Məhkəmə qərarları › İş №2-1(105)-51/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-51/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-51/2022 15.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Qobustan kəndi ərazisində yerləşən, X14 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-1 iclas protokolu ilə təsdiq edilmiş Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli aktla ona pay verilmiş qeyri-yaşayış binaları (əmlak kopleksi) üzərində mülkiyyət hüququnun və onun yerləşdiyi 0.02 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Telman Qədir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Qobustan kəndi ərazisində yerləşən, X14 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-1 iclas protokolu ilə təsdiq edilmiş Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli aktla ona pay verilmiş qeyri-yaşayış binaları (əmlak kopleksi) üzərində mülkiyyət hüququnun və onun yerləşdiyi 0.02 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2-1(118)-328/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Abşeron rayonu, Qobustan kəndi ərazisində yerləşən, X14 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK1 iclas protokolu ilə təsdiq edilmiş Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli aktla ona pay verilmiş qeyri-yaşayış binaları (əmlak kopleksi) üzərində mülkiyyət hüququnun və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Abşeron rayonu, Qobustan kəndi ərazisində yerləşən, X14 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK- 1 iclas protokolu ilə təsdiq edilmiş Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli aktla ona pay verilmiş qeyri-yaşayış binalarının (əmlak kopleksi) yerləşdiyi 0.02 ha torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Qobustan kəndində (keçmiş Qobustan sovxozu ərazisi) yerləşən qeyri-yaşayış binaları (əmlak kopleksi) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Cavabdehnə müraciət etmiş və müraciətinə cavab olaraq cavabdeh xx.xx.2020-ci il tarixli məktubu ilə bildirmişdir ki, hüquqların qeydiyyatı üçün hüquqmüəyyənedici və texniki sənədlər ərizəyə əlavə olunmadığından, həmçinin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi ləğv olunmuş DT və XK tərəfindən verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə başqa şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən hüquqlarının qeydiyyata alınmasından imtina olunur. Təkrar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etsə də, eyni məzmunlu 14 avqust 2020-ci il tarixli cavab almışdır. İlk növbədə qeyd etmək istəyir ki, hal-hazırda da sahibliyində və istifadəsində olan üç ayrı, bir-birilə təcrid olan tikililərdən - çoban və iki sayda quzu damından(tövlə) maneəsiz istifadə edir və həmin tikililər X14 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-l iclas protokolu ilə təsdiq edilmiş Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli aktla iddiaçıya əmlak payı olaraq ona verilmiş və həmin əmlak verilən zaman 11145000 manat dəyərində qiymətləndirilməklə əvəzsiz olaraq ona verilmişdir. Hesab edir ki, qeyd olunan həmin akt verilmiş daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Aktın qeyd hissəsində “bu aktın Dövlət Əmlak Komitəsi tərəfindən əmlaka sahiblik hüququnun təsdiq edən mülkiyyətə dair şəhadətnamənin verilməsi üçün əsasdır” qeydi olduğunu nəzərə çatdıraraq bildirir ki, savadı yetərli olmadığına görə həmin akt əsasında hüquqların qeydiyyatı üçün vaxtında müraciət etməmiş və qanunun məzmununa görə hər bir halda tikillərin bilavəsitə altında yerləşən torpaq sahəsi də bu tikililərə mülkiyyət hüququ əsasında sahiblik edən şəxslərin mülkiyyətindədir. Göründüyü kimi Respublikamızda aparılmış aqrar islahat nəticəsində əldə etdiyi əmlaka hüquqların qeydiyyata alınması üçün etdiyi müraciət əsassız olaraq təmin edilməyib. İmtinanın, onun istifadəsində olan tikililərin başqa şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi arqumentinə münasibətdə isə bildirir ki, qeyd etdiyi kimi 20 ildən artıq müddətdir ki, mübahisəsiz sahibliyində və istifadəsində olan torpaq sahəsi və orada yerləşən tikililərə dair ona qarşı hər hansı bir tələb və ya iddia irəli sürülməmişdir. Əlavə olaraq bildirir ki, cavabdeh səhv olaraq qeyd etmişdir ki, torpaq sahəsi başqa bir şəxsin mülkiyyətindədir. Əldə etdiyi məlumata görə JN-4015 nömrəli şəhadətnamə torpağın mülkiyyətə verilməsinə deyil, torpağın müvəqqəti istifadəsinə dair şəhadətnamədir. Abşeron rayon İHB-nin xx.xx.2003cü il tarixli sərəncamı əsasında 15 il müddətinə istifadəyə verilmiş və bu müddət də bitmişdir. Həmin torpaq sahəsinin başqa bir şəxsə istifadəyə verilməsi özü-özlüyündə qanunvericiliyin tələbinə ziddir. Belə ki, həmin torpaq sahəsi 1998-ci ildən mülki qanunvericiliyin tələbinə görə yüklüdür. Ən azından orada yetrləşən tikililər islahat nəticəsində ona əvəzsiz olaraq pay verilmiş və hüququn qeydiyyatı üçün əsaslar vardır. Belə də, daşınmaz əmlakı əldə edəndən beş il sonra başqa bir şəxsə həmin daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsinin istifadəyə verilməsi qanunvericiliyə tamamilə ziddir. Ona məxsus üç tikilinin vahid daşınmaz əmlakı kimi istifadə olunması üçün bilavasitə onların altında yerləşən torpaq sahəsindən əlavə bu tikililəri əhatə edən torpaq sahəsi də onun istifadəsində və sahibliyində olmalıdır.

Cavabdehin etirazları:

4. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Qobustan kəndində yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 03 iyun 2020-ci il tarixdə Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, ərizə və ona əlavə edilmiş sənədlər araşdırılarkən Qobustan kəndində yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasına dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Bundan başqa, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün qeyri-yaşayış binasına müayinə baxışı keçirilərkən, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ləğv olunmuş DT və XK tərəfindən verilmiş JN-4015 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə başqa şəxsə (X3) məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Göstərilən səbəblərdən vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Hesab edirlər ki, iddiaçı tərəfindən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması iddia olunan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi artıq başqa fiziki şəxsin xüsusi mülkiyyətində olduğundan, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə dair sənədlərlə olan ölçülərlə, GPS mövqetəyinetmə cihazı vasitəsi ilə müəyyən edilmiş ölçülər arasında olan uyğunsuzluğun aradan qaldırılması üçün iddiaçı tərəfindən hər-hansı mötəbər sübut işə əlavə edilməmiş və iddia ərizəsinə əsasən cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması hər-hansı formada əsaslandırılmamışdır. İddiaçının hazırki tələbinin icrası, ilk növbədə başqa şəxsin torpağa olan hüquqları ləğv edilməklə təmin edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydlərə hər-hansı əsassız müdaxilə həmin şəxslərin xüsusi mülkiyyət hüququnun pozulması ilə nəticələnər. Qeyd edilənlərə əsasən İdarənin iş üzrə imtinasının qanuni hesab edilməsi və iddianın rədd edilməsi haqqında qərar qərar qəbul edilməsi xahiş edilir.

Birinci instansiya məhkəməsində icraat:

5. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-328/2021 saylı qərardadı (hakim İ.R.Quliyev) ilə X8 və Abşeron rayon İcra Hakimiyyəti hazırkı iş üzzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmələri qərara alınmışdır.

6. Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2-1(118)-328/2021 saylı qərarı (hakim İ.R.Quliyev) ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

7. Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2-1(118)-328/2021 saylı qərarından narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2-1(118)-328/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri:

8. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istifadəsində olan və mülkiyyətinə verilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasına maneçilik törədilib. Bunun nəticəsində məhkəməyə müraciət edərək hüquqlarının pozulmasının qarşısının alınması tələbini irəli sürsə də, məhkəmə cavabdehdən fərqli mövqe tutmayaraq belə hesab etmişdir hansı tikililərin ona hansının X7 ayrılması bəlli deyil. Belə olan halda yerləşdiyi torpaq sahəsi digər şəxsin icarəsində olan, texniki sənədləri olmayan, iddia edilən tilkilinin yaxınındakı tikililərdən hansının mübahisə olunan, yalnız Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli akt əsasında qeydiyyat aparılmasının tələb edilməsi əsaslı hesab oluna bilməz və cavabdeh inzibati orqanın “Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli aktla ona pay verilmiş qeyri-yaşayış binaları (əmlak kopleksi) üzərində mülkiyyət hüququnun və onun yerləşdiyi 0.02 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi” tələbindən imtinası əsaslı olmuşdur. Lakin, nəzərə alınmalı idi ki, iş üzrə üçüncü şəxs X9 da qeyd edilən torpaq sahəsində yerləşən əmlaklara hüququ onun kimi Aqrar islahat nəticəsində əldə etmişdir. Eyni tarixli, 203 saylı Akta əsasən üçüncü şəxsə əmlakdan pay verilmişdir. Həmçinin onun istifadəsində və sahibliyində olan əmlakın yerləşdiyi torpaq sahəsinə dair Abşeron rayonu İcra Hakimiyyəti ilə icarə müqaviləsinin bağlaılması qanunvericiyin tələbinə ziddir. Belə ki, həmin torpaq sahəsi onun hüquqları ilə yüklüdür. Hesab edir ki, bunu nəzərə alaraq məhkəmə hüquqazidd müqavilə əsasında ona məxsus əmlakın yerləşdiyi torpaq sahəsinin başqa bir şəxsin icarəsinə verilməsi məsələsinə hüquq qiymət verməlı idi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kımı qeydiyyata alınır. Mülki Məcəllənin 245-ci və Torpaq Məcəlləsinin 88-cı maddəsinin məzmununa görə torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən torpaq sahəsinə hüquqlar da binanı, fərdi yaşayış evini əldə edənə keçir. Göründüyü kimi o əmlaka pay hüququ əsasında sözügedən əmlaklara hüquq əldə etmiş və buna görə həmin əmlakın yerləşdiyi torpaq sahəsi də onun hüquqları ilə yüklü edilmişdir. Bu əsasla da sözügedən torpaq sahəsinin kənar şəxslərə verilməsi qanunvericiliyə tam ziddir. Hesab edir ki, tərəfindən qanunun tələbinə riayət olunmaqla əldə etdiyi torpaq sahəsinə dair hüququn qeydiyyata alınmasından imtina edilməsi hüquqa ziddir ona görə ki, hər bir halda həmin torpaq sahəsi ona ayrılmış və bu prosedur başa çatmışdır. Torpaq sahəsinə fasiləsiz, qanuni əsaslarla sahiblik edir, bu səbəbdən torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatının alınmasından imtina edilməsi üçün cavabdehin irəli sürdüyü tələblər təmamilə əsassızdır.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı cavabdeh İdarə tərəfindən etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2-1(118)-328/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Qara oğlu, üçüncü şəxslər X8 və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına üzürlü səbəblər olmadan gəlməmişlər.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Qara oğlunun, üçüncü şəxslər X5 və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

17. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

18. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

20. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

21. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

22. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

23. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

25. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

26. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

27. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

28. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

29. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

30. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

31. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. (-).

33. 9 noyabr 1991-ci ildən 25 iyun 1999-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 7. Torpaq barəsində sərəncam Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. (-). Maddə 11. Torpağın xüsusi mülkiyyətə verilməsi şərtləri Torpaq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir. Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. (-). Maddə 23. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaqsahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; (-); Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır.

34. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi. Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. (-). Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

35. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-). Apellyasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hazırkı qərarın 13-26-cı bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsası hazırki qərarın 1-3-cü bəndlərində istinad edilən hallarla bağlı olmuş və birinci instansiya məhkəməsi zamanı işə baxılarkən hazırki qərarın 5 və 6-cı bəndlərində şərh edilən nəticəyə gəlinmişdir.

38. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, iddiaçı Abşeron rayonu, Qobustan kəndi ərazisində yerləşən, X14 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-1 iclas protokolu ilə təsdiq edilmiş Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli aktla ona pay verilmiş qeyri-yaşayış binaları (əmlak kopleksi) üzərində mülkiyyət hüququnun və onun yerləşdiyi 0.02 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsini istəyərək ərizəsində qeyd edir ki, hal-hazırda da sahibliyində və istifadəsində olan üç ayrı, bir-birilə təcrid olan tikililərdən - çoban və iki sayda quzu damından (tövlə) maneəsiz istifadə edir. Qeyd edilən tikililər X14 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-l iclas protokolu ilə təsdiq edilmiş Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli aktla iddiaçıya əmlak payı olaraq verilmiş və həmin əmlakın iddiaçıya verilməsi zamanı 11145000 manat dəyərində qiymətləndirilməklə əvəzsiz olaraq ona verilmişdir. İddiaçıda yalnız Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli akt mövcuddur, tikililərin texniki pasportu və yerləşdiyi ərazi ilə bağlı məlumatı göstərən sənədlər mövcud deyil. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mülkiyyət hüququ ilə qeydə alınmasını istədiyi tikililərin yerləşdiyi torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən üçüncü şəxs X6 icarəsinə verilmiş 100 hektar torpaq sahəsinin daxilində yerləşir. Eyni zamanda üçüncü şəxsə də Əmlakdan pay haqqının verilməsi barədə akt verilmişdir və eyni zamanda həmin şəxs izahatında qeyd etmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı ilə əmlak payı kimi tikililər ona və onun digər ailə üzvlərinə verilmişdir. Sonra İddiaçı da adı həmin siyahıya salınmışdır. Bütün tikililər bir ərazidədir. 100 hektar torpaq sahəsi onun icarəsindədir. Müddəti bitəndən sonra yeni icarə müqaviləsi bağlamışdır. 23 ildir ki, torpaq onun istifadəsindədir. Əmlak payı kimi tikililərin çoxu ona və onların ailəsinə ayrılmışdır. İddiaçıya da əmlak payı kimi tikili ayrılsa da, o heç vaxt həmin tikililərdən istifadə etməmişdir. Hansı tikililərin ona hansının iddiaçıya ayrılması bəlli deyil. Belə olan halda yerləşdiyi torpaq sahəsi digər şəxsin icarəsində olan, texniki sənədləri olmayan, iddia edilən tilkilinin yaxındakı tikililərdən hansının olmasında mübahisə olan, yalnız Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli akt əsasında qeydiyyat aparılmasının tələb edilməsi əsaslı hesab oluna bilməz və cavabdeh inzibati orqanın “Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli aktla ona pay verilmiş qeyri-yaşayış binaları (əmlak kopleksi) üzərində mülkiyyət hüququnun və onun yerləşdiyi 0.02 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi” tələbindən imtinası əsaslı olmuşdur.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və qeyd edir ki, hazırkı qərarın 8-ci bəndində öz əksini tapan iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz ona görə ki, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi əmlak payı və onun yerləşdiyi 0.02 ha torpaq sahəsi X5 icarəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilindədir və bununla bağlı hazırkı iş üzrə apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatəti üzrə iş üzrə icraat xx.xx.2021-ci il tarixli qərardada əsasən ona görə dayandırılmışdır ki, iddiaçı tərəfi “Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 24 aprel 2018-ci il tarixli, 109 saylı sərəncamının və həmin sərəncam əsasında Abşeron Rayon İcra Hakimiyyəti ilə X8 arasında 15 il müddətinə bağlanmış müqavilənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin icraatında olmuşdur (i.v.169-172).

40. Məhkəmə kollegiyasının sorğusu əsasında apellyasiya instansiyası məhkəməsinə daxil olmuş Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(105)-292/2022 saylı məktubundan görünür ki, İddiaçı Abşeron Rayon İcra Hakimiyyətinə qarşı “Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 24 aprel 2018-ci il tarixli, 109 saylı sərəncamının və həmin sərəncam əsasında Abşeron Rayon İcra Hakimiyyəti ilə X8 arasında 15 il müddətinə bağlanmış müqavilənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2022ci il tarixli, 2-1(105)-292/2022 saylı qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış və iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin həmin qərardadı isə 23 may 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır (i.v. 177-180).

41. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 35-ci bəndində göstərilən normaların tələbləri baxımından daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarına uyğun aparıldığından iddiaçının tələbilə bağlı cavabdeh İdarənin imtinası əsaslı olmuşdur.

42. Belə ki, istinad edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasların nədən ibarət olduğunu öz əksini tapmış olsa da, iddiaçının tələb etdiyi əmlak payının mülkiyyət hüququnun qeydə alınması üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulan hansı əsasla ona şamil olunması və bununla bağlı iddiaçının hər hansı mötəbər sübutunun inzibati orqana və ya məhkəməyə təqdim etməsi halı olmamış, əksinə iddiaçının da razılaşaraq ona verilmiş əmlak payının başqa şəxsin icarəsində olan torpaq sahəsində olması səbəbindən həmin şəxsə qarşı məhkəmədə qaldırdığı iddia tələbilə bağlı məhkəmə mübahisəsinin aparılmasında maraqlı olmaması səbəbindən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardadı ilə razılaşmışdır.

43. Beləliklə, məhkəmə kollegiyası hazırkı qərarın 32-35-ci bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından cavabdeh İdarə tərəfindən iddiaçının əmlak payına dair təqdim etdiyi sənədlərə əsasən mübahisələndirdiyi torpaq sahəsinin iddiaçıya məxsusluğunu təsdiq edən sübutların təqdim edilməməsi, həmin əmlak payı ilə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində vahid çıxarışla qeydiyyata alınmasından imtinası qanuni hesab edildiyindən apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2-1(118)-328/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2-1(118)-328/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar