Məhkəmə qərarları › İş №2-1(105)-51/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-51/2025

24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-51/2025 24.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə 60 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2- 1(118)-490/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək işlədiyi müddətin iş stajına daxil edilməsi, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tаriхdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə 60 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. 118- K saylı əmr ilə 14 dekabr 1993-cü il tarixdən 5 dekabr 1999-cu il tarixədək "Azərsənayepartlayış" müəssisəsində Bakı şəhərində atıcı vəzifəsində işləmişdir. "Azərsənayepartlayış" müəssisəsi 2002-ci il tarixdə Azərbaycan Respublikası Prezidentin Fərmanı əsasında Özəlləşmə Proqramı ilə 286 saylı əmrə əsasən "xxxx" ASC adı ilə fəaliyyət göstərir. O, 01 aprel 2003-cü il tarixdən 01 aprel 2015-ci il tarixə kimi "xxxx" ASCdə qazmaçı vəzifəsində işləmişdir. Həmçinin 13 iyul 2016-cı il tarixdən hal-hazıradək "xxxx" MMC-də güzəştli şərtlə pensiya hüququ verən usta qazmaçı vəzifəsində işləyir. "xxxx" MMC-nin arayışından da göründüyü kimi ümumi iş stajı 27 il 10 aydır. Əmək kitabçasının surətindən və "xxxx" ASC və "xxxx" MMC tərəfindən verilən 07 dekabr 2021-ci il tarixli, 09 saylı, 04 oktyabr 2022-ci il tarixli 71 saylı arayışlardan da görünür ki, iddiaçı həqiqətən də 1993-1999-cu illərdə "Azərsənayepartlayış" müəssisəsində Bakı şəhərində "atıcı", 2003-2015-ci illərdə "xxxx" ASC-də "qazmaçı" işləmişdir. Həmçinin 13 iyul 2016-cı il tarixdən hal-hazırki ilədək "xxxx" MMC-də güzəştli şərtlə pensiya hüququ verən usta "qazmaçı" vəzifəsində işləyir. Bu səbəbdən də o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Halbuki, iddiaçının ümumi iş stajı 27 ildən artıqdır, iddiaçı bu müddətdə zərərli iş şəraitində işləmişdir, hal-hazırda da işləyir. O, insan sağlamlığına zərərli olan əmək şəraitində qazmaçı işləmişdir. Bir tərəfdən güclü səs, bir tərəfdən də toz səhhətində ciddi problemlər yaratmışdır. Artıq çətinlik çəkir, qanuna uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq istəyir. Lakin işlədiyi müəssisədə struktur dəyişikliyi olmuş, bu səbəbdən də arayışda dəqiq olaraq vəzifəsinin güzəştli olub-olmamasını qeyd olunmamışdır. Hesab edir ki, əmək şəraiti ağır olan işlərdə işləməyi və müvafiq yaş həddinə çatmağı nəzərə alınmaqla güzəştli şərtlərə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə qoyulmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bundan başqa iş materiallarına əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48480,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33210,00 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Dağ-mədən işləri bölməsinin (1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bəndində (1.2.1) yer səthi işlərində qazmaçılar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 9 nömrəli arayışında xx.xx.2003-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə iddiaçının işlədiyini iddia etdiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”’nın hansı sahəsində hansı vəzifəyə uyğun olması barədə məlumat qeyd olunmadığı üçün İddiaçı vəzifəsinin güzəştli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, F.X5 təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 71 nömrəli arayışında xx.xx.2016-cı il tarixdən bu günədək adıçəkilən müəssisədə “usta qazmaçı” vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad olunan Dağ-mədən işləri bölməsinin (1) Açıqda dağmədən işləri və yer səthində işlər bəndində (1.2.1) yer səthi işlərində qazmaçılar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də hesab olunur ki, iddiaçının güzəştli iş stajı yoxdur. İş materiallarına əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48480,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33210,00 manat təşkil edir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1961-ci il təvəllüdlüdür. İddiaçıya aid hərbi biletdən görünür ki, İddiaçı 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. İddiaçının adına açılmış İT N ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1993-xx.xx.1999-cu il tarixlərdə “Azərsənayepartlayış” müəssisəsində Bakı sahəsində atıcı vəzifəsində, xx.xx.2003-xx.xx.2015-ci il tarixlərdə "xxxx" ASC-də qazmaçı vəzifəsində işləmiş, xx.xx.2016-cı il tarixdən hazırki tarixədək "xxxx" MMC-də usta qazmaçı vəzifəsində işləyir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05 nömrəli arayışdan görünür ki, İddiaçı Şamil oğlu həqiqətən “Azərsənayepartlayış “ müəssisəsində (əmr N-118-K) xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək (əmr N-5K) Bakı sahəsində atıcı vəzifəsində işləmişdir. Arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarın 2 №-li Siyahısının XXVİİ fəslinin 23200000- 19906 şifri (kodu) üzrə ona ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. Öz hesabında məzuniyyətdə olmamışdır. Lakin 2002-ci il ildə “Azərsənayepartlayış” müəssisəsi Azərbaycan Respublikası Prezidentin Fərmanı əsasında Özəlləşmə Proqramı ilə 286 saylı əmrə əsasən "xxxx" ASC adı ilə fəaliyyət göstərir. xx.xx.2003-cü il tarixdən xx.xx.2015-ci il tarixə kimi "xxxx" ASC-də qazmaçı işləmişdir. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən usta qazmaçı vəzifəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 13 iyul 2016-cı il tarixdən hal hazıradək işləyir və bu müəssisədə çalışdığı güzəştli şərtərlə stajı 7 ( yeddi ) ildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə,əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 N-li Siyahısı”na əsasən “qazmaçı” vəzifəsi güzəştli siyahıya daxildir və “2010300a-11961” kodu ilə qeyd edilmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda da “qazmaçı” vəzifəsi güzəştli siyahıya daxil edilmiş və həmin siyahıda “qazmaçı” vəzifəsi “Dağ-mədən işləri” bölməsinin 1.2.1-ci bəndinin a) hissəsində nəzərdə tutulmuşdur. Məhkəmənin sorğusuna əsasən DVX Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixə olan uçotbaza məlumatlarına əsasən, Cəmiyyət xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış, fəaliyyəti və digər vergi tutulan əməliyyatları isə aktivdir. Əlavə olaraq qeyd edilir ki, uçotbaza məlumatlarında Cəmiyyətin əsas fəaliyyət növü “Digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti İşləri” (43990), əlavə fəaliyyət növləri isə “Təcrübə- tikinti işləri” (41100), “Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi” (68200), “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması” (43112), “Digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” (96090) və “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət” (52101), o cümlədən Cəmiyyətin hüquqi ünvanı ünvan 1 Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2-1(118)-490/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə 60 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, iddianın təmin edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. .... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-).

"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir):

1. Dağ-mədən işləri 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər: a) qazmaçı

“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə qərarını əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə iddiaçının nümayəndəsinin vəsatətinə əsasən müqayisəli tədqiqat aparmaq üçün eyni müəssisələrdə qazmaçı peşəsində işləyən və güzəştli şərtlərlə əmək pensiyası təyin olunan X4 və X3 pensiya işlərinin surətlərini tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin şəxslərin pensiya işlərini nəzərdən keçirdikdə X2 xx.xx.1989-cu il tarixdən xx.xx.2003-cü il tarixdən “Azərsənayepartlayış” müəssisəsində fəhlə, anbar müdiri, xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" ASC-də qazmaçı peşəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" MMC də partladıcı qazmaçı peşəsində işlədiyi və müəssisənin verdiyi güzəştli arayışa əsasən (Siyahıdakı kod, şifrə və işlədiyi sahə qeyd edilmədən) güzəştli şərtlərlə pensiya təyin edildiyi, X3 və xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Azərsənayepartlayış” müəssisəsində qazmaçı, xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixdən isə həmin müəssisədə (sonradan "xxxx" ASC adlanıb) qazmaçı-sürücü peşəsində işlədiyi və müəssiənin verdiyi güzəştli arayışa əsasən (Siyahıdakı kod, şifrə və işlədiyi sahə qeyd edilmədən) güzəştli şərtlərlə pensiya təyin edildiyi müəyyən edilmişdir. Məhkəmə sübutlara məcmuu qaydada qiymət verdikdə hesab edir ki, iddiaçının ən azı 12 il 6 ay müddətində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işləməsi öz təsdiqini tapır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bərabərlik prinsipini əsas götürərək istinad etdiyi hüquqi əsaslandırması ilə razılaşır, əlavə olaraq yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş iddiaçıya məxsus İT № ******* seriyalı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1993-xx.xx.1999-cu il tarixlərdə “Azərsənayepartlayış” müəssisəsində Bakı sahəsində atıcı vəzifəsində, xx.xx.2003xx.xx.2015-ci il tarixlərdə "xxxx" ASC-də qazmaçı vəzifəsində işləmiş, xx.xx.2016-cı il tarixdən hazırki tarixədək "xxxx" MMC-də usta qazmaçı vəzifəsində işləmiş, xx.xx.2016-cı il tarixdən hazırki tarixədək "xxxx" MMC-də usta qazmaçı vəzifəsində işləyir. Cavabdeh inzibati orqan imtina məktubu, iddia tələbinə etiraz və apellyasiya şikayətini eyni məzmunda əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 9 nömrəli arayışında xx.xx.2003-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə iddiaçının işlədiyini iddia etdiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”’nın hansı sahəsində hansı vəzifəyə uyğun olması barədə məlumat qeyd olunmadığı üçün İddiaçı vəzifəsinin güzəştli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, F.X5 təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 71 nömrəli arayışında xx.xx.2016-cı il tarixdən bu günədək adıçəkilən müəssisədə “usta qazmaçı” vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad olunan Dağ-mədən işləri bölməsinin (1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bəndində (1.2.1) yer səthi işlərində qazmaçılar vəzifəsinə uyğun deyil. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. Qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla, 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuş, bununla da qanunla tələb olunan pensiya yaş həddi ilə bağlı şərt ödənilmişdir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmiş, yalnız güzəştli iş stajına malik olmaması halına istinad edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı oxşar müəssisə tərəfindən təqdim edilmiş arayışlar əsasında həmin sahələrdə fəaliyyət göstərən qazmaçı peşəsinin məhz müvafiq Qərar ilə təsdiq edilmiş Siyahılar üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olduğu müəyyən edilmişdir. Belə ki, cavabdeh inzibati orqanın ilk dəlili "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 9 nömrəli arayışında xx.xx.2003-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə iddiaçının işlədiyini iddia etdiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”’nın hansı sahəsində hansı vəzifəyə uyğun olması barədə məlumat qeyd olunmamasıdır. Kollegiya həmin dəlili əsassız hesab edərək qeyd edir ki, iddiaçının hazırda da işlədiyi müəsisə tərəfindən verilmiş, yəni iş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilən 04 oktyabr 2022-ci il tarixli, 71 nömrəli güzəştli arayışda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “qazmaçı” vəzifəsi güzəştli siyahıya daxil edilmiş və həmin siyahıda “Qazmaçı” vəzifəsi “Dağ-mədən işləri” bölməsinin 1.2.1-ci bəndinin a) hissəsində nəzərdə tutulmuşdur. Göründüyü kimi "xxxx" ASC tərəfindən verilmiş güzəştli arayışda iddiaçının işlədiyi “qazmaçı” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”’nın hansı sahəsində hansı vəzifəyə uyğun olması barədə məlumat qeyd olunmasa da, analoji fəaliyyətlə məşğul olan "xxxx" MMC tərəfindən verilən güzəştli arayışda qeyd olunmuşdur. Bu səbəbdən də cavabdeh inzibati orqanın imtinası formal xarakter daşımaqla iddiaçının sosial təminat hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olmuşdur. Cavabdeh inzibati orqanın ikinci dəlili isə ondan ibarətdir ki, F.X5 təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 71 nömrəli arayışında xx.xx.2016-cı il tarixdən bu günədək adıçəkilən müəssisədə “usta qazmaçı” vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad olunan Dağ-mədən işləri bölməsinin (1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bəndində (1.2.1) yer səthi işlərində qazmaçılar vəzifəsinə uyğun deyil. Məhkəmə kollegiyası həmin dəlili də əsassız hesab etməklə aşağıdakıları qeyd edir. Belə ki, inzibati orqan tərəfindən mübahisələndirilən, qeyd olunan dəlili araşdırmaq məqsədilə kollegiya tərəfindən müvafiq sorğular verilmişdir. Sorğuya cavab olaraq "xxxx" MMC tərəfindən ünvanlanan “qazmaçı” və “usta qazmaçı” vəzifələrinə dair vəzifə təlimatlarının surətindən görünür ki, həmin vəzifələr üzrə müəyyən edilmiş vəzifə öhdəlikləri eynidir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının “usta qazmaçı” vəzifəsində çalışdığı illər də “qazmaçı” vəzifəsi kimi güzəştli iş stajına daxil edilməlidir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “qazmaçı” və “usta qazmaçı” vəzifəsində işlədiyi dövrlər onun güzəştli iş stajına daxil edilməlidir. Bununla da, iddiaçının qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına malik olması halı da öz təsdiqini tapmışdır. Nəticə etibarilə iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan digər şərt də ödənilir. Hətta iddiaçının xx.xx.2016-cı il tarixdən hazırki tarixədək "xxxx" MMC-də usta qazmaçı vəzifəsində işlədiyi nəzərə alındıqda iddiaçının 20 ildən artıq güzəştli iş stajına malik olması faktı öz təsdiqini tapır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi “qazmaçı” və “usta qazmaçı” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Dağmədən işləri” adlanan 1-ci bölmədə “Açıqda dağ-mədən işləri və yer səthində işlər” adlı 1.2.1.-ci bəndinin “a” yarımbəndində “qazmaçılar” peşəsinə uyğundur. Bundan əlavə məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində qeyd etdiyi 1993-cü il tarixdən 5 dekabr 1999-cu il tarixədək "Azərsənayepartlayış" müəssisəsində Bakı şəhərində atıcı vəzifəsində işləməsi və həmin dövrlərin güzəştli iş kimi qəbul edilibedilməsinə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının atıcı olaraq işlədiyi dövrlərin onun güzəşli iş stajına daxil edilməsi üçün hüquqi əsas yoxdur. İddiaçının özü də məhkəmə kollegiyasının iclasına şəxsən dəvət edilmiş, onun izahatından da görünür ki, həmin iş mahiyyəti etibarı ilə nəzarətçi-gözətçi olmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi digər dövrlər onun güzəştli şərtlərlə pensiya təyinatına əsası verdiyi üçün onun 1993-cü il tarixdən 5 dekabr 1999-cu il tarixədək "Azərsənayepartlayış" müəssisəsində atıcı işlədiyi dövrlərin xüsusi iş stajı kimi nəzərə alınmasına zərurət yoxdur. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılması və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilməsi məqsədilə müvafiq sorğular edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının 60 yaşının tamam olduğu vaxtda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajına aid şərtlə yanaşı, əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması şərti də mövcud olmuşdur. Lakin həmin şərt “Əmək pensiyaları haqqında” Qanunda edilmiş 13 may 2022-ci il tarixli dəyişiklik əsasında 29 iyun 2022-ci il tarixdə qüvvədən düşmüşdür. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçının pensiya hüququnun yaranması əsasları düzgün müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçının vəkili və nümayəndəsi məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Kollegiya qeyd edir ki, pensiya kapitalına aid şərti özündə ehtiva edən qanunvericilik norması 29 iyun 2022-ci il tarixdən qüvvədən düşdüyündən, həmin tarixdən qüvvədə olan pensiya haqqında qanunvericilik normasının tələbinə əsasən iddiaçıya münasibətdə pensiya təyin edilməsi üçün tələb olunan şərtlər (yaş həddi, ümumi və güzəştli iş stajı) ödənildiyindən birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla dəyişdirilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 29 iyun 2022-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə də uyğundur. Belə ki, sözügedən maddənin tələbinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçının pensiya hüququnun yarandığı tarix, ödənişlə bağlı tələb olunan qanunun “qüvvəyə minmə tarixi” və “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il” şərtlərini ödədiyi üçün təyin edləcək pensiya təyinat tarixindən hesablanaraq ona ödənilməlidir. Beləliklə də, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2-1(118)-490/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar