Məhkəmə qərarları › İş №2-1(105)-510/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-510/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-510/2021 23.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı iş üzrə Açar sözlər: cəzaçəkmə müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hazırkı iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının ona birdəfəlik ödənilməsi öhdəliyinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh DSMF-nin 2 saylı regional ərazi filialına qarşı iyul 1985-ci il tarixdən may 1990-cı il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının 01.06.2011-ci il tarixdən təyin edilməsi və 01.06.2011-ci il tarixdən hazırkı iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-445/2021 saylı qərarından cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyə görə əmək pensiyasının 01.06.2011-ci il tarixdən təyin edilməsi və 01.06.2011-ci il tarixdən hazırkı iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ona ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin 2 saylı regional ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh prosessual hüquq varisi kimi cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iyul 1985-ci il tarixdən may 1990-cı il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının 01.06.2011-ci il tarixdən təyin edilməsi və 01.06.2011-ci il tarixdən hazırkı iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01.06.2011-ci il tarixdən ikinci qrup əlil olmağına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 38 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 01.06.2011-ci il tarixli, SER TSE-01 seriyalı, №135353 nömrəli müayinə aktını, şəxsiyyət vəsiqəsinin notariat kontorunda təsdiq edilmiş surətini, 15 yanvar 1975-ci il tarixli əmək kitabçasının notariat kontorunda təsdiq edilmiş surətini, 08 may 1976-cı il tarixli, H3 № ******* nömrəli hərbi biletini və azadlıqdan məhrum edilmə yerindən azad olmağı ilə bağlı 05 aprel 1993-cü il tarixli, № 038396 nömrəli arayışın notarial qaydada təsdiq edilmiş surətlərini cavabdeh Azərbaycan Respublikası Cavabdehnə təqdim edərək əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan ona əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Hazırki iddia tələbi ilə əlaqəli qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 11 may 2018-ci il tarixli, № 2-1(85)-1002/2018 saylı qərarı ilə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla onun pensiya təyinatına yenidən baxılması məsələsi DSMF-nin Quba rayon şöbəsinin üzərinə qoyulmuşdur. Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkumların azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu dövrlərdə ödənişli əməyə cəlb edilib-edilməməsi halını araşdırmadan əsasız imtina etmişdir. Lakin hazırkı mübahisədə inzibati orqan iddiaçının cəzaçəkmə müəssisəsində olduğu dövrlərdə ödənişli əməyə cəlb edilib-edilməməsi halını araşdırmadan əsassız imtina etmişdir. Hazırda o, həmin sənədləri əldə edərək cavabdeh inzibati orqana yenidən müraciət etmiş olsa da, cavabdeh yenidən ona imtina cavabı vermişdir. Cavabdehin etirazları:

5. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 08.02.2021-ci il tarixli etirazında qeyd edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun regional ərazi filialı (Quba rayon şöbəsi) tərəfindən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12ci maddəsinə əsasən tələb olunan əmək stajı və fərdi hesabında toplanan pensiya kapitalı minimum əmək pensiyasının məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən müraciəti müsbət həll etmək mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta pensiya təminatına imkan vermədiyindən müraciəti müsbət həll etmək mümkün olmamışdır. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 6-1-ci maddəsinə əsasən bu “Əmək pensiyaları haqqında” qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Hazırkı işdə İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olması və ona 09.11.2011-ci il tarixdə İİİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 13 il sığorta stajı ((2011-1957-15) x 4/12=12) və fərdi hesabın sığorta hissəsində 23400 manat pensiya kapitalı (((2011-1957-15)x4/192)x144=117x200 =23400) tələb olunur. İddiaçı aid iş materiallarından görünür ki, iddiaçının 11 il 07 ay 03 gün sosial sığorta stajı vardır. Sosial sığorta stajını təsdiq edən sənədlərə arayışlar aid edilməmişdir. Bu səbəbdən 28.05.2020ci il tarixli, 17/181317 nömrəli arayışda əks olunan illərin iddiaçının sosial sığorta stajına əlavə olunması qanuna uyğun hesab edilmir. Araşdırma zamanı İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı aşkar edilməmiş, bu səbəbdən haqlı olaraq əlilliyə görə pensiyanın təyin edilməsindən imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-445/2021 saylı qərarı (hakim V.E.Əzizova) ilə iddia tələbi təmin edilərək İddiaçı iyul 1985-ci il tarixdən may 1990-cı il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssissində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının 01.06.2011-ci il tarixdən təyin edilməsi və 01.06.2011-ci il tarixdən məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabeh DSMF-nin 2 saylı regional ərazi filialının üzərinə qoyulması qərara alınmışdır.

7. Qərardan narazı qalan cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-445/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

8. Cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası 1 qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 6-1-ci maddəsinə əsasən bu «Əmək pensiyaları haqqında» Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 01 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir. SH=PSK/(TxK), burada: SH-əllliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK-sığortaolunanın fərdi hesabının sığorta hissəində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T- gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K-sığorta davamiyyəti əmsalıdır. Hazırki işdə İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olması və ona 09.11.2011-ci il tarixdə İİİ dərəsə əlillik müəyyən edilməsi nəzərə alınmaqdla, iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 13 il sığorta stajı ((2011-1957-15)x4/12=12) və fərdi hesabın sığorta hissəsində 23400 manat pensiya kapitalı (((2011-1957- 15)x4/192)x144+117x200=23400) tələb olunur. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əlilliyinin 01.07.2017-ci il tarixədək aldığını qeyd edərək həmin dövrdə mövcud olan qanunvericiliyə istinad edilmiş, əlilliyə görə pensiya təyinatı üçün sadəcə sosial sığorta stajının kifayət etdiyinə əsaslanmışdır. Hesab edirik ki, iddiaçı 09.11.2011-ci il tarixdə əlillik alsa da, əlilliyə görə pensiya almaq hüququ yaranmamış, bu səbəbdən həmin dövrdə mövcud olan qanunvericiliyə istinad edilməsi qanunna müvafiq hesab edilməməlidir. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» ilə müəyyən edlmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, 1 dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arayışlar aid edilməmişdir. İddiaçı 1985-ci ilin iyul ayndan 1990-cı ilin may ayınadək Ədliyyə Nazirliyinin Penitensiar Xidməğtinini 2 saylı cəzaçəkmə müəsisəində işlədiyini iddia etdiyi dövrün əmək kitabçasında qeyd edilməməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən 28.05.2020-ci il tarixli, 17/181317 nömrəli arayışa əsaslanaraq həmin illər iddiaçının sosial sığorta stajına əlavə edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasıının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08.10.2020-ci il tarixli, 03/2020 saylı qərardadına əsasən «Əmək pensiyları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan «Müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə «müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərardadından da göründüyü kimi, iddiaçıya yalnız müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il ödənilməsi qanuna müvafiqdir. İddiaçı 14.06.2020-ci ildə inzibati orqana müraciət etməsinə baxmayaraq birinci intansiya məhkəməsi tərəifndən 01.06.2011-ci il tarixdən məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının ona birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bütün bu hallar birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmamış və hüquqi qiymət verilmədən yekun qərar çıxarılmamışdır.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı İddiaçı etiraz təqdim edərək qeyd etmişdir ki, apelyantın apelyasiya şikayəti üzrə hüquqi mövqeyindən göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 38.İİİ, 39.İ, 147.İ, 147.İİ və 149.Vİİ maddəsinin tələblərini pozaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu hazırkı zamanda olan müddəalarından onun qanunla qorunan hüquqlarına zidd olaraq geriyə şamil etmişdir. İş materiallarından isə göründüyü kimi, onun əlilliyə görə əmək pensiya hüququ 01 iyun 2006-cı ildə yaranmışdır. Həmin faktlar hazırkı inzibati iş üzrə materiallar ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan Cavabdeh 15.05.2012-ci il tarixli №35/75 saylı məktubunun əslində göstərilir: Azərbaycan Respublikası Cavabdeh tərəfindən Sizin əlilliyə görə əmək pensiyasının təyin edilməsinə dair müraciətinizə baxılmışdır. Bildiririk ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respubdlikası Qanununun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Şöbəyə təqdim etdiyiniz əmək kitabçasına uyğun olaraq Sizin 10 il 09 ay 29 gün sığorta stajınız olması müəyyən edilmişdir. Mövcud pensiya qanunvericiliyinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 12 il 8 ay sığorta stajına qarşı 10 il 09 ay 29 gün sığorta stajınız olduğundan Sizə şöbənin pensiya təyin edən komissiyasının 26 aprel 2012-ci il tarixli 197 saylı qərarı ilə əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Sumqayıt İnzibati–İqtisadi Məhkəməsinin 11.05.2018-ci il tarixli, 2-1(85)-1002/2018 saylı qərarı ilə məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq onun cəzaçəkmə müəssisəsində işləyib-işləməməyinin halı araşdırılmaqdla həmin müəssisədə işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınaraq onun pensiya təyinatına yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmuşdur. Həmin qərar qanuni qüvvəsini almış, icra edilməsi üçün cavabdeh təşkilata göndərilmişdir. Cavabdeh təşkilat onun cəzaçəkmə müəssisəsində işləyib-işləməməsi halının müəyyən edilməsinin mümkün olmaması əsası ilə qərarı icra etməmişdir. Digər tərəfdən cavabdeh DSMF-nin Quba rayon şöbəsinin 15.05.2012-ci il tarixli, 35/75№-li məktubundan da göründüyü kimi hələ 2012-ci ildə əlilliyinə görə ona pensiya təminatından imtinaya əsas kimi yalnız 12 il 8 ay sığorta stajının olmaması göstərilmişdir. Hazırkı inzibati iş üzrə apellyasiya şikayətində ona məxsus fərdi hesabın sığorta hissəsində 23400 manat məbləğində pensiya kapitalının tələb edilməsi, yenə də 2017-ci ildən sonra qüvvədə olan qanunun tələblərinin, əlilliyə görə pensiya hüququnun yarandığı 2011-ci ilə - geriyə şamil edilməsi yenə də cavabdehin qanun pozuntusuna yol verməsinin təzahürüdür. Bundan başqa cavabdeh təşkilat Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08.10.2020-ci il tarixli 03/2020 saylı qərardadına əsaslanaraq, həmin qərardadın tətbiqi ilə bağlı yanlış mövqedən çıxış etməsi ağlabatan deyildir. Belə ki, həmin qərardada əsasən «Əmək pensiyaları haqqında» Azərbayan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan «müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə» müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Cavabdeh təşkilat həmin məhkəmə aktına əsas kimi şikayətində göstərir ki, «Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərardadından da göründüyü kimi, ona yalnız müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il ödənilməsi qanunamüvafiqdir. Onun 14.06.2020-ci ildə inzibati orqana müraciət etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən 01.06.2020-ci il tarixdən məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının ona birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Göründüyü kimi, cavabdeh təşkilat şikayətində əlilliyə görə ona əmək pensiyasının təyin edilməsinə yox, 01.06.2011-ci il tarixdən məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının ona birdəfəlik ödənilməsinə razılaşmayaraq yalnız 2020-ci il tarixə qədərki 3 (üç) il dövrü üzrə birdəfəlik ödənişin verilməsinə razıdır. Cavabdehin bu mövqeyi də əsassızdır. Belə ki, iş materiallarından, həmçinin DSMF-nin Quba rayon şöbəsinin 15.05.2012-ci il tarixli, 35/75№-li məktubundan da göründüyü kimi, hazırkı mübahisə ilə bağlı o, cavabdehə (inzibati orqana) 14.06.2020-ci il tarixdən əvvəlki dövrdə, yəni 2012-ci il tarixdə də müraciət etmişdir, lakin cavabdeh müxtəlif bəhanələrlə süründürməçiliyə yol verərərk mübahisənin həlli məsələsinin vaxtını uzatmışdır. Ona görə də cavabdehin apelyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətində Fondun qeyd edilən hüquqi mövqeyini müdafiə edib, əlavə olaraq onu da vurğuladı ki, Dövlət Sosial Müdafiə Fondunun regional ərazi filialı tərəfindən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən tələb olunan əmək stajı və fərdi hesabında toplanan pensiya kapitalı minimum əmək pensiyasının məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən müraciəti müsbət həll etmək mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta pensiya təminatına imkan vermədiyindən müraciəti müsbət həll etmək mümkün olmamışdır. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 6-1-ci maddəsinə əsasən bu “Əmək pensiyaları haqqında” qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Hazırkı işdə İddiaçıı oğlunun xx.xx.1957-ci il təvəllüdlü olması və ona 09.11.2011-ci il tarixdə İİİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 13 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində 23400 manat pensiya kapitalı tələb olunur. İddiaçının isə 11 il 07 ay 03 gün sosial sığorta stajı vardır. Sosial sığorta stajını təsdiq edən sənədlərə arayışlar aid edilməmişdir. Bu səbəbdən 28.05.2020-ci il tarixli, 17/181317 nömrəli arayışda əks olunan illərin iddiaçının sosial sığorta stajına əlavə olunması qanuna uyğun hesab edilmir. Araşdırma zamanı İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı aşkar edilməmiş, bu səbəbdən haqlı olaraq əlilliyə görə pensiyanın təyin edilməsindən imtina edilmişdir. Cəzaçəkmə müəssisəsinin arayışları qanuna uyğun hesab edilmir. Çünki əmək stajı əmək kitabçası və əmək kiatbçasında olan qeydlərə əsasən müəyyən edilir. İddiaçı 2012-ci ildə müraciət edib, lakin stajı çatmadığı üçün imtina cavabı verilmişdir. Cəzaçəkmə müəssisəsində işlədiyi dövr nəzərə alınarsa, stajı çatır. Birinci instansiya məhkəməsi əsassız olaraq, iddia tələbini təmin etmişdir. Apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı oğlu apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, apelyasiya şikayəti ona görə əsassızdır ki, onun əlilliyi 2011-ci ildə olmuşdur. O, bu tələblə bağlı ilk dəfə hələ 2012-ci ildə müraciət etmiş, onda da elə get-gələ salmışlar və sonra da demişlər ki, guya lazım olan stajı yoxdur. Bu barədə apelyasiya şikayətinə etirazında ətraflı qeyd etmiş, ona görə də birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı hesab etdiyindən, ləğv edilməsi üçün heç bir əsas olmadığından apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş edir.

Tədbiq edilən hüquq

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

14. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

15. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

16. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

17. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

18. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

19. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

20. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

21. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

22. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

23. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

24. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

25. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

26. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

27. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 149, Vİİ bənd. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

28. 2006-cı ilədək qüvvədə olmuş Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti;... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”-”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. i Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.

29. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin normanın “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

30. 03 may 2017-ci il tarixədək qüvvədə olan Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

31. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 96.4-cü maddəsinə əsasən məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt ümumi əmək stajına daxil edilir. Əmək stajının hesablanması təqvim ilinin yekununa əsasən, cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən aparılır. Ardıcıl olaraq əmək vəzifələrini yerinə yetirməyən, yaxud digər hallarda işdən boyun qaçıran məhkumların müvafiq dövrdəki iş vaxtları cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatına əsasən məhkəmənin qərarı ilə onların ümumi əmək stajından çıxarıla bilər.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hazırkı qərarın 12-21-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi xx.xx.1957-ci il təvəllüdlü İddiaçı əlillik təyin olunan 01.06.2011-ci il tarixə tələb olunan sığorta stajı 13 il 2 ay (53,5 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü=38,5 yaş x 4 ay =158 ay : 12 ay = 13 il 2 ay) təşkil edir. İddiaçı 10.11.1975-ci ildən əmək fəaliyyətinə başlamış, 1976-1978-ci illərdə hərbi xidmətdə olmuş, 05.03.1985-ci ilədək müxtəlif işlərdə və vəzifələrdə işləmiş, 05 mart 1985-ci ildən 24 noyabr 1992-ci ilə qədər cəzaçəkmə müəssisəsində cəza çəkməklə yanaşı 1985-ci ilin iyul ayından 1990-cı ilin may ayınadək həmin cəzaçəkmə müəssisəsində işləmiş və əmək haqqı almış, həbsdən çıxandan sonra 31.08.2000-ci ildən 23.06.2003-cü il tarixədək Xaçmaz “Orbita-Serviz” texniki mərkəzdə işləmişdir. İddiaçı 01.06.2011-ci il tarixdən 3-cü dərəcə əlillik verilmiş, 21.09.2016-cı il tarixdə növbəti dəfə əlillik verilmiş və əlilliyin müddəti 21.09.2021-ci il tarixə qədərdir.

35. İşdə olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1002/2018-ci il tarixli qərarından görünür ki, məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq İddiaçı cəzaçəkmə müəssisəsində işləyib-işləməməsi halı araşdırlmaqla, həmin müəssisədə işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınaraq, iddiaçının pensiya təyinatına yenidən baxılması öhdəliyi cavabdehin DSMF-nin Quba rayon Şöbəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (i.v.4-6).

36. Məhkəmə kollegiyasının iclasına cavabdeh tərəfindən təqdim edilmiş 2 saylı regional ərazi filialının xidməti məktubundan görünür ki, iddiaçı tərəfindən 18.06.2020-ci il tarixli ərizə ilə birlikdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində işləməsi ilə bağlı arayışlar şöbəyə təqdim olunmuş, lakin İddiaçı 05.03.1985-ci ildən - 24.11.1992-ci ilədək işləməsi ilə bağlı əmək kitabçasında qeydlər öz əksini tapmadığından vətəndaşın tələb olunan 12 il 8 ay sığorta stajı olmadığından ona əlilliyə görə əmək pensiyası təyin etmək mümkün olmamışdır.

37. Məhkəmə kollegiyası hazırkı qərarın 8-ci bəndində öz əksini tapan cavabdehin apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir ona görə ki, həmin dəlillərdə əsasən iddiaya etirazın dəlilləri eks etdirilmiş və o hallara da birinci instansiya məhkəməsi tərəfindən verilən hüquqi qiyməti kollegiya qənaətbəxşt hesab edir.

38. Apelyasiya şikayətinin əsas dəlili kimi “iddiaçının 14.06.2020-ci ildə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Fonda müraciət etməsinə baxmayarq birinci instansiya məhkəməsi tərəfindən 01.06.2011-ci il tarixdən iddiaçıya pensiya tutmasının düzgün olmayaraq, yalnız keçən üç il müddət üçün pensiya tutula bilməsinə dair” dəlilinə gəldikdə isə, məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir ona görə ki, əvvəla cavabdeh Fondun apelyasiya şikayətində bir tərəfdən iddiaçının cəzaçəkmə müəssisəsində işlədiyi müddətin arayışla təsdiq olunmasının və əmək kitabçasında qeydin olmamasına əsaslanaraq iddiaçıya pensiya hesablanmasının mümkün olmaması vurğulanır, digər tərəfdən isə cavabdeh apelyasiya şikayənin qeyd edilən dəlili ilə iddiaçının cəzaçəkmə müəssisəsində işlədiyi müddətin hesaba alınmaqla iddiaçıya təyin edillən pensiyanın 2011-ci ildən deyil, müraciət etdiyi 2020-ci ildən əvvəlki son 3 il üçün tutula bilməsini vurğulaması özü-özlüyündə cavabdehin yanaşmasının əsassız olmasına dəlalət edir. Digər tərəfdən hazırkı qərarın 36-cı bəndində istinad edilən cavabdeh Fondun xidməti məktubu ilə təsdiq edilir ki, iddiaçı 2020-ci ildən əvvəl hələ 2012-ci ildə Fonda müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, hətta həmin müraciəti ilə əlaqədar 2018-ci il tarixli məhkəmə qərarı da olmuş, lakin bütün bunlara baxmayaraq cavabdeh Fond əsassız olaraq iddiaçının cəzaçəkmə yerində işlədiyi illərin əmək kitabçasında əks olunmamasına istinad edərək qanunla tanınan pensiya təminat hüququnu təmin etməmişdir.

39. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cəza çəkdiyi dövrdə qüvvədə olan İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinə əsasən məhkumların azadlıqdan məhrumetmə növündə cəza çəkdikləri dövrdə işlədikləri vaxt ümumi əmək stajına daxil edilir. Əmək vaxtının hesablanması təqvim ilinin yekununa əsasən, islah əmək müəssisəsinin müdriyyəti tərəfindən aparılır. Azərbaycan Respublikası Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İslah Əmək Məcəlləsinin 50-ci maddəsində məhkumların islah-əmək müəssisəsinin cəzaçəkmə dövründə işlədikləri vaxtın onların ümumi iş stajına hesablanmasını nəzərdə tutan müddəanın azadlıqdan məhrumetmə yerlərindən 1997-ci ilin fevralın 7-nə qədər azad edilmiş şəxslərə də şamil olunmasının mümkünlüyünün şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu göndərilmiş və həmin Məhkəmənin “Azərbaycan Respublikası Konstitusiyasının 25, 35, 38 və 71-ci maddələri ilə əlaqədar Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin şərh edilməsi haqqında 20 aprel 2000-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, məhkumlar cəzaçəkmə dövründə işlədikləri vaxtın onların ümumi iş stajına hesablanmasını nəzərdə tutan Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin beşinci hissəsinin müddəası 1997-ci ilin fevralın 7-nə qədər azadlıqdan məhrumetmə yerlərindən azad edilmiş şəxslərə də şamil edilməlidir.

40. Eyni hal, yəni azadlıqdan məhrumetmə cəzası növündə çəzaçəkən şəxsin işlədiyi dövrlərin onların iş stajına hesablanmalı olması hal-hazırda qüvvədə olan Cəzaların İcrası Məcəlləsində də nəzərdə tutulmuşdur. Belə ki, hazırkı qərarın 31-ci bəndində istinad edilən 96.4-cü maddəsinə əsasən məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt ümumi əmək stajına daxil edilir.

41. Məhkəmə kollegiyası hazırkı qərarın 27-30 və 32-ci bəndlərində istinad edilən konstitusion normaya, qanunlara və normativ aktlara əsasən iddiaçıya münasibətdə əmək stajını topladığı 23.06.2003-cü ilə qədər olan qüvvədə olan qanuna, eləcə də iddiaçının əlilliyinin müəyyən olunduğu müddətə, yəni 01.06.2011-ci il tarixə 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına əsasən pensiyanın təyin edilməsi üçün əmək stajının yetərli olması kifayət edirdi. Lakin apelyator şikayətində əsasən əmək stajı ilə bərabər pensiya kapitalının yetərli olmamasına istinad etməklə 01.07.2017-ci ildən qüvvədə olan Əmək pensiyaları haqqında Qanunun müddəlarına əsaslanmışdır.

42. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından apelyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-445/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-445/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar