Məhkəmə qərarları › İş №2-1(105)-512/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-512/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-512/2021 30.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-u publik hüquqi şəxsin 1 saylı Regional Ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-u publik hüquqi şəxsin 1 saylı Regional Ərazi filialına qarşı “ona təyin edilmiş pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMFu publik hüquqi şəxsin 1 saylı Regional Ərazi filialının üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(118)-691/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-u publik hüquqi şəxsin 1 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-u publik hüquqi şəxsin 1 saylı Regional Ərazi filialının üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20.07.1950-ci il təvəllüdlüdür, 06.08.2013-cü il tarixdən qanunvericiliyə uyğun olaraq pensiya hüququ yarandığından ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Təyin edilən pensiyanın məbləği 242.45 manat olmuşdur. Pensiya təyin olunan gündən hazırkı vaxta qədər rəsmi olaraq işləməyə davam edir. Yaşa görə pensiyaya çıxdığı vaxtdan etibarən 06.08.2019-cu ildə 6 il sığorta stajı tamamlandığından qanuna müvafiq olaraq pensiyanın yenidən hesablanması üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Cavabdeh 17.09.2019-cu il tarixli məktubu ilə pensiyanın yenidən hesablanmasından imtina etmişdir. Əsas kimi onu göstərmiş ki, onun sosial sığorta stajı 04 il 06 ay təşkil edir. Halbuki, sığorta stajının müddəti 6 ildir. Bununla bağlı cavabdehə müvafiq arayışı təqdim etsə də, əsassız olaraq onun pensiyasının yenidən hesablanılmasından imtina edilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun tələbindən də göründüyü kimi 06 il stajının olması pensiyanın yenidən hesablanması üçün əsasdır. Lakin, cavabdeh onun bu hüququna zidd olaraq, əsassız bir səbəb kimi 04 il 06 ay sığorta stajımın olduğunu göstərərək pensiyanın yenidən hesablanmasından imtina etmişdir. Halbuki iş materiallarına əlavə etdiyi sənədlərdən də göründüyü kimi onun sığorta stajı 06 il təşkil edir. O cavabdehin qanunsuz hərəkətlərini mübahisələndirmək, məhkəməyə müraciət etmək üçün vəkilə müraciət etməli, ərizənin tərtib olunması üçün xərc çəkməli olmuşdur. Cavabdehə israrla 6 il sığorta stajının olduğunu və qanunla pensiyanın yenidən hesablanmalı olduğunu bildirsə də, cavabdeh ona görə ən asan yolu seçmiş, "məhkəməyə müraciət edə bilərsiz" deməklə kifayətlənmişdir. Halbuki müraciət etdiyi məsələ mübahisəli və həll olunması sual altında olan məsələ deyil. Dövlət orqanı kimi hüquqa uyğun davranış sərgiləməkdənsə, onu əsassız get-gəllərə salmış, məhkəmə yolu ilə vaxtı uzadaraq süründürməçiliyə gətirib çıxarmışdır. Məhkəməyə müraciət etmək, ərizə tərtib olunması üçün ödəniş etmək imkanı olmasa da, cavabdehin qanunsuz imtinası səbəbindən pul tapıb ərizə yazdırmalı olmuş, halbuki cavabdeh vaxtında qanuna uyğun olaraq üzərinə düşən öhdəliyi icra etsəydi qeyd etdiyi əlavə xərc də olmayacaqdı. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, əmək pensiyasının hesablanması Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Əmək Pensiyaları haqqında Azərbaycan Respublikasının 54-İİİQ saylı qanununun Vİİ-ci fəsli, yəni «Əmək pensiyasının yenidən hesablanması» fəslinin 26-cı Maddəsində 2017-ci il yanvarın 1-nədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulur. Qanunun həmin fəslinin 27-ci maddəsində «Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması» qeyd olunub. Həmin maddəyə əsasən «...Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçıların 2006 -cı il 1 yanvar tarixindən 2017-ci il liyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır». DSMF onun pensiyasının yenidən hesablanmasına dair müraciətində qanunun bu maddələrini nəzərə almayıb. Nəticədə onun yığım kapitalımın xeyli (onun hesabatına əsasən təxminən 5657.67 manat) hissəsi hesabatdan kənarda qalıb. Qanunun «Əmək pensiyasının təyin edilməsi» adlanan 8-ci fəslinin «Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları» adlanan, 37-ci maddəsinin 37.3.1-ci bəndinə uyğun olaraq «yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır». Ona ilkin olaraq 01 Avqust 2013 -cü il tarixində pensiya təyin edilərkən 01 yanvar 2006-cı ildən 01 iyul 2013 cü il tarixinə olan sığorta kapitalından 2693.78 manat pensiya hesabatına daxil edilmişdir. Halbuki DSMF-nin sənədinə uyğun olaraq 01 yanvar 2006 cı il tarixindən 01 iyul 2013 cü il tarixinə onun sığorta kapitalı 9143.93 manat təşkil edir. Pensiya hesablanarkən bu məbləğin (9143.93 man ) 50 %-i (9143.93 x50%)=4571.96 manat hesabata daxil olmalı idi. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidın hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 5-ci Maddəsinin (2017-ci il iyulun 1-nədək təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması qaydaları) 5.3cü bəndinə əsasən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və s. bəndinin misallarında (Misal 47 və Misal 48 -də əmək pensiyalarının yenidən hesablanması) nümunələri göstərilmişdir. Onun da pensiyası bunlara uyğun olaraq hesablanmalı idi. Beləliklə onun yığım kapitalı ona təyin edilən pensiyanın tərkibində tam olaraq öz əksini tapmamışdır və ona ödənilən pensiya məbləği onun yığım kapitalına uyğun deyil. Ona görə də qanunun tələblərini əsas tutaraq 01 yanvar 2006-cı il tarixindən 01 iyul 2019 -ci il tarixinədək olan dövr üzrə onun yığım kapitalında qeyd olunan məbləği nəzərə alaraq pensiyanın yenidən hesablanması öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı regional ərazi filialının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(118)-691/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı regional ərazi filialına qarşı qanunun tələblərini əsas tutaraq 01 yanvar 2006-cı il tarixindən 01 iyul 2019-ci il tarixinədək olan dövr üzrə onun yığım kapitalında qeyd olunan məbləği nəzərə alaraq pensiyasının yenidən hesablanması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Qərardan narazı qalan iddiaçı X2 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-l(118)-691/2021 saylı, 26 may 2021-ci il tarixli qərarı ilə iddiası təmin edilməmişdir. Həmin qərar ona poçt vasitəsilə 04 iyun 2021-ci il tarixdə çatmışdır. Qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qeyd olunan artım məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə illər üzrə indeksləşdirilmə nəzərə alınmadan qərar qəbul edilmişdir. TƏRƏFLƏRİN iZAHATİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası İddiaçı və onun vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı 06.08.2013-cü il tarixdə yaşa görə əmək təyin edilmişdir və iddiaçı eyni zamanda əmək fəlaliyyətini də davam etdirmişdir. İddiaçı 2019-cu ildə işləyən əmək pensiyaçısı kimi pensiyasının məbləğinin artırılması üçün cavabdeh təşkilata müraciət etmiş və məhkəmə prosesi gedişatında onun pensiyasının məbləği 282,69 manatdan artırılaraq 438,87 manata çatdırılmışdır. Lakin, iddiaçı artırılmış məbləğin az olmasını əsas gətirərək, işləyən əmək pensiyaçısı kimi yenidən pensiyasının artırılmasını tələb edir. Cavabdeh isə İddiaçı tələbini əsassız sayaraq qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanmasının düzgün təyin olunduğunu bildirir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının məbləği 2006-cı ilin 1 yanvar tarixinədək olan dövr üçün şəxslərin sosial stajına əsasən formalaşan kapitala və 2006-cı ilin 1 yanvar tarixindən sonrakı dövr uçun isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən əmək pensiyasının sığota hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların 2006-cı il; yanvarın 1dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq sığortaolunanların pensiya hüququ qazandığı tarixədək illər üzrə indeksləşdirilir. Pensiyanın yenidən hesablanması qaydası "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 26, 27 və 37.3-cü maddələrində öz əksini tapmışdır. Həmin Qanunun 26-cı maddəsi 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını, 37.3-cü maddəsi isə işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydasını özündə əks elətdirilir. Hazırki, iddia tələbi üzrə iddiaçıya 06.08.2013-cü ildən yaşa görə əmək pensiyası təyin edilmiş və o, həmin pensiyadan istifadə etmişdir. 01 iyul 2017-ci ildə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 27.1-ci madəsinə edilmiş dəyişikliyə əsasən fərdi hesabın sığorta hissəsinə toplanmış və istifadə olunmamış pensiya kapitalının artırılması nəzərdə tutulmuşdur. Lakin, məhkəmə araşdırması zamanı İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etməsi və həmin müraciətin əsasında ona 06.08.2013-cü ildə yaşa görə əmək pensiyasının təyin edilməsi müəyyən edilmişdir. Bununla da İddiaçı onun fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalından istifadə etmişdir. Ona görə də birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, İddiaçı qeyd olunan Məcəllənin 27.1-ci maddəsində nəzərdə tutulmuş pensiya kapitalının 80% artırılması da mümkün deyil. Bundan əlavə illər üzrə indeksləşdirmə mübahisə predmeti olmamış və apellyasiya şikayətinin həmin dəlili hüquqi cəhətdən əsaslandırılmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(118)-691/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar