Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-509/2023 16.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2rşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2rşı “üç illik müddət nəzərə alınmaqla müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2-1(118)-1018/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuş, ona xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir.
2. İddiaçı müharibə veteranlığına görə əvvəlki üç il üçün müavinətin ödənilməsi ilə bağlı xx.xx.2022-ci ildə cavabdehə müraciət etmişdir.
3. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinada “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanına, "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa və Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməyə istinad edilərək göstərilir ki, iddiaçıya müharibə veteranlığını təsdiq edən müvafiq vəsiqə 02 aprel 2018-ci il tarixdə verildiyi üçün həmin tarixdən 1 aprel 209-cu il tarixədək 55 manat sosial müavinət, 1 aprel 2019-cu il tarixdən etibarən isə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq ödənilir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “iddiaçıya veriləcək son üç ilin müavinətinin verilməsinin təmin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, daha sonra isə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək üç illik müddət nəzərə alınmaqla müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin üzərinə qouylmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Birinci Qarabağ müharibəsi veteranı olaraq veteranlığını təsdiq edən vəsiqəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 02 aprel 2018-ci il tarixdə almışdır. Son 3 ilin veteranlara verilən müavinəti almaq üçün cavabdeh orqana 15 sentyabr 2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. 22 sentyabr 2022-ci il tarixdə **********7 nömrəli məktubla ərizəsinin icrasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
6. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdən Prezidentin Fərmanına uyğun olaraq təqaüd təyin edilmiş, əvvəlki illər üçün müavinət ödənilməsi tələbinə isə müraciətin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. İşə baxan məhkəmələr adı çəkilən Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan "ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına əsaslanmaqla, həmin müavinətlərin şəxsin müharibə veteranı statusunu aldığı vaxtdan, yəni müvafiq müavinəti almaq hüququnun yarandığı gündən əvvəlki üç il üçün də ödənilməli olmasını qət edirlər ki, bu da aşağıda qeyd edilən səbəb və əsaslara görə sözügedən maddi hüquq normasının məhkəmələr tərəfindən düzgün təfsir və tətbiq edilməməsinin nəticəsidir. Maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnun yarandığı günlə şərtləndirmişdir. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində də qeyd olunur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildikdə həyata keçirilir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 7 nömrəli əlavəsinin - müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Ancaq veteran statusunu almaq hüququnu sosial müavinət almaq hüququndan fərqləndirmək lazımdır. Belə ki, veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Buna müvafiq olaraq, bu iş üzrə iddiaçının 1993-1997-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçməsi-veteran statusu almaq hüququnun həmin vaxtdan yaranması işin mübahisələndirilməyən halıdır. Qeyd edilən bu hal iddiaçının sosial müavinət alması üçün əsas deyil, ona veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsasdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə də “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər" sosial müavinət alan şəxslərin siyahısına daxil edilmişlər. Fərmandan görünür ki, müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Prezidenti “müharibə veteranı adı almış şəxslər”ə olan güzəştləri müavinətlə əvəz etmişdir. "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda isə sadəcə “müharibə veteranları” anlayışı açıqlanmış, onun əhatə etdiyi şəxslərin dairəsi verilmişdir. “Veteranlar haqqında”Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin şəxsə sosial müavinət təyin edilməsi üçün hər hansı birbaşa qüvvəsi yoxdur və məhkəmənin iddiaçıya veteran vəsiqəsini almamışdan əvvəlki dövr üçün sosial müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı mübahisəyə həmin normanı tətbiq etməsi əsassızdır.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
7. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2-1(118)-1018/2023 nömrəli qərarına əsasən iddia təmin edilmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətlərinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətini etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının xx.xx.1994-cü il tarixdən qüvvədə olan Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001-ci il tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: “İkinci dünya müharibəsi iştirakçılarına, bu qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinat verilir”. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Eyni zamanda qərarda qeyd olunmuşdur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1 sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.
13. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Veteranları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3, 1-ci hissə, 2-ci bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.
14. İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
15. İnzibati Prosessual Məcəllə: Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
18. İşdən görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixdə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. İddiaçının müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən xx.xx.2018-ci il tarixdən ayda 55 (əlli beş) manat olmaqla ona sosial müavinət təyin edilmişdir.
19. Hazırkı mübahisə isə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı qəbul olunanadək qanunvericilikdə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin iddiaçıya əvvəlki üç il üzrə ödənilməsi ilə bağlıdır.
20. Məhkəmə kollegiyası cavabdehin imtinasının və etirazının dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinn müvafiq dəlillrini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad edilən tələblərini düzgün tətbiq etməklə və oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə almaqla iddianın təmin olunması barədə düzgün hüquqi nəticəyə gəlmişdir.
21. Belə ki, oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış mövqeyinə uyğun olaraq nəzərə alınmalıdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır.
22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi və statusu xx.xx.2018-ci il tarixdə verildiyi üçün iddiaçı həmin tarixdən əvvəlki illər üçün ödəmələr aparılmasını tələb etməkdə haqlı olmuş, işə baxan birinci instansiya məhkəməsi isə iddianı təmin edərkən müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etmişdir.
23. Kollegiya cavabdeh inzibati orqanın hazırkı və oxşar işlər üzrə əvvəlki üç il üçün müavinət almaq hüququ olan müharibə veteranları kimi həssas kateqoriyadan olan şəxslərin hüquqlarının təmin olunmasına formal yanaşması və “İnzibati icraat haqqında” qanunun tələblərini pozmaqla qanunvericiliyin tələblərini inzibati orqanın mənafeyinə uyğun olaraq görməzdən gəlməsi və yalnış tətbiq edilməsi ilə bağlı praktikasının vətəndaşların konstitusion hüquqlarının məhdudlaşdırılması ilə nəticələndiyindən yolverilməz olduğunu qeyd edir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2-1(118)-1018/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.