Məhkəmə qərarları › İş №2-1(105)-513/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-513/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-513/2022 25.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq islahatı zamanı ona və ailə üzvlərinə Qobustan rayon Poladlı bələdiyyısinin 10 may 2002-ci il tarixli 05 saylı protokoluna əsasən ehtiyat fondu torpaqları hesabından verilmiş 6,2 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(118)-781/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Qobustan rayon Poladlı kənd bələdiyyəsinin 10 may 2002-ci il 05 saylı protokolundan Çıxarışdan görünür ki, həmin qərarla Poladlı kənd sakinləri X4, X5, İddiaçı, X1 və X3 Poladlı kəndindən hər birinə 1,24 ha olmaqla, ümumilikdə 6,20 ha torpaq payı ayrılması qərara alınmışdır.

2. İddiaçı cavabdehə müraciət edərək, Qobustan rayonunun, Poladlı kəndində yerləşən onun ailəsinə məxsus 6.20 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 15 dekabr 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlər tərəflərindən araşdırılarkən məlum olmuşdur ki, Qobustan rayon Poladlı kənd Bələdiyyəsinin 10 may 2002-ci il 05 saylı protokoluna əsasən onların beş nəfərdən ibarət olan ailə üzvlərinin hər birinə 1,24 ha ümumilikdə 6.20 ha torpaq sahəsi verilmişdir. Bildirilmişdir ki, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar islahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparırdı. Torpaq sahəsi ayrılan zaman Qobustan Rayon Aqrar İslahat Komissiyası fəaliyyətdə olmuşdur. X2 fəaliyyətlərinə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə xitam verilmişdir. Torpaq payının verilməsi üçün Qobustan Rayon Aqrar İslahat Komissiyasına müraciət olunmalı idi, lakin onların ailəsinə 6.20 ha torpaq sahəsi 10 may 2002-ci il tarixli protokolla səlahiyyətsiz qurum-Qobustan Rayon Poladlı Bələdiyyəsi tərəfindən bələdiyyənin ehtiyat fondunda olan əkin sahələrindən verilmişdir. Bələdiyyə tərəfindən qərar qəbul olunmuş, lakin Qobustan Rayon Aqrar İslahat Komissiyasına məlumat verilməmişdir. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Bələdiyyə mülkiyyətində olan əkin torpaq sahələri Bələdiyyənin qərarı ilə vətəndaşların yalnız icarəsinə verilə bilər. Bələdiyyə tərəfindən bələdiyyənin ehtiyat fondunda olan torpaq sahəsinin pay torpaq sahəsi kimi vətəndaşların mülkiyyətinə verilməsi səlahiyyəti olmamışdır. Odur ki, torpaq ayırma sənədləri Torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlanmadığı üçün 6,20 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 10 yanvar 2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, torpaq islahatı zamanı ona və ailə üzvlərinə Qobustan rayon Poladlı bələdiyyısinin 10 may 2002-ci il tarixli 05 saylı protokoluna əsasən ehtiyat fondu torpaqları hesabından verilmiş 6,2 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1979-cu ildə Qobustan rayonu Poladlı (Daş Kolanı) kəndində anadan olmaqla hal-hazırda Salyan rayonu Çadırlı kəndində yaşayır. Valideyinləri və ailə üzvləri 2010-cu ilə kimi Qobusan rayon Poladlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayırlar. 2010-ci ildə ailələrinin dolanışıq vəziyyəti çətin olduğundan Salyan rayonuna köçmüşlər. 1997-ci ildə Respublikada gedən torpaq İslahatı ilə əlaqədar əhaliyə torpaq paylanarkən bir çox kənd sakinləri kimi onların ailəsinə də pay torpaq sahəsi ayrılmamış, sonradan Poladlı bələdiyyəsinin 10 may 2002-ci il tarixli 05 saylı qərarı ilə 5 nəfər ailə üzvlərinin hər birinə 1,24 ha olmaqla cəmi 6,20 hektar pay torpaq sahəsi ayrılmış və halhazırda da həmin torpaq sahəsi ailələrinin istifadəsində olmaqla əkib becərirlər və ailələri dolanır. Lakin son illər dövlət tərəfindən torpağa görə verilən subsidiya ilə əlaqədar müraciət edərkən onlara məlum olmuşdur ki, torpağı əkib becərsələrdə torpaq sahələri adlarına rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin “torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı məsələlər haqqında” 07 oktyabr 2021-ci İl tarixli fərmanı ilə aqrar islahat zamanı pay torpağına dair hüquq müəyyənedici sənədlərin hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 14 saylı ərazi idarəsinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi ona xx.xx.2021-ci il tarixdə göndərdiyi məktubda göstərmişdir ki, “ailənizə məxsus 6.2Q ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinə daxil olmuş ərizənizə və ərizəyə əlavə olunmuş sənədlərə baxılmışdır. Təqdim olunmuş sənədlər araşdırılarkən məlum olmuşdur ki, Qobustan Rayon Poladlı kənd Bələdiyəsinin 10 may 2002-ci il 05 saylı protokoluna əsasən onların beş nəfərdən ibarət olan ailə üzvlərinin hər birinə 1.24 ha, ümumilikdə 6.20 torpaq sahəsi verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparırdı. Torpaq sahəsi ayrılan zaman Qobustan rayon Aqrar İslahat Komissiyası fəaliyyətdə olmuşdur. X2 fəaliyyətlərinə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə xitam verilmişdir. Torpaq payının verilməsi üçün Qobustan rayon Aqrar İslahat Komissiyasına müraciət olunmalı idi, lakin onların ailəsinə 6,20 ha torpaq sahəsi 10 may 2002-ci il tarixli protokolla səlahiyyətsiz qurum Qobustan rayon Poladlı bələdiyyəsi tərəfindən bələdiyyənin ehtiyat fondunda olan əkin sahələrindən verilmişdir. Bələdiyyə tərəfindən qərar qəbul olunmuş, lakin Qobustan rayon Aqrar İslahat Komissiyasına məlumat verilməmişdir. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyə mülkiyyətində olan əkin torpaq sahələri bələdiyyənin qərarı ilə vətəndaşların yalnız icarəsinə verilə bilər. Bələdiyyə tərəfindən bələdiyyənin ehtiyat fondunda olan torpaq sahəsinin pay torpaq sahəsi kimi vətəndaşların mülkiyyətinə verilməsi səlahiyyəti olmamışdır. Torpaq ayırma sənədləri Torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlanmadığı üçün 6,20 ha torpaq sahəsinin üzərinə mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “pay torpaq sahələrinin verilməsinin cavabdehin üzərinə qoyulmasına dair” iddia ərizəsini əsassız hesab edirlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. İddiaçı Ərazi İdarəsinə daxil olmuş ərizəsinin araşdırılması zamanı məlum olmuşdur ki, Qobustan Rayon Poladlı kənd Bələdiyəsinin 10 may 2002-ci il 05 saylı protokoluna əsasən onun beş nəfərdən ibarət olan ailə üzvlərinizin hər birinə 1.24 ha, ümumilikdə 6.20 ha torpaq sahəsi verilmişdir. “ Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparırdı. Torpaq sahəsi ayrılan zaman Qobustan Rayon Aqrar İslahat Komissiyası fəaliyyətdə olmuşdur. X2 fəaliyyətlərinə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci İl tarixli 226 nömrəli Fərmanı ilə xitam verilmişdir. Torpaq payının verilməsi üçün Qobustan Rayon Aqrar İslahat Komissiyasına müraciət olunmalı idi, lakin iddiaçının ailəsinə 6.20 ha torpaq sahəsi 10 may 2002-ci il tarixli protokolla səlahiyyətsiz qurum-Qobustan Rayon Poladlı Bələdiyyəsi tərəfindən bələdiyyənin ehtiyyat fondunda olan əkin sahələrindən verilmişdir. Bələdiyyə tərəfindən qərar qəbul olunmuş, lakin Qobustan Rayon Aqrar İslahat Komissiyasına məlumat verilməmişdir. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Bələdiyyə mülkiyyətində olan əkin torpaq sahələri Bələdiyyənin qərarı ilə vətəndaşların yalnız icarəsinə verilə bilər. Bələdiyyələ tərəfindən bələdiyyənin ehtiyat fondunda olan torpaq sahəsinin pay torpaq sahəsi kimi vətəndaşların mülkiyyətinə verilməsi səlahiyyəti olmamışdır. Torpaqayırma sənədləri Torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlanmadığı üçün, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün olmamışdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(118)-781/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanuni olmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı və onun ailə üzvlərinə 10 may 2002-ci ildə Qobustan rayon Poladlı bələdiyyəsi tərəfindən pay torpaq sahəsi verilmişdir. Halbuki həmin dövrdə Qobustan rayon Aqrar islahat komissiyası fəaliyyətdə olmuş və Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli fərmanı ilə xitam verilmişdir. Beləliklə iddiaçıya pay torpaq sahəsi buna səlahiyyəti olmayan orqan tərəfindən ayrılmışdır.

9. İddiaçı qeyd edilən qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

10. İddiaçı apellyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlillərə və birinci instansiya məhkəməsinin iş üzrə qərarının məzmununa istinad etmiş, əlavə olaraq göstərmişdir ki, həmin torpaq sahəsini 2002 ci ildən hal hazıra kimi əkib becərir, heç kim buna müdaxilə etmir, bələdiyyə, icra nümayəndəliyi, dövlət orqanları və kən camaatı həmin torpaq sahələrinin onların ailəsinə məxsus olmasını bilirlər. Lakin son illər dövlətin kənd təsərrüfatı işçilərinin həyat şəraitinin yaxşılaşdırılması üçün əkinçiliyə ayırdığı subsidiyalardan istifadə edə bilmirlər, bu da ailə büdcəsinə ziyan vurur. İddiaçı daha sonra göstərir ki, qanunu bilməmək mülkiyyətdən məhrum edə bilməz. Həmin torpaq sahələri onların toxunulmaz mülkiyyətidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar olunsa da, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.

Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

15. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.3-cü maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. Həmin Qanunun 4.0 və 4.0.1-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyətləri vardır.

16. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Hazırkı mübahisənin predmetini cavabdehin torpaq sahəsinin qeydiyyata alınmasından imtinası təşkil edir.

20. İşdən görünür ki, iddiaçı ona və ailə üzvlərinə Qobustan rayon Poladlı bələdiyyəsinin 10 may 2002-ci il tarixli 05 saylı protokoluna əsasən ayrılmış 6,20 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

21. Cavadehin imtinasının, habelə etirazının əsas dəlilləri ondan ibarətdir ki, iddiaçının ailəsinə 6.20 ha torpaq sahəsi 10 may 2002-ci il tarixli protokolla səlahiyyətsiz qurum-Qobustan Rayon Poladlı Bələdiyyəsi tərəfindən bələdiyyənin ehtiyat fondunda olan əkin sahələrindən verilmişdir. Bələdiyyə tərəfindən qərar qəbul olunmuş, lakin Qobustan Rayon Aqrar İslahat Komissiyasına məlumat verilməmişdir. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Bələdiyyə mülkiyyətində olan əkin torpaq sahələri Bələdiyyənin qərarı ilə vətəndaşların yalnız icarəsinə verilə bilər. Bələdiyyə tərəfindən bələdiyyənin ehtiyat fondunda olan torpaq sahəsinin pay torpaq sahəsi kimi vətəndaşların mülkiyyətinə verilməsi səlahiyyəti olmamışdır.

22. Hazırkı mübahisənin İPM-nin 34-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia olmasını nəzərə alaraq kollegiya qeyd edir ki, bu növ iddialar üzrə mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir.

23. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə araşdırma apararaq düzgün olaraq qeyd etmişdir ki, iddiaçı və onun ailə üzvlərinə 10 may 2002-ci ildə Qobustan rayon Poladlı bələdiyyəsi tərəfindən pay torpaq sahəsi verilmişdir. Halbuki həmin dövrdə Qobustan rayon Aqrar islahat komissiyası fəaliyyətdə olmuş və Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli fərmanı ilə xitam verilmişdir. Beləliklə iddiaçıya pay torpaq sahəsi buna səlahiyyəti olmayan orqan tərəfindən ayrılmışdır.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, bu 15-ci bəndində istinad edilmiş normaların tələbləri baxımından da, bələdiyyənin kənd təsərrfatı təyinatlı torpaları vətəndaşların mülkiyyətinə ayırmaq səlahiyyəti olmadığından, habelə müvafiq hüququ olan vətəndaşları pay torpaqları bələdiyyələr tərəfindən deyil, aqrar-islahat komissiyası tərəfindən verilməli olduğundan iddiaçının üzərində hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinə dair Qobustan rayon Poladlı bələdiyyəsinin qərarı qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığından cavabdeh inzibati orqan həmin qanunun 15-ci maddəsinə əsasən iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur.

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(118)-781/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar