Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-512/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndələri X3, X2 və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-1(118)- 261/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1965-ci il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 17410039 saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, 05 may 1983-cü il tarixdən 17 oktyabr 1983-cü il tarixədək, 14 yanvar 1986-cı il tarixdən 27 sentyabr 1996-cı il tarixədək Sumqayıt şəhər 3 nömrəli Evtikmə Kombinatının 103 nömrəli Tikinti İdarəsinin armatur sexində elektrik qaynaqçısı vəzifəsində işləmiş (09 fevral 1993-cü il tarixdən 3 nömrəli Evtikmə Kombinatı Sumqayıt İcarə Evtikmə Kombinatı sayılmışdır), 01 oktyabr 1998-ci il tarixdən 19 yanvar 2011-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunda elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 16 fevral 2022-ci il tarixində ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 10 mart 2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərində qeyd olunan məlumatlardan görünür ki, onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 10 ildən az (7 il 3 ay (xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 59280,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 43379,25 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, ona İT ******* saylı, xx.xx.1983-cü il tarixli əmək kitabçasında qeyd edilmiş əmək stajının və HZ ******* saylı, xx.xx.1983-cü il tarixli hərbi biletdə qeyd edilmiş hərbi xidmət müddətinin də sosial sığorta stajına daxil olunaraq, 52 yaşından, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən etibarən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla, ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixədək, ümumilikdə, 20 il 6 ay 25 gün ümumi iş stajı var və bu stajın 18 il 04 aydan artıq hissəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşə və sahələrə aiddir. Hesab edir ki, iş stajı ona 52 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə imkan verir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Qanunvericiliyin tələbinə əsasən əmək stajı iş, xidmət, təhsil və iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır və əmək kitabçası olmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş sənədlər də iş stajının müəyyən edilməsi üçün əsasdır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli, 22/39 nömrəli arayışda onun xx.xx.1983-cü il tarixdən xx.xx.1996-cı il tarixədək 3 nömrəli Evtikmə Kombinatının 103 nömrəli Tikinti İdarəsində əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuş, eyni zamanda həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə 33-cü bölmənin 23200000- 19906 nömrəli kodla tənzimlənən güzəştli vəzifəyə uyğun gəldiyi bildirilmişdir. Lakin həmin arayışda qeyd olunan 23200000-19906 nömrəli kodla tənzimlənən güzəştli vəzifə 1 nömrəli siyahıya deyil, 2 nömrəli siyahıya uyğundur. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericilik normalarının məzmunundan da göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iddiaçı 1 nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajına və bu stajın azı 10 ili güzəştli sığorta stajına, 2 nömrəli siyahı üzrə isə müəyyən edilmiş 25 il ümumi iş stajına və bu stajın azı 12 il 6 ayı güzəştli sığorta stajına malik olmalıdır. Lakin iddiaçının xx.xx.1983-cü il tarixli əmək kitabçasına əsasən onun xx.xx.2006-cı il tarixədək 20 il 6 ay 25 gün ümumi sığorta stajı mövcuddur. Yəni, iddiaçıya AR NK-nın müvafiq qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 10 il güzəştli sığorta stajı, 2 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün isə qanunvericiliklə tələb olunan 25 il ümumi sığorta stajı mövcud deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-1(118)-261/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim: L.Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında qeyd olunan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 23/09 nömrəli “İşin xarakteri haqqında güzətli arxiv arayışı” ndan da görünür ki, iddiaçı 05 may 1983-cü ildən 17 oktyabr 1983-cü ilədək, 14 yanvar 1986-cı ildən 27 sentyabr 1996-cı ilədək həmin müəssisədə əl ilə elektrik qaynaqçısı işləmişdir. Qeyd olunan vəzifə AR NK-nın 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda 11400000 kodlu XİV. Tikinti materialları istehsalı bölməsinin 1140200a—19906 kodlu zənginləşdirmə fabriklərinin texnoloji sexlərində əl ilə qaynaqla məşğul olan elektrik qaynaqçıları kimi qeyd olunmuşdur. Bu baxımdan, cavabdehin iddiaçının 10 il güzəştli iş stajına malik olmaması ilə bağlı dəlili əsassızdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan tərəfindən iddiaçıya onun qanunvericiliklə tələb olunan güzəştli iş stajının və pensiya kapitalının mövcud olmaması əsası ilə imtina cavabı verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Hesab edir ki, məhkəmənin qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli 23/09 nömrəli arayışda onun xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək və 14,01.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək 3 nömrəli Evtikmə Kombinatının 103 nömrəli Tikinti İdarəsində əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Eyni zamanda qeyd olunan arayışda həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə XİV.Tikinti materialları istehsalı bölməsinin 1140200a-19906 nömrəli kodla tənzimlənən güzəştli vəzifəyə uyğun gəldiyi bildirilmişdir. Lakin həmin arayışda qeyd olunmuş, 1140200a-19906 nömrəli kodla tənzimlənən güzəştli vəzifə zənginləşdirmə fabriklərinin texnoloji sexlərində əl ilə qaynaqla məşğul olan elektrik qaynaqçıları kimi qeyd olunmuşdur. Eyni zamanda, iddiaçının işlədiyi vəzifə, yəni əl ilə qaynaq aparan elektrik qaynaqçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə XXXİİİ. Ümumi peşələr bölməsinin 23200000—19906 nömrəli kodla tənzimlənən güzəştli vəzifəyə (əl ilə qaynaq aparan elektrik qaynaqçıları), həmçinin, NK-nın 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 35. Ümumi peşələr bölməsinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndinə uyğun gəlir. Lakin, 1 nömrəli siyahıya uyğun gəlməsi üçün iddiaçının işlədiyi vəzifə zənginləşdirmə fabriklərinin texnoloji sexlərində əl ilə qaynaqla məşğul olan elektrik qaynaqçıları kimi qeyd olunmalı idi. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə ilə onun tərəfindən təqdim edilən güzəştli arayışda istinad olunan vəzifə arasında uyğunsuzluq təşkil etməsinə baxmayaraq, məhkəmə tərəfindən AR Ali Məhkəməsinin icmal məktubunda qeyd edilənlər nəzərə alınmamış, hər hansı vəzifə təlimatı əsasında deyil, sadəcə eyni məna daşıması baxımından iddiaçının işlədiyi dövrlər güzəştli iş stajı kimi hesab edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdilər. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “a” bəndi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısı və ”Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməklə, iddia tələbi rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş və iş üzrə tətbiq edilməli olan maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 52 yaşının tamam olduğu 27 avqust 2017-ci il tarixdə ona AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək 1 nömrəli Siyahı üzrə azı 10 il güzəştli iş stajının mövcud olması. Kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü olduğu üçün 52 yaşına çatması (xx.xx.2017-ci il), 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi iş stajına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən imtinada güzəştli iş stajını mübahisələndirmişdir. Güzəştli iş stajı ilə bağlı isə ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.1998xx.xx.2005-ci il tarixləri arasındakı “Azərkimya” İstehsalat Birliyi "Etilen-Polietilen” Zavodunda elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrlər, ümumilikdə 7 il 3 aylıq müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının Sumqayıt Evtikmə Kombinatında əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi xx.xx.1983cü il tarixdən xx.xx.1983-cü il tarixədək və xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrü mübahisələndirərək həmin vəzifənin müəssisə tərəfindən verilmiş güzəştli arayışda göstərilən Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə XİV.Tikinti materialları istehsalı bölməsinin 1140200a-19906 nömrəli kodla tənzimlənən güzəştli vəzifəyə uyğun gəlmədiyini, belə ki, həmin kod altında göstərilən vəzifənin zənginləşdirmə fabriklərinin texnoloji sexlərində əl ilə qaynaqla məşğul olan elektrik qaynaqçıları olduğunu, iddiaçının işlədiyi əl ilə qaynaq aparan elektrik qaynaqçılarının isə 2 nömrəli siyahının XXXİİİ. Ümumi peşələr bölməsinin 23200000—19906 nömrəli koduna uyğun gəldiyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Mübahisələndirilən dövrlə bağlı iddiaçıya məxsus əmək kitabçasından göründüyü kimi o, 05 may 1983-cü il tarixdən 17 oktyabr 1983-cü il tarixədək, 14 yanvar 1986-cı il tarixdən 27 sentyabr 1996-cı il tarixədək Sumqayıt şəhər 3 nömrəli Evtikmə Kombinatının 103 nömrəli Tikinti İdarəsinin armatur sexində elektrik qaynaqçısı vəzifəsində işləmişdir (09 fevral 1993-cü il tarixdən 3 nömrəli Evtikmə Kombinatı Sumqayıt İcarə Evtikmə Kombinatı sayılmışdır) (11 il 01 ay 25 gün). -------------------------------------------------------- İddiaçı barəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 06 may 2022-ci il tarixli, 22/39 nömrəli arayışda onun 05 may 1983-cü il tarixdən 17 oktyabr 1983-cü il tarixədək və 14 yanvar 1986-cı il tarixdən 27 sentyabr 1996-cı il tarixədək 3 nömrəli Evtikmə Kombinatının 103 nömrəli Tikinti İdarəsinin armatur sexində əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi, həmçinin, göstərilən vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə 33-cü bölmənin 23200000-19906 koduna əsasən güzəştli şərtlərlə pensiya hüququna əsas verdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahıda 10100***-*******0 kod aralığında olan güzəştli vəzifələr, 2 nömrəli Siyahıda isə 20100***-*******0 kod aralığında olan güzəştli vəzifələr təsbit edilmişdir. Göründüyü kimi "xxxx" ASC tərəfindən verilmiş yuxarıda qeyd edilən güzəştli arayışda iddiaçının işlədiyi əl ilə elektrik qaynaqçısı vəzifəsinin 1 nömrəli siyahıya əsasən güzəştli pensiya hüququ verən vəzifə olduğu qeyd edilsə də, arayışda həmin siyahının deyil, 2 nömrəli siyahıda göstərilən koda (23200000-19906) istinad edilmişdir. Qeyd edilən ziddiyyətə aydınlıq gətirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq həmin müəssisə tərəfindən yenidən 12 yanvar 2023-cü il tarixli, 23/09 nömrəli güzəştli arayış tərtib edilmiş və həmin arayışda iddiaçının 1 nömrəli siyahının XİV. “Tikinti materialları istehsalı” Bölməsinin 1140200a-19906 koduna (əl ilə qaynaqla məşğul olan elektrik qaynaqçıları) əsasən güzəştli şərtlərlə pensiya hüququnun olduğu, həmçinin, həmin vəzifənin Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 35 “Ümumi peşələr” maddəsində nəzərdə tutulmuş “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” hissəsində də nəzərdə tutulduğu qeyd edilmişdir. İşə baxan məhkəmə sözügedən güzəştli arayışa istinad edərək iddiaçının 1 nömrəli siyahı üzrə 1140200a-19906 koda əsasən 52 yaşdan güzəşli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı qənaətinə gəlmişdir. Halbuki, işin yuxarıda sadalanan xüsusatlarından göründüyü kimi iddiaçı mübahisəli dövr ərzində 3 nömrəli Evtikmə Kombinatının 103 nömrəli Tikinti İdarəsinin armatur sexində əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmiş, 1140200a-19906 kod isə 1 nömrəli siyahının XİV. “Tikinti materialları istehsalı” bölməsinin 11402000 kodlu 2. Azbest istehsalı sahəsinə aid olmaqla, həmin kod altında zənginləşdirmə fabriklərinin texnoloji sexlərində əl ilə qaynaqla məşğul olan elektrik qaynaqçıları göstərilmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının işlədiyi armatur sexinin siyahıda göstərilən azbest istehsalı sahəsinə zənginləşdirmə fabriklərinin texnoloji sexlərinə aidiyyatının olub-olmaması ilə "xxxx" ASC-yə sorğu verilmişdir. Kollegiyanın sorğusuna cavab olaraq həmin müəssisə tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli, 23/28 nömrəli məktubda qeyd edilmişdir ki, müəssisədə qoyma hissələr hazırlanarkən bu hissələri olan tələbləri nəzərə alaraq metalın tərkibinin zənginləşdirilməsinə, yəni faydasız və ya boş süxurların ayrılmasına yaranmış ehtiyacla əlaqədar armatur sexində tökmə yolu ilə hazırlanmış bu hissələrin, panellərin qəliblənməsindən əvvəl metal karkas üzərində yerləşdirilərək bərkidilməsi sexin əl ilə elektrik qaynaqçıları tərəfindən yerinə yetirilirdi. Metal karkaslar armatur sexində yığılırdı. Əl ilə elektrik qaynaqçıları tərəfindən işlədikləri armatur sexində bütün növbə ərzində eyni zamanda zənginləşdirmə də aparılmaqla, “qoyma hissələr” hazırlanırdı. Həmçinin, sorğuya cavaba əlavə edilmiş 3 nömrəli Evtikmə Kombinatının armatur sexinin əl ilə elektrik qaynaqçısının vəzifə təlimatından görünür ki, həmin peşə sahibi qəlibləmə işləri aparılması üçün lazım olan müxtəlif adda metal karkasların və qoyma detalların sex daxilində qaynağı işlərini sex rəisinin nəzarəti ilə yerinə yetirən fəhlə kateqoriyasına aid olmaqla, vəzifənin iş xüsusiyyətlərinə müxtəlif poladlardan və ərintilərdən hazırlanmış mürəkkəb qurğuların, karkasların, komponentlərin, konstruksiyaların əl ilə qaynaqlanması, məhdud qaynaq qabiliyyəti olan metallardan və ərintilərdən hazırlanmış eksperimental konstruksiyaların qaynaqlanması, zənginləşdirilmə üçün əldə edilmiş metal hissələrinin təkrar emala hazırlanması məqsədilə, onların qaynaq vasitəsilə doğranaraq sobaya atılması, metal əritmə sobasının detallarının ehtiyac yarandığı təqdirdə qaynaqlanması, metalın əridilmə və qəlibləmə prosesindən sonra əldə edilmiş metal lövhələrə qulaqcıqların qaynaq edilməsi, metal qoyma detalların karkas üzərinə sxemə uyğun qaynaqlanması aiddir. Göründüyü kimi həmin müəssisənin armatur sexinin əl ilə elektrik qaynaqçısının əsas iş funksiyası metal karkasların və qoyma detalların qaynaqlanması olmaqla, onun iş xüsusiyyətlərinin azbest istehsalında zənginləşdirmə prosesinə aidiyyəti yoxdur. Belə ki, əl ilə elektrik qaynaqçısının vəzifə təlimatından da müəyyən edildiyi kimi iddiaçının işlədiyi vəzifə sahibi zənginləşdirmə ilə bağlı yalnız bu məqsədlə əldə edilmiş metal hissələrinin təkrar emala hazırlanması üçün onların sobaya atılmasını həyata keçirir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahı yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı, 2 nömrəli siyahı isə 1 nömrəli siyahıya nisbətən əmək şəraiti daha az zərərli və ağır olan işlərdə çalışanlara müvafiq hüquq verən istehsalatların siyahısıdır. 2 nömrəli siyahının XVİİ. “Tikinti materialları istehsalı” bölməsinin 21803000 kodlu 3. “Azbest istehsalı” sahəsinə aid fəhlələr yarımbölməsində zənginləşdirmə fabriklərində işləyən ventilyasiya və aspirasiya qurğularının maşinistləri, kompressor qurğularının maşinistləri, quraşdırıcılar, nümunə götürənlər və növbətçi elektrik çilingərləri, 1 nömrəli siyahının analoji XİV. “Tikinti materialları istehsalı” bölməsinin 11402000 kodlu 2. “Azbest istehsalı” sahəsinin fəhlələr yarımbölməsində isə zənginləşdirmə fabriklərində, sexlərində (sahələrində) işləyən laborantlar, buldozer maşinistləri, konveyer maşinistləri, kran maşinistləri, köməkçi fəhlələr, yağlayıcılar, elektrik qaz qaynaqçıları, bütün adda elektrik montyorları, o cümlədən, zənginləşdirmə fabriklərində texnoloji sexlərində əl ilə qaynaqla məşğul olan elektrik qaynaqçıları güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Yəni, 2 nömrəli siyahıda zənginləşdirmə fabriklərində işləyən yuxarıda sadalanan fəhlə kateqoriyasından olanların işi zərərli və ağır iş sayıldığı halda, 1 nömrəli siyahıda iddiaçıya verilən güzəştli arayışda istinad edilən zənginləşdirmə fabriklərində texnoloji sexlərində əl ilə qaynaqla məşğul olan elektrik qaynaqçıları da daxil olmaqla, yuxarıda qeyd edilən vəzifələrdə çalışanların işi xüsusilə zərərli və xüsusilə ağır iş kimi qiymətləndirilmişdir.
İşin sadalanan hallarına əsasən kollegiya qeyd edir ki, iddiaçının 3 nömrəli Evtikmə Kombinatının armatur sexində işlədiyi əl ilə elektrik qaynaqçısı vəzifəsinin 1 nömrəli siyahının XİV. “Tikinti materialları istehsalı” bölməsinin 11402000 kodlu 2. Azbest istehsalı sahəsində göstərilən 1140200a-19906 kodlu zənginləşdirmə fabriklərinin texnoloji sexlərində əl ilə qaynaqla məşğul olan elektrik qaynaqçıları vəzifəsinə uyğunğunluğu müəyyən edilmir. Belə ki, iddiaçının 3 nömrəli Evtikmə Kombinatının armatur sexində işlədiyi əl ilə elektrik qaynaqçısı vəzifəsi həmin müəssisə tərəfindən tərtib edilmiş 12 yanvar 2023-cü il tarixli, 23/09 nömrəli güzəştli arayışda qeyd edildiyi kimi 2 nömrəli siyahının 23200000 kodlu XXXİİİ. Ümumi peşələr bölməsinin 23200000—19906 koduna uyğun gəlir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının armatur sexində elektrik qaynaqçısı vəzifəsində işlədiyi 05 may 1983-cü il tarixdən 17 oktyabr 1983-cü il tarixədək və 14 yanvar 1986-cı il tarixdən 27 sentyabr 1996-cı il tarixədək olan dövr 1 nömrəli siyahı üzrə onun güzəştli stajına daxil edilə bilməz. Beləliklə, iddiaçı ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 1 yanvar 2006-cı il tarixədək qanunvericiliklə tələb olunan ümumi iş stajına malik olsa da, güzəştli iş stajına malik deyildir. Bununla da, İPM-in 14.3-cü maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsini istisna edən halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Bundan əlavə, iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 2 nömrəli siyahı üzrə kişilərə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 57 yaş tələbi ödənilməli, 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajı və 12,5 il güzəştli iş stajı mövcud olmalıdır. İddiaçının ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasından (xx.xx.2006-cı il tarixədək 18 il 04 ay 28 gün), Azərbaycan SSR X8 Təhsil Komitəsi tərəfindən verilmiş 20 iyun 1983cü il tarixli, Г seriyalı, 615881 nömrəli diplomdan (02 il 09 ay 18 gün) və H3 seriyalı, ******* nömrəli hərbi biletdən (02 il) onun 1 yanvar 2006-cı il tarixədək təhsil, hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə 23 il 02 ay 16 gün ümumi iş stajına malik olduğu müəyyən edilir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı 2 nömrəli siyahı üzrə 25 il ümumi iş stajına malik olmadığından, ona 57 yaşından - xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı iddia tələbinin dəqiqləşdirilməsinə dair hüquqi yardım edilməsinə zərurət olmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarını araşdırmadan iddia tələbini təmin edərkən haqlı olmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-1(118)-261/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.