əsasən, 01,12.1993-cü il tarixdən Mexaniki təmir sexinə 3-cü dərəcəli çilingər peşəsinə keçirilmiş və xx.xx.1994-cü il tarixli 01/K №-li əmrə əsasən öz xahişi ilə 10.01 1994-cü il tarixindən işdən azad edilmişdir. xx.xx.1994-cü il tarixli 80/k №-li əmrə əsasən, xx.xx.1994-cü ii tarixdən X9 istismarı İstehsalat idarəsinin Mexaniki təmir sexinə 4-cü dərəcə ilə çilingər peşəsinə təyin edilmiş və xx.xx.1995-ci il tarixli 72/K №-lı əmrə əsasən, öz xahişi ilə xx.xx.1995-ci il tarixindən işdən azad edilmişdir. xx.xx.1995-cİ il tarixli 77/k №-li əmrə əsasən. xx.xx.1995-ci il tarixdən X9 İstismarı İstehsalat İdarəsinin Reagent təsərrüfatı sexinə 4-cü dərəcə ilə xlor qurğularına xidmət edən operator peşəsinə təyin edilmiş və xx.xx.1997-ci il tarixli 24/K №-li əmrə əsasən xx.xx.1997-ci il tarixindən işdən azad edilmişdir. 01 noyabr 1988-ci ildən X9 Xidməti İdarəsi 01 noyabr 1988-ci il tarixli 0/80a saylı əmrlə X9 X6 adlandırılmışdır. 01 yanvar 1991-ci ildən X9 X6 29 dekabr 1990 tarixli 47/k saylı əmrlə X9 İstismarı İstehsalat idarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 may 2011 -ci il tarixli 68 nömrəli qərarına əsasən X9 İstehsalat İstismar İdarəsi “Azərsu" Açıq Səhmdar Cəmiyyəti "X9” İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 292 nömrəli qərarı və Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 07 09 2015-ci il tarixli 298 nömrəli əmrinə əsasən "Azərsu”’ ASC X9 İdarəsi “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin X8 İdarəsi adlandırılmışdır.

4. “X8 İdarəsi” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 36 nömrəli arayışda iddiaçının xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilə qədər tam iş günü X9 X3 Reaqent təsərrüfatında xlorator qurğusunun operatoru, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilə qədər isə tam iş günü X9 İstismarı İstehsalat idarəsinin Reaqent təsərrüfatı sexində xlor qurğularına xidmət edən operator işləmişdir. Arayışda göstərilən peşə (vəzifənin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 N-li Siyahısı”nın XXXİİİ bölməsinin 23200000 şifri ilə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verdiyi göstərilmişdir.

5. “X10“ ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 01 saylı arayışda iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1990- cı il tarixədək armatur sexində əli ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir. Arayışda göstərilən peşə (vəzifənin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 N-li Siyahısı”nın XXXİİİ bölməsinin 23200000 şifri ilə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verdiyi göstərilmişdir.

6. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

7. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********8 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinada “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edilməklə təqdim edilən sənədlərdə xx.xx.1990-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində X9 idarəsində işlədiyi xlorator qurğusunun operatoru vəzifəsi həm hal-hazırda qüvvədə olan Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda, həm də vaxtilə qüvvədə olmuş 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№li siyahının ümumi peşələr bölməsinin 23200000-XXXİİİ yarımbölməsində nəzərdə tutulmadığı, bu səbəbdən də iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (9 il 2 ay 12 gün (xx.xx.1977xx.xx.1978-ci il, xx.xx.1980-xx.xx.1984-cü il, xx.xx.1980-xx.xx.1984-cü il, xx.xx.1985xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər)) təşkil etdiyi, bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20189,62 manat təşkil etdiyi göstərilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbində cavabdehin xx.xx.2021-ci il tarixli imtinasına istinad etməklə göstərmişdir ki, o, xx.xx.1960-cı il təvəllüdlüdür, orta məktəbi bitirdikdən sonra xx.xx.1975cı il tarixdə 6 №-li Texniki Peşə Məktəbinə daxil olmaqla qazelektroqaynaçısı peşəsinə yiyələnməklə istehsalat sahəsində xx.xx.1977-ci il tarixdən 4-cü dərəcəli qazelektroqaynaçısı kimi işə başlamışdır. Sonradan ordu sıralarına (xx.xx.1078 xx.xx.1980) getmiş və hərbi xidmətini başa vurduqdan sonra malik olduğu peşə üzrə işləməkdə davam etmişdir. Beləliklə, qazelektroqaynaqçı peşəsində xx.xx.1977-ci il tarixdən işə başlamış, xx.xx.1990-cı ildə həmin peşədə əmək fəaliyyətini bitrirmişdir. Həmin dövrdən hərbi xidmət müddəti çıxılsa, onun həmin peşə üzrə güzəştli 11 il əmək stajı yaranmış olur. Sonradan xx.xx.1990-cı il tarixdən əmək fəaliyyətini X9 X4, oranın zərəli istahsalat sahəsi olan Reaqent təsərrüfatında xlorator qurğusunun operatoru peşəsində işləmişdir. Beləcə, xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci ilədək orada, qısa fasilə (xx.xx.1993- xx.xx.1995-ci illər arası dövr) verməklə xlorator qurğusunun operatoru peşəsində güzəştli 3 il 9 ay 15 gün əmək stajı vardır. Beləliklə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüquq verən peşələr üzrə tələb olunan 12 il 6 ay əvəzinə, malik olduğu peşələrdən qazelektroqaynaqçı peşəsi üzrə 11 il, digər peşə olan xlorator qurğusunun operatoru peşəsi üzrə isə 3 il 9 ay 15 gün, ümumilikdə isə 14 il 9 ay 15 gün güzəştli əmək stajına malikdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

10. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərdə xx.xx.1990-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində X9 idarəsində işlədiyi xlorator qurğusunun operatoru vəzifəsi hazırda qüvvədə olan Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, həm də vaxtilə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahının ümumi peşələr bölməsinin 23200000-XXXİİİ yarımbölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az , yəni 9 il 2 ay 12 gün (xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1980-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, halhazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 37800,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydəalınan pensiya kapitalı cəmi 20189,62 manat təşkil edir. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

11. Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(118)-723/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi iş yerlərindən təqdim etdiyi arayışlarda onun Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının XXXlll bölməsinin 23200000 bəndinə uyğun peşələrdə işləməsi qeyd edilsə də, iddiaçının X9 X2 Reagent təsərrüfatında işlədiri xlorator qurğusunun operatoru peşəsi həmin Siyahılarda yer almamışdır. Belə olan halda iddiaçının tələb olunan azı 12 il 6 ay xüsusi staja malik olmasına dair şərt yerinə yetirilməmiş olur.

13. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı şikayətində işin hallarına və müvafiq qanunvericilik normalarına istinad etməklə göstərir ki, ona güzəştli şərtlərlə əmək pensiyası hüququ verən 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmaqla, pensiya təyin olunması üçün əsas şərt 28 il sosial sığorta stajına malik olma və bu müddətin azı 14 ilini Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən işlərdə çalışmağıdır. İş materiallarından görünür ki, o, güzəştli şərtlərlə əmək pensiya hüququ verən qazelektroqaynaqçı peşəsi üzrə güzəştli 11 il əmək stajına malikdir. İşin mübahisələndirilən halı-onun “X8 İdarəsi”ndə xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilə qədər və xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilə qədər dövr üçün işlədiyi Reaqent təsərrüfatı sexində xlor qurğularına xidmət edən operator peşəsidir. İddiaçı göstərir ki, işlədiyi xlor qurğularına xidmət edən operator peşəsi ən zərərli peşələrdən biridir, belə ki, qapalı şəraitdə ammiyak-xlor buxarı əhatəsində əleyheqaz (protivaqaz) ilə zərərli iş şəraitində çalışmışdır. Bu zaman zərərli sahədə çalışdığı üçün əmək qanunvericiliyində müəyyən edilən əmək şəraitinə və əmək funksiyalarının xarakterinə görə nəzərdə tutulmuş bütün imtiyazlardan qısaldılmış iş vaxtı, əməyin yuxarı əmsalla ödənilməsi, pulsuz yemək və süd, əlavə məzuniyyət günləri tam istifadə etmişdir. İş materiallarında olan “X8 İdarəsi” tərəfindən verilmiş arayışdan görünür ki, o, bütün müəssisədə xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilə qədər və xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilə qədər Reaqent təsərrüfatı sexində xlor qurğularına xidmət edən operator peşəsində işləmişdir. Həmin peşə zərərli əmək şəraiti olmaqla güzəştli şərtlərlə pensiya hüququ verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320№li Qərarı ilə müəyyən edilən 2№li Siyahıda 232000000-XXXİİİ yarımbölümündə yer almışdır. Göründüyü kimi, vaxtı ilə çalışdığı iş yeri, orda çalışdığı illərə görə peşəsinin güzəştli pensiya hüququ verdiyini təsdiq edir, pensiya təyinatı orqanı olan cavabdeh isə bunu inkar edir. Mübahisəyə baxan məhkəmə isə bu sahədə tənzimləyən normalara istinad etməklə tələbini rədd etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

16. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

18. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir.

19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"

23. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. İşdən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

28. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi iş yerlərindən təqdim etdiyi arayışlarda onun Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının XXXlll bölməsinin 23200000 bəndinə uyğun peşələrdə işləməsi qeyd edilsə də iddiaçının X9 X2 Reagent təsərrüfatında işlədiri xlorator qurğusunun operatoru peşəsi həmin Siyahda yer almamışdır. Belə olan halda iddiaçının tələb olunan azı 12 il 6 ay xüsusi staja malik olmasına dair şərt yerinə yetirilməmiş olur.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir.

30. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq şəxsə güzəştli şərtlərlə əmək pensiyası o halda təyin oluna bilər ki, o əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsun. Hazırkı halda iddiaçının əmək kitabçasına və təqdim etdiyi digər sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı olması işin mübahisəsiz halıdır.

31. Bununla belə iddiaçının əmək kitabçasına və əmək fəaliyyətinə dair təqdim edilmiş digər sənədlərə (arayışlara) əsasən onun 12 il 6 ay xüsusi staja malik olmasına dair şərt yerinə yetirilmədiyindən cavabdehin pensiya təyin edilmsindən imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçının tələbində istinad etdiyi - xx.xx.1990-xx.xx.1993, xx.xx.1995xx.xx.1997-ci illərdə (3 il 9 ay 15 gün) işlədiyi xlorator qurğusunun operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmamışdır. Həmin Siyahıda 1070900a- 19505 kodu altında “xloratorçular” peşəsinin adı vardı ki, qeyd edilən peşə də iddiaçının çalışdığı sahəyə deyil, “Metallurgiya istehsalatı (əlvan metallar)” sahəsinə aid edilmişdir.

32. Belə olan halda iddiaçının tələb olunan azı 12 il 6 ay xüsusi staja malik olmasına dair şərtin yerinə yetirilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

33. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(118)-723/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar