Məhkəmə qərarları › İş №2-1(105)-510/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-510/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-510/2023 30.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Xızı rayonu Xələnc bələdiyyəsinin xx.xx.2005ci il tarixli 10 saylı qərarı ilə ayrılmış Xızı rayonu, Xələnc kəndi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-501/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Xızı rayon Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı Əsgər oğluna fərdi mənzil tikintisi üçün 0.12 ha torpaq sahəsi satılması qərara alınmışdır. Torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı Əsgər oğluna ayrılmış 1200 kv m torpaq sahəsi barəsində tərtib edilmişdir. DTXK-nin Xızı rayon şöbəsinin rəyindən görünür ki, İddiaçı Əsgər oğluna satılması nəzərdə tutulan torpaq sahəsi alqı-satqı predmetidir və həmin torpaq sahəsinin mövcud tələblərə uğun olaraq satılması məqsədəmüvafiqdir və idarə həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənədin verilməsinə etiraz etmir. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Xızı rayon Xələnc bələdiyyəsinin xx.xx.2005-cü il tarxli 10 saylı qərarına əsasən Xızı rayon Xələnc bələdiyyəsi İddiaçı Əsgər oğluna 0.12 ha torpaq sahəsi satmışdır. xx.xx.2005-ci il tarixli 07 saylı qəbzdən görünür ki, İddiaçı Əsgər tərəfindən Xələnc bələdiyyəsinin hesabına torpağın dəyəri kimi alqı-satqı üçün 134 manat ödəniş etmişdir. Xızı rayonu Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 44 saylı cavab məktubundan görünür ki, İddiaçı Xızı rayonu Xələnc kəndində fərdi yaşayış evi tikintisi üçün 0,12 ha torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması barədə Xızı rayon Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarının və qərarla verilmiş torpaq sahəsinə dair digər hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, idarə tərəfindən iddiaçıya ünvanlanan 03 mart 2022-ci il tarixli, **********22 nömrəli məktubda bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı yaranmış zərurətlə əlaqədar olaraq Xızı rayonu Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 10 saylı qərarı ilə bağlı məlumat verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X5 30 dekabr 2021- ci il tarixli, **********77 nömrəli sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq həmin qərarın Mərkəzə təqdim olunmadığı bildirilmişdir. Bundan başqa Xızı rayon Dövlət Arxivi tərəfindən surəti təsdiq lunmuş bələdiyyə iclasının qərarından çıxarışda İddiaçı ilə bağlı heç bir məlumat qeyd olunmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus Xızı rayonu, Xələnc kəndi ərazisində yerləşən 1200 kv m torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xızı rayonu Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış Xızı rayonu Xələnc kəndi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xızı rayonunun Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı ilə ona fərdi yaşayış evinin tikilməsi üçün Xızı rayonunun Xələnc kəndi ərazisindən 1200 kv m torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 14 07.2007-ci il tarixdə torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş və X8 Kitabında 57-ci nömrə ilə uçota alınmışdır. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etmişdir. Lakin cavabdeh orqan ərizənin təmin edilməsindən imtina etmiş və əsas kimi də bu topraq sahəsinə dair bələdiyyə qərarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X3 aşkar edilməməsini göstərmişlər. Təbii ki, həmin sənədlərin X5 göndərilməsi onun vəzifəsi olmadığı və həmçinin səlahiyyətinə aid olmadığı üçün bu əsasla onun ərizəsinin təmin edilməsindən imtina olunması tamamilə qanunsuzdur. O bələdiyyə tərəfindən ona ayrılmış həmin torpaq sahəsinə dair sənədlərin Xızı rayon Dövlət Arxivində və Xələnc- Fındığan Bələdiyyəsində olub-olmamasını müəyyən etmək üçün həmin idarələrə müraciət etmiş və həm Xızı rayon Dövlət Arxivindən, həm də Xələnc-Fındığan bələdiyyəsindən alınmış arayışlarda bu qərarların həm Xızı rayon Dövlət Arxivində, həm də Xələnc-Fındığan bələdiyyəsində olduğu müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə görə bələdiyyələr onlarda olan sənədləri 5 il müddətinə saxladıqdan sonra müvafiq rayon arxivlərinə təhvil verirlər. Xələnc bələdiyyəsi də 2005-ci ildə verilmiş sənədlərin saxlama müddəti keçdiyi üçün təbii ki, onları Xızı rayon Dövlət Arxivinə təhvil vermişdir. Həm Xızı rayon Dövlət Arxivi, həm də Xələnc-Fındığan bələdiyyəsi bu torpaq sahəsinə dair sənədlərin olduğunu təsdiq etsə də, cavabdeh orqan əsassız olaraq onun ərizəsinin təmin olunmasından imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, sözügedən torpaq sahəsinə dair ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı yaranmış zərurətlə əlaqədar olaraq Xələnc rayon Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 10 saylı qərarı ilə bağlı məlumat verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X5 sorğu ünvanlanmışdır. Lakin bu günədək sorğuya cavab verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-501/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xızı rayonu Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış Xızı rayonu Xələnc kəndi ərazisində yerləşən 1200 kv m torpaq sahəsi üzərində İddiaçı Əsgər oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim Vəfa Əzizova) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsinin satılması barədə bələdiyyə qərarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X3 aşkar edilməməsi halı iddiaçının müraciətinin təmin olunmasından imtina üçün əsas deyildir. Belə ki, 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Torpaq sahəsinin satılmasına dair qərarın X5 göndərilməsi iddiaçının vəzifələrinə və onun məsuliyyət sferasına aid deyildir. İddiaçı üzərinə düşən vəzifəni yerinə yetirmiş, torpaq sahəsinin dəyərini ödəmişdr. Torpaq sahəsinin satılmasına dair bələdiyyə qərarı hazırda qüvvədədir və qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından qərarı ləğv olunmalıdır. Belə ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Xızı rayonu Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı eyni qərarı ilə sizə və İddiaçı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Lakin Xızı Rayon Dövlət Arxivi tərəfindən surəti təsdiq olunmuş bələdiyyə iclasının qərarından çıxarışda İddiaçı ilə bağlı heç bir məlumat qeyd olunmamışdır. Xızı rayonu Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarının həqiqiliyi ciddi şübhə doğurduğundan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X5 **********77 nömrəli, xx.xx.2021-ci il tarixli sorğu göndərilmişdir. Sorğuya cavab olaraq sözügedən bələdiyyə qərarının X3 aşkar olunmadığı bildirilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Sumqayıt Şəhər Bələdiyyəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. Hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən torpaq sahəsi bağlı sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfimizdən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəli halları ondan ibarətdir ki, iddiaçı müvafiq bələdiyyə qərarı əsasında ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən bundan imtina edilərək, imtinanı əsası kimi bələdiyyə iclasının çıxarışında iddiaçı barəsində heç bir məlumat qeyd olunmaması, qərarın həqiqiliyinə şübhə olduğundan, X5 sorğu ünvanlanması,sorğuya cavab olaraq sözügedən bələdiyyə qərarının X3 aşkar olunmaması halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan müvafiq Dövlət Arxivinin təqdim etdiyi sənədlərdən görünür ki, Xızı rayonu Xələnc Bələdiyyəsi ilə İddiaçı Əsgər oğlu arasında torpaqların alqı-satqısına dair 12 sentyabr 2005-ci il tarixli akt bağlanılmış, akta əsasən Xələnc kənd Bələdiyyəsinin ərazisində 0,12 ha torpaq sahəsinin iddiaçıya satılması, iddiaçı tərəfindən bunun müqabilində 134 manat haqq ödənilməsi qeyd olunmuş, habelə Xızı rayon Bələdiyyəsi tərəfindən iddiaçıya fərdi mənzil tikintisi məqsədilə torpaq sahəsinin ayrılması haqqında xx.xx.2005-ci il tarixli 10 saylı qərar qəbul edilmiş və torpaq sahəsinin iddiaçıya satılması barədə Xızı rayonu Xələnc Bələdiyyəsinin 03 oktyabr 2005-ci il tarixli protokolundan çıxarış tərtib edilmişdir. Həmçinin, həmin arxiv sənədlərindən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı Əsgər oğluna fərdi mənzil tikintisi məqsədilə ona torpaq sahəsinin satılması barədə rəy tərtib edilmiş, rəyə əsasən nəzərdə tutulan torpaq sahəsinin bələdiyyə torpaq fonduna aid olmaqla, alqı-satqı predmeti olduğu, həmin torpaq sahəsinin mövcud qaydalara uyğun olaraq satılmasının məqsədəmüvafiq hesab etdiyi qeyd edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 134 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair 21 dekabr 2005-ci il tarixli qəbz də əlavə edilmişdir. Göründüyü kimi, iddiaçıya müvafiq torpaq sahəsinin ayrılması müvafiq arxiv sənədləri mövcud olduğu halda, cavabdeh inzibati orqan imtinanın əsası kimi iddiaçı barəsində arxiv sənədlərdə heç bir məlumat aşkar edilməməsi halına istinad etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehi imtinası əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının mülkiyyət hüququnun yaranması ilə bağlı qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin, həmin qanunun 15.1.4-cü maddəsinə əsasən daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İndiki halda mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının adına ayrılmasına dair müvafiq arxiv sənədləri mövcud olmaqla, həmin sənədlər hazırda qüvvədədir, onların etibarsız hesab edilməsi, qüvvədən düşməsi ilə bağlı hal müəyyən edilməmişdir. Qeyd olunan normaların dispozitiv şərtlərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqları mövcud olmaqla, yaranmış mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunvericiliklə müəyyən edilmiş əsasların olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanının imtinasını əsassız hesab edərək, iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, cavabdeh mübahisə predmeti olan torpaq sahəsinə dair arxiv sənədlərin aşkar edilməməsi halına istinad etsə də, qeyd edilən hal iş materialları əsasında təkzib olunur. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan qüvvədə olan, etibarsız hesab edilməyən və ya geri çağrılmayan sənədin həqiqiliyinə şübhə ilə yanaşlıdığını bildirsə də, bununla bağlı da heç bir dəlilə istinad etməmişdir. Digər hallarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh hazırki iş üzrə Sumqayıt Bələdiyyəsinin üçüncü şəxs qismində işə cəlb edilməsinin zəruri olduğunu qeyd etsə də, hazirki iş üzrə qəbu ediləcək məhkəmə qərarının həmin şəxsin hansı hüquqlarına birbaşa təsir etməsi halının və ya qanunla qorunan maraqlarına toxunma ehtimalinin nədən ibarət olması kimi halları əsaslandırmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hər hansı iş üzrə sübutların toplanılması (sənədlərin əldə edilməsi.) ilə bağlı şəxsin iş üzrə üçüncü şəxs qimsində cəlb edilməsi özlüyündə iznibati prosessual qnaunvericiliyin tələbinə zidd olmaqla, yolverilməzdir. İndiki halda isə qeyd edilən orqanın iş üzrə adi və ya zəruri cəlbetmə qaydasında işə üçüncü şəxs qismində cəlb edilməsinə əsas olan hal müəyyən edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası digər hallarla bağlı onu qeyd edir ki, cavabdeh inzibati orqan hazırki iş üzrə ekspertiza təyin edilməli olduğunu qeyd etsə də, hansı növ ekspertiza keçirilməsinin zərruiliyi, habelə işin araşdırılması baxımından xüsusi bilik tələb edilməsini zəruri edən hansı halın olması ilə bağlı heç bir dəlilə istinad etməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, indiki halda mübahisəli hüquq münaisbətinin xarakteri və mahiyyəti etibarilə işin hallarının araşdırılması baxımından xüsusi bilik tələb edən hər hansı halın olması aşkar edilməmişdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi qeyd olunan və digər hallar da formal xarakter daşımaqla, əsassız olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe baxımından Xızı rayonu Xələnc bələdiyyəsinə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında xx.xx.2005-ci il tarixli 10 saylı qərarı qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır və cavabdehin imtina ilə bağlı istinad etdiyi hallar həmin qanunun 15-ci maddəsində nəzərdə tutulmadığından əsaslı deyildir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-501/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar