Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-51/2023 02.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Zeynalov Yusif Səmədağa oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “imtinanın əsassız hesab olunması və torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(118)-841/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “imtinanın əsassız hesab olunması və torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, imtinanın əsassız hesab olunması və zəbt sahəsi kimi iki qat ölçüdə pay torpaqlarından çıxılmaqla onların mülkiyyətinə verilmiş 0,80 ha torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpaq islahatı haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Şamaxı rayonu Mərzəndiyə kəndində hər bir subyektə 0,64 ha torpaq payı verilməsi nəzərdə tutulmuşdur. Onun ailəsinin 12 nəfərdən ibarət olması nəzərə alınaraq onlara 7,68 ha torpaq sahəsi verilməli olmuşdur. Amma istifadə etdikləri 0,80 ha zəbt olunmuş torpaq sahəsi iki qat ölçüdə pay torpağından çıxılaraq cəmi 6 ha torpaq sahəsi verilmişdir. Bununla da həmin zəbt olunmuş torpaq sahəsi fakitiki olaraq onun və ailəsinin mülkiyyətinə verilmişdir. Hazırda da həmin torpaq sahəsi onun istifadəsindədir. O həmin torpaq sahəsini öz adına dövlət qeydiyyatına aldırmaq üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh heç bir tutarlı əsas olmadan ona imtina cavabı vermişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılarkən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 nömrəli qərarı ilə onun 12 nəfər ailə üzvlərinə 6.0 ha pay torpağının verilməsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpağa mülkiyyət hüququna dair 29 iyul 1998-ci il tarixdə JN 0066, kod 41014028 nömrəli Dövlət aktının tərtib edildiyi müəyyən edilmişdir. Göründüyü kimi, Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətə yalnız 6.0 ha torpaq sahəsi verilmişdir. Zəbt olunmuş 0.80 ha torpaq sahəsinə hər hansı bir mülkiyyət sənədi verilməmişdir. İddiaçı iddia etdiyi 0.80 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyinə görə həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkün olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(118)-841/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(118)-841/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2-1(105)-283/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(118)-841/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Zahid Məmmədov, hakimlər Hökümə Babayeva və Fuad Məmmədov). Qərardan narazı qalan İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2-1(105)-283/2022 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli, 2-1(102)-1242/2022 nömrəli qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2- 1(105)-283/2022 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır (sədrlik edən və məruzəçi hakim Zakir Quliyev, hakimlər Rahib Nəbizadə və Səyyad Kərimov). Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin imtinasını əsassız hesab etməklə onun və ailə üzvlərinə əmlak payından çıxılmaqla verilmiş 0,89 ha torpaq sahəsi üzərində (həmin torpaq sahəsindən yola düşən hissə çıxılmaqla) onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun iddia tələbinin əsaslılığına dəlalət edən yetərincə sübutların olmasına baxmayaraq iddia tələbini rədd etmiş və cavabdehin imtinasını qanuni saymışdır. Məhkəmə guya onun faktiki istifadəsində həqiqətən də 0,89 ha torpaq sahəsi olmasının və həmin torpağın onun pay torpağından çıxılmasının öz təsdiqini tapmadığını qeyd etmişdir. Halbuki məhkəməyə təqdim olunan sənədlərdə həmin zəbt olunmuş torpaq sahəsinin ikiqat ölçüdə hesablanmaqla ona və ailə üzvlərinə düşən pay torpağından çıxıldığı təsdiq olunur və qeyd edilən torpaq sahəsi də onun və ailə üzvlərinin faktiki istifadəsindədir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi X5, iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(118)-841/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə izahatında Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli, 03 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinə pay torpaq sahəsi ayrılarkən ailənin torpaq pay normasından 2 qat həcmdə əvəzi çıxılmış 0,90 ha zəbt torpaq sahəsinin İddiaçı və ailə üzvlərinin adına qeydiyyata alınmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (işin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(118)-841/2021 nömrəli qərarı ləğv olunmalı, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin imtinası əsassız hesab etməklə iddiaçı və onun ailə üzvlərinin faktiki istifadə etdikləri 0,89 ha torpaq sahəsi üzərində (həmin torpaq sahəsindən yola düşən hissə çıxılmaqla) iddiaçı və ailə üzvlərinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Birinci instansiya məhkəməsi iddianın təmin olunmamasına dair hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. İş materiallarında olan Şamaxı rayon Mərzəndiyə kənd X10 Komissiyasının 25 fevral 1998-ci il tarixli 16 nömrəli protokolundan görünür ki, Sabir qəsəbə üzrə nümayəndəlik tərəfindən tərtib olunmuş əhalinin siyahısının 173 ailə 881 nəfər təsdiq edilməsi, vətəndaşların normadan artıq istifadə etdikləri həyətyanı sahələr onların mülkiyyətinə veriləcək torpaq payından çıxarılması, mövcud 988 ha torpaq sahəsinin - dövlət mülkiyyətinə saxlanan torpaq 380 ha, bələdiyyə mülkiyyətinə verilən torpaq 312,7 ha, o cümlədən ümumi istifadə olan torpaq 297,2 ha, ehtiyat fondu 140 ha, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün 11,5 ha, xüsusi mülkiyyətə verilən cəmi 637,3 ha, bundan 637,3 ha həyətyanı sahədən ibarət təsdiq edilməsi qərar alınmışdır. İş materiallarında olan Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 saylı protokolundan çıxarışdan görünür ki, Dövlət Yerquruluşu mütəxəssisi tərəfindən hazırlanmış baş plan sxem üzrə püşkatma aparmaq üçün yerli X7nın qərarı əsas hesab edilmiş, vətəndaşların normadan artıq istifadə etdikləri həyətyanı sahələr onların mülkiyyətinə veriləcək torpaq payından çıxılması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 saylı protokolundan görünür ki, Şamaxı rayon Mərzəndiyə kənd X10 komissiyasının 25 fevral 1998-ci il tarixli, Ovçulu kənd X10 Komissiyasının 12 mart 1998-ci il tarixli, Çaylı kənd X10 komissiyasının 10 mart 1998-ci il tarixli qərarlarının təsdiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon Mərzəndiyə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair Şamaxı rayon X7 tərəfindən tərtib edilmiş 27 dekabr 2008-ci il tarixli cədvələ 1 saylı əlavədən görünür ki, həmin cədvəldə İddiaçı və onun ailə üzvlərinin adları qeyd olunmuşdur. İş materiallarında olan JN-066 KOD 41014028 seriyalı dövlət aktından görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 saylı qərarı ilə 6,0 hektar torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinə verilmişdir. İş materiallarında olan JN-077a KOD 41014028 seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 saylı qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə 0.13 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ş-06-1347 saylı cavab məktubdan görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 nömrəli qərarına əsasən Şamaxı rayonu Mərzəndiyə kəndi ərazisində adambaşına 0,22 ha suvarılan, 0,44 ha dəmyə ərazilərdən olmaqla ümumilikdə 0,66 ha pay torpaq sahəsi ayrılmışdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, Şamaxı rayon Mərzəndiyyə kənd X10 Komissiyasının qərarı ilə vətəndaşların normadan artıq faktiki istifadə etdikləri torpaq sahəsinin onların pay torpaqlarından çıxılması qərara alınsa da, sonrakı mexanizm, yəni həyətyanı torpaq sahələrinin mülkiyyətə alınması proseduru müəyyənləşdirilməmişdir. Bundan başqa iş materialları ilə iddiaçının faktiki istifadəsində həqiqətən 0.80 ha torpaq sahəsi olması və həmin torpağın onun pay torpağından çıxılması öz təsdiqini tapmamışdır. Sadalanan xüsusatlara əsaslanan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəf məhkəmə araşdırması zamanı mübahisə obyekti olan 0.80 ha torpaq sahəsi üzərində hüquqların yaranması üçün əsas hesab edilə biləcək hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyindən iddia tələbi təmin edilməməlidir. İşə əvvəl apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandığı hallara istinadən hesab etmişdir ki, cavabdehin imtinasının, habelə etirazının əsas dəlilləri ondan ibarətdir ki, islahat komissiyasının qərarına əsasən iddiaçının mülkiyyətinə yalnız 6,0 ha torpaq sahəsi verilmişdir. Zəbt olunmuş 0,80 ha torpaq sahəsinə hər hansı bir mülkiyyət sənədi verilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, təqdim edilmiş Şamaxı rayon Mərzəndiyə kənd X10 Komissiyasının qərarı ilə vətəndaşların normadan artıq faktiki istifadə etdikləri torpaq sahəsinin onların pay torpaqlardan çıxılması qərara alınsa da, sonrakı mexanizm, yəni həyətyanı torpaq sahələrinin mülkiyyətə alınması proseduru müəyyənləşdirilməmişdir. Şamaxı rayon İcra Hakimiyyəti başçısının Mərzəndiyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışına və Şamaxı rayon Mərzəndiyə bələdiyyəsinin xx.xx.2009-cu il tarixli arayışına əsasən torpaq islahatı aparılan zaman iddiaçının istifadəsində kəndin perspektiv sahəsində 0,80 ha zəbt torpaq sahəsi olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, torpaq islahatı həyata keçirilərkən özbaşına zəbt edilmiş torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi nə həmin vaxt qüvvədə olan qanunvericilikdə, nə də torpaq münasibətlərini və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını tənzimləyən sonrakı normativ hüquqi aktlarda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçı üzərində hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi zəbt etdiyi 0,80 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hər hansı birini təqdim etmədiyindən cavabdeh inzibati orqan həmin qanunun 15-ci maddəsinə əsasən iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuş, iş üzrə birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli, 2-1(102)-1242/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2-1(105)-283/2022 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin məhkəmə kollegiyasının işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərarında aşağıdakılar qeyd olunmuşdur: İş materiallarında olan JN-0066 KOD ******* saylı, 30 sentyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, iddiaçıya və onun ailə üzvlərinə (cəmi 12 nəfər) Şamaxı rayonu X4 23 mart 1998-ci il tarixli 03 nömrəli qərarı ilə 6.00 hektar torpaq sahəsi mülkiyyətə verilmişdir. Halbuki “Torpaq islahatı haqqında” Qanunun tələblərinə görə Şamaxı rayonu Mərzəndiyə kəndində hər bir subyektdə 0.64 ha torpaq payı verilməsi nəzərdə tutulmuş, yəni iddiaçıya və onun ailə üzvlərinə (cəmi 12 nəfər 7.68 ha torpaq) sahəsi verilməli idi. İş materiallarında olan JN-0077A KOD ******* saylı 11 dekabr 2002-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 saylı qərarına əsasən iddiaçının və onun ailə üzvlərinin (cəmi 12 nəfər) mülkiyyətinə 0,13 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şamaxı rayonu Mərzəndiyə kənd Yerli X4 16 saylı iclas protokolunun 3-cü bəndində gündəlikdə duran məsələlərdən biri kimi, “3. Vətəndaşların faktiki istifadə etdikləri həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi” yazılmışdır. İş materiallarında olan rəsmi arayışda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsindən iddiaçı 1990-cı illərdən istifadə edir, orada mal-qara saxlamaq üçün təsərüffata aid tikili mövcuddur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, X6 ümumiyyətlə ləğv edilmiş və onların səlahiyyətləri müvafiq rayon icra hakimiyyətlərinə verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, işin düzgün həll edilməsi məqsədi ilə Şamaxı rayon İcra Hakimiyyəti iş üzrə 3-cü şəxs qismində cəlb edilməli və bütün yuxarıda adıçəkilən məsələlər, o cümlədən Mərzəndiyə kənd yerli X4 16 saylı iclas protokollarının 3-cü bəndində göstərilmiş vətəndaşların faktiki istifadə etdiyi torpaq sahəsinin özəlləşdirilməsi dedikdə nəyin nəzərdə tutulduğu məsələsi aydınlaşdırılmalı və bunun nəticəsindən asılı olaraq qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 3 nömrəli qərarı ilə Şamaxı rayonu Mərzəndiyə kəndi ərazisində adambaşına 0,22 ha suvarılan, 0,44 ha dəmyə ərazilərdən olmaqla ümumilikdə 0,66 ha pay torpaq sahəsi ayrılmış, zəbt olunmuş torpaq sahəsi ikiqat həcmdə çıxılmaqla İddiaçı 12 nəfər ailə üzvlərinə 6.0 ha pay torpaq sahəsi verilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmiş, lakin zəbt olunmuş 0,89 ha torpaq sahəsinə dair hər hansı bir mülkiyyət sənədi verilməmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı həmçinin müəyyən edildi ki, tərəflərin izahatından, eləcə də daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından da görünür ki, Şamaxı rayonu Mərzəndiyə kəndi ərazisində yerləşən zəbt olunmuş 0,89 ha torpaq sahəsi hazırda iddiaçı və onun ailə üzvlərinin istifadəsindədir və həmin torpaq sahəsinin bir hissəsində xidməti tikili və fərdi yaşayış evi tikilmiş, torpaq sahəsinin qalan hissəsi isə hal-hazırda əkinçilik məqsədi üçün istifadə olunur. Şamaxı Rayon Sabir Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şamaxı rayonu Mərzəndiyə kəndi ərazisində yerləşən 0,89 ha həyatyanı torpaq sahəsi İddiaçı tərəfindən istifadə olunur və həmin torpaq sahəsi üzrə heç bir mübahisə yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırda Şamaxı rayon Aqrar İslahat Komissiyası ləğv olunduğundan və onların səlahiyyəti Şamaxı Rayon İcra Hakimiyyətinə verildiyindən və İcra Hakimiyyəti də zəbt olunmuş 0,89 ha torpaq sahəsinin İddiaçı və ailə üzvlərinin adına qeydiyyata alınmasına etiraz etmədiyindən, eləcə də, həmin torpaq sahəsi hal-hazırda iddiaçının istifadəsində olduğundan Şamaxı rayonu Mərzəndiyə kəndi ərazisində yerləşən zəbt olunmuş 0,89 ha torpaq sahəsi üzərində (həmin torpaq sahəsindən yola düşən hissə çıxılmaqla) iddiaçı və ailə üzvlərinin mülkiyyət hüquqları qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları öz əksini tapmışdır. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Hazırki işdə isə hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı biri mövcud deyildir. İşin faktiki araşdırılan hallarından göründüyü kimi iddiaçı və onun ailə üzvlərinin faktiki zəbt etdikləri torpaq sahəsinin məhz ikiqat ölçüdə sahəsi nəzərə alınmaqla həmin sahə ikiqat ölçüdə onlara verilmiş pay torpaq sahəsindən çıxılmış, nəticədə onlara yalnız 6 ha pay torpaq sahəsi verilmişdir. Məhz yuxarıda qeyd olunan təbt olunmuş torpaq sahəsinin geri qaytarılması mümkün olmadığından iddiaçı və onun ailə üzvlərinə verilməli pay torpağı azaldılaraq onların adlarına yalnız 6 ha pay torpağı rəsmi qeydiyyata alınmışdır. Bununla əlaqədar Şamaxı rayonu Mərzəndiyə kənd Yerli X4 25 fevral 1998-ci il tarixli 16 №-li iclas protokolundan göründüyü kimi islahat komissiyasının üzvü X.Əsgərov həmin iclasda çıxış edərək vətəndaşların şəxsi istifadə etdikləri həyətyanı sahələrin dəqiqləşdirilməsini və normadan artıq istifadə olunan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilərək torpaq payından çıxılması təklifini irəli sürmüşdür. Həmin iclas protokolu üzrə qəbul edilmiş qərarın 2-ci bəndinə əsasən vətəndaşların normadan artıq istifadə etdikləri həyətyanı sahələrin onlara veriləcək torpaq payından çıxılması qərara alınmışdır. Həmin qərara əsasən məntiqə uyğun olaraq vətəndaşların faktiki istifadə etdikləri torpaq sahələrinin onların mülkiyyətində saxlanılması ehtiva olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə cavabdeh tərəfindən iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi, onun yuxarıda qeyd olunan hüquqlarının pozulması ilə nəticələnmişdir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(118)-841/2021 nömrəli qərarı ləğv olunmalı, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin imtinası əsassız hesab etməli, iddiaçı və onun ailə üzvlərinin faktiki istifadə etdikləri 0,89 ha torpaq sahəsi üzərində (həmin torpaq sahəsindən yola düşən hissə çıxılmaqla) iddiaçı və ailə üzvlərinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilən apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(118)-841/2021 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin imtinası əsassız hesab edilsin. İddiaçı və onun ailə üzvlərinin faktiki istifadə etdikləri 0,89 ha torpaq sahəsi üzərində (həmin torpaq sahəsindən yola düşən hissə çıxılmaqla) iddiaçı və ailə üzvlərinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-51/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-51/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver