Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-511/2021 02.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2-1(118)-596/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı ona yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2-1(118)-596/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR-nin 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş ASSR-in Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə görə əmək kitabçası işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. Qanunvericiliyə görə əmək kitabçası işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəd olduğu üçün əmək kitabçasındakı qeydlərin mötəbər olubolmaması vacibdir. Həmçinin, pensiya təyin olunması hüququ verən əmək kitabçasının həqiqətən də pensiya təyinatı üçün ərizə ilə müraciət edən vətəndaşa məxsus olubolmaması təyinat üçün əsas elementlərdən biridir. Aşağıdakı faktlara görə əmək kitabçası və qeydləri mötəbər hesab edilməməlidir: İş üzrə iddiaçının əmək kitabçasına baxış keçirdikdə soyad hissəsində “Kərimov” yazılmışdır, lakin vətəndaşın şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçının soyadının “Kərəmov” olduğu aşkardır. Bu fakt əmək kitabçasının iddiaçıya məxsus olması faktını şübhə altına qoyur. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə xüsusi icraat qaydasında məhkəmə baxır. İş üzrə məhkəmə qaydasında araşdırma aparılarkən bu məsləyə toxunulmamış və ümumiyyətlə, araşdırılmamışdır. Həmçinin, iddiaçıya məxsus əmək kitabçasına baxış keçirdikdə 1 №-li qeydlərdə işə daxil olma tarixi 12.11.1968-ci il görünür. İddiaçı isə xx.xx.1955-ci ildə anadan olub. İddiaçının təvəllüdü ilə işə başlaması arasında 13 illik fərq var. İddiaçının o zamankı SSRİnin əmək qanunvericiliyinə görə 13 yaşında əmək kitabçasındakı qeydə əsasən zavodda işə başlamağı qanunvericiliklə qadağan idi. Belə ki, 15.11.1922-ci ildə qüvvəyə minmiş və 1971-ci il 10 dekabr tarixli Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin qüvvəyə minməsi ilə qüvvədən düşən SSSR Əmək qanunları Məcəlləsinin 135-ci maddəsinə əsasən 16 yaşma çatmamış şəxslərin işə qəbul edilməsi yolverilməzdir. Həmçinin, X1 SSRİ tərəfindən qəbul olunmuş “Uşaqların sənayedə işə götürülməsi üçün minimum yaş həddi haqqında” 59 nömrəli Konvensiyanın 2-ci maddəsinin 1-ci müddəasına görə “On beş yaşına çatmamış uşaqlar heç bir dövlət və ya özəl sənaye müəssisəsində və ya onun hər hansı bir şöbəsində işə qəbul oluna və ya işləyə bilməzlər”. Əmək kitabçasının işə daxilolma əmrinin həmin tarixdə verilməsi ilə bağlı qeydlər əsassız və absurddur. O zamanki qanunvericiliyə əsasən işə götürən qanunsuz əsaslarla işə daxilolma əmri verə bilməzdi. Həmçinin, əmək kitabçasının açılma tarixi 12.09.1973-cü il kimi qeyd edilmişdir. Halbuki, iddiaçının işə daxilolma qeydi 12.11.1968-ci ii tarixi kimi qeyd edilir. Azərbaycan SSR-in 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş ASSR-in Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsində yazılır ki, əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Bu səbəbdən də də əmək kitabçasındakı həmin qeydlərin mötəbərliyinə dair əsaslı şübhələr yaranır. TƏRƏFLƏRİN iZAHATİ Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə qızı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini və iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bekə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu normanın “Qeyd” hissəsində nəzərdə tutulmuşdur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 13 nömrəli Əlavəyə əsasən əlilliyə görə pensiya təyin olunması üçün pensiya təyin edilməsi üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər; Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunu) təsdiq edən müayinə aktından çıxarış; müddətli hərbi xidmətdə olan hərbi qulluqçuya əlilliyə görə pensiya təyin edilməsi barədə ərizəyə hərbi qulluqçunu hərbi uçotdan çıxarmış hərbi komissarlıq tərəfindən təsdiq edilən və verilən xəstəlik haqqında şəhadətnamənin surəti və ya hərbi-tibbi komissiyanın arayışı, əlillik hərbi qulluqdan buraxıldıqdan sonra baş vermişdirsə, xəstəlik haqqında şəhadətnamənin surəti əvəzinə hərbi qulluq keçmək haqqında hərbi komissarlıq tərəfindən verilən arayış, ərizəçinin Qanunun 19-cu maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən sənədlər (həmin əlavəni almaq hüququ olduqda) tələb olunur. X1 SSRİ tərəfindən qəbul olunmuş “Uşaqların sənayedə işə götürülməsi üçün minimum yaş həddi haqqında” 59 nömrəli Konvensiyanın 2-ci maddəsinin 1-ci müddəasına görə “On beş yaşına çatmamış uşaqlar heç bir dövlət və ya özəl sənaye müəssisəsində və ya onun hər hansı bir şöbəsində işə qəbul oluna və ya işləyə bilməzlər”. Bununla əlaqədar birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının 15 yaşına çatana kimi işlədiyi dövr onun sosial sığorta stajından çıxılsa belə, təqdim etdiyi əmək kitabçası ilə onun 25 il 06 gün sosial sığorta stajına malik olması öz təsdiqini tapır. Bundan əlavə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin əmək kitabçasının 12.09.1973-cü il tarixdə açılması, işə qəbul edilmə əmrinin isə 1968-ci ilə aid olmasına dair dəlili iddianın rədd eidlməsi üçün əsas hesab edilə bilməz. İddiaçının əmək kitabçasında onun soyadının “Kərimov” yazılması, şəxsiyyət vəsiqəsinə əsasən isə iddiaçının soyadının “Kərəmov” olmasına görə əmək kitabçasının iddiaçıya məxsus olması faktının şübhə doğurması ilə bağlı apellyasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsəssız hesab edir. Belə ki, həmin əmək kitabcası rus dilində yazılaraq iddiaçinin soyadı “Kеримoв” kimi qeyd edilmiş, bu texniki yazı qüsuruna və iddiaçının ad və ata adının düzgün yazılmasına görə məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda göstərilən formal dəlilini əsassız hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun1 saylı Regional Ərazi Filialının apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2-1(118)-596/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-511/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-511/2021
02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver