Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-511/2022 07.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(118)-322/2022 nömrəli qərarından cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1961-ci il tarixdə Azərbaycan Respublikası, Şabran rayonu, Dağquşçu kəndində anadan olmuşdur. Sumqayıt şəhəri, yataqxana 15, Bakı küçəsi otaq 46, mənzil 41-də qeydiyyatdadır. (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilədək 2 nömrəli trestin 21 saylı tikinti idarəsində, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək həmin trestin 20 saylı tikinti idarəsində, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək yenidən 21 saylı tikinti idarəsində, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək 168 saylı tikinti idarəsində, xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək 26 saylı tikinti idarəsində (xx.xx.1995-ci il tarixində idarənin adı dəyişdirilərək Sumqayıt “Sənayekommunaltikinti” birliyinin 2 saylı filialı, daha sonra 2 saylı təsərrüfat hesabı sahə adlandırılmışdır), xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilədək “Azərsənayetikinti” Səhmdar Cəmiyyətində elektrik qaynaqçısı işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, müraciətə baxılmış və cavabdeh orqan 18 avqust 2021-ci il tarixli, **********5 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 40400,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19162,98 manat təşkil edir. Qeyd olunanlara əsasən, cavabdeh iddiaçının müraciətinin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən cavab ilə razılaşmayan iddiaçı Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müaciət edərək, 57 yaşının tamam olduğu xx.xx.2018-ci ildən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1979-cu il sentyabr ayının 1-dən 1984cü il 14 iyun tarixinədək Sumqayıt şəhər 4 nömrəli orta texniki peşə məktəbində elektrik qaynaqçısı peşəsi üzrə ümumi orta təhsil almışdır. Həmçinin, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək olan dövr ərzində hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1984-cü ildə “Azərsənayetikinti” SC-də elektrik qaynaqçısı vəzifəsində başlamış və xx.xx.2007-ci ilə qədər həmin müəssisədə eyni vəzifədə çalışmışdır. “Azərsənayetikinti” SC-nin 17 aprel 2018-ci il tarixli arayışında qeyd olunur ki, onun güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Bununla əlaqədar cavabdeh orqana müraciət etsə də ona pensiya kapitalının olmaması əsas gətirilməklə güzəştli şərtlərlə pensiya təyinatından imtina olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu 2006-cı ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Həmin tarixədək olan dövr ərzində onun 27 il ümumi iş stajı və 22 il güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən vəzifədə stajı olmuşdur. Əvvəllər qüvvədə olan qanunvericiliyə əsasən kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə işlədikdə onlara güzəştli şərtlərlə əmək pensiyası təyin olunur. Onun 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən ali, orta ixtisası texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Təhsil dövrünün iş stajına daxil edilməsi üçün iddiaçı tərəfindən qeyd olunan peşə məktəbində əyani təhsil alması ilə bağlı arayış təqdim edilməlidir. Lakin, İddiaçı cavabdeh orqana həmin arayışı təqdim etməmişdir. Eyni zamanda, “işçilərin əmək kitabçasının forması və onun tərtibi" qaydalarının 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İddiaçı xx.xx.1985-ci il tarixli əmək kitabçasında xx.xx.1993-cü il tarixdə işdən azad edilməsi SSR möhürü ilə öz təsdiqi tapmışdır. Halbuki 1993-cu il tarixdə şəxsin işdən azad edilməsinin SSR möhürü ilə təsdiq edilməsi mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(118)-322/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim L.Mirzəyeva) Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə hallar qeyd etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin "b" bəndi əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı” İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş 1 oktyabr 1956-cı il tarixli “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanun: 1-ci maddənin v) yarımbəndi. Ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları” 109-cu bəndinin z) yarımbəndi: Kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti ümumi əmək stajına aid edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür): 8-ci bənd. Ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını belə əsaslandırmışdır ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir. İş materiallarına əlavə olunmuş əmək kitabçasından görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün xx.xx.2006-cı ilədək 25 ildən artıq ümumi stajı vardır. Eyni zamanda “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsinin 29 aprel 2022-ci il tarixli, 09/13 saylı arayışı ilə də iddiaçının 12 il 06 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə işlədiyi öz əksini tapmışdır. Məhkəmə cavabdehin iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün onun pensiya hüququ yarandığı dövrdə, yəni 57 yaşı tamam olduğu dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı” haqqında Qanunda güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün pensiya kapitalı tələb olunmurdu. İddiaçıya da pensiya təyini ilə bağlı sözügedən Qanun tətbiq edilməli olduğundan cavabdehin imtinası əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 57 yaşının tamam olduğu 11 iyun 2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması; 2) 1 yanvar 2006-cı il tarixədək azı 12,5 il güzəştli iş stajının mövcud olması. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1984-cü il tarixdən xx.xx.2001-ci il tarixədək 2 nömrəli trestdə elektrik qaynaqçısı (xx.xx.1995-ci il tarixində idarənin adı dəyişdirilərək Sumqayıt “Sənayekommunaltikinti” birliyinin 2 saylı filialı, daha sonra 2 saylı təsərrüfat hesabı sahə adlandırılmışdır), xx.xx.2001-ci il tarixdən xx.xx.2007ci il tarixədək “Azərsənayetikinti” Səhmdar Cəmiyyətində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. (23 il 02 ay 07 gün) İşdə olan iddiaçıya məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Cavabdehin iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlilləri təhsil dövrünün iş stajına daxil edilməsi üçün iddiaçı tərəfindən peşə məktəbində əyani təhsil alması ilə bağlı arayışın təqdim edilməməsi və tələb olunan pensiya kapitalını toplamamasıdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir: Azərbaycan SSR X4 Təhsil Komitəsi tərəfindən verilmiş Д № 458670 saylı, 14 iyul 1984-cü il tarixli diplomdan görünür ki, İddiaçı Əlisafa oğlu 01 sentyabr 1979-cu ildə Sumqayıt şəhər 41 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 14 iyul 1984-cü ildə elektrik qaynaqçısı peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş yuxarıda sadalanan qanunvericilik aktlarına görə kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Eyni zamanda, 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin ğ) bəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Həmçinin, iddiaçının təhsil aldığı vaxt qüvvədə olan xx.xx.1956-cı il tarixli “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən, peşə məktəblərində, dəmir yolu məktəblərində, kadr hazırlayan kurs və məktəblərdə təhsil müddəti ümumi iş stajına daxil edilmişdir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuş, belə təhsilin formasının əyani təhsil olması ilə bağlı hər hansı qayda göstərilməmişdir. Həmçinin, iddiaçıya məxsus diplomda da təhsilin hansı formada olması qeyd edilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin təhsil dövrünün iş stajına daxil edilməsi üçün əyani təhsil olması ilə bağlı dəlili əsassızdır. Beləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya ödənilməsini mümkünsüz edən digər hal kimi həm də iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmamasına istinad etmişdir. Lakin cavabdehin bu dəlili əsasızdır. Çünki iddiaçının pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən yaranmışdır ki, bu halda da pensiya kapitalının olması tələb olunmur. “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsinin 29 aprel 2022-ci il tarixli, 09/13 saylı arayışına əsasən İddiaçı xx.xx.1984-cü ildən xx.xx.2007-ci ilədək “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində elektrik qaynaqçısı vəzifəsində işləmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısının XXXİİİ-bölməsi 23200000-19906 şifri üzrə ona güzəştli şərtlərlə pensiya təyin olunması hüququ verilir. İddiaçının bu vəzifədəki sığorta stajı 23 il 03 ay təşkil edir. Güzəştli arayışdan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahıdan görünür ki, iddiaçının “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsində işlədiyi elektrik qaynaqçısı peşəsi Siyahının 23200000 kodlu XXXİİİ bölməsinin 23200000-19906 şifrinə uyğun gəlir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 2 nömrəli siyahı üzrə 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 57 yaşının tamam olduğu 11 iyun 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(118)-322/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-511/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-511/2022
07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver