Məhkəmə qərarları › İş №2-1(105)-512/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-512/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-512/2022 02.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Abşeron-Xızı regional filialına qarşı “ona xx.xx.2016-cı ildən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(118)- 973/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur.

2. İddiaçıya məxsus ИТ-İ №0018365 saylı əmək kitabçasında onun xx.xx.1976-cı ildən xx.xx.2015-ci ilədək "xxxx" ASC-də, xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək isə Binəqədi rayon MKTB-də işləməsi barədə qeydlər vardır.

3. İddiaçı ona pensiya təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmişdir.

4. Cavabdehin 14 yanvar 2022-ci il tarixli məktubunda “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə istinad edilmiş və göstərilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən iddiaçının sığorta stajı 19 il təşkil edir. Bu hal Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olmadığından iddiaçıya əmək pensiyasının təyin olunmasından imtina edilmişdir.

5. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemindən “Sosial müavinət və təqaüd haqqında arayış”dan görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi, xx.xx.2021-ci il tarixdən isə yaşa görə müavinət təyin edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2016-cı ildən yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə anadan olmuşdur. Lakin o, xx.xx.2018-ci il tarixindən yaşa görə müavinət alır. Dövlət Sosial Müdafiə fondu tərəfindən ona pensiya təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli imtina məktubunda təqdim edilən sənədlərə əsasən sığorta stajının 19 il təşkil etməsi və bu halın “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikasının qanunun 7-ci maddəsinin tələblərinə uyğun olmadığından onlara əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İddiaçı müvafiq normalara istinad etməklə göstərir ki, 2017-ci ilin iyul ayının 1dək yaşa görə əmək pensiyası təyin oluna bilən şəxslərə 10 mart 2017-ci il dəyişikliklərinə qədərki qanun tətbiq olunur. Yaşa görə əmək pensiyaları haqqında qanuna edilən 10 mart 2017-ci il dəyişikliklərinə əsasən, Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017ci il, № 5, maddə 676) ilə 7-ci maddənin birinci hissəsində “ 62” rəqəmləri “ 63” rəqəmləri ilə, “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “azı 12 ” sözləri “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25” sözləri ilə, mötərizədə “bu Qanunun qüvvəyə mindiyi günədək” sözləri “2017-ci il iyulun 1-dək” sözləri ilə əvəz edilmişdir. 2017-ci il mart dəyişikliklərindən əvvəlki qanuna əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların ən azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Lakin onun 2016-cı ilin 19 iyunundan pensiya hüququ vardır. Tələb edilən iş stajından da artıq iş stajına malikdir. Əmək pensiyaları haqqında 2021-ci qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Onun 2016-cı il iyun ayının 19-da 57 yaşı tamam olmuşdur. Həmçinin həmin tarixədək onun 12 ildən artıq iş stajı mövcud idi. Lakin o, xx.xx.2018-ci il tarixindən yaşa görə müavinət alır. İddiaçı daha sonra İPM-nin müvafiq maddələrinə istinad etmişdir,.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və rədd edilməlidir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Etirazda “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə, habelə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə istinad edilməklə göstərilir ki, iddiaçıya yaşa görə pensiya 62 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumilikdə 41 il 11 ay 8 gün (ИТ № ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1976-xx.xx.2015; xx.xx.2015-xx.xx.2018) sosial sığorta mövcuddur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə münasibətdə aşağıdakılar qeyd edilməlidir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Beləliklə, arxiv arayışı o halda mötəbər sübut kimi qəbul oluna bilər ki, bu barədə əmək kitabçasında müvafiq qeydlər olsun. Təqdim edilmiş əmək kitabçasına əsasən, xx.xx.1992-xx.xx.2015-ci il tarixlərdə "xxxx" X7 Cəmiyyətində işlədiyi qeyd olunmuşdur. xx.xx.2006-cı il tarixdən etibarən bu ödənişlər elektron qaydada aparılır və sığortaolunan hər bir şəxsin fərdi hesabı (dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır) mövcud olur. Lakin Sığorta Alt Sistemində sığortaolunanların fərdi hesabına baxış keçirilən zaman A.X3 adına məlumat aşkarlanmamışdır. İddiaçı 2015-ci il tarixədək işlədiyini iddia etsə də, 2006-2010-cu il tarixlərdə hər hansı məlumatın olmaması, 1992- 2006-cı il tarixlərdə işlədiyi dövrlərin əsassız olduğuna dəlalət edir. "xxxx" X7 Cəmiyyətində 01.01,1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi dövrlərin araşdırılması mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrlərin İddiaçı sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Həmçinin qeyd edilməlidir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınsa da, İddiaçı xx.xx.2018-ci il tarixdən sosial müavinət təyin edildiyi üçün “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2-ci maddəsinin tətbiqinə yol verilmir. Yuxarıda qeyd edilən mübahisələndirilən dövr 23 il 4 ay 14 gün təşkil edir (xx.xx.1992xx.xx.2015). İddiaçının ümumilikdə qeyd edilən 41 il 11 ay 8 gün sosial sığorta stajından həmin illəri çıxdıqda iddiaçının 18 il 6 ay 24 gün sosial sığorta stajı mövcud olur. Beləliklə, İddiaçı nə azı 25 il sığorta stajına malik olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ərizəni təmin edə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

9. Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(118)-973/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ona pensiya təyin olunması üçün hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericilik normalarına müvafiq olaraq bunun üçün nəzərdə tutulmuş şərtlərə malikdir. Bu halda cavabdehin ona pensiya təyinindən imtinası qanunsuzdur.

11. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətinin məzmunu etirazın məzmunu ilə eynilik təşkil edir. Cavabdeh şikayətində bir daha göstərir ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Təqdim edilmiş əmək kitabçasına əsasən xx.xx.1992-xx.xx.2015-ci il tarixlərdə "xxxx" ASC-də işlədiyi qeyd olunmuşdur. xx.xx.2006cı il tarixdən etibarən bu ödənişlər elektron qaydada aparılır və sığortaolunan hər bir şəxsin fərdi hesabı (dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır) mövcud olur. Lakin Sığorta Alt Sistemində sığortaolunanların fərdi hesabına baxış keçirildiyi zaman İddiaçı adına məlumat aşkarlanmamışdır. İddiaçı 2015-ci il tarixədək işlədiyini iddia etsə də, 2006-2010cu il tarixlərdə hər hansı məlumatın olmaması, 1992-2006-cı il tarixlərdə işlədiyi dövrlərin əsassız olduğuna dəlalət edir. "xxxx" ASC-də xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi dövrlərin araşdırılması mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrlərin İddiaçı sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Həmçinin qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınsa da, İddiaçı xx.xx.2018-ci il tarixdən sosial müavinət təyin edildiyi üçün “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2-ci maddəsinin tətbiqinə yol verilmir. Qeyd edilən mübahisələndirilən dövr 23 il 4 ay 14 gün təşkil edir (xx.xx.1992-xx.xx.2015). İddiaçının ümumilikdə qeyd edilən 41 il 11 ay 8 gün sosial sığorta stajından həmin illəri çıxdıqda iddiaçının 18 il 6 ay 24 gün sosial sığorta stajı mövcud olur. Qeyd edilmişdir ki, iddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına sorğu ünvanlanmışdır. İddiaçının xx.xx.1992-xx.xx.2015-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi "xxxx" X7 Cəmiyyətinin arxiv sənədləri mühafizə olunması üçün arxivə təhvil verilmədiyindən sözügedən dövrün sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Göstərilənlərə əsasən iddiaçının azı 25 il sığorta stajına malik olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə iddia tələbi təmin edilə bilməz. Cavabdeh orqan tərəfindən əmək kitabçasında göstərilən müəssisənin mövcudluğunun yoxlanılması məqsədilə Dövlət Vergi Xidmətinə sorğu ünvanlanmış, cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin xx.xx.1998-ci il tarixdə D-2517 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Qeyd olunanlara əsasən İddiaçı işlədiyini iddia etdiyi müəssisə onun işlədiyi dövrdən sonra dövlət qeydiyyatından keçmişdir. Müəssisənin qeydiyyat məsələlərində aşkar olunan ziddiyyətlər vətəndaşın həmin müəssisədə işlədiyinə dair ciddi şübhə doğurur.

13. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək 18 il 6 ay 4 gün, X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 3 il 4 ay əmək fəaliyyət dövrü olmaqla onun ümumi sığorta stajı 21 il 10 ay 4 gün təşkil edir. Eyni zamanda sözügedən şəxsin xx.xx.2006-cı il tarixinədək 21 il 10 ay 4 gün sığorta stajına uyğun olaraq 17.753,33 manat, xx.xx.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 2855,16 manat, ümumilikdə 20.608,49 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. Fondun Abşeron- Xızı regional filialı tərəfindən xx.xx.2021-ci il tarixində aparılmış xidməti araşdırmaya əsasən iddiaçının adına sözügedən müəssisədə xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək əmək haqqı ödənilmədiyi və xx.xx.2001-ci il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun arxiv və sosial ödəniş işlərinin inventarlaşdırılması üzrə mərkəzi filial tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən "xxxx" ATSC-nin qovluğunda olan hesabat məlumatlarının surətləri təqdim edilmişdir. Hesabat məlumatlarına əsasən 2002-2007-ci illərin hesabatları təqdim edilmişdir. Digər illərə dair hesabat məlumatları qovluqda mövcud deyildir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

15. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1 Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 7ci maddənin birinci hissəsində “62” rəqəmləri “63” rəqəmləri ilə, “57” rəqəmləri “60” rəqəmləri ilə, “azı 12” sözləri “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25” sözləri ilə, mötərizədə “bu Qanunun qüvvəyə mindiyi günədək” sözləri “2017-ci il iyulun 1-dək” sözləri ilə əvəz edilmiş, 7-ci maddənin “Qeyd” hissəsi yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada (27 oktyabr 2009-cu il tarixli 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş “Qeyd” hissəsi) deyilirdi: Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. ...22-1.5. 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.

18. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. …Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

19. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.1-ci Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;

20. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

22. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir.

24. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin yuxarıda istinad edilən məzmunlu imtinası təşkil edir. İddianı təmin edən birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olduğundan onun əmək pensiyası hüququ 57 yaşının tamam olduğu xx.xx.2016-cı ilin ildən yaranır. Həmin dövrdə şəxsə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 12 il sosial sığorta stajının olması tələb olunurdu. Hazırki işdə də iddiaçıya məxsus əmək kitabçası ilə onun 12 ildən artıq staja malik olması müəyyən olunur. İddiaçının 12 il sosial sığorta stajına malik olması cavabdeh tərəfindən mübahisə edilmir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən hazırda qüvvədə olan normaya müvafiq olaraq iddiaçının ona pensiya təyini üçün 25 il sosial sığorta stajının və ya zəruri pensiya kapitalının olmasını əsas gətirərək imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ona pensiya təyin olunması üçün hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericilik normalarına müvafiq olaraq bunun üçün nəzərdə tutulmuş şərtlərə malikdir. Bu halda cavabdehin ona pensiya təyinindən imtinası qanunsuzdur.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qadınların yaş həddi artıq 60 yaş müəyyən olunmuşdur. Belə olan halda isə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin qeyd hissəsinin tələblərinə (qadınların yaş həddinin 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılması) əsasən iddiaçının yaşa görə əmək pensiyası hüququ 57 yaşının tamam olduğu xx.xx.2016-cı ilin ildən deyil, onun 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən qanunda nəzərdə tutulmuş digər iki şərtdən (pensiya kapitalı və ya azı 25 il sığorta stajı) biri mövcud olduğu halda yaranır.

26. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış 20.608,48 manat pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən 34560 manat dan az olması işin mübahisəsiz haldır.

27. Bundan əlavə, iddiaçıya xx.xx.2018-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi müavinət təyin edildiyindən “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajının 25 il kimi hesablanmasına da yol verilmir (qeyd edilən qanunun 22-1.5-ci maddəsinin tələblərinə əsasən).

28. İddiaçının tələb olunan 25 il sığorta stajına gəldikdə isə kollegiya qeyd edir ki, bu qərarın 19-cu bəndində istinad edilən normaya (Qaydalara) əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajındsn və qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajından ibarətdir. Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir.

29. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların – yəni sıorta stajının mövcudluğunun təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmiş, cavabdeh də öz növbəsində iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunun təsdiqi üçün sübutlar təqdim etmişdir.

30. İş materiallarından görünür ki, cavabdeh imtinasında, etiraz və apellyasiya şikayətində, daha sonra isə apellyasiya şikayətinə əlavədə müvafiq dəlillərə istinad etməklə iddiaçının əmək fəaliyyətinə başladığı xx.xx.1976-cı ildən xx.xx.1992-ci il tarixədək, daha sonra isə xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan 8 il 6 ay 4 gün və X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək işlədiyi 3 il 4 ay əmək fəaliyyət dövrü olmaqla onun ümumi sığorta stajının 21 il 10 ay 4 gün təşkil etdiyini bildirərək həmin dövrləri mübahisələndirmir, iddiaçının xx.xx.1992-xx.xx.2015-ci ilədək olan dövrlər üzrə ödənişsiz əmək məzuniyyətində olduğu xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996cı il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək əmək haqqı ödənilmədiyi və xx.xx.2001-ci il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövrləri isə sığorta stajı kimi nəzərə almır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Xovlu İplik ASC-nin 0/22 saylı, 05 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Qoçaq qızı həqiqətən “Sumqayıt Xovlu-İplik” fabrikinə xx.xx.1976-ci il tarixli 73 saylı əmrə əsasən xx.xx.1976-cı ildə Burucu-Cütləyici-Sanyıcı sexinə 1-ci dərəcəli cütləyici kimi işə qəbul edilmiş, xx.xx.1996-cı il tarixli 63 saylı əmrə əsasən xx.xx.1996-xx.xx.1996-cı ilə kimi, xx.xx.1996-cı il tarixli 132 saylı əmrə əsasən xx.xx.1997-xx.xx.1997-ci ilə kimi, xx.xx.1998-ci il tarixli 04 saylı əmrə əsasən xx.xx.1998-xx.xx.1998-ci ilə kimi, xx.xx.1998-ci il tarixli xx.xx.1998xx.xx.2001-ci ilə kimi öz hesabına məzuniyyətdə olmuşdur, 1998-ci ildən müəssisə fəaliyyətini dayandırmış və fasilələrlə işləməsinə baxmayaraq, ehtiyac olmadığına görə 2001-ci ildən İddiaçı Qoçaq qızı öz hesabından işə geri çağrılmamışdır. Hal-hazırda da müəssisə fəaliyyət göstərmir. xx.xx.2005-ci il tarixli 06-A saylı əmrə əsasən xx.xx.2015-ci ildə öz xahişi ilə işdən azad edilmişdir.

32. Qeyd edilən sübutlarla müəyyən olunur ki, həqiqətən də, cavabdehin mübahisələndirdiyi dövrlərdə, o cümlədən müəssisədə istehsal fəaliyyətinin dayandırılması ilə əlaqədar iddiaçı öz hesabına məzuniyyətdə olmuşdur.

33. Beləliklə iddiaçının cavabdehin bildirdiyi müvafiq dövrlər üzrə ödənişsiz əmək məzuniyyətində olması, habelə onun işlədiyi müəssisə 1998-ci ildən öz fəaliyyətini dayandırdığından və iddiaçının 2001-ci ildən öz hesabından işə geri çağrılmadığı müəyyən edildiyindən müvafiq dövrlər iddiaçının sığorta stajına daxil edilmədikdə onun 25 il sığorta stajı yaranmır.

34. Əmək pensiyası hüququnun yaranmasının əsası kimi məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin nəzərə alınması şərtinin hazırkı halda təmin olunub-olunmadığına gəldikdə, kollegiya qeyd edir ki, iddiaçının ilk növbədə əmək fəaliyyətinin 2002-ci il 1 yanvar tarixədək müddətinə həmin şərtin tətbiqi, həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə istisna edilir. Həmin normaya görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il 1 yanvar tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin maddənin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

35. Bununla yanaşı, işin yuxarıda müəyyən edilən hallarından göründüyü kimi, cavabdeh tərəfindən mübahisələndirilən illər üzrə sosial sığorta haqları nəinki ödənilməmişdir, hətta həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuşdur.

36. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən qohumluq borcunun yeridə yetirilməsi ilə bağlı ailə; məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir (maddə 29-30) Həmin Qanunun 2-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi, habelə qanunda nəzərdə tutulan hallarda orta aylıq əmək haqqı saxlanılır. Həmin müddət işçinin əmək stajına (həmçinin ixtisası üzrə) daxil edilir. Bundan əlavə, Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Eyni zamanda Əmək Məcəlləsinin 128-ci maddəsi işçinin ödənişsiz məzuniyyətdən istifadə etmək hüququnu nəzərdə tutur və bu hüququn həyata keçirilməsi şərtlərini müəyyən edir. İşçinin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin verilməsi halları və müddətləri Əmək Məcəlləsinin 130-cu maddəsində təsbit olunmuşdur. Lakin həmin müddəalar işəgötürənin tərəflərin razılığına və mülahizəsinə əsasən işçiyə digər əsaslarla ödənişsiz məzuniyyət vermək hüququna təsir etmir. Belə ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən isə kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.

37. Qeyd edilən normaların tələblərindən göründüyü kimi hazırkı halda iddiaçının ödənişsiz məzuniyyətin ən çoxu ilk altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər. Lakin hazırkı halda qeyd edilən dövr -12 ay (1 il) və hətta xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan 24 ay (2 il) də nəzərə alındıqda belə iddiaçının tələb olunan 25 illik sığorta stajı yaranmır.

38. Eyni zamanda iş materialları ilə ödənişsiz məzuniyyətin verilməsinin iddiaçının razılığı olmadan (işçinin iradəsinə zidd olaraq) baş verdiyi, cavabdehin ödənişsiz məzuniyyətin verilməsinə dair əmrinə qarşı iddiaçının etiraz etdiyi (mübahisə açdığı), həmçinin qanunla yol verilən ödənişsiz məzuniyyət müddətinin başa çatmasından sonra belə, işdən azad olunduğu xx.xx.2015-ci ilədək olan 17 ildən artıq müddət ərzində Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinin, deməli, həm də həmin Məcəllənin 169-cu maddəsinin ona münasibətdə tətbiq olunmasını işəgötürəndən tələb etdiyi təsdiq edilmir. Habelə ödənişsiz məzuniyyətin verilməsinin işəgötürənin təqsiri üzündən baş verməsi də özü-özlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və həmin müddətlərin qeyd-şərtsiz sosial sığorta stajına daxil edilməsinə səbəb olmur. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığından, onun hazırkı məzmunda iddiası təmin oluna bilməz.

39. Bundan başqa, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin oxşar işlər üzrə hüquqi mövqeyinə görə (2-1(102)-1394/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərar) ödənişsiz məzuniyyət dövrü işçinin sosial sığorta stajına daxil edilmir.

40. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinin (işəgötürənin təqsiri üzündən boşdayanmanın və bunun hüquqi nəticələrinin) ona münasibətdə tətbiqinə və əmək fəaliyyətinin cavabdeh tərəfindən mübahisələndirilən dövrlərin mübahisələndirilməyən 21 il 10 ay 4 gün müddətə əlavə edilməsinə imkan verən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır.

42. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(118)-973/2022 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(118)-973/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar