Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-508/2025 26.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-899/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 899/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2012-ci il tarixdən (52 yaşdan) yaşa görə güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2023-cü il) əvvəlki üç il üçün, yəni xx.xx.2020-ci il tarixdən hesablayaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, 22 iyun 2012-ci il tarixdən (52 yaşdan) yaşa görə güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə hüquq verən peşələrdə çalışmışdır. Buna baxmayaraq, cavabdeh güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən əsassız olaraq imtina etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 60, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2, 21.1, 31.1, 31.2, 37.7-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3, 3.1, 3.2-ci bəndlərinə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.2, 12.1, 33.1. 33.2, 36.1, 58.7, 68.2, 73.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh yazılı etirazında göstərmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş “Sumqayıt Tikinti- Servis” ATSC-in iddiaçıya dair xx.xx.2012-ci il tarixli 21 nömrəli arayışında iddiaçının xx.xx.1985-ci il - xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində Sumqayıt İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində elektroliz vannaların təmiri üzrə quraşdırıcı peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi Sumqayıt İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan metallurgiya istehsalatı (əlvan metallar) sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 7 ay 16 gün (xx.xx.1983-cü il - xx.xx.1984-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Həmçinin iddia tələbinin birdəfəlik ödəmə hissəsi ilə bağlı bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” qanunda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (Vİİ) ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması bəndinin (********) fəhlələr yarımbəndində (a) 1071200a- 14568 kodu üzrə vannaların təmirində quraşdırıcılar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş “Sumqayıt Tikinti-Servis” ATSC-nin iddiaçıya dair xx.xx.2012-ci il tarixli 21 nömrəli arayışında iddiaçının xx.xx.1985-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində Sumqayıt İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində elektroliz vannaların təmiri üzrə quraşdırıcı peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi Sumqayıt İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsininfəaliyyət sahəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan metallurgiya istehsalatı (əlvan metallar) sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 7 ay 16 gün (xx.xx.1983-xx.xx.1984-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Əlavə olaraq iddia tələbinin birdəfəlik ödəmə hissəsi ilə bağlı bildiririk ki, “Əmək pensiyaları haqqında” qanunda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.7-ci maddəsinə əsasən isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə birdəfəlik ödəmə ilə bağlı hissədə düzgün qənaətə gəlsə də, iddianı tam etməkdə haqlı olmamışdır. Belə ki, iddia tələbi “xx.xx.2012-ci il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi” şəklində olmuş, məhkəmə isə yekunda “xx.xx.2012-ci il tarixdən (52 yaşdan) yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (26 dekabr 2023-cü il) əvvəlki üç il üçün, yəni 26 dekabr 2020-ci il tarixdən hesablanaraq ödənilməsi” ilə bağlı qərara gəlmişdir. Bu halda ya iddia tələbi dəqiqləşdirilməli, ya da müvafiq əsaslandırma ilə iddia tələbinin həmin hissəsinə müvafiq hüquqi qiymət verilərək, iddia qismən təmin edilməli idi. Lakin Sumqayıt İnzibati Məhkəməsinin mübahisələndirilən hazırkı qərarından iddia tələbinə hər hansı dəqiqləşmənin edildiyi məlum olmur, həmçinin qərarda birdəfəlik ödəmə, son üç il üçün ödəmə məsələlərinə hüquqi qiymət verilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qeyd olunan halları nəzərə almamış, iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqində səhv yol verilmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları “4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: ...
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxivm arayışı və s.) əsasən; …” “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186-cı qərarı 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: İddiaçının 1 yanvar 2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının 1 yanvar 2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (1 nömrəli siyahı üzrə) mövcud olması. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş materialına iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. AZE seriyalı ******** nömrəli “Vətəndaşın şəxsiyyət vəsiqəsi”ndən görünür ki, İddiaçı xx xxxx 1960-cı il tarixdə doğulmuşdur. БТ seriyalı, 602051 nömrəli diplomdan görünür ki, İddiaçı 1975-ci ildə Sumqayıt Politexnik Texnikumuna daxil olmuş və 1979-cu ildə həmin texnikumun “metalların kəsmə ilə emalı” ixtisası üzrə tam kursu bitirmişdir. НЗ seriyalı ******* nömrəli “Hərbi bilet”dən müəyyən edilir ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə kimi SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası “Sumqayıt-Tikinti-Serbis” ATSC-nin 20 aprel 2012-ci il tarixli 21 nömrəli arayışından görünür ki, X1 “Azərəlvanmetaltəmirtikinti” tresti Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tİkinti İdarəsində 18 iyul 1985-ci il tarixdən (Əmr № 88-k, 17 iyul 1985-ci il) 28 iyun 1996-cı il tarixə qədər (Əmr № 51-k, 27 iyun 1996-cı il) SAZ-nun (Sumqayıt Alüminium zavodunun) elektroliz vannalarının təmiri üzrə quraşdırıcı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə qeyd edilən peşə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısına aiddir. Bölmə Vll. Metallurgiya istehsalatı (əlvan metallar). Yarımbölmə 10. Peşənin şifri 1071200a14568. İş cəbhəsinin olmaması ilə əlaqədar olaraq İddiaçı 27 iyun 1996-ci il tarixli, 51-k saylı əmrə əsasən 28 iyun 1996-cı il traixdən 4 aprel 2001-ci il tarixə qədər ödənişsiz məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 29 iyul 1998-ci il tarixli, 987 saylı sərəncamı ilə Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi “SumqayıtTikinti-Servis” ATSC-nə çevrilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 33 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Əsgər oğlu (xx xxxx 1960-cı il doğum tarixli) Sumqayıt Superfosfat zavodunda 14 aprel 1983-cü il tarixdən (12 aprel 1983-cü il tarixli 295-k nömrəli işə qəbul əmri) 1 iyul 1985-ci il tarixə kimi Mexaniki Təmir Sexində (Sadə Superfosfat sexi (SSS), Dənəvər Superlosfat sexi (DSS) Ftor Aluminium sexi (FAS) və 01, 02 saylı Sulfat Turşusu sexlərində, STS) aparatların və avadanlıqların texnoloji proseslərin normal işləməsi üzrə təmiryi çilingər vəzifəsində (1 iyul 1985-ci il tarixli 568-k nömrəli işdən çıxma əmri, Azərbaycan SSR ƏM-nin 37-ci maddəsi) işləmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 241 nömrəli, 27 noyabr 2001-ci il tarixli Sərəncamına əsasən Sumqayıt Superfosfat zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 34 nömrəli arayışından görünür ki, X2 14 aprel 1983-cü il tarixdən 30 noyabr 1984-cü il tarixədək Kimya Sənayesində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının Vİİİ bölməsinin 1 №-li bəndində göstərilmiş istehsalatlara uyğun olaraq, kod 3110A010 Mexaniki təmir sexində texnoloji sexlər üzrə təmirçi çilingər vəzifəsində işləmişdir. Azərbaycan Respublikası “Sumqayıt-Tikinti-Serbis” ATSC-nin 23 yanvar 2024-cü il tarixli 01 nömrəli arayışından görünür ki, İddiaçı Əsgər oğlu keçmiş “Azərəlvanmetaltəmirtikinti” trestinin Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tikinti idarəsində 18 iyul 1985-ci il tarixdən (Əmr №88-k, 17 iyul 1985-ci il) 28 iyun 1996-cı il tarixə qədər (Əmr № 51-k 27 iyun 1996-cı il) SAZ-nun (Sumqayıt Alüminium zavodunun) elektroliz vannalarının təmiri üzrə quraşdırıcı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə qeyd edilən peşə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısına aiddir. Bölmə Vİİ. Metallurgiya istehsalatı (əlvan metallar). Yarımbölmə 10. Peşənin şifri 1071200a14568. İş cəbhəsinin olmaması ilə əlaqədar olaraq, R.ƏNuriyev 27 iyun 1996-cı il tarixli 51k №-li əmrə əsasən 28 iyun 1996-cı il tarixdən 04 aprel 2001-ci il tarixə qədər ödənişsiz məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 29 iyul 1998-ci il tarixli, 987 saylı sərəncamı ilə Sumqayıt İxtisaslaşdırılmış Təmir- Tikinti İdarəsi “Sumqayıt Tikinti Servis” ATSC-nə çevrilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 12 yanvar 2024-cü il tarixli 3-17-1/2-N5876/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən “Sumqayıt Tikinti-Servis” ATSC-nin 20 aprel 2012-ci il tarixli 21 nömrəli arayışında 18 iyul 1985-ci il – 28 iyun 1996-cı il tarixləri arasındakı dövr ərzində Sumqayıt ixtisaslaşdırılmış Təmir Tikinti idarəsində elektroliz vannaların təmiri üzrə quraşdırıcı peşəsində işlədiyi qeyd olunmuşdur, işlədiyi Sumqayıt ixtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən qanunvericiliklə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan metallurgiya istehsalatı (əlvan metallar) sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (1 il 7 ay 16 gün (14 aprel 1983 - 30 noyabr 1984-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hazırkı inzibati iş üzrə iddiaçı təqdim edilmiş arayışlara əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə hüquq verən peşələrdə çalışdığını bildirmiş, 22 iyun 2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı isə ondan ibarətdir ki, “Sumqayıt Tikinti-Servis” ATSC-nin 20 aprel 2012-ci il tarixli 21 nömrəli arayışında iddiaçının xx.xx.1985 - xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində Sumqayıt İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində işlədiyi elektroliz vannaların təmiri üzrə quraşdırıcı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə aid deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki şərtdən iddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (1 nömrəli siyahı üzrə) mövcud olması mübahisələndirilir, iddiaçının ümumi 25 il iş stajının olması isə işin mübahisəsiz halıdır. Cavabdeh inzibati orqanın etirazının dəlili çərçivəsində birinci instansiya məhkəməsi araşdırma apararaq iddiaçının xx.xx.1985-ci ildən xx.xx.1996-cı ilədək olan dövr ilə bağlı nəzərə almışdır ki, “Sumqayıt-Tikinti-Serbis” ATSC tərəfindən təqdim edilmiş arayışından müəyyən edilir ki, iddiaçı həqiqətən qeyd edilən dövrdə Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində Sumqayıt Alüminium zavodunun elektroliz vannalarının təmiri üzrə quraşdırıcı peşəsində işləmişdir və iddiaçıya verilmiş arayışların həqiqiliyi təsdiq edilmişdir. Həmin arayışda qeyd edildiyi kimi və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə qeyd edilən “peşə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda mövcuddur (kod: 1071200a-14568). Göründüyü kimi, etirazda qeyd edilən dəlil ilə eyni məzmunda olan apellyasiya şikayətinin dəlilləri məhkəmə kollegiyasının araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 22 iyun 2012-ci il tarixdən (52 yaşdan) yaşa görə güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2023-cü il) əvvəlki üç il üçün, yəni xx.xx.2020-ci il tarixdən hesablayaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuş və formalaşmış mövcud məhkəmə təcrubəsinə uyğundur. Çünki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Nəzərə alınmalıdır ki, çəkişməli məhkəmə hüququ prinsip etibarilə mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Məhkəmənin özü çəkişmə prinsipinə riayət etməlidir (Clinique des Acacias və digərləri Fransaya qarşı, § 38; Andret və digərləri Fransaya qarşı (qərardad). Məhkəmə cavabdehin etirazının dəlili çərçivəsində araşdırma apararaq iddiaçının 18 iyul 1985-ci il tarixdən 28 iyun 1996-cı il tarixədək olan dövr ilə bağlı bildirmişdir ki, məhkəmənin sorğusuna cavab olaraq “Sumqayıt-Tikinti-Serbis” ATSC tərəfindən təqdim edilmiş arayışından müəyyən edilir ki, iddiaçı həqiqətən qeyd edilən dövrdə Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində Sumqayıt Alüminium zavodunun elektroliz vannalarının təmiri üzrə quraşdırıcı peşəsində işləmişdir və iddiaçıya verilmiş arayışların həqiqiliyi təsdiq edilmişdir. Həmin arayışda qeyd edildiyi kimi və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə qeyd edilən “peşə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda mövcuddur (kod: 1071200a-14568). Göründüyü kimi, cavabdehin etirazın və apellyasiya şikayətində qeyd edilən dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçının tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh inzibati orqanın şikayətinin dəlilləri əsassızdır və iddianın rədd edilməsi üçün əsas deyildir. Bunun əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1843/2024 nömrəli, 2- 1(102)-2274/2024 nömrəli qərardadları ilə cavabdeh inzibati orqanın apellyasiya instansiya məhkəməsinin qərarından eyni dəlillər (əmək pensiyasının pensiya sığorta kapitalına uyğun olaraq 52 (57) yaşından təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq əmək haqqına əsasən 50 (55) yaşından hesablanaraq təyin edilməsi) əsasında verdiyi kassasiya şikayətləri belə mübahisələrə dair işlər üzrə hüququn tətbiqinə dair mövcud və aydın vahid məhkəmə təcrübəsi olduğundan mümkün sayılmamışdır. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qanuni və əsaslı qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-899/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.