Məhkəmə qərarları › İş №2-1(105)-511/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-511/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-511/2024 27.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı JN-467A KOD 30304038 nömrəli Topağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-654/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN-467A KOD 30304038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 02 nömrəli qərarı ilə Qurbanova (Dəmirçiyeva) Həqiqət Səlim qızının mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmişdir. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi“ MMC tərəfindən verilmiş xx.xx.2023-cü tarixli cavab məktubundan görünür ki, Mərkəzin arxivində saxlanılan Quba rayonu İqriq kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında Qurbanova (Dəmirçiyeva) Həqiqət Səlim qızının adı, eləcə də şəhadətnamələrin qeydiyyat kitabı aşkar edilməmişdir. Quba rayon Dövlət Arxivi tərəfindən verilmiş 17 oktyabr 2023-cü il cavab məktubundan görünür ki, Quba rayon XDS Rəyasət heyətinin 21 aprel 1993-cü il tarixli 6 nömrəli iclas protokolunun 189 saylı qərarının kserosurəti məhkəməyə təqdim edilmişdir. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi“ MMC tərəfindən verilmiş xx.xx.2023-cü tarixli cavab məktubundan görünür ki, Mərkəzin arxivində saxlanılan Quba rayonu, İqrığ kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında Qurbanova (Dəmirçiyeva) Həqiqət Səlim qızının adı aşkar edilməmişdir. Mövcud olan Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 2 nömrəli və G.M.Əsədov adına sovxoz-texnikumun yerli Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 14 nömrəli Qərarlarının təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Cavabdehin imtina məktubundan görünür ki, JN-467A nömrəli “Torpağın mülkiyyətə verilməsinə Şəhadətnamə" ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə əksini tapsa da, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda Aqrar İslahat Komissiyasının İqrik kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 467-ci sırada "sahibi naməlum" kimi qeydə alınmışdır.Yuxarıda qeyd olunanlar nəzərə alınaraq ərizənin icrasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, JN-467A KOD 30304038 nömrəli topağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 02 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-467A KOD 30304038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. Lakin, o, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün müraciət etdikdə, cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, JN-467A nömrəli “Torpağın mülkiyyətə verilməsinə Şəhadətnamə" ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə əksini tapsa da, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda Aqrar İslahat Komissiyasının İqrik kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 467-ci sırada "sahibi naməlum" kimi qeydə alınmışdır.Yuxarıda qeyd olunanlar nəzərə alınaraq ərizənin icrasından imtina edilmişdir. Şəhadətnamədə torpaq sahəsinin ölçüsünün 0,11 ha olduğu halda, TEKUİS məlumatında 0,10 ha kimi göstərildiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-654/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, JN-467A KOD 30304038 nömrəli Topağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,11 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəhadətnamədə göstərilən məlumatlar (döngə nöqtələri, koordinatlar və s.) elektron məlumat bazasına köçürüldüyü təsdiq edilir. Lakin şəhadətnamənin qeydiyyat kitablarında həmin şəhadətnamənin qeydə alınmaması və pay torpaq almaq hüququ olan subyektlər siyahısında həmin nömrə altında “sahibi naməlum” kimi qeyd edilməsi cavabdehin və müvafiq inzibati orqanların məsuliyyət daşıdığı hal olmaqla, iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşımadığı hal kimi çıxış etmişdir. Belə olan halda isə cavabdeh tərəfindən həmin hala istinad edilməklə, mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunvericiliyin tələbinə zidd olmaqla, iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəmə kollegiyasna müraciət edərək, JN-467A KOD 30304038 nömrəli Topağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,11 ha torpaq sahəsinin faktiki olaraq mövcüd olan 0,10 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, habelə iddia tələbini dəqiqləşdirilməsi baradə ərizə nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; .... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3..8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi JN-467A KOD 30304038 nömrəli Topağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,11 ha torpaq sahəsinin faktiki olaraq mövcüd olan 0,10 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasından ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, JN-467A nömrəli “Torpağın mülkiyyətə verilməsinə Şəhadətnamə" ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə əksini tapsa da, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamışdır, eyni zamanda Aqrar İslahat Komissiyasının İqrik kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 467-ci sırada "sahibi naməlum" kimi qeydə alınmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq Aqrar İslahat Komissiyasının qərarı ilə iddiçının adına müvafiq ünvanda yerləşən 0,11 ha torpaq sahəsi ayrılmış, həmin qərar əsasında Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmiş, qeyd edilən sənədlərin arxiv nüsxəsi hazırda mövcuddur, habelə həmin sənədlərin ləğv edilməsi və ya etibarsız hesab edilməsi, qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən isə iddiaçının adına torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlər əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Deməli, indiki halda iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsinin iddiaçının adına ayrılmasına dair müvafiq sənədlərin arxiv nüsxəsi mövcud olmuşdur. Bundan əlavə, cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən həmin torpaq sahəsi müayinə edilmiş, onun texniki vəziyyətinə dair müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki,torpaq sahəsinin naturada mövcud olduğu,heç bir mübahisəli halın olmadığı, müvafiq şəhadətnamə baza məlumatlarında olan DWJ xəritə materialları üzərində öz əksini tapmamış və DBF siyahısında göstərilməmişdir, lakin həmin şəhadətnamənin cizgiləri mülkiyyət fayllarında öz əksini tapmışdır, iddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür, yaşayış məntəqələri kateqoriyalı olub uqodiyası həyətyanı kimi göstərilmişdir. Göründüyü kimi torpaq sahəsi naturada mövcuddur, iddiaçının faktiki istifadəsindədir, başqa şəxslərə məxsus olan torpaq sahələri ilə üst-üstə düşmür. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçınına adına tərtib edilmiş müvafiq şəhadətnamə və digər sənədlərin arxiv nüsxəsi olduğu, həmin vaxtdan indiyədək iddiaçının faktiki istifadəsində olduğu, naturada mövcud olduğu halda, torpaq sahəsinin ayrılmasına dair müvafiq subyektlərin siyahısında “naməlum sahib” kimi qeyd edilməsi halına istinad edilməklə, həmin torpaq sahəsinin iddiaçının adına ayrılması halına şübhə ilə yanaşılması, iddiaçının mövcud olan əmlak hüququnun əsassız olaraq, məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Halbuki, cavabdeh inzibati orqan digər halları da öz xidməti vəzifəsinə görə inzibati icraat qaydasında araşdırma aparmaqla, işin hallarını tam təhlil etməklə, mövcud olan natamam məlumatla bağlı hala aydınlıq gətirmək imkanına malik olmuşdur. Lakin cavabdeh inzibati orqan tərəfindən belə bir araşdırma aparılmadan, formal olaraq, həmin əsasa istinad etmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, müvafiq məlumatların tam doldurulması, habelə torpaq sahəsinə dair müvafiq Şəhadətnamənin qeydiyyat kitabında qeydiyyata alınması inzibati orqanın səlahiyyətinə aid olmaqla, məhz onun məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, sözügedən torpaq sahəsinə dair məlumatın tam doldurulmaması, habelə müvafiq Şəhadətnamənin qeydiyyta kitabında qeydə alınmaması halı iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu baxımından məhkəmə kollegiyası hesba edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri isə həmin hissədə əsassız olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçıya müvafiq sənəd üzrə 0,11 ha torpaq sahəsi ayrılsa da, faktiki olaraq onun istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0,10 ha olduğu müəyyən edilmişdir. Həmçinin, iddiaçı tərəfindən bu halın nəzərə alınaraq, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilmiş, məhz 0,10 torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı tələb irəli sürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, faktiki iddiaçının istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,10 ha olduğundan, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində torpaq sahəsinin faktiki ölçüsünün 0,10 ha olması halına istinad edərək, həmin halı da mübahisələndirmişdir. İndiki halda iddiaçının iddia tələbi 0,11 ha torpaq sahəsi ilə bağlı deyil, məhz 0,10 ha torpaq sahəsi ilə bağlı olduğundan, cavabdehin istinad ediyi həmin hissədə şikayətin dəlili aradan qalxmışdır. Bu baxımından hazırki iş üzrə həmin halın nəzərə alınması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-654/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. JN-467A KOD 30304038 nömrəli Topağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında iddiaçıya verilmiş 0,11 ha torpaq sahəsinin faktiki olaraq mövcud olan 0,10 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar